Rusiyadakı diasporumuzun fədakar fəalı Ramin Məmmədov
Onun təmənnası yalnız azərbaycançılığı təbliğ etməkdir
7 Fevral 2014 15:05 DiasporaRamin Hüseyn oğlu Məmmədov, 1957-ci il aprelin 18-də məmləkətimizin dilbər guşələrindən biri, olan Qəbələnin Bum qəsəbəsində anadan olub. Burada səkkizilliyi, Bakıxanov qəsəbəsində 74 saylı orta texniki-peşə məktəbini bitirmişdir. Balaxanıdakı M.Əzizbəyov adına maşın təmiri zavodunda tornaçı işləyib. Ehtiyata tərxis olunduqdan sonra yenə bir il həmin zavodda işləmiş və 1979-ci ildə oxumaq arzusuyla Tümenin Nijnevartovsk şəhərinə gedib. Bir neçə ay 33-saylı TQİ-də çilingər işləyib. 1980-1992-ci illərdə şəhər dəmir yolu nəqliyyatı milis şöbəsində bölmə komandiri, növbətçi SƏDM əməliyyat müvəkkili vəzifələrində çalışıb. Həmin dövrdə o, Nijni Tagil xüsusi milis məktəbinin Yekaterinburq filialının hüquq fakultəsini, Nijnevartovskda ikiillik jurnalist sənətkarlığı kursunu, Tümen vilayət partiya komitəsi nəzdində marksizm- leninizm universitetini bitirib. Qarabağda gedən müharibəylə bağlı 1992-ci ildə işini doğma Azərbaycana dəyişmiş və torpaqlarımızın bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı savaşlarda iştirak edib. Qaradağ rayon 10-cu PB-də sahə müvəkkili, baş sahə müvəkkili vəzifələrində xidmətini davam etdirmişdir. 2004-cü ildə mayor rütbəsində öz xahişi ilə təqaüdə çıxıb. Sonra "Bakinski raboçi" qəzetinin Rusiya üzrə ştatdan kənar müxbiri, "Vışka" və "OKO" qəzetlərinin bu ölkə üzrə xüsusi müxbiridir. Ədəbi yaradıcılığa 1971-ci ildə "Qəbələ" rayon qəzeti səhifələrində dərc etdirdiyi "Gənc mexanizator", "Şəkiyə ekskursiya", "Ballı nənə əməkdən ayrılmır" kimi kiçik məqalələrlə başlayıb. 23 mart 1992-ci ildə Nijnevartovskda təsis edilmiş "Azərbaycan" adlı diaspor cəmiyyətinin yaradılmasında fəal iştirak edib. 1997-ci il 2012-ci illərdə Rusiya bölgələrinə, dəyərli soydaşlarımızın axtarışı, diaspor cəmiyyətlərimizin işinin araşdırılması məqsədilə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə yaradıcılıq səfəri edib. İşinin nəticələri göz qabağındadır, demək olar hər səfərindən sonra rusca bir kitab nəşr etdirib. Rusiya-Azərbaycan dostluq əlaqələrinə, erməni saxtakarlığına, Azərbaycan-Qarabağ həqiqətlərinə, Rusiyayla taleyi bağlı və hazırda bu ölkədə fəaliyyət göstərən yüzlərlə dövlət, hərb, mədəniyyət xadimlərinə, diaspor cəmiyyətlərimizin işinə həsr olunmuş həmin topluları Rusiya dövlət kitabxanasından başlayaraq nəhəng ölkənin əksər bölgələrində ziyalılara, redaksiyalara, icmalarımıza, digər təşklatlara çatdırılıb. Bir azəri övladnın belə şərəfli, eyni zamanda məsuliyyətli və olduqca çətin işi təkbaşına öz üzərinə götürməsi, Azərbaycan həqiqətlərini yayması, ən xoş sözlərə layiqdir. R.Məmmədovun sənədlərini vərəqləyərkən iş dəftərindən birində Moskvada geniş ictimai fəaliyyəti, qiymətli elmi ilə məşhurlaşmış mərhum professor Rafiq Qurbanovun (Sarıvəlli)R.Məmmədovun iş dəftərinə öz əli ilə yazdığı ürək sözləri diqqətimi cəlb elədi: "Ramin Məmmədov, əslində bizim Azərbaycan üçün olduqca dəyərli, vacib bir iş görür. Yaradıcılığı ilə və şəxsi tanışlıq məni inandırdı ki, az qala bir tədqiqat institutunun görə biləcəyi işi təkbaşına həyata keçirən bu insan heç bir təmənna gözləmir. Onun təmənnası ancaq azərbaycançılığı geniş yaymaq, təbliğ etməkdir". Yeri gəlmişkən, 27 aprel 2012-ci il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində baş tutmuş "Udinlər: dünən, bu gün və sabah" mövzusunda keçirilmiş Beynəlxalq elmi-praktiki konfransda etdiyi məruzəsində Rusiya Prezidenti yanında Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyasının professoru, fəlsəfə elmləri doktoru Riçard Danakari Rusiya-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində Ramin Məmmədovun kitablarının əhəmiyyətini vurğulayaraq demişdi: "Rusiya-Azərbaycan dostluq əlaqələrinin möhkəmləndirilməsində, ümumi irsimizin yaradıcı istifadəsində əslən bizim Qəbələnin Bum kəndindən olan yazıçı-jurnalist Ramin Məmmədovun kitablarının böyük rolu vardır. Onun bu sahədə olan jurnalistlik fəaliyyəti bütöv bir elmi-tədqiqat institutunun kollektivinin işinə bərabərdir. R.Məmmədovun kitabları, xüsusilə də "Odlar yurdunun övladları Rusiya tarixində" (Bakı-"Ziya-Nurlan"-2012) ensiklopedik oçerkləri kitabı sayəsində Azərbaycan Respublikasının hüdudlarından kənarda yüz minlərlə adam bildi ki, bizim qədim ölkənin adamları yüksək istedada malikdir".
Maraqlıdır, necə oldu ki, elə ömrü boyu o belə bir vacib sahənin, azərbaycançılığın təbliği ilə məşğul olmağı bir məqsəd kimi qarşısına qoydu. Onun dediklərindən: -Gənc vaxtlarımdan ədəbiyyatı öyrənirdim, kiçik hekayələrlə ədəbi yaradıcılığımı genişləndirmək niyyətim var idi. Amma 1976-cı ildə ordu sıralarına xidmətə çağırılmağımla bu planlarım alt-üst oldu. Belə ki, elə xidmətə başladığım ilk günlərdən Rusiyanın ayrı-ayrı bölgələrindən çağırılmış əsgərlərin haqqımlızda olan yanlış fikirləri məni hiddətləndirdi. Onlarla söhbət etdikdə millətimizi ancaq bazarlarda gördüklərini dedilər. Mən sakitcə gedib hərbi hissənin kitabxanasından o vaxtlar hələ bir neçə cildi yenicə işıq üzü görmüş Böyük Sovet Ensklopediyasının (BSE) üçüncü nəşrinin nüsxələrini gətirib orada haqqında yazı olan görkəmli soydaşlarımız barədəyazıları onlara göstərərək açıqlama verdim. Bir müddət sonra atam mənə bağlama ilə rusca çoxlu nəşrlər, o cümlədən ,,Azərbaycanın Qızıl Ulduzları". ,,416-cı Taqanroq diviziyası" kitablarını göndərdi. Əsgərlər də,zabitlər də bu nəşrləri həvəslə oxuyurdular.
1992-ci ildə işimi doğma Azərbaycana dəyişdim, artıq erməni qəsbkarları doğma torpaqlarımıza göz dikdiyi bir vaxtda mən başqa cür esdə bilməzdim. 1992-ci ildə Bakıya yola düşməzdən əvvəl Nijnvartovskda "Azərbaycan" adlı diaspor icması yaratdıq, təsis iclasında yüz minlərlə rubl pul toplayıb Qarabağı müdafiə komitəsinə göndərdik.
Uzun illər yaşadığım Rusiyada tarixi qəhrəmanlıq salnamələri ilə zəngin xalqımızın dəyərli övladlarının, ümumiyyətlə Azərbaycan həqiqətlərinin layiqincə tanınmadığını hiss etdikdə Ramin Məmmədovda azərbaycançılığı geniş təbliğ etməyə güclü həvəs oyanmışdı. Hələ uzun illər öncə Rusiya mətbuatında beynəlmiləlçiliyə həsr olunmuş geniş yazılarından birində bizləri kütləvi təhqir edən millətçilərə müraciət edərək bildirmişdi: "Sizlərə xatırlatmaq istəyirəm ki, dünyanın taleyini həll edən İkinci dünya müharibəsində Aleksandr Matrasovun qəhrəmanlığını azərbaycanlı Gəray Əsədov da təkrar edib. Müharibə illərində general Panfilov kimi azərbaycanlı general-mayor Həzi Aslanov da döyüşən ordu sıralarında qəhrəmancasına həlak olub. Bəs əfsanəvi qəhrəmanliqlarla zəngin tərcümeyi-halı olan Mehdi Hüseynzadə haqqında burdakı gənclər bilirmi? Ümumiyyətlə Azərbaycandan 127 nəfər Sovet İttifaqı Qəhrəmanı çıxıb, onların 43-ü azərbaycanlıdır. Bu yaxınlarda Gürcüstanda baş vermiş sel fəlakəti zamanı əhalini xilas edərkən azərbaycanlı Rahib Məmmədov faciəli həlak olub. Bu barədə ölkəmizin bütün mərkəzi qəzet və jurnalları yazmışdılar. Məgər bunu da unutdular?
Ramin Məmmədovun rusca "Odlar Yurdunun övladları Rusiya tarixində" kitabı işıq üzü görüb. Həmin toplunu vərəqlədikcə soykökü Azərbaycandan olan, hazırda Rusiyada yaşayan, eləcə də dünyadan köçmüş məşhurlara, tanınmış ziyalıları-müxtəlif millətlərin nümayəndələrinə həsr olunmuş oçerklərə də rast gəlirəm. Bunlar Riçard Zorge, Boris Vannikov, Lev Landau, Nikolay Baybakov, Mstislav Rostropoviç, Boris Nuriyev, Valeri Tatarintsev, Riçard Danakari və başqalarıdır. Onlar haqqında ürəkdən yazılmış portret oçerklərlə tanış olduqca müəllifin əsil beynəlmiləlçi olduğuna inanmaya bilmirsən. Təqdirəlayiqdir ki, onun kitablarından biri "Bir torpağın övladları" (rusca) adlanır. Burda yenə əslən məmləkətimizdən olan müxtəlif millətlərin nümayəndələrinə toplunun böyük bir hissəsi həsr olunmuşdur. Yeri gəlmişkən, həmin nəşrdə rusdilli oxucular üçün nəzərdə tutulmuş, bu günümüzün ağrılı-acılı hadisələrindən bəhs edən elmi-publisistik yazılar da diqqətli adamların nəzərindən kənarda qalma bilməz. 2001-ci ildə Moskvada "Ripol klassik" nəşriyyatında iki cildli "Voyennıy ensiklopediçeskiy slovar" çap olunub. Kədərləndirici haldır ki, burada dünyanı bir-birinə qaışdıran, ikiüzlü, qlavnıy perestroyşik, "komminizmi dağıtmağa gəlmişdim" deyə Türkiyədə gen-bol çıxış edən Mixail Qarbaçov ön plana çəkilir. Ona görə ki, nəşrin meneceri S.V.Ohanyandır".
Ramin Məmmədov həyəcanla, ürək ağrısıyla deyir ki, axı bu ensiklopediyalar elə nəşrlərdir ki, istəsək də, istəməsək də onlar bütün kitabxanalarda yerləşdirilir, az qala bütün ölkələrə ötürülür, alim də, yazıçı da, həkim də, mühəndis də həmin toplulara müraciət edir. Deməli milyonların oxuduğu kitablar belə saxtalaşmaya məruz qalır. Mənsə R.Məmmədovun kitabından gətirəcəyim nümunəyə baxıb hər kəs düşünsün,bilsin ki, bizə həmin faktların erməni saxtakarlığı olduğunu sübut etmək üçün 100 illiklər lazım olacaq:"1954-cü ildə 500 min tirajla buraxılmış üç cildlik ensiklopedik lüğətin 2-ci cildində yazılıb ki, Koroğlu Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır. Orta Asiya xalqlarının da buna oxşar dastanı var. Dastan əsasında bəstəkar Ü.Hacıbəyov eyniadlı opera yaratmışdır.
Həmin lüğətin 1990-cı ildə çıxmış nəşrində iki milyon yarım tirajla işıq üzü görmüş 1632 səhifəlik "Sovetskiy ensiklopediçeskiy slovar" ın 576 səhifəsində isə tamam başqa şey yazılıb: "Koroğlu Yaxın Şərq və Orta Asiya xalqlarının dastanıdır" Burda Azərbaycan və Ü.Hacıbəyov sözləri "unudulub". Çünki redaksiya heyətinin tərkibində V.A.Ambarsumyan adlı birisi var.Təəssüf ki, saxtakarlıq təkcə bununla bitmir. Həmin başabəla ensiklopediya lüğətində başqa saxtakarlıqlar da var. Amma mən birini xatırldacağam. Sonuncu kitabın 22-ci səhifəsində oxuyuruq ki, Rusiya Fedarasiyasında 336 min nəfər, dünya ölkələrində isə cəmi 17,2 mln. Nəfər azərbaycanlı yaşayır. Halbuki "Respublika" qəzeti hələ 1994-cü ildə (N=79 (174), 04.10.1994) yazmışdı ki, "1iyul 1993-cü ildə dünyanın 62 ölkəsində azərbaycanlıların sayı 48.853.291 nəfər olmuşdur.
Məlumatı "Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov göndərib.
MURMANSK-MOSKVA-BAKI-MASALLI-MURMANSK."
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir