Bir insan ziyarətə Allah rızası üçün gedirsə, Allah hökmlərinə də kamil şəkildə əməl etməlidir
23 Fevral 2024 20:00 DinHəcc ziyarəti ilə bağlı suallarımızı ilahiyyatçı Seyid Rauf Hüseyn cavabladı.
-Həcc ziyarəti İslam dünyasında hansı əhəmiyyətə malikdir?
-Unutmaq lazım deyil ki, həcc özü özlüyündə bütün müsəlmanlar üçün vacib əməllərdəndir. Yəni, islam dininin 10 vacib tərkib hissəsi var. Onlardan biri də həcc əməllərinin yerinə yetirilməsidir. Dinimiz fərdi ibadətlə bərabər, ictimai məsələləri də qabardır. Bunun da özünü ən çox göstərdiyi yer Məkkə və Mədinənin ziyarətidir ki, dünyanın bütün yerlərindən müsəlmanlar gəlib orada toplanır. Millətindən, irqindən asılı olmayaraq hər kəs bir cərgədə durub ibadət edirlər. Müqəddəs kitabımızın bizi dəvət etdiyi birinci məsələlərdən biri də budur ki, birgə olun, bərabər olan gücə heç kəs zərbə vura bilməz. İslam dünyasının birinci mühüm məsələsi də fərdi ibadətlərlə yanaşı ictimai məsələlərdir. Müsəlmanların vəhdəti, bir-birinə qarşı mehribançılığı və s. Həcc əslində ilk növbədə insanlara bunu aşılayır ki, müsəlmanlar hansı coğrafiyada olmalarından asılı olmayaraq bərabərdirlər. Həccin islam dünyasına verdiyi başlıca töhfələrdən biri də budur.
-Həcc ziyarətini məqbul edən şərtlər hansılardır?
-Həcc daha çox maddiyata bağlı olan məsələdir. Yəni, bir insan özünü müsəlman sayırsa, təbii ki, namaz və oruc qədər həcc də onun boynunda vacib olur. Amma burada maddiyyat buna icazə verməlidir. Bir insanın maddi durumu həccə getməyə icazə verirsə, təbii ki, onun boynuna vacib olur. Maddiyyatı olub da getməmək, özü-özlüyündə böyük bir günahdır. Allahın vacib bildiyi əməli tərk etməkdir ki, bu da hədislərimizdə şiddətli şəkildə qınanır. İkinci məsələ isə budur ki, insanın boynunda kiminsə haqqı olmamalıdır. Məsələn, kiməsə borclu olub ziyarətə getmək düzgün sayılmaz.
-Həccə getmək üçün təyinatlı bir yaş dövrü varmı?
-Ziyarət elə bir şeydir ki, yaş mövzusu yoxdur, istənilən yaşda getmək olar. Amma hansı yaşda ziyarət vacib olur? Əlbəttə şəriətin təqdim etdiyi yaş həddi var. Bu qızlarda 9 yaşdan sonradır, oğlanlarda isə 14,15 yaş. Həddi-buluğ deyə bir anlayış var ki, bir insan buna çatdıqdan sonra həcc artıq digər əməllər kimi ona vacibdir. Dediyim kimi buna maddi durum və müəyyən şəraitlər varsa, mütləq mənada həcc ziyarət olunmalıdır. Əsas söhbət həddi-buluğa çatmaqdan gedir.
-Ziyarətin qiymətlərində eniş gözlənilirmi?
-Artıq neçə ildir müşahidə etdiyimiz məsələ budur ki, hər il həcc qiymətlərində müəyyən artım görürük. Təəssüflər olsun ki, düşünmürəm yaxın zamanlarda həccin qiymətində bir eniş olsun. Dünyada olan inflyasiya baxımından hal-hazırda həccin də qiymətlərində artım var. Əksinə, ehtimal var ki, növbəti illərdə də artım davam etsin.
Qiymətlə bağlı, bunu təbii ki, nəzərə almalıdırlar. Ziyarəti təşkil edən adamlar bundan hər hansı bir maddi qazanc, biznes kimi istifadə etməməlidir. Dinimiz maddiyyatın əleyhinə deyil. Əksinə, buna təşviq edir ki, hər kəs öz maddi durumunu əlindən gəldiyi qədər yaxşılaşdırmalıdır, bunun üçün zəhmət çəkməlidir. Amma biz bilirik ki, həcc ziyarəti, Məkkə, Mədinə Səudiyyə Ərəbistanındadır. Yəqin ki, onların özlərinin vizayla, orda qalmaqla bağlı qoyduğu qiymətlər var. Hər halda burada mütləq şəkildə maksimum dərəcədə qiymətlər aşağı olmalıdır ki, bütün müsəlmanlar buranı ziyarət edə bilsinlər, ildən-ilə qiymət qalxmamalıdır. Təəssüf ki, bugünkü gündə bu tendensiyanı müşahidə edirik ki, qiymətlər hər il 200,300 dollar arası qalxır. Bu isə olmamalıdır. Bunu tənzimləyən bir qurum var, bu da əlbəttə, müqəddəs məkanların olduğu Səudiyyə Ərəbistanındadır. Zərrə qədər də düşüncəyə sahib olan insanlar da fikirləşir ki, bu məsələdə qiymətlər təbii ki, çox-çox aşağı olmalıdır. Bugünkü gündə isə qiymətlər belə yüksək həddə qalxıb. Hər halda əgər dindirsə, mənəviyyatdırsa, xüsusən, ziyarətdirsə burada qiymət maksimum aşağı olmalıdır ki, bütün müsəlmanlar mübarək, müqəddəs məkanlara gedə, oradan mənəvi faydalana, Allahın vacibatın yerinə yetirə bilsinlər.
-Ziyarət zamanı müxtəlif formalı geyimlərdən istifadə olunur. Qadın və kişilərin eyni yerlərdə olduğunu nəzərə alsaq, bu geyimlərdən ən məqbulu hansıdır?
-Əlbəttə, həcc əməlini digər əməllərdən fərqləndirən bir mövzu da odur ki, burada xüsusi bir geyim forması var. Bunun adı ehramdır, həcci ziyarət edən kəs üçün ehram halında olmaq vacibdir. Kişilər üçün alt və üst geyim olmaqla iki parçadan ibarətdir. Qadınlar üçün isə ümumidir. Şəriətin buyurduğuna uyğun geyinməlidirlər. Söhbət əlbəttə ki, hicabdan, çadradan, geyim növündən gedir. Ehram olmadan insan əməlləri düzgün sayılmaz. Nə qədər ki, əməllər yerinə yetirilməyib, insan ehram halında qalır. Yəni, bu geyim onun əynindən çıxmır. Qısası, həm qadınlar, həm kişilər üçün həccin məqbul, vacib geyimi ehram halıdır. Əsas məsələ bu geyimdən istifadə və ziyarət boyunca bu halda qalmaqdır.
Əslində, şəriətimiz bunu deyir ki, qadınlar istənilən vaxt tam örütülü olmalıdır, bu Allahın hökmü, Qurani-Kərimin əmridir. Müzakirə mövzusu deyil. Bir insan ziyarətə Allah rızası üçün gedirsə, təbii ki, Allah hökmlərinə də kamil şəkildə əməl etməlidir. Kişilərin bir tərəfinin açıq, bir tərəfinin bağlı qalmağı-bu məsələlər arasında müzakirə mövzusudur. Cəfəri məzhəbində belədir ki, istər kişinin, istər qadının bədən üzvləri tam örtülməlidir. Çiyin tam örtülü vəziyyətdə olmalıdır. Amma bu yenə də məzhəblər arası müzakirə mövzusudur. Hər kəs öz məzhəbinə, etiqadına uyğun hərəkət edir.
ZEYNƏB RZAYEVA