On bir ayın sultanı - Ramazan
Hansı əməllər orucu pozur?
10 İyul 2013 16:50 DinRamazan qəməri təqviminin doqquzuncu ayıdır. Müqəddəs hesab olunan bu ayda müsəlmanlara oruc tutmaq vacib edilib. Ramazan - ərəb mənşəli sözdür. Onun mənası barədə maraqlı açıqlama verilir:
1.Ramazan - yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasında "ramda" sözündən alınıb.
Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günahlardan təmizləyər. Hədisdə buyurulduğu kimi: "Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar" (Həzrət Muhəmməd (s) - Buxari, Orucluq fəsli. VI).
2. Ramazan - günəşin hərarətindən daşların yanıb qızması mənasında olan "ramad" sözündən alınıb. Belə qızğın yerdə insanın ayaqları yanar, zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.
Ramazan ayına "on bir ayın sultanı" adı verilib. Bu ayın xüsusiyyətlərini belə sıralaya bilərik:
1. Qurani-Kərimdə adı keçən tək ay Ramazan ayıdır.
2. Qurani-Kərim bu ayda endirilmişdir.
3. Qurani-Kərimdə "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi bu aydadır.
4. Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz edilmişdir.
5. Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir
6. Təravih (ramazan ayının nafilə namazları) namazı da bu aya məxsus ibadətlərdəndir.
7. Əhya gecələrini keçirmək. Ramazan ayının son on gününün tək günləri gecəni səhərə qədər oyaq qalmağın çox savabı var.
8. Ramazan ayında Qurani-Kərimi oxumaq, xeyir əməllər etmək.
Cabir ibn Abdullah Həzrət Muhəmməddən (s) bunları nəql edir: "Ümmətimə Ramazan ayında beş şey verilibdir ki, bunlar məndən əvvəlki heç bir peyğəmbərə verilməyib":
1. Ramazan ayının ilk gecəsi Allah-Taala ümmətimə (rəhmət baxışıyla) nəzər salar. Allah kimə (rəhmət baxışıyla) nəzər salarsa, ona əbədi olaraq əzab verməz.
2. Gecə olduğu zaman ağızlarının qoxusu Allah qatında müşk qoxusundan daha gözəl olar.
3. Mələklər hər gün və gecə onlar (möminlər) üçün istiğfar edərlər, Allahdan bağışlanmalarını diləyərlər.
4. Allah-Taala Cənnətinə əmr edib: "Qullarım üçün hazırlanıb bəzən. Onların dünya məşəqqətlərindən xilas olub, mənim yurduma istirahət üçün gəlmələri yaxınlaşdı" buyurar.
5. O ayda bir xeyir işləyən kimsə digər aylarda bir vacib iş görmüş kimi olar. O ayda bir fərz işləyən isə digər aylarda yetmiş fərz işləyən kimidir. O, səbr ayıdır, səbrin qarşılığı isə Cənnətdir.
Orucu batil edən
Hər il Ramazan ayında oruc tutan şəxsləri bir sıra suallar maraqlandırır. Görəsən ağızın suyunu udmaq, çimmək, saçı rəngləmək, dırnağa lak vurmaq, toy və nişan eləmək olar? Buna oxşar çoxsaylı suallarla qarşılaşır və tutduqları orucun batil olub-olmadığından nigaran olurlar. Bu nigarançılığı aradan qaldırmaq məqsədilə sizə orucu batil edən halları təqdim edirik. Qeyd olunan hallardan başqa oruc heç bir halda batil olmur.
Yeyib-içmək
Miqdarından asılı olmayaraq orucluq vaxtı bilərəkdən yeyilən və ya içilən hər şey orucu pozur. Unutqanlıq üzündən olduqda oruc pozulmur. Ağız suyunu udmaq isə orucu pozmur. Oruc vaxtı ağız boşluğuna daxil olan bəlğəmi udmaq olmaz. Dişin dibində qalan yemək qalıqlarını bilərəkdən udmaq orucu pozur.
Cinsi yaxınlıq
İstər ramazan ayında, istərsə də qeyri vaxtlarda orucluq zamanı sübh namazından şam namazına qədər cinsi yaxınlıqda olmaq olmaz. Oruc olduğunu unudaraq cinsi yaxınlıqda olan şəxs bu göstərişi xatırladığı zaman dərhal dayanmalı və cinsi yaxınlığa davam etməməlidir.
İstimna-Onanizm (spermanın xaric olması)
Sevişmək və müxtəlif yollarla spermanın xaric olması orucu pozur. Yuxuda və ya qeyri-ixtiyari olaraq spermanın xaric olması orucu pozmur. Yuxuda ikən spermanın xaric olduğunu hiss edən şəxsin oyandıqdan sonra bunun qarşısını alması vacib deyil. Sübh namazından sonra yuxuda və ya adi halda spermanın xaric olması orucu pozmur.
Allahın, Onun peyğəmbərinin (s) və məsum imamların adından yalan danışmaq
Yəni aid olmayan hər hansı sözü onlara aid etmək. Düz bildiyi bir şeyi söyləmək, amma sonradan səhv olduğu məlum olan hər hansı bir söz orucu pozmur.
Tozun bogazdan keçməsi
İstər halal, istərsə də haram olsun, qatı toz halında olan tüstünün boğazdan keçməsi orucu pozur. Lakin bu, qeyri-ixtiyari hallara aid deyil. Unutqanlıq üzündən olduqda isə orucu pozmur.
Başı bütünlüklə suya salmaq
Oruclu ikən bilərəkdən başı bütünlüklə suya salmaq orucu pozur. Deməli, orucluq vaxtı hamamda, dənizdə, hovuzda çimərkən başı suya salmaq orucu batil edir. Unutqanlıq üzündən olduqda isə oruc pozulmur.
Cünub halından sübh namazına qədər qalmaq
Orucluq vaxtı şam namazından sonra cinsi yaxınlıqda olanlar və ya yuxuda cünub olan şəxslər sübh namazına qədər qüsl alıb oruc tutmalıdırlar. Səhlənkarlıq üzündən və ya bilərəkdən bu vəziyyətdə qalmaq orucu pozmuş olur.
Qusmaq
İstər xəstəlik üzündən, istərsə də adi halda insan oruclu ikən bilərəkdən qusmaqla orucunu pozmuş olur. Qeyri-ixtiyari və ya unutqanlıq üzündən qusduqda isə oruc pozulmur.
Bəs qovurucu yay istisində asan oruc tutmaq üçün nə etmək lazımdır?
İmsaq çox önəmlidir. Səhər yeyilən yemək bu günlərdə bizi 16-17 saat gümrah qalmağımıza kömək etməlidir. Ramazanda protein dəyəri yüksək olan qidalar mədəni uzun müddət dolu saxlayaraq,acmanı gecikdirir.
Metobolizma gecə yavaşladığı üçün axşam yeyilən yeməklər orqanizmdəki yağlanmanı artıra bilər.
İmsaqda ağ çörək yerinə yeyilən qara və çövdər unundan çörək daha uzun müddət tox saxlayır və B vitamin qrupu ilə daha zəngindir.
Hər gün 2 stəkan süd içilməlidir. Onlardan biri imsaq, digər isə iftarda olmalıdır. Süd kalsium və D vitamin mənbəyi olduğu üçün aclıq hissinin yaranmasına imkan vermir.
Yumurta uzun müddət tox saxlayır və ən yaxşı protein mənbəyidir.
Meyvələr təbii şəkər mənbəyidir. Səhərlər qəbul edəcəyini bir necə meyvə gün ərzində sizi rahatladacaq.
Qoz da uzun müddət tox saxlayan çərəzdir.
İftarı yavaş yavaş edin
Uzun sürən aclıqdan sonra iftar saatında orucu buir bardaq su ilə açmağı düşünmək insana çətin gələ bilər. Amma sağlamlıq üçün ən yaxşı variant bir stəkan su, bir necə dəqiqiə sonra bir qab çorba, azı 15-20 dəqiqiə sonra isə yemək yeməkdir. Bu şəkildə boş mədənin fərqinə varmadan doldurulmasının qarşısıda alınacaq. Qidaların buxarda və ya soyutma şəklində olması məsləhətdir. Süfrədə tərəvəz mütləq olmalıdır. Mövsüm salatları vitamin və minerallarla bol olduğu üçün sağlamlığınız üçün faydalıdır.
İftarda yağlı, qızardılmış,ağır yeməklərdən uzaq durmaq,hazır qidalardan maksimum qaçmaq məsləhətdir. İftardan dərhal sonra yatmaq doğru deyil. Ən son yeməklə yuxu arasında azı 2 saat vaxt olmalıdır.