Həcc söhbətləri-qara daşı salamlamaq - “Məvahibu-l-ləduniyyə”
22 Oktyabr 2012 19:31 Din(Əvvəli 19 oktyabr tarixli sayımızda)
Hər il olduğu kimi bu il də zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər. Bəs Həcc ziyarəti nədir? Bu və digər suallara Elmira Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərində cavab tapa biləcəksiniz.
Deyilənlərə görə, Allahın Elçisi(s) Zü Tüvə adlı yerə gəldi və gecəni orada keçirdi. Səhər açılanda namaz qıldı və yuyundu. İmam Buxari [də] belə yazmışdır. "Səhiheyn"də İbn Ömərdən belə rəvayət etmişdir: "Allahın Elçisi(s) Məkkəyə Qudaə deyilən bir yüksəklikdən girdi". Allahın Elçisinin(s) həyatı haqqında yazanlar Onun(s) Məkkə şəhərinə Ciranə deyilən yerdən gecə vaxtı girib ümrəsini yerinə yetirdiyini və həmin gecə dönüb eyni yerdə səhərə qədər qaldığını qeyd edirlər. Atadan isə belə rəvayət edilmişdir: "Əgər istəsəniz, Məkkəyə gecə vaxtı girin, çünki siz Rəsululla(s) kimi deyilsiniz. O(s) imamdır, xalq görsün deyə O(s) Məkkəyə gündüz girərdi". Allahın Elçisi(s) Məkkə şəhərinə Zü-l-hiccə ayının dördüncü günü girdi və günortaya yaxın, Əbd əl-Manaf qapısındanMəscidü-l-Hərama daxil oldu, çünki həmin qapı Beyti-şərifin qapısı ilə üzbəüzdür və Kəbənin qapısının yanı digər tərəflərdən daha şərəflidir. Bunu Əbdü-s-Səlam söyləmişdir. Məkhul belə rəvayət etmişdir: "Allahın Elçisi(s) " Beyti-şərifi gördüyü zaman buyurdu: "Allahım! Bu evin şərəfini, böyüklüyünü və əzəmətini artır!" İmam Təbərani isə Hüzeyfə bin Üseyddən (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Allahın Elçisi(s) Beyti-şərifə baxdığı zaman belə buyurdu: "Allahım! Sən öz evinin şərəfini, böyüklüyünü ucalığını və əzəmətini artır! Həcc və ümrə edənlərin, onu [Kəbəni] şərəfli, böyük, xeyirli və əzəmətli tutanların da şərəfini və böyüklüyünü artır".
Deyilənlərə görə, Allahın Elçisi(s) Məkkəyə girdiyi zaman təhiyyətü-l-məscidi-oturmadan qılınan iki rükət nafilə namazı qılmadan təvafa başladı. (Nafilə-gündə beş dəfə qılınan namazdan əlavə namaz-tərc.) çünki təvaf Kəbənin təhiyyəsidir [salamlanmasıdır-tərc.], məscidin yox. Daha sonra Allahın Elçisi Həceru-l-əsvədi-qara daşı istilam etdi [istilam sözünün lüğəvi mənası müqəddəs olan bir şeyə toxunmaq, onu öpmək deməkdir-tərc.]. Bəzi alimlər Allahın Elçisinin(s) qara daşı istilam etməsini onun [daşın] yerləşdiyi yerə əlindəki əsa ilə toxunması kimi izah edirlər. Beləliklə istilam-qara daşı salamlamaq deməkdir, zəvvarların Həcəru-l-əsvədə-qara daşa toxunmaları, əl-üzlərini sürtmələri, onu öpmələri deməkdir. Bunlardan hansını etsələr-daşı salamlamaq sayılır. Tünlük, basırıq səbəbindən şərəfli daşa yaxınlaşmaq mümkün olmazsa, o zaman ona işarə etmək kifayətdir. Allahın Elçisi(s) əlindəki əsa ilə qara daşa məhz bu səbəbdən işarə etməklə kifayətlənmişdir.
Ardı var
Sabah Həccin digər fəzilətləri, qayda və qanunları haqqında "Məvahibu-l-ləduniyyə"dən təqdim edəcəyimiz bölümlərdə oxuya biləcəksiniz.
Bizi izləyin.
P.S. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşüblər. Zəvvarlar 18 oktyabrda bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək. Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur. Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.