Həcc söhbətləri - Qurban kəsiləcək dəvələr necə işarələndi? - “Məvahibu-l-ləduniyyə”
18 Oktyabr 2012 14:57 Din(Əvvəli 17 oktyabr tarixli sayımızda)
Hər il olduğu kimi bu il də zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər. Bəs Həcc ziyarəti nədir? Bu və digər suallara Elmira Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərində cavab tapa biləcəksiniz.
İbn Abbas (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Allahın Elçisi(s) Zü-l-Xüleyfədə günorta namazını qıldı, sonra [qurban kəsəcəyi] dəvənin [gətirilməsini] istədi. Dəvəni gətirdilər. Allahın Elçisi(s) dəvənin belinin sağ tərəfindən bıçaqla çərtərək nişanladı və qanını sildi, sonra heyvanın boynuna iki nal gərdanlıq taxdı. Bu hərəkətin mənası budur: [o zamanlar] qurban kəsiləcək dəvənin belinin bir yerini bıçaqla çərtib qan axıdar, o qanı yarasının üstünə və ətrafına bulaşdırar, qurbanlıq olduğu bilinsin deyə, boynuna bəzi şeylər asardılar.
"Əgər məqsəd qurbanlıq olduğunu göstərməkdisə, o zaman bunu heyvanın bir yerini kəsib qan axıtmaq əvəzinə başqa şeylə bildirmək olmazdımı" sualının cavabı budur: Müşriklər bundan başqa bir nişanı qəbul etmir və gücləri çatardısa əgər, həmin heyvanıı götürüb qaçırardılar. Amma heyvanın bu cür yaralandığını gördükdə ona yaxın durmazdılar. Bu səbəbdən də Allahın Elçisi(s) qurban kəsəcəyi dəvəni yaralamışdı. İmam Azəmin söylədiyinə görə, qurbanlıq dəvəni yaralamaq qadağandır. Onun əvəzinə başqa nişan qoyulmalıdır. Allahın Elçisinin(s) dəvəni yaralamasına gəlincə isə o (s) müşriklərdən qorumaq üçün belə etmişdir. İndiki zaman da isə buna ehtiyac yoxdur. Tirmizinin bu barədəki rəvayəti İbn Abbasın (Allah razı olsun) yuxarıda nəql olunmuş rəvayəti ilə eynidir.
***
...Allahın Elçisi(s) özünün dəyəri dörd dirhəm və ya buna yaxın [qiyməti olan] yaşlı yük dəvəsinin üstündə həccə yollandı. Səhabələr də onunla birlikdə [yola] çıxdılar, amma onlar həccdən başqa bir şey bilmirdilər. Ümrənin-kiçik həcc ziyarətinin nə olduğundan xəbərləri yox idi. Allahın Elçisi(s) onlara ihram geyinməyin və həcc ayında ümrə icra etmənin caiz olduğunu bildirirdi. Buxarinin bildirdiyinə görə, Allahın Elçisi(s) buyururdu: "Ümrəyə təlbiyyə söyləmək istəyən ümrəyə, həccə təlbiyyə söyləmək istəyən isə həccə söyləsin", - yəni kim istəyir ümrəyə, kim də istəyir həccə niyyət etsin.
***
İmam Buxari və Müslim bunu rəvayət etmişlər: "Allahın Elçisi(s) Əbva və ya Vəddan deyilən yerə gəldikdə, Şəb bin Cüsamə adlı bir nəfər Allahın Elçisinə(s) bir çöl heyvanı hədiyyə etdi. Peyğəmbər(s) isə onu qəbul etmədi. Amma həmin adamın üzündən [ifadəsindən] üzüldüyünü anladıqda: "Biz hədiyyəni sənə qaytarmadıq, sadəcə olaraq ihram geyinmişik",-deyə buyurdu"
... Bir rəvayətə əsasən, Allahın elçisinə(s) edilən hədiyyə ovlanmış heyvan əti, digər rəvayətə görə isə, bu, ovlanmış heyvan ətindən bir parça idi. Qısası, bir nəfər Peyğəmbərə(s) ovladığı heyvanı hədiyyə gətirdi, yaxud da ovladığı heyvanın ətindən bir parça gətirdi. Allahın Elçisi(s) ihram içində olduğu üçün həmin hədiyyəni qəbul etmədi. Buradan ihram geyinmiş kəsin ov ovlaması və ya başqasının ovladığı heyvanın ətindən yeməsinin caiz olmadığı məlum olur. Lakin İbn Vəhb və Beyhəqi öz rəvayətlərində bildirirlər ki, Peyğəmbər(s) ovlanmış və ona hədiyyə edilmiş həmin əti qəbul edib yedi, yanındakılar da yedilər. Hənəfi məzhəbinə görə, ihram içində olmayan bir şəxsin tutub kəsdiyi ov heyvanının əti ihram geyinmiş bir kimsəyə halaldır, amma ihram içində olan kəsin ona həmin ətin ov əti olmasını bildirməməsi gərəkdir. Əgər ovu göstərmişsə, o zaman halal olmaz.
İmam Şafiiyə görə isə, ihram geyinmiş kimsə heyvanı özü ovlasa, yaxud başqası özü üçün ovlamışdırsa, o zaman o ovun ətini yeməsi haram hesab olunur, həmin adam özü üçün ovladığı heyvanın ətindən yeyə bilməz. İhram geyinmiş kəsə hədiyyə etsə və ya satsa, o zaman o əti alıb yemək halaldır.
İmam Əhməd, Malik və Davud məzhəblərində də bu belədir.
Bəzi alimlərin fikrincə isə, ihram geyinmiş kimsəyə ovlanmış heyvanın əti halal deyildir, istər özü, istərsə də başqası ovlamış olsun - hər iki halda ov əti ihram geyinmiş kəsə halal deyildir. Qazi İyaz (Allah ona rəhmət eləsin ) Əli, İbn Ömər və İbn Abbasdan (Allah rası olsun ) belə rəvayət etmişdir: "İhram geyinmiş kimsəyə ovlanmış heyvanın ətinin halal olmaması ona görədir ki, Allah-Təala buyurmuşdur: "Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə (ihramda ikən) dəniz ovu yemək sizə də, səfərdə olanlara da halal buyuruldu. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu.Sonda hüzuruna toplaşacağınız Allahdan qorxun". ("Maidə" surəsi; 96-cı ayə )Yuxarıdakı hədislərdən də ov ətinin haram olduğu aydınlaşır. Allahın Elçisi (s) də ovlanmış heyvanın əti hədiyyə edildikdə: "Biz ihram içindəyik" ,- buyuraraq ovu [məhz buna görə] qəbul etməyib ondan imtina etmişdir. Deməli, ihram içində olmaq ov ətini haram edir. Ov ətini halal hesab edənlər isə, Əbu Qətadənin (Allah razı olsun) bildirdiyini dəlil olaraq göstərirlər. Belə ki, ihram geyinməmiş Əbu Qətadənin (Allah razı olsun) tutduğu ov əti haqqında Allahın Elçisi (s) ihram geyinmiş olanlara: "Bu ov əti halaldır, yeyin", - deyə buyurmuşdur. Digər bir rəvayətdə isə deyilir ki: "Allahın Elçisi (s) :
-Ov ətindən bir şey qaldımı? -deyə soruşduqda onlar:
-Bir bud qalıb,-deyə cavab verdilər.Deyilənlərə görə, Allahın Elçisi(s) həmin ətdən yemişdir, məqsədi də həmin əti yemənin halal olduğunu göstərmək idi".
Ardı var
Sabah Həccin digər fəzilətləri, qayda və qanunları haqqında "Məvahibu-l-ləduniyyə"dən təqdim edəcəyimiz bölümlərdə oxuya biləcəksiniz.
Bizi izləyin.
P.S. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşüblər. Zəvvarlar 18 oktyabrda bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək. Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur. Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.