Dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili mövzusunda seminar keçirilib
19 Oktyabr 2018 16:30 DinDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusundakı ikigünlük seminar-müşavirə oktyabrın 19-da öz işini davam etdirib. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Arzu Vəliməmmədova gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirlərinin mühüm rola malik olduğunu bildirib, onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dini radikalizm və onun fəsadları haqqında danışıb. Bildirib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin mövcudluğunu istəməyən bəzi qüvvələr ölkəmizdə xalqımızın milli-mənəvi və dini dəyərlərinə yad olan ideologiyaları təbliğ edərək dini və ictimai sabitliyi pozmağa cəhd edirlər. Onların əsas hədəfinin gənclər olduğunu vurğulayan birinci müavin gənclərin düzgün dini biliklərlə məlumatlandırılmasının və onların elmə-təhsilə yiyələnmələrinin dini radikal qrupların təsirindən qorunmaları baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. S.Salahlı bu işdə məktəb müəllimlərinin və valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cahandar Əlifzadə dini radikal qrupların təbliğat metodlarından danışıb. Bildirib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin böyük rolu var. Şöbə müdiri, eyni zamanda məzhəb ayrı-seçkiliyinə qarşı vəhdət və həmrəyliyin əhəmiyyətindən bəhs edib.
Daha sonra DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən "Üfüqdəki gələcək" sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.