“Terrorizmin dini olmadığı kimi radikalizmin də məzhəbi yoxdur”
Hacı Ceyhun Şükürov: “Azərbaycanın dindarlarının bir qismi bağlı olduqları məzhəbdən asılı olaraq həmin məzhəbin ağırlıq təşkil etdiyi ölkənin siyasi maraqlarını qorumağa çalışırlar”
11 Noyabr 2015 13:02 DinSon günlər ölkədə dini zəmində qarşıdurmaya yönəlik cəhdlər özünü büruzə verməkdədir. Ötən həftə paytaxtın Suraxanı rayonunda bir qrup şəxsin din adı altında etiraz aksiyası keçirməsi, ardınca hüquq-mühafizə orqanlarına qarşı nümayiş etdirilən itaətsizlik onu deməyə əsas verir ki, müəyyən maraqlı dairələr Azərbaycanda da dini zəmində qarşıdurma yaratmaq istəyindədirlər. Belə bir təxribatın baş verməsində isə müəyyən xarici dairələr də maraqlıdırlar. Belə ki, daxildəki dindar kəsim bu istiqamətdə onlara dəstək verən xarici dairələrin sifarişi əsasında daha aktiv fəaliyyət göstərirlər. Elə ölkədə fəaliyyət göstərən dini ekspertlər də bu qənaətdədirlər. Onların qənaətinə görə, daxildə dini zəmində qarşıdurma yaratmaq istəyən kəsim bu addımı onların bağlı olduqları xarici dairələrin sifarişi ilə hərəkət edir.
İlahiyyatçı Hacı Ceyhun Şükürov da hesab edir ki, Azərbaycanın dindarlarının bir qismi bağlı olduqları məzhəbdən asılı olaraq həmin məzhəbin ağırlıq təşkil etdiyi ölkənin siyasi maraqlarını, o ölkələrin vətəndaşlarından daha çox qorumağa çalışırlar. Ceyhun Şükürovun sözlərinə görə, şiəliyə bağlı olanlar İranın maraqlarını, Sələfi (müxalifləri tərəfindən vəhhabi adlananlar) olanlar isə Səudiyyə Ərəbistanının maraqlarını müdafiə edir: "Həmçinin Əhli sünnənin hənəfi məzhəbinə bağlı olanlar bir mənalı şəkildə Türkiyənin, Şafii məzhəbinə bağlı olanlar ya Türkiyə, ya da Misirin, Təkfirçilər və Xəvariclər isə İŞİD-in maraqlarını qoruyurlar. Maraqlısı da budur ki, bir problem olanda da həmin bir-birilərinə müxalif olan dindarlar məsələyə maraqlarını qoruduqları ölkənin prizmasından yanaşırlar. Bu da onunla izah olunur ki, bu ölkələrin təhlükəsizlik orqanları dini amildən məharətlə istifadə ediblər. Şübhəsiz səmimi dindarları bura qatmıram. O ölkələrdən asılı olan, onlardan maliyyələşən "başbilənlər" xüsusi xidmət orqanlarının "sücgəcindən" keçmişlər. Bu da öz "tövhəsini" verməkdədir". İlhaiyyatçı Ceyhun Şükürov deyir ki, məsələnin köklü problemini isə universitetlərdəki İlahiyyat fakültəsinin, mədrəsələrin və ya dini təmayüllü liseylərin açılmasında görür: "Bununla yanaşı dini dərslər, əsasən təməl dini biliklər orta məktəblərdə seçməli dərs kimi 6-9 sinif şagirdlərinə keçirilməlidir. Burada yetişən gənclik də hansısa xüsusi xidmət orqanının agenti yox məhz öz yetirməmiz, öz ilahiyyatçımız olacaq. Bu da ölkəmizin gələcəkdə bu kimi problemlərin öhdəsindən gəlməyə, xalqı kütləvi iğtişaşlara din adı altında müxtəlif mərasimlərə cəlb olunmasının qarşısını almağa yardım edəcəkdir. İslamı olduğu kimi öyrənib, onu xalqımızın arasında təhrif olunmadan, əslinə uyğun məzhəb müxalifliyinə yol vermədən dinin əsaslarını öyrətmək lazımdır. Yetkinlik yaşına çatan fərd isə ya ailəsinin bağlı olduğu məzhəbi, ya da özünü seçdiyi məzhəbi tutub onun üsulları ilə ibadətini yerinə yetirər. Güman edirəm ki, bu cür olarsa məzhəb və təriqət ayrıseçkiliyinə də son verirlər. Xalq da normal bir şəkildə ibadətlərini yerinə yetirərlər". Ceyhun Şükürov qeyd edib ki, terrorizmin dini olmadığı kimi radikalizmin də məzhəbi yoxdur: "Baxmayaraq ki, bu radikallar özlərini hansısa məzhəb və təriqətə bağlayırlar. Bir şeyi yadda saxlamaq lazımdır ki, İslam dini terrorizmin, radikallığın və təcavüzkarlığın əleyhinədir. Bu sadaladıqlarımı kimlərsə mübah görürsə, onun psixoloji problemləri vardır və o kəs ciddi müalicə olunmalıdır. İslamın əsas mahiyyətini, məram və məqsədini bunlar zədələmiş olurlar. Ona görə də cəmiyyəti bu ünsürlərdən təmizləmək lazımdır. Məzhəbindən, təriqətindən ictimai fəaliyyətindən asılı olmayaraq kim olursa-olsun onun fəaliyyətinin qarşısı qətiyyətlə alınmalıdır".
Süleyman