“Mərsiyə olmazsa din əldən gedər” təfəkkürü kökündən yalnışdır

Hacı Ceyhun Şükürov: "Zəncir vurma, sinə döyməni dinin ayrılmaz hissəsi sayanlar və dinin bir atributuna çevirənlər hansısa maraqlara xidmət edirlər"

Dini mövzuda polemika, müzakirələrə son vaxtlar daha tez-tez rast gəlinir. Bir qayda olaraq bu cür müzakirələr cəmiyyət arasında dini maarifləndirməyə xidmət etsə də, bəzi hallarda isə müzakirə zamanı səsləndirilən yalnış fikirlər insanlar arasında mənfi fikirlərin formalaşmasına gətirib çıxarır.  Əsasən dini istiqamətli müzakirələr, polemikalar isə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə hansısa din xadimi arasında olur.  Hər bir tərəfin məsələyə öz prizmasından yanaşıması isə mövzunun aktuallığını bir kənara qoyaraq fikir mübadiləsini daha lazımsız, mənasız istiqamətə yönəldir. Bu günlərdə millət vəkili yeni bir müzakirəyə, fikir mübadiləsinə rəvac verib. Bu dəfə Fazil Mustafa Hacı Şahinlə dini mövzuda polemikaya çıxıb və təbii ki, bu məsələyə digər dini inanclı insanlar da öz münasibətini açıqlayıblar.

Hacı Ceyhun Şükürov deyib ki,son günlərdə  Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu ilə Hacı Şahin arasında başladılması istənilən polemikaya Hacı Şahin tərəfindən verilən cavab öz məzhəbinə, dini dünya görüşünə və dini fəlsəfəsinə görə çox tutarlı idi. Onun sözlərinə görə, bu günlərdə özünü şiə adlanan mühafizəkar kəsim  sosial şəbəkədə bir videonu yaymağa başladılar".

Məlumat üçün qeyd edək ki, sözügedən videoda hansısa bir dini mərasimdə insanların özlərinə sanki dini bir ayni icra edirlərmiş kimi özlərinə xətər yetirmələri əksini tapır. İlahiyatçı deyir ki,  bunu yayanlar Fazil Qəzənfər oğluna acıq ilə bu kimi görüntüləri yayaraq " bu eşqi bizim qəlbimizdən silə bilməzsən" deyə yayırlar: "Bildiyimiz kimi Fazil Qəzənfər oğlu Elşad Mirinin İslama zidd fikirlərinə etimad edərək bir növ ondan ilhamlanaraq bu addımı atdı. Və iradında da haqlı olmağını göstərmək üçün Quranda belə bir şey olmadığına diqqət çəkir.Aydındır ki, hədisi və sünnəni inkar edən Elşad Miri və Fazil Qəzənfər oğlu cütlüyü Qurandan özlərinə müvafiq iqtibas gətirməklə özlərini bir az da dindar kəsimin gözündə yaxşı göstərmək istəyirlər".
Ceyhun Şükürov deyib ki, İslam dinini tək Qurani Kərimlə deyil, eyni zamanda Peyğəmbərin hədisləri ilə və əhli- beyt və səhabənin tətbiqatı da böyük əhəmiyyət kəsb edir: "Çünki Quran onların üzərinə nazil olub və bu Quranı onlardan yaxşı izah edən olmaz da. Onlar baş verən hadisəyə görə nazil səbəblərini də gözəl bilirdilər. O ki, qaldı bir şəxsin öldüyü zaman ağlamasına oğlu İbrahim öldüyü zaman göz yaşlarına hakim ola bilməyən Peyğəmbər, reyhan ətirli nəvəsinin ölüm xəbəri veriləndə ağlayan Peyğəmbər misalını heç kəs inkar edə bilməz. Amma bunu rituallaşdırıb bir ayin halına salıb drammatik hala salmaq və bir az da irəli gedib özünü döyüb zəncirləyib, başına qəmə-qılınc ilə zərbə vurmağın  əsl İslam ilə bir əlaqəsi yoxdur. Bunu islamlaşdırıb İslam kimi qələmə verməyin bir adı yoxdur. Kiminsə acığına da bunu İslam kimi əməl edib yaymağın Allah qatında da bir mükafatı yoxdur. Biz müsəlmanlar hər əməlimizi Allah üçün edib onun razılığını qazanmağa çalışırıq.Amma bu cür dinə müvafiq olmayan, dinin əsli ilə düz gəlməyən əməllərə də dini don geyindirməyin bir mənası yoxdur. Biz dini mərsiyəxan-rözaxanlardan deyil, alim və müctəhidlərdən öyrənməliyik. Bu kimilərin cəmiyyətə sırıdılması və onların geniş vüsət alması mötədil, mühəqqiq ilahiyyatçıları da narahat edir. Sadəcə məzhəb təəssübündən kənara çıxa bilməyənlər bu kimi ucuz vasitələrdən istifadə edirlər. Halbuki tarixdən və hədislərdən bizə məlumdur ki, təqibə məruz qalan əhli beyt imamları öz mükəmməl cəvamiul kəlim xütbə və moizələri, müdrik kəlamları ilə insanların qəlbini və sevgisini fəth ediblər. İnsaların əhlibeyt sevgisi onların uğrunda canlarını verməsi hər bir şeylərini o möhtərəmlərə fəda etmələri mərsiyə və rozə sayəsində deyil bir başa Əhlibeytin öz insanlara nümunəvi davranışları və Allahla bağlı təqvaları olubdur. Sonrakı dövrlərdə nəət, qəzəl və.s şerin müxtəlif növlərində əhli beytin tərənnümü, onların şəmail və həyatları haqqında bir çox əsərlər ortaya çıxsa da, xalq məclislərində mərsiyə və rozələr insanların birbaşa qəlbinə nüfuz etməyi başardı və bundan məharətlə istifadə edənlər də özlərinə sərf edənləri bu vasitə ilə insanlığa sırımağa başladılar".

Hacı Ceyhun Şükürov deyib ki, normal dinin əsaslarına və həqiqətlərinə xələl gətirmədən istifadə edilən hər hansı şer formasına qarşı çıxan olmayıbdır: "Amma dini mərsiyəyə bağlayıb bu olmazsa din əldən gedər təfəkkürü də kökündən yalnışdır. Zəncir vurma , sinə döyməni dinin ayrılmaz hissəsi sayanlar və dinin bir atributuna çevirənlər şübhəsiz ki,  hansısa maraqlara xidmət edirlər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31