“Diaspor təşkilatları media ilə effektli işləmir”
Vüsal Tağıbəyli: “Jurnalistlər əllərindən gələni edirlər, amma diaspor təşkilatlarından onlara dəstək yoxdur”
28 Yanvar 2014 14:57 DiasporaAraşdırmaçı jurnalist Vüsal Tağıbəylinin "Olaylar"a müsahibəsi.
- Azərbaycan diasporunda mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
- Diasporumuzun mövcud durumu əvvəlki illərdə olduğundan çox güclüdür. Yadınızdadırsa, bir vaxtlar dünya azərbaycanlılarını birləşdirən ən möhtəşəm təşkilat olan DAK-ın rəhbərliyində birinin sözünü digəri qəbul eləmirdi və nəticəsi də bu oldu ki, konqres ikiyə parçalandı. Amma Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi DAK-dan daha təsirli effekt verib. Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının mükəmməlləşməsi, yəni qurumlara çevrilməsi prosesi gedir. Əvvəllər isə həmin diasporlar müxtəlif iş adamlarının rəhbərliyində fəaliyyət göstərən qruplar idi ki, onlar da əksər vaxt şəxsi maraqların mübarizə meydanını xatırladırdı. Amma indi vəziyyət fərqlidir. Çünki əvvəllər daha çox məhz DAK-ın vasitəsilə əlaqələndirilən həmin təşkilatlar hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa kurasiyasındadırlar.
Mən onu da sevinərək qeyd etməliyəm ki, son illər xaricdəki diaspor təşkilatları ilə müxtəlif ölkələrdə açılmış səfirliklərimiz arasında geniş əlaqələr qurulub. Yəni Azərbaycan dövləti səfirliklərin vasitəsilə diasporlara yardım göstərir və onları mili maraqlara əsaslanan addımları atmağa ruhlandırır.
- Azərbaycan diasporu hansı ölkələrdə daha güclüdür?
- Diaspordan söz düşəndə belə qənaətə gəlmək olar ki, ABŞ-da daha güclüyük. Amma baxaq, görək, müstəqil olduğumuz müddətdə bu ölkədə hansı təsirli qərarların qəbuluna nail ola bilmişik? Bütün dünya bilir ki, Ermənistanla müharibə vəziyyətinin olmasına görə haqq-ədalət Azərbaycanın tərəfindədir, bizim torpaqlarımızın 20 faizi işğal edilib, amma Birləşmiş Ştatlar erməniləri dəstəkləyir və məlum "907-ci düzəliş" uzun illərdir qüvvədədir. Elə isə ABŞ-dakı diaspor təşkilatlarımız niyə təsirli iş görə bilmirlər? Amma Pakistanda, Meksikada, Kolumbiyada nəinki diaspor təşkilatlarımız zəifdir, heç bəlkə də yoxdur, amma bu ölkələr Xocalı soyqırımını rəsmən tanıdılar. Çünki həmin ölkələrdə Azərbaycanın səsini ictimaiyyətə diasporlar deyil, səfirliklər çatdırıb. Uzaq Avstraliyada ştatlar qondarma erməni soyqırımını tanıyır, amma Xocalı soyqırımını heç gündəmə də gətirmirlər. Hansı ki, bildiyimə görə, bu ölkədə təxminən 12 min azərbaycanlı yaşayır. İndi özünüz düşünün: 12 min nəfərin adi bir ştatın qanunverici orqana öz haqqını qəbul etdirməyə gücü çatmırmı? Təbii ki, çatır, amma buna ya həvəs yoxdur, ya da onları bu məqsəd ətrafında birləşdirən amil. Ümumilikdə danışsaq, bu gün Rusiyada, Ukraynada, Qazaxıstanda, Almaniyada, Fransada, İsveçdə, İsraildə, Gürcüstanda, Niderlandda, Britaniyada, Norveçdə, Kanadada və sair diaspor təşkilatlarımız yetərincə formalaşıb və təsiretmə imkanları da genişdir. Sadəcə, səfirliklər onları milli ideya ətrafında birləşdirməli və istiqamətləndirməlidir. Mən burada qardaş Türkiyənin adını çəkmədim, çünki bu ölkənin 76 milyonluq əhalisi hamılıqla bizim diasporumuz sayıla bilər. Çünki onlar Azərbaycanı Türkiyəni sevdikləri kimi sevirlər. İrana gəldikdə, bu ölkədə vəziyyət fərqlidir. 30-40 milyon azərbaycanlının yaşadığı İran Ermənistanın ən yaxın müttəfiqidir və torpaqlarımızı işğal edən, 30 min azərbaycanlını öldürən erməniləri yedirib-içirirlər.
-Necə düşünürsünüz, diasporumuzun daha da təşkilatlanmasına nə kimi amillər mane olur?
- Diasporumuzun təşkilatlanmasına birinci olmaq və digər şəxsi maraqlar mane olur. Daha konkret desək, bir çox hallarda xaricdəki diaspor təşkilatlarımıza rəhbərlik edən şəxslər, yuxarıda qeyd etdiyim kimi, biznes nümayəndələri olduğundan görəcəyi hər bir işdən maddi maraq güdürlər. Adi bir misal çəkim: dünyanın harasında olmasına baxmayaraq bəyənmədiyimiz ermənilər Ermənistana hər cür kömək edirlər və öz məqsədləri naminə keçirilən hər cür tədbirlərə Ermənistan ictimaiyyətinin nümayəndələrini aparırlar. DAK isə Avropada təşkil etdiyi qurultay və ya digər tədbirlərə Bakıdan 5 jurnalist apara bilmir. Səbəb də bu olur ki, pulları yoxdur. Hansı ki, həmin qurultayı keçirənlərin əksəriyyəti iş adamlarıdır. Onlar 5 jurnalisti qurultaya gətirməklə keçirdikləri tədbirin işıqlandırılmasına şərait yaratmırlar və beləliklə, gördükləri iş müəyyən mənada dünya ictimaiyyətindən gizlin qalır. Bu səbəbdən də diasporlamızın Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşməsi zəruridir.
- Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında diasporlarımızın fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?
- Dağlıq Qarabağ məsələsində haqlı tərəf biz olduğumuz halda böyük ölkələr Ermənistanın tərəfindədir. Bu ölkəyə maddi-texniki yardımlar ayrılır, qondarma soyqırımı tanıyır, hətta tanımayanları cəzalandırır, amma təxminən 20 il əvvəl törədilən Xocalı soyqırımı Avropa liderlərinin dilinə gəlmir. Mən birmənalı şəkildə bu məsələdə diaspor təşkilatlarımızı qınayıram. Çünki dünənədək diasporların, o cümlədən, DAK-ın fəaliyyəti Azərbaycanın müstəqilliyinin tanınmasına və Güney Azərbaycana həsr olunmuşdu. Qarabağla əlaqəli isə, məncə heç bir iş görülməyib. Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında bütün işləri xaricdəki səfirliklərimizin vasitəsilə dövlətmiz görür. Burada da hər bir səfirin işini tərifləmək lazım deyil. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, Meksikadakı səfirimiz İlqar Muxtarov, CAR-dakı səfirimiz Elxan Poluxovu, ABŞ-dakı səfirimiz Elin Süleymanov və Los Ancelosdakı baş konsulumuz Nəsimi Ağayev istisna olunmaqla diplomatlamızın da uğurlu fəaliyyət göstərdiyini deyə bilmərik. Amma Daşqan Şikarov və İlqar Muxtarovun səyləri ilə fəaliyyət sahələrindəki ölkələr hər bir məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirirlər.
- Diasporlarımızın güclənməsi üçün dövlət yetərincə dəstək verirmi?
- Dövlət diaspor təşkilatlarını bir araya gətirmək üçün çox iş görür. Məhz səfirliklərin birbaşa maddi-texniki dəstəyi və istiqamətləndirməsi nəticəsində diaspor qurumları öz varlıqlarını göstərə bilməkdədirlər. Xüsusilə də Avropa məkanındakı səfirliklərimiz bu yönümdə çox iş görür. Bura Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Macarıstandakı səfirliklərimizi aid edə bilərik. Çox sayda azərbaycanlının yaşadığı bu ölkələrdə milli maraqlar naminə daha çox iş görmək olardı, hər halda ləng də olsa bu proses gedir. Amma elə etmək olar ki, ermənilərin arxasınca getməyək, onlar bizdən geri qaldıqlarını duysunlar.
- Azərbaycan diasporasının dünyanın aparıcı diaspora təşkilatları ilə əlaqələrini yetərli hesab edirsinizmi?
- Qətiyyən yetərli deyil! Bildiyimiz kimi, Türkiyə və Azərbaycan dövlətlərinin qərarı ilə xaricdəki türk və azərbaycan diaspor təşkilatları əlaqələndirilmiş fəaliyyət göstərirlər. Əslində, bu da hələlik nəzərəçarpan effek vermir. Çünki Türk və Azərbaycan diasporları daha çox ABŞ-da, eləcə də Qərbi Avropa ölkələrində işləyirlər. Hansı ki, onların heç birində Qarabağ həqiqətlərinin çatdırılması və xüsusən də Xocalı soyqırımı ilə bağlı bir dənə də olsun qərar verilməyib. Baxaq, görək Azərbaycan diaspor təşkilatları dünyanın başqa hansı xalqlarının təşkilatları ilə əməkdaşlıq edirlər? Azərbaycan hökuməti daha çox Pakistan, İndoneziya, Çin və Hindistanın xaricdə fəaliyyət göstərən diaspor qurumları ilə əlaqə qurmalıdır. Mən bir dəfə Hindistanın ölkəmizdəki səfiri ilə bu məsələni müzakirə etdim. Soruşdum ki, xaricdə nə qədər hindli çalışır və ya yaşayır, cavab verdi ki, 20-25 milyon nəfər civarında. 30 milyon nəfərdən artıq çinli, təxminən 10 milyon indoneziyalı, bir neçə milyon pakistanlını da nəzərə alsaq, bu ölkələrin nümayəndələri ilə əməkdaşlıq etmək Azərbaycan diaspor təşkilatlarının gücünə güc qatar. Bu müstəvidə ABŞ başlıca hədəf seçilə bilər. Çünki bu ölkədəki Çin və Hind diasporları daxili bazara az qala nəzarət edirlər. Hətta Ağ Evin açıqlamasına görə, ABŞ elektron sənayesində çalışan mütəxəssislərin 25 faizi hindistan əsillilərdir. Neft ölkəsi rolan Azərbaycan bu amilləri nəzərdən qaçırmamalıdır.
- Mediada diaspor mövzusu nə dərəcədə aktualdır?
- Məncə mətbuatımızda diaspor oldu, ya olmadı, Azərbaycanın mili maraqlarına yetərincə xidmət edilir. Konkret olaraq diasporlardan söz düşürsə, jurnalistlər əllərindən gələni edir, amma diaspor qurumlarından onlara dəstək yoxdur. Beş-on diaspor təşkilatını çıxmaq şərtilə hansı ölkədəki bu cür qurumlar Azərbaycan mediasına açıqdır? Azərbaycan jurnalistlərinin maddi imkanları varmı hansısa hadisə baş verəndə, məsələn, Ukraynadakı durumla bağlı bu ölkədəki diaspor təşkilatlarına zəng vurub isti-isti məlumat alsınlar? Əksər hallarda jurnalistlər əllərində olan hansısa diaspor qurumlarına aid email ünvanlara məktub yazırlar, amma məlum olur ki, həmin ünvan işləmir. Yaxud da üzərindən aylar keçsə də, suallara cavab verilmir. DAK cüzi xərc çəkməmək üçün qurultaya 5 jurnalist aparmır. Hansı ki, jurnalistlər bu cür tədbirləri canla-başla işıqlandırmağa hazırdırlar. DAK isə şərt qoyur ki, jurnalistləri qəbul etməyə razıdırlar, amma yolpullarını və yemək pullarını özləri verməlidirlər. Bu halda nəinki diasporun işini işıqlandırmağa jurnalistlərdə həvəs qalmır, hətta bu qurumlara qarşı müəyyən qəzəb də yaranır. Məncə media bütün sahələrdə olduğu kimi diasporla əməkdaşlıqda da öz məsuliyyətini anlayır və köməyini göstərir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir