Həmvətənlilərimiz haqqında ən çox kitab yazan həmvətənlimiz
Azərbaycançılığın təbliği onun fəaliyyətində həmişə birinci yerdə durur
3 Mart 2014 15:57 DiasporaAyrı-ayrı diaspor təşkilatları, cəmiyyət və birliklərin Azərbaycanın təbliği istiqamətində gördükləri işlər zaman-zaman müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılıb cəmiyyətə çatdırılsa da, lakin görülən işlərin, aparılan mübarizənin kitab şəklinə salınıb gələcək nəsillərə çatdırılması da olduqca vacib məqamlardandır. Etiraf etmək lazımdır ki, bu istiqamətdə məqsədyönlü addımlar atan, xarici ölkələrdə yaşayan soydaşlarımızın gördüyü işlər, onların fəaliyyətini kitab halına salan dəyərli həmvətənlərimiz də az deyil. Maraqlısı odur ki, diaspor təşkilatlarımız barədə kitablar yazan həmin insanların da fəaliyyəti araşdırılır, öyrənilir və tədqiq olunur.
"Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov deyir ki, belə dəyərli insanlardan biri də Ramin Məmmədovdur: "Ramin Məmmədovun "Vətən həsrətiylə keçdiyim yollar" adlı 1994-cü ildə "Şur" nəşriyyatında işıq üzü görmüş 90 səhifəlik toplusu onun Sibirdə yaşadığı dövrdə, yəni 1992-ci ilə kimi Tümen, Nijnevartovsk qəzetlərində, eləcə də ölkəmizin müxtəlif mətbu orqanlarında çap olunmuş yazılarından bəhs edir. Həmçinin kitabda həyatımızın müxtəlif problemlərindən, qürbətdə və Azərbaycanda Daxili İşlər Orqanlarında çalışan soydaşlarımızın mərdlik və şücaətindən, Qarabağ həqiqətlərindən və o dövrün başqa ağrılı-acılı problemlərindən, eləcə də milli məsələ, beynəlmiləlçilik sahəsində buraxılmış irimiqyaslı səhvlərdə bəhs edilir". Əlihüseyn Şükürovun sözlərinə görə, Ramin Məmmədov 1988-ci ildən başlayaraq erməni təcavüzünü, onların törətdikləri vəhşilikləri açıqlayan bu məqalələri ilə bir zamanlar Azərbaycandan uzaqlarda ictimai fikrin obyektiv formalaşmasına çalışıb və qarşıya qoyduğu məqsədəqinə qismən də olsa nail olub: "Unutmayaq ki, informasiya blokadasında olduğumuz o dövrdə millətimiz üçün bu olduqca yararlı və gərəkli bir iş, dəstək idi". Əlihüseyn Şükürov bildirir ki, 1995-ci ildə Ramin Məmmədov "Yaddaşımın izi ilə" adlı kitabı ilə oxucularla görüşə gəlib: " Azərbaycanın hərb tarixinin şanlı səhifələrini yazmiş mərd sərkərdələrimiz, adını qanları ilə ədəbiyyata həkk etmiş cəsur övladlarımız və uzaqlarda yaşayıb işləyən ləyaqətli oğullarımız haqqında söhbət açan müəllif həmin dövrdə müharibə şəraitində yaşayan ölkəmizdə vətənpərvərlik, yurda bağlılıq, millətə sədaqət ideyalarını bu topluda tərənnüm edir. Onun yazılarında istinad etdiyi faktların dəqiqliyi diqqəti xüsusilə cəlb edir. Hiss edirsən ki, müəllif həmin kitabın işıq üzü görməsi üçün tələsikliyə yol verməyib, gərgin axtarışlar aparıb, müəyyən adamlarla şəxsən görüşüb söhbət edib, ayrı-ayrı mətbuat səhifələrində gedən yazılardan qidalanıb. Nəticədə sanballı bir əsər meydana çıxıb. Kitabın geniş oxucu kütləsi üçün əhəmiyyəti və dəyəri də elə bununla bağlıdır. Əsər tarixilik və xronoloji ardıcıllıq baxımından da əhatəliliyi və zənginliyi ilə seçilir. Topluda iyirmi səhifədən artıq yer tutan ,,Sibir dəftərindən və ya yaddaşımın izi ilə" adlı publisistik yazını oxuduqdan sonra məndə bir çox başqa hörmətli ziyalılar kimi belə qənaətə gəldim ki, Ramin Məmmədov Şeyx Nizamini, Mövlanə Füzulini, əqidəsi yolunda dərisi diri-diri soyulan Nəsimini, hərbi mundir altında əsl vətəndaş ürəyi gəzdirən Mirzə Fətəli Axundovu, yazıçı, ictimai və hərbi xadim,general-mayor İsmayıl bəy Qutqaşınlını, kəsilmiş qolları ruha dönüb səmada dolaşan Babəki, xəyanət xəncəri ilə köksü dəlinən Cavanşiri, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu, əfsanəvi partizan Mehdi Hüseynzadəni, bədəni ilə Vətən yolunda düşmən tankının lüləsinin ağzını bağlamış Gəray Əsədovu, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovu, Fransanın Milli Qəhrəmanı, şəkili balası Əhmədiyyə Cəbrayılovu, h ərb tarixinin şanlı səhifələrini yazmış mərd sərkərdələrimiz-general Səmədbəy Mehmandarovu, ,,Artileriyanın allahı" Əliağa Şıxlinskini, kosmos fatehlərinə xeyir-dua verib səmaya yola salan Sosialist Əməyi Qəhrəmanı, general-leytenat Kərim Kərimovu, Böyük Vətən müharibəsində misilsiz xidmətləri olmuş Azərbaycan qızları-təyyarəçilər, haqqında film çəkilmiş, Səməd Vurğunun ,,Leyla" şeirinin, eləcə də "İsmət" filminin qəhrəmanı, sinəsində ,,Şərəf nişanı" ordeni və çoxlu medallar gəzdirə n Leyla Məmmədbəyovanı, 500-dən artıq döyüş uçuşu keçirmiş, Lenin ordeni, 2-ci dərəcəli Vətən müharibəsi, 2 Qırmızı Əmək Bayrağı, 2 Şərəf nişanı" ordenləri və onlarla medallara layiq görülmüş, ,,Təyyarə çinin qeydlə ri " kitabının müəllifi Züleyxa Seyidməmmədovanı, Böyük Vətən müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim F.Ə.Rüstəmbəyovun qızı, həmin dəhşətli, qanlı-qadalı müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət etmiş, 1941-ci ildə əsir düşən və 1942-ci ilin əvvəllərində əsirlikdən qaçan, Smolensk meşələrində fəaliyyət göstərən ,,Deduşka" partizan dəstələrinə qoşulmuş, tibb-sanitar batalyonunun rəisi olmuş, çoxlu partizanı ölümdən xilas etmiş, döyüşlərin birində özü də həlak olmuş qəhrəmanlığına M.Dilbazinin ,,Partizan Aliyə" poeması həsr olunmuş Aliyə Rüstəmbəyovanı, yazıçı və bəsdəkarlarımızdan Hüseyn Cavidi, Səməd Vurğunu, Niyazini, Qara Qarayevi, ittifaqın qaz sənayesi naziri olmuş Sabit Orucovu, Qərbi Sibir neftinin korifeyi, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Elmlər Akademisyasının müxbir üzvü, SSRİ geologiya nazirinin birinci müavini Fərman Salmanovu və başqalarını misal gətirir. O, Azərbaycan xalqının varlığını danan, bu xalqa böhtan atmaq istəyənlərə layiqli və tutarlı cavablar verir. Millətçi erməni ekstremistlərinin hiyləgərliyini ifşa etməklə Dağlıq Qarabağ haqqında əsl həqiqətləri cəsarətlə açıb göstərir. Bir hörmətli jurnalistin dediyi kimi, ümumiyyətlə müəllif xalqımız haqqında Azərbaycandan uzaqlarda ictimai fikrin formalaşasına çalışmış və qarşısına qoyduğu məqsədə əsasən nail olmuşdur". Əlihüseyn Şükürovun bildirdiyinə görə, Ramin Məmmədovun Sibir həyatı 1992-ci ildə başa çatıb: "Bunu yəgin ki, diqqətli oxucular da yuxarıda gətirilmiş bəzi faktlardan bildilər. Bundan düz dörd il keçmiş onun "Qəbələ: insanlar, talelər, ziyalılar" adlı birinci kitabı işıq üzü gördü. Bununla bağlı Azərbaycan jurnalistlər birliyinin üzvü Miri Rəhimov yazır: "Raminin sevimli oxucularına təqdim etdiyi bu kitabda doğma diyarın bir parçası tədqiqat obyektidir. Burada qədim Qəbələnin tarixi, coğrafiyası, maraqlı adamları, sənət fədailəri bir sözlə, ləyaqətlilərin ləyaqətliləri tərənnüm edilir. Bu obyektlər, bu insanlar haqqında duzlu və zəngin publisist qələmlə söz açılır. Dəyərli sözün əhatəsində isə doğma diyarın keşməkeşli dünəni, təlatümlü bu günü və ümidverici sabahı canlanır. Yazıçı-jurnalistin əsas məqsədi isə yurddaşlarını bir-birinə bir azda yaxınlaşdırmaq, daha da doğmalaşdırmaq,qorxulu bəla olan unutqanlıq pərdəsini aradan qaldırmaqdır. Kitabı vərəqlədikcə bir daha əmin olursan ki, Ramin İsmayıl bəy Qutqaşınlı (1806-1869), İbrahim bəy Musabəyov (1881-1942), Vahid Qəhrəmanov (1900-1978), Ümnisə Musabəyova(1902-1974) və digər görkəmli adamlarımız haqqında tədqiqatlar və araşdırmalar aparmış, arxiv sənədlərinə söykənərək dəyərli portret-oçerklər yaratmışdır. Bu adamların çoxları ilə müəllif şəxsən görüşmüş,artıq dünyasını dəyişmişlərin doğmalarını tapmış lazım gəldikdə fotoşəkillərlə və arxiv sənədləri ilə üzbə-üz oturub danışmağı bacarmışdır. Yəqin ki, diqqətli oxucunu maraqlandırır ki, Ramin məmləkətimizin ağır, keşməkeşli, müstəqilliyinə yenicə qədəm qoyduğu bir vaxtda Vətənə dönmüşdür, xidməti vəzifəsilə əlaqədar həmin illərdə onun yazıb-yaratmağa boş vaxtı olmamışdır: "Bəs necə olmuşdur ki, bir-birinin ardınca o, publisistik kitabları ilə oxucularla görüşə gələ bilmişdir?! Necə deyərlər, yerli sualdır. Bununla bağlı açıqlamalarından birində o, qeyd etmişdir ki, qəbələli ziyalılara dair hələ orta məktəb illərindən məlumatlar toplayırdı. Daha sonra görkəmli yazıçı və qiymətli müəllimimiz mərhum Abdulla Şaiqin sözlərini xatırlamışdır: Ramin Məmmədov öz növbəsində axtarışlar, araşdırmalar aparmış, sonra gərgin xidmətilə yanaşı yuxusuz gecələr keçirərək müxtəlif sahələrə dair itablar yazmasını xalqımıza, cəmiyyətimizə, dövlətçiliyimizə xidmət kimi qiymətləndirir. Hesab edir ki, kitabları qəhrəmanlarilə yanaşı onu da yaşadacaq. Doğrudan da bu belədir, təbii haldır.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir