Ölkədə anarxiya və qarşıdurma yaymaq istəyən gənclər dini cəhətdən savadsız olduqları qədər, dünyəvi elmləri də yoxdur

Bu səbəblə belə şəxslərə inanmaq, onların ardınca getmək ancaq özünü təhlükəyə atmaq deməkdir

Bu səbəblə belə şəxslərə inanmaq, onların ardınca getmək ancaq özünü təhlükəyə atmaq deməkdir

Azərbaycanda dini sahədə həyata keçirilən tədbirlər, atılan addımlar, ölkəmizdə mövcud olan dini tolerantlıq təkcə ölkə ictimaiyəti deyil, eləcə də beynəlxalq aləm. ayrı-ayrı dövlətlər tərəfindən təqdir edilib alqışlansa da, lakin hələ də bu sahədə müəyyən boşluqlar, problemlər qalmaqdadır. Bunun da başlıca səbəbi aparılan dini maarifləndirmə işlərinə rəğmən bir qrup insanların din adı altında öz məqsədlərinə çatmaq istəyidir. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, ölkəmizdə din sahəsində çox qəribə abu-hava var. Onun sözlərinə görə, radikal dindarlar dindən danışıb özləri üçün sosial baza formalaşdırırlar: "Özü də çox qəribəsi də budur ki, bunlar yalnız özlərini dində görürlər, digərlərini isə kənarda hesab edirlər. Əslində özünü inanclı bilib digərlərini kənarda görmək elə dindən çıxaraq radikallaşmaq deməkdir. Bunun adı İslamda xəvariclikdir. Digər tərəfdən də yeni bir sosial baza formalaşır. Bunlar da əslində dinə qarşı çıxdıqlarını deyirlər, özlərini ateist hesab edirlər. Onların məqsədləri ölkəmizdə olan milli-mənəvi dəyərləri yox etməkdir. Bu dediyim məsələ bütün dindarlara və bütün atesitlərə aid deyil. Yalnız baza formalaşdırmağa çalışanlara aiddir. İndi burada iki qütbdə anlaşılmazlıqlar var. Məsələ belədir ki, hər iki qütbdən olan radikallar özlərinə kütlə yığır və hər iki qütbün kifayət qədər çevrəsi genişdir. Yəni, deyək ki, bir təqlidçi radikal dindarı təqlid edib, onun yanlışlarını deyəndə həmin şəxs özünün düşüncəsini daşıyan radikal dindarlarla onun üstünə gəlirlər. Şeyxlərinin yanlışını dedikdə kütlə halında həmin radikal din şeyxinin təqlidçiləri üzərinə hücuma keçir. Səni təhqir edir, təhdid edir, bütün gün boyu vaxtını alır. Bir özünü savadlı ateist göstərən şəxsin də təqlidçiləri eyni şəkildə üzərinə gəlirlər. Yəni, ortada salamat qalan dindarlar və ateistlər də qrup-qrupdur. İndi artıq yeni yanaşmalar ortaya çıxır. Dindən danışmaq üçün kütləyə ya bir müğənnini, ya şou əhlini, ya da bir ateisti gətirirlər. Beləliklə ortada qalan salamat insanlar əziyyət çəkir. Çünki, həqiqət budur ki, insanların çoxu mənəviyyatımıza, dinimizə böyük hörmət göstərirlər. İnsanlar mənəvi dəyərləri öyrənmək və bununla rahatlıq tapmaq istəyirlər. Belə halda dindən danışmaq üçün ilahiyyat təhsili olmayan, bəzən müğənni, bəzən hüquqşünas , bəzən vəkil, bəzən həkim olan, bəzən bütün sahələrə aid insanlar, hətta ateistlər belə dindən danışaraq insanların fikirlərini dağıdırlar. İnsanlar mənəvi cəhətdən zövq almaq əvəzinə daha da əsəbləri pozulur. Əsəbləri pozulan belə insanların çoxu da ümumiyyətlə dindən nifrət edib qaçır, çoxusu isə içkiyə və.s. yanlış aludəçiliyə düşürlər. Bunun üçün bu məsələlər bir məxrəcə gəlib müzakirə edilməli və yekun qərar qəbul olunmalıdır. Bir ilahiyatçı əgər dindən danışmayacqdısa, onun əvəzinə ümumiyyətlə dinin d hərfini bilməyən bir şou əhli efirdə insanlara mənəviyyat dərsi keçəcəkdisə, onda bu ilahiyyatı niyə əziyyət çəkib bitirdik. Bu böyük mövzudur".

Əkrəm Həsənov Azərbaycanda təhlükəli hesab edilən təkfirçilərin bəzi fikirlərinə diqqət çəkib. Bildirib ki, İslam dinində bir çox vacib məsələlər var və bunlardan biri də əmir məsələsidir: "Bu məsələni İslam aləmində bəzi radikallar ixtilaf halına gətirmişdi. Əslində hər şey ortadadır. Belə ki, bu gün artıq xəlifəlik mövcud deyildir. Xəlifəlik dördüncü xəlifə Həzrəti Əli ilə yekunlaşmışdı. Amma bu gün bəzi təkfirçilər ortaya çıxıb xəlifəlik fikrini aşılayaraq ayrı-ayrı ölkələrdə "xəlifəlik" qurmaq həvəsinə düşüblər. Belə avamlar iddia edirlər ki, "bu günkü bütün dünyada olan dövlətlər və həmin dövlətlərin hakimiyyəti, hətta müsəlman ölkələrində olan müsəlman dövlət başçıları və bütün yer üzərində icra olunan məsələlər şəriətlə tədbiq olunmur. Heç bir dünyada və xüsusilə Azərbaycanda hüquqi məsələlər şəriətlə icra olunmur. Amma əslində bütün hüquq sistemləri şəriətlə icra olunmalıdır. Əlbəttə bu belə olsa yer üzərində ədalət, tərəfsizlik, bolluq, insanlar arasında xoş münasibət olar. Buna heç kim etiraz edə bilməz. Bunun olmasını isə hamı istəyər. Bu onların özləri üçün formalaşdırdığı fikirlərdir. 
Amma bu gün bütün yer üzərinə İslama dəvət gedir və gənclər İslam dinini qəbul edirlər, onun müəyyən vacib və fərz ibadətlərini yerinə yetirirlər. Bu təqdirə layiqdir. Bu sevindirici haldır.Yer üzərindəki müsəlmanların çoxluğu onların hər birinin qəlbində sevinc və qürür yaradır. İmanlarını gücləndirir. Amma bütün dünyada hakimiyyətə gəlmək üçün müəyyən qüvvələr bu məsələləri ortaya atırlar. Fikir versəniz görərsiniz ki, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr bu metodlardan istifadə edirlər. Bu siyasi qüvvələrin fikirləri bütün dünyada yayıldığı kimi Azərbaycanda da yayılıb. Bir qrup müsəlman gənclər camaat namazlarını tərk edir, Cümə namazlarına gəlmir, məscidlərə gəlmir, məscidlərə gəlib ibadət edənlərə rişxəndlə yanaşırlar. İddia edirlər ki, əgər dövlətin idarəsi müsəlmanlarda deyilsə orada cümə namazı qılmaq, məscidə getmək doğru deyil. Bu fikirdə olan insanlar bir neçə il əvvəl çox azlıq təşkil edirdilər. Ancaq onlar bu yalnış fikirlərini yaymağa davam edib, artıq bu gün ölkəmizdə bir neçə məscidi öz əllərinə keçirməyə cəhd edirlər. Həmin məscidlərdə öz fikirlərini yaymaq istəyirlər. Ölkəmizdə çox az sayda belə təhlükəli məscid axundu vardır ki, onlar ümumən müsəlman xalqını təkfir edirlər. Əlbəttə bu kiçik və sayı az olan qüvvələrin fikirlərinin yayılması cəmiyyətimiz üçün çox təhlükəlidir". İlahiyyatçı deyir ki, onların üstündə durduğu ən aktual məsələlərdən biri də dövlət idarəsini həyata keçirən insanların üzərində dayanmalarıdır: "Amma nəzər salsan baxarsan ki, onların əllərində hakimiyyyətə real namizədləri belə yoxdur. Təbiidir ki, ona görə də onlar tələsirlər. Onlar əvvəlcə elm öyrənməli, şəriətin bütün elmlərini yaxşı qavramalı dərk etməli, həyata keçirib yaşamalı, sonra isə güclü və məntiqli mühakimə yürütmə qabiliyyətinə sahib olmalı, xalq, camaat tərəfindən tanınmalı, sevilməli və hörmət göstərilməlidir. Amma onlardan bəziləri bunun əksini idda edirlər. Məsələn, onların yalnış cəhəti budur. Deyirlər ki, kimisə seçib ona beyət edilməsi lazım deyil. Əsas odur ki, əmir insanların məsləhətini qarşılayan biri olmalıdır. Təbiidir ki, bütün əmirlər onsuz da insanların məsləhətini qarşılayır. Sonra onlar deyirlər ki, ona tabeçilik göstərmək mütləq deyil. Bir sözlə bu gənclər bir sözləri ilə digər sözlərini inkar edirlər. Sonra da dövlətə, hakimiyyətə və o dövlətin və hakimiyyətin bütün icraçılarına və günahsız xalqa kafir deyirlər. Bu söz böyük bir sözdür. Çünki onlar ilk əvvəl kafir deməyə başlayırlar. Sonra isə kafirin canı, malı, qanı halaldır deyirlər və fəsad törədirlər. Dinc müsəlmanları öldürürlər. Təfriqə yaradırlar. İnsanları, xüsusilə dinə təzə gələn gəncləri çaşdırırlar. Allah təala təkfirçilərin şərrindən biz müsəlmanları qorusun".

Əkrəm Həsənov onu da deyib ki, həmin qruplar bu gün Azərbaycanda öz fikirlərini sosial şəbəkələrdə, çayxanalarda yaymağa nail ola bilirlər: "Bunlara xəvaric (yəni dindən çıxıb müsəlmanlarla müharibə aparan), təkfirçi (müsəlmanlara kafir deyən), hizbçi, cihadist, cihadçı və s. adlar vermək olar. 
Gülməli və bir də ağlamalı tərəfi budur ki, özü hələ ərəbcə bilmir, heç Quranda nə yazılmasından belə xəbəri yoxdur, yaxud da hələ dini təzə öyrənməyə başlayır, buna baxmayaraq elmdə irəlidə olana tənə edir, dənizin dərinliyinə baş vurur. Dənizdə üzməyi bacarmayan adam dənizin dərinliyinə baş vuranda boğulması qaçınılmazdır. Əlbəttə o boğulacaq. Çünki əvvəl dənizdə üzməyi bacarmaq lazımdır, öyrənmək lazımdır. Sonra isə üzmək lazımdır. İslamda böyük izlər və əsərlər qoyub məşhur olan din alimlərinə hörmət göstərmir, halbuki özü bir-iki kitab ya oxuyub və ya oxumayıb. Məscid imamlarının müəyyən bir sözünü sitat olaraq götürüb digər sözünü ələ almadan camaatı azdırmaq istəyir və guya elə göstərir ki, hansısa məscid imamı hansısa bir sözündə xəta edir. Bu yaxınlarda belə söz-söhbətlərə görə nə qədər məscidə gələnlər məsciddən ayrılıb "cihad" adı ilə Suriyaya gedib orada öldülər. Bunlar eyni zamanda məscidə gələnləri belə kafir hesab edirlər. Həmin müsəlmanı kafir elan edən bu təkfirçi gənc eyni zamanda dəvət zamanı yenə də Qurandan öz istəyinə uyğun olaraq bir ayə gətirir, digər ayəni gətirmir. Ona görə də Quranı hələ təzə-təzə oxumağa başlayan biri o dəqiqə Qurandan bir ayə gətiriləndə təkfirçiyə inanır və onun tələsinə düşür. O gənc unudur ki, şeytan ilk dəfə Cənnətdə Adəmi bu metodla aldatdı. Bu əhvalat hamıya məlumdur. Şeytan Adəmə and içərək dedi ki, əgər əbədi yaşayanlardan olmaq istəyirsənsə sənə böyük bir şey göstərim. Beləliklə Allaha and içib Adəmə qadağan olunan ağacdan ona yeməsini nəsihət etdi. Beləliklə Adəm Cənnətdən yer üzünə endirildi". 
İlahiyyatçı bildirib ki, təkfirçilər Məhəmməd Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədislərini söhbətləri zamanı dəlil olaraq gətirdikdə, yenə də, metodlarına uyğun olaraq, yalnız özlərinə sərf edən hədisləri dəlil gətirilər: "Bununla da hədisi bilməyən və təkfirçini dinləyən gənc hədis eşidən kimi aldanır və bununla bağlı digər hədisləri bilmir və ya hədisə əmin olub digər hədislərə baxmır. Yenə də aldanır. Həmçinin alimlərin sözləri məsələsində də təkfirçilər özlərinə sərf edən sitatı deyib, digərini inkar edir və ya gizlədir. Bununla da heç nə bilməyən gənc müsəlmanları aldadırlar". 

İlahiyyatçı deyib ki, bütün ölkələrdə əmirlər xalq tərəfindən seçilir: Hər hansısa bir xalqın xasiyyəti və davranışı necə olarsa ona uyğun da əmir olar. Allah öz mülkünü istədiyinə verər. Sən yaxşı olsan əmirin də yaxşı olar.  Unutmaq lazım deyil ki, hər birimiz ədalətli olmalıyıq. İnsanlara İslamı ən gözəl bir tərzdə öyrətməliyik. Bizim Allahdan və sonra da biz müsəlmanlardan başqa heç bir dayanacaq yerimiz yoxdur. Ona görə də müsəlmanlar ancaq qardaşdırlar və onların arasına təfriqə salan onlara yaxşı qardaş ola bilməz. Yaşadığımız ölkədə də anarxiya və qarşıdurma yaymaq istəyən gənclər belə dini cəhətdən savadsız olduqları qədər, dünyəvi elmləri də olmayan gənclərdir. Bu səbəblə belə şəxslərə inanmaq, onların ardınca getmək ancaq özünü təhlükəyə atmaq deməkdir. Belə cərəyanlara qoşulanlara Allahdan qorxmağı, təqvalı olmağı, müsəlman camaatdan ayrılmamağı, cümə namazlarına gəlmələrini nəsihət edirəm. Eyni zamanda yaşadıqları ölkəni, dövləti sevmələrini, vətənləri üçün faydalı işlər görmələrini onlara tövsiyə edirəm".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31