“Diasporumuz hazırda formalaşma mərhələsindədir”-MÜSAHİBƏ

Mübariz Göyüşlü: “Azərbaycan diasporası əsasən Türkiyə diaspora təşkilatları ilə sıx əməkdaşlıq həyata keçirtmək istiqamətində uğurlu addımlar atır”

"Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü diasporda mövcud problemlər və bunun həlli yolları ilə bağlı fikirlərini "OLAYLAR"a bildirib.

- Azərbaycan diasporunun hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Azərbaycan diasporu hazırda formalaşma mərhələsindədir. Diasporumuz hələ gənc olduğuna görə çoxsaylı problemlərlə üz-üzədir. Ən əsas məsələ maliyyə problemi ilə bağlıdır. Xaricdəki imkanlı iş adamlarımız təşkilati işlərə, diaspor fəaliyyətinə çox az maraq göstərir və zəif iştirak edirlər. Olanlar da ancaq Azərbaycan Respublikasındakı rəsmi qurumların üstünlük verdiyi təşkilatlarla zəif şəkildə əlaqə saxlayaraq bununla da öz missiyasını bitmiş sayır. Bundan başqa təşkilatlar arasında əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq, yardımlaşma da çox zəifdir. Bəzi təşkilatlar arasında iqtidaryönümlü-müxalifətyönümlü və s. kimi parçalanmalar da ciddi problemlərdəndir. Xaricdəki soydaşlarımızın əksəriyyəti disapor işinə maraq göstərmirlər. Başqa bir sıra problemlər də var ki, bu da tam şəkildə təşkilatlanmaya mane olur. Hansı ölkədə və ya şəhərdə diaspor təşkilatı aktivdirsə, bu onun rəhbərinin böyük fədakarlığı, vətənpərvərliyi, şəxsi nüfuzu və gərgin çalışmalarının nəticəsidir. Bu cür şəxslərə və təşkilatlara dövlət tərəfindən diqqət artırılmalıdır, onların fəaliyyəti stimullaşdırılmalıdır, oradakı iş adamlarının həmin təşkilatlara dəstək olması təmin edilməlidir. Yəni çalışmaq lazımdır ki, mövcud təşkilatlara, şəxslərə dəstək daha da gücləndirilsin.

-Necə hesab edirsiniz,  diasporumuz hansı ölkələrdə daha güclüdür?

- Fikrimcə heç bir ölkədə Azərbaycan diasporu lazımi gücdə deyil. Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda bizlər həm say çoxluğundayıq, həm də oraların əksər əraziləri Azərbaycan türklərinin tarixi torpaqlarıdır. Yalnız bəzi yerlərdə sonradan köçmə olub. Amma hətta bu şəraitdə belə bizim azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında ciddi bir çəkiyə malik deyillər. Əgər elə olmasaydı Gürcüstan parlamentində deputatlarımızın sayı çox olardı, yer adları dəyişdirilməzdi, vəzifədəki azərbaycanlıların sayı çox olardı. Rusiyada kifayət qədər azərbaycanlı var, amma mərkəzi və yerli seçkili qurumlarda, icra qurumlarında, ictimai-siyasi fəaliyyətdə çox az bir sayda azərbaycanlını görmək mümkündür. Olanların da əksəriyyəti azərbaycançılıq ideologiyasından, təşkilatlanaraq Azərbaycan üçün faydalı işlər görmək məqamından çıxış etmək əvəzinə az qala rusların içərisində əriyib gedir. Türkiyə və İranla da bağlı bu və ya digər şəkildə çatışmazlıqları sadalaya bilərik. Mən əsasən bu dörd ölkəni göstərdim, çünki rəsmi və ya qeyri-rəsmi ən çox azərbaycanlı məhz bu ölkələrdə yaşayır. Burada vəziyyət belədirsə digərlərini özünüz təsəvvür edin.

- Diasporumuzun daha təşkilatlanmasına nə kimi amillər mane olur?

- Bununla bağlı yuxarıda da qeyd etdim. Əsas amil maliyyə məsələsidir. İdeoloji fərqlərin yaratdığı problemlər, siyasi məsələlərin araya saldığı təfriqələr də var. Uzun müddət təşkilatlanmış şəkildə fəaliyyət göstərməyən azərbaycanlıların indi bu kimi çətinlikləri dəf etməsində ciddi problemlər ortaya çıxır. Çünki müstəmləkə əsarətində olduğumuz zaman milli şüur, vətən əxlaqı kimi məsələlərdə aldığımız zərbələr də özünü göstərir. Bəzən görürsən ki, diaspor təşkilatlarımızın bəzilərinin rəhbərliyində olan şəxslər fəaliyyətlərini ümummilli məqsədlər üçün qurmaq əvəzinə şəxsi və qrup maraqlarını daha çox önə çəkirlər. Bütün bunlarla yanaşı Azərbaycan Respublikasının bu sahə ilə məşğul olan şəxslərinin təcrübəsinin azlığı və bəzən subyektiv amillərin mövcudluğu da mane olan amillər sırasındadır.

-Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında diasporlarımızın fəaliyyəti qane edicidirmi?

- Bəzi diaspor təşkilatlarımızın bu istiqamətdə gördüyü işi nəinki qaneedici, hətta qəhrəmanlıq da saymaq olar. Yuxarıda sadaladığımız problemləri ola-ola məhdud imkanlar çərçivəsində Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemini beynəlxalq aləmə çatdırmağa çalışan və buna əsasən də nail olan diaspor təşkilatlarımız var ki, onların fəaliyyətini alqışlamaq lazımdır. Əlbəttə ciddi təşkilatlanma olmadığı üçün gözlədiyimiz kimi olmur nəticələr. Amma görülən işləri, çəkilən əziyyətləri də qiymətləndirməmək düzgün olmazdı.

-Diasporlarımızın güclənməsi üçün dövlət dəstəyi yetərlidirmi?

- Azərbaycan dövləti dəstəyini daha da gücləndirməlidir. Yalnız maddi dəstək verməklə deyil, ən müxtəlif yollarla bunu etmək olar. Bütün bu işlərin kompleks şəkildə görülməsi lazımdır. Xüsusən xarici ölkələrdəki səfirlərimiz diaspor təşkilatlarımızla şəxsi çıxarları nöqteyi-nəzərdə deyil, dövlətin maraqları çərçivəsində yanaşmalı, onların güclənməsi üçün səylərini əsirgəməməlidir. Mən bilirəm ki, onlar arasında ciddi problemlər var. Hətta o qədər ciddir ki, bunu Dünya Azərbaycanlılarının Bakıda keçirilən Qurultayında prezident İlham Əliyev də dilə gətirib. Ona görə də görülən işlərin səmərəsini artırmaq üçün çalışmalar gücləndirilməlidir.

-Azərbaycan diasporasının dünyanın aparıcı diaspora təşkilatları ilə əlaqələrini yetərli hesab etmək olarmı?

- Azərbaycan diasporası hələ ki əsasən Türkiyə diaspora təşkilatları ilə sıx əməkdaşlıq həyata keçirtmək istiqamətində uğurlu addımlar atır. Fikrimcə bu sıra daha da genişləndirilməlidir. Türk xalqlarının hamısının ortaq diaspor fəaliyyətinin reallaşmasına çalışmaq lazımdır. Ümumi maraqlar naminə birləşmək lazımdır, əks təqdirdə sonradan bunun üçün çox peşman olacağıq.

-Mediada diaspora sahəsinə maraq nə dərəcədədir?

- Məncə kifayət qədərdir. Lakin diaspor təşkilatlarımızın daha bir problemi həm də onların həm dünya çapında, həm yerli səviyyədə, həm də elə Azərbaycan mediası ilə də işlərini səmərəli qura bilməmələrindədir. Təbliğatdan da çox şey aslıdır. Bəzən görürsən ki, hansısa bir diaspor təşkilatının üzvləri fədakarlıq edərək çox mühüm bir tədbir keçiriblər amma bu barədə Azərbaycanda çox az adam məlumatlıdır. Azərbaycan mediasının xarici ölkələrdəki tədbirlərə müxbirlər göndərmək, yaxud xaricdə müxbir postları saxlamaq imkanları o qədər də geniş deyil. Ona görə təşkilatlar özləri məlumatlarını yaymaqda və pr işində maraqlı olmalıdırlar. Jurnalistlərimiz isə milli şüur, vətən əxlaqı prinsipindən çıxış edərək onların bu işlərinin cəmiyyətə çatdırılmasına ciddi dəstək verməlidirlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31