Azərbaycan diasporunun Özbəkistanda formalaşma tarixi

Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Özbəkistandır. Orta Asiyanın bu dövləti ilə Azərbaycan arasında mədəniyyət və ticarət əlaqələrinin kökü qədim dövrlərə təsaduf edir. Tarixən Orta Asiyanın bu respublikasına azərbaycanlıların bir hissəsi könüllü mühacirət etmiş, bir qismi isə zorla köçürülmüşdür. Xüsusən, Əmir Teymurun Azərbaycana yürüşləri nəticəsində yüzlərlə sənətkar, elm xadimi və nüfuzlu peşə sahibləri Səmərqəndə sürgün edilmişlər. Azərbaycanlılar Özbəkistanın ictimai, mədəni həyatında tarixən mühüm izlər qoymuşlar. Qədim Xarəzmin X əsr tikililərindən olan Beleuciyolustu karvansara binası Şirvan ustalarının zəhmətinin bəhrəsidir. Əmir Teymurun doğma şəhəri Şəhri-Səbzdə 1380- ci ildə tikilən Ağ saray kompleksinin müəllifi də azərbaycanlı memar Məhəmməd Yusif Təbrizi idi. XIV-XV əsrlərdə Səmərqənddə inşa edilmiş Şahizində türbə kompleksi isə Fəxsar Zeynəddin Şəms Təbrizi tərəfindən tikilmişdir. Böyük bir imperiyanın yaradıcısı olan Əmir Teymur azərbaycanlı sənətkarları Səmərqənddə aparılan inşaat işlərinə cəlb etmək məqsədilə sürgün etmişdir. Bu sürgünlər XIV əsrin II yarısı - XV əsrin əvvəllərində azərbaycanlıların Özbəkistanda kütləvi şəkildə məskunlaşdırılmasına səbəb olmuşdur. Sonrakı dövrdə baş verən ictimai-siyasi proseslər, dünyanın siyasi xəritəsində yeniliklərin çoxalması, rus işğalı və s. hadisələr Özbəkistandakı azərbaycanlılar barədə məlumatların itməsinə səbəb olmuşdur. Bu səbəbdən, tədqiqatçılar Özbəkistanda Azərbaycan diasporunun formalaşmasını XX əsrin əvvəllərindən başlayaraq bu günə qədər davam edən mühacirət prosesi kimi xarakterizə edirlər. Jurnalist-tədqiqatçı Yaşar Qasım Özbəkistanda konkret olaraq Azərbaycan diasporunun formalaşma prosesini aşağıdakı mərhələlərə bölür.

Birincisi, 1905-1907-ci illərdə ermənilərin Azərbaycan ərazilərində həyata keçirdiyi kütləvi qırğınlar zamanı başqa ölkələrə, o cümlədən Özbəkistana miqrasiya edənlər, 

İkincisi, oktyabr çevrilişi, vətəndaş müharibələri və ümüumən 1918-1920-ci illərdəki hadisələr nəticəsində mühacirət edənlər,

Üçüncüsü,  19 30-40-cı illərdəki deportasiya və repressiyalar zamanı Özbəkistana məcburi sürgün edilənlər,
Dördüncüsü,  1950-1960-cı illərdə aparılan quruculuq işləri ilə əlaqədar köçürülənlər,
Beşincisi,  1960-cı illərin axırı və 1970-ci illərin əvvəlində başlanan sənayeləşmə ilə xarakterizə olunan yeni dövr.

1991-ci il Azərbaycan dövlət müstəqilliyinin əldə olunmasından sonra həmvətənlərimizin Qərb və Şərq ölkələrinə başlanan kütləvi miqrasiyası azərbaycanlıların Özbəkistana mühacirətinin sonuncu mərhələsi kimi qiymətləndirilə bilər. Müasir dövrdə Azərbaycan diasporunun Özbəkistanda sayı təqribən 60000 nəfərə çatır. Özbəkistan azərbaycanlılarının məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır.
1-Daşkənd vilayətin - 20 000

2-Səmərqənd vilayəti - 13 000

3-Buxara vilayəti - 4 000

4-Sırdərya vilayəti - 4 000

5-Nəvai vilayəti - 4 000

6-Fərqanə vilayəti - 3 000

7-Əndican vilayəti - 3 000

8-Qaraqalpaq vilayəti - 4 000 və s.
Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə kimi görkəmli şəxsiyyətlər yetişdirən Özbəkistanda Azərbaycan diasporu bu ölkənin ictimai- siyasi həyatında iştirak edir, vətənlə intensiv əlaqə saxlayır, mədəni-kütləvi tədbirlər həyata keçirir.
Bu gün Özbəkistanda bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onlar da müntəzəm olaraq Azərbaycanın təbliği, zəngin tarixi-mədəni irsimizin özbək cəmiyyəinə çatdırlması istiqamətində müxtəlif layihələr, tədbirlər həyata keçirirlər. Belə diaspor təşkilatlarından biri də Özbəkistan Azərbaycanlılarının Mədəni Assosiasiyasıdır. Özbəkistan Azərbaycanlılarının Mədəni Assosiasiyası 4 noyabr 2002-ci ildə Özbəkistanda təsis edilmişdir ki, bu birlik 6 vilayətdə filiallarını qeydiyyatdan keçirərək geniş fəaliyyət göstərir. 2003-cü ildə Daşkənddə "Azərbaycan evi" və məscid tikililərinin başa çatdırılması yeniyetmə və gənc soydaşlarımızın milli adət-ənənələr ruhunda tərbiyə olunmasına xidmət edir. Özbəkistan Azərbaycanlılarının Mədəni Assosiasiyası Özbəkistandakı ən böyük Azərbaycan diaspor təşkilatlarından biri hesab olunur. Bu təşkilat Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər həyata keçirir. Təşkilat Özbəkistanın ictimai-siyasi dairələri ilə də yaxşı əlaqələrə malikdir. Özbəkistandan Azərbaycan mədəniyyətini ilk illər "Lalə" qızlar ansamblı, indi isə "Mehrican" Qəyyumluq Şurasının adını daşıyan "Mehrican" ansamblı təbliğ edir. Hazırda Özbəkistanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes, idman və digər sahələrdə çalışırlar. Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi-Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi 1992-ci ilin aprelində Səmərqənddə yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Azərbaycan-Özbəkistan mədəni və iqtisadi əlaqələrinin inkişafına köməklik göstərmək, Özbəkistanda yaşayan həmvətənlərimizə xalqımızın adət-ənənələrini yaşatmaqda yardım  etməkdir. Dili, dini və adət-ənənənələri eyni olan özbək xalqı ilə azərbaycanlıların əlaqələrinin möhkəmlənməsi Mərkəzin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin sədri Səxavət Ovceyevdir.
Bu günlərdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin və Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibətilə mərasim keçirilib. Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin təmsilçiləri, elm və mədəniyyət xadimləri, şəhərdəki Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər. Mərasimdə səfirliyimizin birinci katibi, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti haqqında danışıb. Bildirib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etsə də, ilk illərdə ölkədə hakimiyyət böhranı yaranmış və Ermənistanın təcavüzü getdikcə güclənmişdi. Vurğulaıb ki, xalqımızın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov ulu öndər Heydər Əliyevin diaspora qayğısından danışıb, Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ideyasının Ümummilli Liderə məxsus olduğunu vurğulayıb.
Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyası-Özbəkistanda Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyası 2002-ci ilin noyabr ayında təsis edilmişdir. Assosiasiyanın 6 vilayətdə yerli təşkilatı fəaliyyət göstərir. Bu Assosiasiya Özbəkistanda yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasında,"Azərbaycancılıq" ideyasını soydaşlarımız arasında təbliğ etməsində, onların tarixi vətənlə əlaqələrinin gücləndirilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin tanıdılmasında mühüm rol oynayır. "Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzi-"Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzi 1989-cu ilin sentyabrında Daşkənddə yaradılmışdır. Mərkəzin əsas məqsədi Özbəkistanda yaşayan soydaşlarımız arasında sıx əlaqələr yaratmaq, onları Azərbaycanda baş verən hadisələrlə yaxından tanış etmək, milli mədəni dəyərlərin qorunub saxlanılmasına çalışmaq, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. Mərkəzin fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının apardıqları işğalçılıq müharibəsi haqqında əsl həqiqəti açıb göstərmək, soydaşlarımıza və Özbəkistanda yaşayan xalqlara bu hadisələrin mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə və toplantılarda Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olan Azərbaycana maddi və mənəvi kömək göstərilməsi təşkil edilir. Mərkəzdə tez-tez xalqımızın tarixindən, adət-ənənələrindən söhbətlər kecirilir. Mərkəz Özbəkistanın, Azərbaycanın və digər respublikaların mədəniyyət və elm dairələri ilə əlaqələr yaratmışdır. Mərkəzdə teatr, musiqi, folklor-etnoqrafiya kollektivləri, bədii studiyalar və dərnəklər təşkil edilmişdir. Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də iştirak edirlər. Birgə mədəni və siyasi tədbirlər kecirilir, dəyirmi stol arxasında söhbətlər təşkil edilir, ümumi problemlərdən və qayğılardan danışılır. Belə tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ etmək məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəz Azərbaycanın peşəkar incəsənət ustaları və özfəaliyyət kollektivləri ilə müntəzəm əlaqələr saxlayır. "Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədovdur.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31