Qarşısındakı adam gərək başa düşsün ki...
27 Noyabr 2018 16:16 DinƏkrəm Həsənov: "İnsanlara baxanda radikal eynəyinizi çıxarıb mülayim baxın"
Son illərdə dini sahədə aparılan maarifləndirmə işləri öz müsbət nəticələrini verməkdədir. Məhz həyata keçirilən uğurlu siyasət və görülən tədbirlərin nəticəsidir ki, əvvəlki illərə nisbətən xarici dini təsirlərə düşən vətəndaşlarımızın sayı nəzərəçarpacaq dərəcədə azalır. Dini sahədə aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir ki, gənclərimizdə İslam dini barədə daha geniş təsəvvür formalaşdırılır, onlara dinin əsli öyrədilir. Ancaq etiraf etmək lazımdır ki, hələ də bu sahədə müəyyən nöqsanlar qalmaqdadır. Xüsusilə, bəzi insanlarımız tərəfindən dini siyasətə qatmaq cəhdi edilir. Daha dəqiq desək dindən siyasi məqsədlər üçün istifadə edilir. Siyasi aksiyalarda guya insanları dinə dəvət edilmək adı ilə əslində siyasi proseslərin alətinə çevrimək istəyirlər. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, İslama dəvətdə hər kəsin özünə uyğun metodu, yolu, üsulu, qaydası, minhəci vardır. Onun sözlərinə görə, insan nəyisə oxumaqla, öyrənməklə təhsilli ola bilər: "Ancaq əsas məsələ tətbiq məsələsidir. Məsələn, bu gün bəzi gənclər internetdə ancaq hansısa insanları müzakirə etməklə vaxtlarını boş keçirirlər. Məsələn, biri mürciədir, biri dövlətə işləyir, birisi YAP-çıdır, digəri müsavatçıdır və s. Bütün müsəlmanları nə YAP, nə da Müsavat birləşdirmir. Müsəlmanları birləşdirən ümumi qaydalar mövcuddur. Bu qaydaları hansısa insan qoymayıb. Bu qaydaları uca Allah təyin edib. Bu gün bütün müsəlmanları birləşdirən ümumi imanın və İslamın əsaslarıdır. Ancaq istər imanın əsaslarında, istərsə də İslamın əsaslarında müsəlmanlar az hissəsi zərurətdən, çox hissəsi isə bilərəkdən və qəsdən növlərə bölünür. Məsələn özünə müsəlman deyən elə insan var ki, imanın 6 şərti olduğu halda hansısa şərtlərindən birinə iman etmir. Dəvət zamanı qarşımıza belə insanlar az çıxmır. Məsələn insanları İslama dəvət edəndə görərsən ki, elə insan var imanın yalnız bir şərtinə inanır. Məsələn savadı olmayan yaşlı bir insan olur ki, deyir mən təkcə Allaha inanıram. Əlbəttə həmin şəxs həqiqətən də Allaha inanırsa onda ona imanın digər əsaslarını öyrətmək borcumuzdur. Çünki Allaha imanın içərisində imanın 6 şərti dayanır. Əgər həmin 6 şərti saysanız birdən o sizdən qəbul etməsə dərhal ona kafirmi deyəcəksiniz? Bilirəm təkfirçilər dərhal deyəcəklər. Amma elmli müsəlmanlar, Qurandan xəbəri olanlar, islam alimlərinin kitablarını oxuyanlar, əqidəni bilənlər dərhal kafir deməyəcəklər. Oturub həmin şəxsə imanın 6 şərtini öyrədəcəklər. Bu şərt hansılardır, hamısını bir-bir başa salacaqlar. Ondan sonra imanın birinci şərtinə iman edənə 6 şərti də qəbul etdirəcəklər. Ona başa salacaqlar ki, Allaha iman etmənin şərtlərindən biri də budur ki, Allahın mələklərinə, kitablarına, peyğəmbərlərinə, qədərin xeyrinə və şərinə, axirətə inanasan. Onların da hər birini ayrı-ayrılıqda xırdalayacaqlar ki, qarşısındakı adam başa düşsün ki, mələk nə deməkdir". İlahiyyatçı qeyd edir ki, biri namaz qılmağı öyrənir, imanın şərtlərini təfsilatı ilə bilmədən başlayır özündən başqa hamını kafir saymağa: "Sanki Allah elə imanı buna verib. Bundan başqa müsəlman yoxdur. Bu bir az böyük mövzudur, qısa konkret onu demək istəyirəm ki, əziz gənclər, açın Allahın Kitabını oxuyun, Allah Rəsulunun hədislərini oxuyun, dini kitabları mütaliə edin. İmanın ayrı-ayrılıqda şöbələrini öyrənin. Bununla iş bitmir. Sonra keçin islamı öyrənin. Ondan sonra isə sizə qəbirdə verilən üç sualı öyrənin. Kiminsə hansısa partiyada olmasının onun dininə, imanına, saleh əməlinə heç bir dəxli yoxdur. Bir az geniş düşünün. İnsanlara baxanda radikal eynəyinizi çıxarıb mülayim baxın. İslamı sevdirin".
Məhəmməd