Mübariz Qurbanlı Simon Vizental Mərkəzinin təsisçisi və yevangelist icmasının nümayəndəsi Conni Mur ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın yəhudi icmasının nüfuzlu qurumlarından olan Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni Mur ilə görüşüb.
26 Noyabr 2018 17:28 DinDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın yəhudi icmasının nüfuzlu qurumlarından olan Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni Mur ilə görüşüb. Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən, tolerantlıq siyasətindən bəhs edən Dövlət Komitəsinin sədri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı tolerant münasibətin qarşılıqlı hörmətə və əməkdaşlığa, bir-birini dəstəkləmək prinsipinə əsaslandığını bildirib. O, Azərbaycan xalqının dözümlülük keyfiyyətinin, ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Söhbət zamanı, cari ildə Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri barədə danışan M.Qurbanlı Simon Vizental Mərkəzində olduğunu, səfər çərçivəsində birgə tədbirlərin həyata keçirildiyini məmnunluqla dilə gətirib.
Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqların deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst fəaliyyət göstərdiyini bildirən Mübariz Qurbanlı, eyni zamanda yəhudi icmalarının Azərbaycandakı fəaliyyətindən danışıb. Dövlət Komitəsinin sədri ölkəmizdə 21-i xristian, 8-i yəhudi, 1-i krişna və 2-si bəhai olmaqla 32 qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını və bu icmaların Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyini xüsusi olaraq qeyd edib.
Abraham Kuper dinlərə münasibətdə tolerantlığı, sünni və şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. O, bunun mütərrəqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri fakt olduğunu deyib. Ölkəmizin tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malik olduğunu diqqətə çatdıran qonaq yəhudi icmalarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. O, 7 sinaqoqun fəaliyyət göstərməsini, icmalara mütəmadi maddi vəsaitlərin ayrılmasını ölkəmizdəki tolerant mühitin, dinə dövlət qayğısının bariz nümunəsi adlandırıb.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən yevangelist icmasının nümayəndəsi Conni Mur Bakının çox gözəl şəhər olduğunu bildirib. C.Mur Azərbaycanın dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirdiyini və bu modelin kökündə dini azadlıqların təmin edilməsinin dayandığını vurğulayıb.