Allahın Elçisinin (s) vida həcci - “Məvahibu-l-ləduniyyə”
17 Oktyabr 2012 15:31 Din(Əvvəli 16 oktyabr tarixli sayımızda)
Hər il olduğu kimi bu il də zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər. Bəs Həcc ziyarəti nədir? Bu və digər suallara Elmira Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərində cavab tapa biləcəksiniz.
Vida həcci Allahın Elçisinin(s) son həccidir. Səhabənin bu barədə fikirləri müxtəlifdir. Onlardan bəzilərinin söylədiyinə görə, bu həcc müfrəd idi, yəni Allahın Elçisi(s) yalnız həccə niyyət edib ihram geyinmişdir. Digər səhabələr isə həmin həccin mütəmətti olduğunu söyləyirlər, yəni Allahın Elçisi(s) sonuncu-vida həcci zamanı ümrə-kiçik həcc ziyarəti niyyəti ilə geyindiyi ihramı çıxarmadan həccini [davam etdirərək] sona çatdırdı. Başqa bir rəvayətə görə isə, Allahın Elçisi(s) ihram geyinərkən iki rükət namaz qıldıqdan sonra həcc və ümrənin ikisinə də niyyət edib belə buyurdu: "Ya Rəbbi! Həcc və ümrəni icra etmək istəyirəm. Mənə [bu işimdə] asanlıq ver və onları qəbul et!" Bundan sonra Allahın Elçisi(s) təvaf və səyə (hacıların Məkkə yaxınlığında olan Səfa və Mərvə dağları arasındakı yolu ziyarət məqsədilə yeyin getmələri) başladı.
Beləliklə bunu söyləyənlər: "Allahın Elçisi(s) ümrə ihramından çıxmadı, ümrə ilə həccin bütün əməllərini bitirdikdən sonra ihramdan çıxdı, həcc və ümrənin ikisi üçün yalnız bir təvaf və bir səy edib fərzi tamamladı"-fikrindədirlər.
Bəzi səhabələrin söylədiyinə görə, Allahın Elçisi(s) ihramda ikən yalnız ümrə üçün təlbiyyə-yəni "Ləbbeykə, Allahummə, ləbbeykə"-söyləmiş və bununla da həccini tamamlamışdı. Digərlərinin söylədiyinə görə isə, Allahın Elçisi(s) yalnız həcc üçün təlbiyyə söyləmiş və həcci davam etdirərək onu sona çatdırmışdır. Bununla bağlı digər fikirlər də söylənilmişdir. Bunlar aşağıdakılardır:
-Allahın Elçisi(s) yalnız həcc üçün təlbiyyə söyləmiş, sonradan ümrəni [həccə] əlavə etmişdir;
-İlk dəfə yalnız ümrə üçün təlbiyyə söyləmiş, daha sonra həcci əlavə etmişdir;
-İhramı geyinmiş, [həcci və yaxud ümrəni] edəcəyini bildirməmiş, sonradan bildirmişdir;
-Təlbiyyəni həm həcc, həm də ümrə üçün birlikdə söyləmişdir.
Bu barədə alimlər çox fikir söyləmişlər. Lakin burada vacib olan müfrəd [tək, ayrı-ayrılıqda] mütəmətti [uzadılmış] və Qiranın-hansının daha üstün, fəzilətli olduğunun müəyyənləşdirilməsidir. Səhabə və tabiinlərdən bir çoxları, eləcə də Hənəfi, Şafii və digər məzhəblərdən olan alimlər Həcci-Qiranın - həcc və ümrənin ikisinin birləşdirilməsi-müfrəd [tək, ayrı] və mütəməttindən [uzadılmış] daha fəzilətli olduğunu söyləmişlər. Şərəfli səhabələrin bildirdiyi hadisələrə əsasən, Allahın Elçisi(s) Həcci-Qiran etmişdir, yəni həcc və ümrəyə birlikdə ihlal-yəni təlbiyyə söyləmişdir.
İmam Şafii və Malik isə müfrədin daha fəzilətli olduğunu deyirlər. Bir dəstə səhabə, tabiin və onlardan sonra gələnlərdən bəzisi mütəməttinin daha fəzilətli olduğunu deyirlər. İmam Əhməd məzhəbi də sonuncu fikrin tərəfdarıdır. Qısası, imamlar öz məzhəblərinə münasib olanı qəbul etmişlər.
Ardı var
Sabah Həccin digər fəzilətləri, qayda və qanunları haqqında "Məvahibu-l-ləduniyyə"dən təqdim edəcəyimiz bölümlərdə oxuya biləcəksiniz.
Bizi izləyin.
P.S. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayıblar. Zəvvarlar Bakı-Ciddə marşrutu üzrə 12-18 oktyabr tarixlərində 12 reyslə müqəddəs məkanlara yola salınacaqdır. Müvafiq olaraq 12 oktyabrda bir, 13 oktyabrda bir, 14 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç, 17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək. Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur. Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.
Allah ziyarətinizi qəbul etsin!