Donuz əti- halaldı-yoxsa haram...

Son zamanlar bütün dünyada müxtəlif xəstəliklərin sayının xeyli dərəcədə artması və cavanlaşması insanların sağlam və düzgün qidalanması məsələsini yenidən gündəmə gətirib. Bu məsələdə “Qurani-Kərim”in tövsiyyələrinin diqqətə alınmasının vacibliyi səbəbindən məşhur türk alimi, prof. Dr. Yaşar Nuri Öztürkün “Donuz əti” məqaləsinin davamını oxucuların diqqətinə çatdırırıq.

Son zamanlar bütün dünyada müxtəlif xəstəliklərin sayının xeyli dərəcədə artması və cavanlaşması insanların sağlam və düzgün qidalanması məsələsini yenidən gündəmə gətirib. Bu məsələdə "Qurani-Kərim"in tövsiyyələrinin diqqətə alınmasının vacibliyi səbəbindən məşhur türk alimi, prof. Dr. Yaşar Nuri Öztürkün "Donuz əti" məqaləsinin davamını oxucuların diqqətinə çatdırırıq.

(Əvvəli ötən sayımızda)

Bəs elm dünyası bu barədə nə deyir?

Alman həkim Hans-Heinrich Reckeweq   donuz ətinin insan sağlamlığı baxımından  təhlükəli   qida olduğunu özünün "DONUZ ƏTİ VƏ İNSAN SAĞLAMLIĞI"adlı bir məqaləsilə   gündəmə gətirib. Türk dilinə də tərcümə edilmiş  bu məqalənin qısa məzmununu oxucuların diqqətinə çatdırırıq: "Toksik maddələrdən arınmış -ekoloji cəhətdən təmiz qidalar qəbul etməklə hər bir kəsin öz  sağlamlığını necə ciddi şəkildə qoruya biləcəyinə  aydınlıq gətirmək  istəyirəm. Bu isə, ilk növbədə donuz əti qadağasına ciddi riayət etməklə mümkündür. Peyğəmbərlərin, xüsusilə də Hz.Muhəmmədin və Hz.Musanın gətirdikləri əsaslar təbiət qanunları ilə tamamilə üst-üstə düşür..."

Alman həkim İkinci dünya müharibəsi  zamanı  alman əsgərlərinin donuz əti yeməsindən qaynaqlanan ciddi xəstəliklərə necə tutulduqlarını, müxtəlif müalicələrin  nəticə vermədiyini   gördükdə isə,  çarəni donuz əti qəbul etməyi dayandırmaqda  tapdıqlarını başa düşdükdən  sonra belə davam edir:

"Donuz ətinin insan sağlamlığına ziyan verdiyini, hətta zəhərli təsir göstərdiyini mən hələ müharibədən əvvəl bilirdim. Lakin buna daha çox təzə donuz ətindən hazırlanmış  tava qızartması, paça, döymə və kotlet kimi yeməklərin səbəb olduğunu düşünürdüm. Duzlanmış vetçina,hisə verilmiş və duzlanmış donuz ətinin isə insan sağlamlığına zərərli olduğunu heç ağlıma belə gətirməmişdim. Təzə donuz ətindən hazırlanmış qidaların  qəbulunun appendisit, öd kisəsi iltihabı və öd kolikləri, bağırsaq iltihabı, yatalaq kimi xəstəliklərə, eləcə də mədə və nazik bağırsaq iltihabı, inkişaf etmiş ekzemalar, qanlı çibanlar və tər vəziləri abssesləri kimi xəstəliklərə səbəb   olduğunu bilirdim, amma o zamanlar tərkibində donuz əti olan kolbasanın da yuxarıda sadaladığım xəstəliklərə səbəb ola biləcəyini hələ ki  düşünmürdüm..."

"Müharibə illəri zamanı(qıtlıq səbəbindən)  yağsız qida qəbulu, eləcə də  müharibədən sonrakı illərin zəruri etdiyi pul islahatı alman xalqının  sağlamlaşmasına səbəb olmuşdu. Donuz əti  tapılmır, digər ət növləri isə çox az miqdarda ələ düşürdü. Yağ da qıt idi; şəkər isə ümumiyyətlə yox idi.  Amma müxtəlif   tərəvəzlər, kartof, kök, təzə göyərti ilə bol olan yeməklər kifayət qədər idi.Həmin vaxtlar donuz əti tapıb yeyənləri çıxmaq şərtilə heç kəsdə appendisit, öd kisəsi xəstəliyinə rast  gəlinmədi. Revmatizm, onurğaarası qığırdaq aşınmasından əmələ gələn narahatlıqlar, infarkt, duzlaşma və yüksək  təzyiqlə bağlı şikayətlər, demək olar ki, yox dərəcəsində idi."

"1948-ci ildə həyata keçirilmiş pul islahatından sonra donuz əti, vetçina, xüsusilə də donuz  piyi  istehsalı artdıqca vəziyyət  tamamilə dəyişdi. Qanlı çiban və tər vəziləri  abssesləri kimi xroniki iltihablı dəri xəstəlikləri, eləcə də öd kisəsi narahatlıqları günbəgün  artmağa başladı. Bu xəstəliklərin  müalicəsi müxtəlif yan təsirlər verirdi. Xüsusilə də xərçəng   nahiyələrində müşahidə olunan artım   daha  dəhşətli idi. Bütün bu xəstəliklərin kökündəki  zəhəri  axtarmağın vacibliyini  hiss etdim. Münhen Tibb Məcmuəsinin 1952-ci il 12 -ci nömrəsində çap edilmiş homotoksin mövzusundakı  elmi əsərimi məhz həmin zəhərin axtarışına  həsr etmişəm. İllər boyunca təcrübələrimiz artdıqca, artrit və artroz kimi  digər xəstəliklərin də məhz donuz ətindən qaynaqlandığı ortaya çıxdı..."

"Heyvanlar üzərində təcrübələr aparmaq qərarına gəldim. Bir sürü küçük alıb onları müxtəlif qruplara böldüm və yemləmə sınaqlarına başladım. Təcrübələrimin nəticələrini 1955-ci ildə "Homotoksinlər və Homotoksikozlar"adlı kitabımda  çap etdim".

"Donuz əti ilə bəslənən heyvanlar surətlə quduzluğa meyl etməyə başladılar; yaşları artdıqca vücudlarının müxtəlif yerlərində xərçəng əmələ gəlməyə başladı, onlarda müxtəlif cild xəstəlikləri ortaya çıxdı. Onların qaşınmaya və müxtəlif dəri, eləcə də bəzi daxili xəstəliklərə tutulduqlarını aşkar etdim. Eyni təhlükənin  sirk heyvanlarına da aid olduğunu gördüm. Donuz əti yeyən heyvanlar yağlanıb tənbəlləşdikcə onların təzyiqi yüksəlir,   burunları qanayırdı. Onlar,  böyük ehtimalla, məhz bu səbəbdən ölməyə başladılar. Bir balıq istehsalçısının donuz əti qiyməsiylə bəslənən balıqların bir neçə  gün ərzində öləcəklərini söyləməsi də diqqətimi çəkdi".

"Araşdırmalarımın sonunda donuz ətinin təhlükəli   homotoksin (insanı zəhərləyən) qida olduğunu və orqanizmin   özünü  bu zəhərdən qorumaq üçün müxtəlif xəstəlik əlamətləri üzə çıxardığını  təsbit etdim. Tibbi ədəbiyyata  daxil olan son nəticələr donuz ətini təşkil edən maddələrin  vücuda  olduqca zərərli təsir verdiyini göstərir".

"Donuz əti həddən artıq yağlıdır. Qanda xolesterin yüklü iri molekullar  xolesterinin təsiri ilə yaranır. Həmin molekullar  damar sərtliyi və hipertəzyiqə səbəb olduğu kimi,  infarkta, koronar və periferik damarlarda qan dövranının pozulmasına  da səbəb olur... Donuz ətində yüksək miqdarda sümüksü bağ toxuması olduğuna görə yüksək miqdarda da kükürd var... Donuz ətinin tərkibindəki  yüksək miqdarda  "böyümə hormonu" iltihablaşmalara və toxuma şişkinliyinə səbəb olur... Donuz piyinin tərkibində yalnız  xolesterin deyil, xərçəngin inkişafını sürətləndirən böyümə hormonu və benzpiren adlı tipik kanserogen maddə  də var".

Donuz ətinin qaşıntı artırma xüsusiyyəti də var. Bu xüsusiyyət qanlı çiban,şirpəncə(qarayara;sibir xorası), appendisit, öd yolları xəstəlikləri, damar iltihabları,qadınlarda bəyaz axıntılar, ekzema, dermatit, neyrodermit və s. kimi iltihabi xəstəliklərə və digər dermotozlara zəmin yaradır".

"Donuz ətinin tərkibində olan digər  zərərli maddə də "onkogen agent", "endobiyont"və ya "eritrosit əlavələri" adlandırılan  maddədir..."

"Donuz ətinin tərkibində olan çox təhlükəli  toksik maddələrdən biri də qrip virusudur. London Virus Araşdırmaları İnstitutunun əməkdaşı prof.Şopeyə görə, həmin virus  donuzun ağ ciyərində törəyir və ətindən hazırlanan məhsullara bu yolla keçir. Uzun illər boyu əldə etdiyim təcrübə, donuz ətilə qidalanma səbəbindən   ara-sıra baş qaldıran qrip  epidemiyaları zamanı mənə xəstələr üzərində müşahidələr aparmağa imkan verib. Bu müşahidələr bir-birinə bənzər nəticələr üzə çıxarıb."

"Donuz əti asılılıq, alışqanlıq yaradır. Mannheymdə  yaşayan W.Hoffmann adlı həkim-psixiatr pasiyentləri  arasında apardığı  müşahidələrə əsaslanaraq donuz ətinin asılılıq yaratdığını təsbit etdiyini xatırladır. Bu xəstələr donuz ətini yemək  üçün  min cür ağlagəlməz bəhanə tapmaqda çətinlik çəkmirlər..."

"İnsan orqanizmi donuz ətindəki zərərli maddələrdən  dəri, sidik, bağırsaq və tənəffüs kimi zəhər xaric edən  vasitələrlə  deyil, iltihablar yoluyla təmizlənməkdədir... Bir məşhur   həkim mənə məktub yazaraq xroniki donuz əti asılılığından  yaranan   beyin qan dövranı pozulmasının  müalicəsi üçün   məsləhət istədi... Donuz paçasından hazırlanan "ulcus cruris" adlı yeməyə alışmış insanlar -bu yemək Berlində çox məşhurdur-  bir müddətdən sonra beyin qan dövranı pozulması  diaqnozu ilə üz-üzə qalırlar.  Xəstəliyin müşahidəsi, bir çox nahiyədə  mezenximal subap(klapan) vasitəsilə  bağ toxumasının dərinliklərinə qədər işləmiş  qorxunc xərçəng iltihabını  ayaqlardakı yaralardan dəf etmək üçün orqanizmin   son həmləyə girisdiyini söyləməyə əsas verir ."

"Xroniki  donuz əti asılılığı   insan vücudundakı sərt qığırdaq maddəsinin yerinə donuz ətindən keçən sümüksü bağ toxumasının oturmasına gətirib çıxarır ki, bu da  qığırdaq maddəsinin  yumşalmasına səbəb olur. Nəticədə,vücud ağırlığa tab gətirməyərək əyilir.  Artrit və artroz kimi xəstəliklər bu səbəbdən yaranır..."

Alman həkim  donuz əti məsələsində Qərb dünyasının bir əməlini də  ibrətamiz  ifadə ilə üzə çıxarır:

"Donuz ətindən törənən zəhərlənmələrin tibb tərəfindən müayinə  və müalicə edilməsi  bir yana dursun, bəzən qəsdən diaqnozu belə qoyulmur..."

"Bir çox insanın erkən yaşda  səhhətinin pozulması  donuz əti  alışqanlığının acı nəticəsidir..."

Alman həkimin danısdığı  bu tükürpədici əhvalat isə Quranın  donuz  ətini "murdar"adlandırılmasında  haqlı olduğunu bir daha sübut edir:

"İkinci dünya müharibəsi zamanı  səhra xəstəxanalarının birində qanlı sarğı bezlərinin həftədə iki dəfə dəyişdirilib, sonra da xəstəxananın həyətində yandırıldığını eşitmişdim. O zaman hərbi xəstəxanaların nəzdində - bu gün isə hər  xəstəxanada buna rast gəlinir - xəstəxana  tullantıları ilə  bəslənən donuz təsərrüfatları vardı. Belə özəl təsərrüfatın mövcudluğu   ən azı ayda bir dəfə bir donuz kəsməyə imkan verirdi ki, bu da  müharibə illərində iaşəyə yardım baxımından  müsbət hal idi".

"Bir gün tövlədən çıxan donuzlar xəstəxananın həyətindəki  qabları aşıraraq digər tullantılarla birlikdə qanlı sarğı bezlərini də böyük iştahla yedilər. Bu hadisədən sonra -ağılsızlığın dərəcəsinə bir bax!- sarğı bezlərinin yandırılmasından vaz keçilmiş, bezlər donuzlara yem olaraq atılmağa  başlanmış, bununla da mükəmməl bir  "zəhərli qan dövranı" işə salınmışdı..! Əksəriyyəti   irinli  yaralardan əziyyət çəkən  xəstələrin, artıq  tərkibində  zəhər miqdarı  daha da artmış  donuz ətini yeməsi vücudlarındakı irinin çoxalmasına səbəb olmuşdu. Əslində donuz əti, qanlı sarğı bezləri olmasaydı belə, irintörədici təsirə malikdir..."

"Ən təmiz yeməkxana-donuz əti bişirilməyən yeməkxanadır-deyə söyləyən alman həkim elmi  araşdırmasının son bölümündə öz məsləhətlərini  verir. Həmin məsləhətlərin bəzisi ilə tanış olaq:

"Ən az miqdarda da olsa  donuz əti yeməkdən qəti şəkildə çəkinin! Donuz əti qadağasına  ciddi əməl etsəniz, kolbasa, ət və digər ət məmulatlarını  məhsullarına  donuz əti qatılmadığına  əmin olduğunuz şirkətdən  alsanız, həm özünüzü, həm də ailənizi təhlükədən qorumuş olarsınız".

"Donuzun bütün vücudu dəyərsiz maddələrdən, piy, gübrə şərbəti, sümüksü və iltihab maddələrdən,  eləcə də təhlükəli hormonlardan ibarətdir..."(Reckeweq:"Donuz əti və insan sağlamlığı")

Alman həkimin elmi araşdırmalarına və təcrübələrinə əsaslanan, məlumat -kitabçası şəklində  insanlığın  xidmətinə təqdim edilən bu əlli səhifəlik   məlumatlar təqdirəlayiq bilgilərdir. Amma, inanıram ki,tövhid dinlərin bu qadağası gələcəkdə daha  geniş və sanballı elmi araşdırmaların mövzusu olacaq.
Yuxarıda bəhs edilən qadağa yalnız donuzun ətilə bağlı olan qadağadır. Donuzun  sümüyü, dərisi, piyi və tükünün haram olub olmadığına gəlincə isə, islamşünaslar bu barədə müxtəlif fikirlər irəli sürmüşlər. Zənnimizcə, bu sualın cavabını  Quranda işlədilən "ləhmu-l-xınzır" ifadəsində  axtarmaq lazımdır. Belə ki,Quran, donuz əti yemənin haramlığını gündəmə gətirərkən "ləhmu-l-xınzır"- " donuzun əti"ifadəsini işlətmişdir. Qadağalar gətirərkən  hər zaman müfəssəl şərh  verən  Quranın burada donuzun yalnız ətindən  bəhs edib, piy, sümük, dəri, tükü kimi ünsürlərə heç toxunmaması haramlığın fiqh nöqteyi-nəzərdən yalnız ətlə bağlı olduğunu  söyləməyimizə  əsas verir.

Tərcümə edəni Elmira Qafarova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31