Dini Komitə Yevlaxda seminar-treninq keçirib
24 Oktyabr 2018 13:53 DinDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər" mövzusunda seminar-treninq keçirilib. "OLAYLAR"-a Dini Komitədən bildirilib ki, seminar-treninqi giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Respublikamızda ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Onun sözlərinə görə, respublikamızda heç zaman dinlərarası və məzhəblərarası qarşıdurma baş verməyib.
İslamın sülh və əmin-amanlıq dini olduğunu diqqətə çatdıran sədr müavini onu da vurğulayıb ki, İslam yalnız inanc, mənəvi dəyərlər sistemi deyil, fərdlə yanaşı, cəmiyyəti də öz prinsiplərinə uyğun formalaşdırmağı qarşısına məqsəd qoyan və ilahi mahiyyət daşıyan dəyərlər sistemidir.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dindən sui-istifadə edilməsi, müqəddəs mətnlərin kontekstdən qoparılaraq əsl mahiyyətindən fərqli formada təqdim olunması hallarına rast gəlindiyini bildirib. Vurğulayıb ki, dini radikalizmin istənilən istiqaməti və forması cəmiyyət üçün təhlükədir.