“Erməni diasporu təbliğat və təşviqat işlərində Azərbaycan diasporuna uduzur”
Rufiz Qonaqov: “Məhz bu baxımdan hesab edirəm ki, Azərbaycan diasporunun fəaliyyəti güclənməkdə davam edir.”
29 Yanvar 2014 15:35 Diaspora"Ümid edirəm ki, diasporumuz gələcəkdə daha da güclənəcək"
Hazırda inkişaf dövrünü keçən Azərbaycan diasporunda bir sıra problemlər də mövcuddur. Bu problemlərdən biri də müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa maraq göstərməməsidir. Bir çox QHT-lər iddia edirlər ki, xarici ölkələrə səfərlər zamanı Azərbaycan diaspor təşkilatları ilə görüşmək problemə çevrilir. Bəs görəsən reallıq nədən ibarətdir və QHT-lərlə diaspor təşkilatları arasında əməkdaşlıq qaneedicidirmi? Bu məsələyə aydınlıq gətirmək, eləcə də Azərbaycan diasporunun hazırkı vəziyyətini xarakterizə etmək üçün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqova müraciət etdik.
-Rufiz bəy, hazırda Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirirsiniz?
-Azərbaycan diasporunun hazırkı durumunu dəyərləndirərkən bir qədər yaxın keçmişə nəzər yetirmək lazımdır. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi oldu. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 2001-ci ilin may ayınn 23-də ümummilli lider Heydər Əliyevin məlum sərəncamı Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi qərara alındı. Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu.
Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Bu gün Azərbaycan diasporunun fəaliyyətini dəyərləndirərkən onu söyləmək mümkündür ki, əvvəlki illərlə müqayisədə bu gün Azərbaycan diasporu kifayət qədər güclənməkdədir. Düzdür, hələlik görüləsi işlərimiz çoxdur. Eyni zamanda bəzi diaspor təşkilatlarımız, cəmiyyət və nümayəndəliklərimiz var ki, hələ də xarici ölkələrdə pərakəndə şəkildə fəaliyyət göstərirlər. Ancaq bu cür mənfi tendensiya aradan qalxmaqdadır. Həm beynəlxalq təşkilatlar, həm Azərbaycanın xarici ölkələrdəki səfirliklərində çalışan insanlar, eləcə də xaricdə yaşayan soydaşlarımız diaspor təşkilatları ilə sıx əlaqə yaradır, təşkilatlanırlar. Demək olar ki, bu təşkilatlanma işi hər ötən il daha da güclənir. Əgər beş il bundan əvvəl erməni diasporu ilə müqayisədə müəyyən çətinliklərimiz vardısa, bu gün artıq erməni diasporu təbliğat və təşviqat işlərində Azərbaycan diasporuna uduzur. Məhz bu baxımdan hesab edirəm ki, Azərbaycan diasporunun fəaliyyəti güclənməkdə davam edir. Ümid edirəm ki, diasporumuz gələcəkdə daha da güclənəcək.
-Qeyd etdiyiniz kimi erməni diasporu təbliğat və təşviqat işində Azərbaycan diasporuna uduzur. Sizcə, buna Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının II və III qurultayında diaspor təşkilatlarına hücum taktikasına keçmək zamanının gəldiyi barədə tövsiyyəsi təsir göstərdimi?
-Həqiqətən də cənab prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının sonuncu qurultayında, eləcə də ondan əvvəlki qurultaydakı çıxışı diaspor təşkilatlarının işinə, onların fəaliyyətinə son dərəcə müsbət təsir göstərib. Çünki ölkə prezidenti öz çıxışında bildirdi ki, "Mən bütün dünya azərbaycanlılarının prezidentiyəm və bütün dünya azərbaycanlıları bizim vətəndaşlarımızdır". Ola bilsin ki, azərbaycanlılar müxtəlif ölkələrin vətəndaşlarıdır. Ancaq cənab prezident bildirdi ki, o, bütün ölkələrdə yaşayan azərbaycanlıların hər birini Azərbaycan diasporunun fəaliyyətində yaxından görmək istəyir, onların iştirakını məqbul, zəruri sayır. Məhz bu baxımdan ölkə rəhbərinin stimulverici çıxışı bütünlükdə xaricdə yaşayan soydaşlarımıza müsbət təsir göstərdi. Məhz bunun nəticəsidir ki, bu gün erməni diasporu Azərbaycan diasporu qarşısında diz çökmək üzrədir. Biz həm beynəlxalq təşkilatlar, Avropa Şurası, ATƏT, BMT və digər nüfuzlu beynəlxalq qurumlarda da bunun şahidi oluruq.
-Bəs diaspor təşkilatlarının qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı hansı səviyyədədir? Bəzi QHT-lər iddia edirlər ki, xarici ölkələrə səfərlər zamanı diaspor təşkilatlarının rəhbərləri ilə görüşmək problemə çevrilir.
-Azərbaycanda diaspora sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları var. Ancaq ümumilikdə desək ki, diaspor təşkilatlarının qeyri-hökumət təşkilatları ilə əlaqələri yaxşıdır, normal əməkdaşlıq mühiti mövcuddur, bu bir qədər düzgün olmazdı. Bu sahədə zəiflik, müəyyən boşluq var. Ona görə də qeyri-hökumət təşkilatlarında belə bir fikir var ki, xarici ölkələrə səfərlər zamanı Azərbaycan diaspor təşkilatları ilə o qədər də yaxından əməkdaşlıq edə bilmirlər. Hesab edirəm ki, bununla bağlı qeyri-hökumət təşkilatları tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etmək və həmin problemin aradan qaldırılmasında adıçəkilən Dövlət Komitəsindən müəyyən köməklik almaq mümkündür. Düşünürəm ki, bununla bağlı yaxın gələcəkdə hansısa addımlar atmaq olar.
-Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq sizin hansısa konkret təklifləriniz varmı ki, həmin təklifləri həyata keçirməklə diaspora sahəsində daha böyük uğurlara imza atmaq olar?
-Hesab edirəm ki, ilk növbədə həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm qeyri-hökumət təşkilatları, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız birgə fəaliyyət göstərməlidirlər. Bunun üçün də Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük bir vəzifə düşür. Məhz qeyri-hökumət təşkilatlarının bu işə cəlb edilməsi, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən layihələrin elan edilməsi, həmin layihələrin xaricdə yaşayan soydaşlarımızla birgə həyata keçirilməsi olduqca vacibdir. Bundan əlavə yaxşı olardı ki, Diasporla İş üzrə Dövlət Komitəsi bir əlaqələndirici funksiyasını yerinə yetirsin. Bu da xaricdəki təşkilatlanmış formada olan diaspor təşkilatları ilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının əlaqələrinin qurulmasına yaxından yardım göstərə bilər. Ona görə də hesab edirəm ki, bu yolla Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti daha da güclənər. Eyni zamanda Azərbaycanın qeyri-hökumət təşkilatlarının da kifayət qədər potensialı var ki, xaricdə Azərbaycanın imicinin daha da möhkəmlənməsi istiqamətində diaspor təşkilatları ilə birgə fəaliyyət göstərisinlər. Ümumilikdə götürəndə isə Azərbaycanın qeyri-hökumət təşkilatları bu istiqamətdə xeyli işlər görüb və bu gün də sözügedən istiqamətdə işlər davam etdirilir. Ancaq diaspor təşkilatları ilə birlikdə bu iş həyata keçirilsə daha ciddi nailiyyətlərin əldə edilməsinə imkan yaradar. Onu da qeyd edim ki, bu əməkdaşlıq və görüləcək işlər yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilməməldiir. Bu sahədə Diasporla İş üzrə Dövlət Komitəsi də müəyyən maliyyə vəsaiti ayırsa daha yaxşı olar. Bu da diaspor təşkilatları ilə qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti üçün önəmli olar.
-Müəyyən səbəblərdən Azərbaycanı tərk edən insanlar bir müddət sonra üz tutduğu ölkədə müəyyən bir cəmiyyət, təşkilat təsis edərək orada diaspor fəaliyyətindən daha çox dövlətçilik əleyhinə fəaliyyətlə məşğul olur. Bu nə dərəcədə normal fəaliyyətdir. Ümumiyyətlə, Azərbaycandan kənarda ölkəyə qarşı müxalifətçilik etmək nə dərəcədə məqbuldur?
-Əlbəttə ki, bu olduqca qeyri-normal bir haldır. Təssüflər olsun ki, bəzən müxtəlif ölkələrdə belə hallara rast gəlirik. Ancaq sevindirici hal ondan ibarətdir ki, bu kimi neqativ halların sayı getdikcə azalır. Əgər əvvəlki illərdə Azərbaycandan xarici ölkələrə gedib dövlətimiz əleyhinə hansısa fikirləri, çıxışları, bəyanatları səslənirdisə, bu gün qeyd etdiyimiz mənfi hallar demək olar ki, azalıb. Bu çox sevindirici bir haldır.. Ancaq bununla bərabər həmin mənfi tendensiyalar hələ də bəzi ölkələrdə qalmaqda davam edir. Yəqin bu da onunla bağlıdır ki, həmin ölkələrdəki vətəndaşlarımız, soydaşlarımız, diaspor təşkilatlarımız oradakı azərbaycanlılarla yaxından maraqlanmır və birlikdə fəaliyyət göstərmirlər. Onlar arasında birgə fəaliyyət yoxdur. Hesab edirəm ki, bu baş verərsə həmin mənfi halların da aradan qaldırılması mümkün olardı.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir