“Ukraynada Azərbaycan diasporu böyük potensial imkanlara malikdir”

Rəhim Hümbətov: “Bu ölkədə diaspor hərəkatina güclü təkan verə biləcək insanlar çoxdur”

Azərbaycan diasporunun böyük potensiala malik olduğu ölkələrdən biri də Ukraynadır. Hazırda bu ölkədə və onun müxtəlif subyektlərində onlarla diaspor təşkilatlarımız fəaliyyət göstərir. Belə təşkilatlardan biri də Krım Azərbaycan İcmasıdır. 1989-cu ildə Krım Azərbaycan Cəmiyyəti 25 ilə yaxın bir müddət ərzində Azərbaycanı layiqincə təmsil edib. Xalqımızın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsinin Ukraynanın rəsmi dairələri, eləcə də cəmiyyətinə çatdırılmasında bir çox işlər görən cəmiyyət ötən illər ərzində bəzi uğurlara da imza atıb. Krımda Azərbaycan İcmasının sədri, "Alubika" qəzetinin redaktoru, eləcə də Jurnalistlərə Dəstək Komitəsinin sədri və  Krım Respublika Millətlərarasi Razılıq Birliyinin sədr müavini Rəhim Hümbətov "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi təşkilatın ötən illər ərzində gördüyü işlərə nəzər salıb. O, Ukraynadakı Azərbaycan diasporunun hazırkı durumundan da danışıb.
 

-Rəhim müəllim, rəhbərlik etdiyiniz cəmiyyət nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətlərinə nələr daxildir?

-Krım Azərbaycan Cəmiyyəti 1989-cu ildə yaradılıb, Ukraynada ilk azəri qurumlarından biridir. Onu da qeyd edim ki, Ukraynada ilk Azərbaycan mətbu orqanı bizim dərc etdiyimiz "Millət" qəzeti idi. Eyni zamanda diaspora haqqında nəşr edilən ilk kitab, krımlı azəri müəlliflərinin yazılarının işıq üzü gördüyü ilk almanax da məhz Krımda dünyaya gəlib. Qurumumuzun qarşısında duran vacib məsələlər mədəniyyətimizi təbliğ etmək, azərbaycanlılar və Azərbaycan haqqında yerli əhalidə pozitiv fikir yaratmaqdır. Həmçinin biz Azərbaycan haqqinda həqiqətləri ictimaiyyətə çatdırmağı özümüzə borc bilir və mühüm məsələlərdən hesab edirik. Qeyd edim ki, 1990-cı ilin yanvar hadisələrindən bir neçə ay sonra biz Bakıdan Krıma faciə ilə bağlı çoxlu sayda materiallar, Qarabağ problemi ilə əlaqədar ədəbiyyat gətirdik Yaltada daimi fəaliyyət göstərən sərgi təşkil edərək bu kitabları insanlara paylayırdıq.  "Millət" qəzetinin səhifələrində bu hadisələrlə bağlı materiallar dərc olunub. İnternetin yaratdığı imkanlardan da geniş istifadə edirik. Eyni zamanda yerli mətbuat səhifələrində bu mövzu ilə bağlı müxtəlif yazilar yerləşdiririk. Şübhəsiz ki, bizim bu fəaliyyətimiz rezonansa səbəb olur. Hələ 1991-ci ilin yanvarında, "Millət"in ilk nömrəsi dərc olunandan bir az sonra məni qəzetin redaktoru kimi Krım Vilayət Kommunist Partiyasının ideoloji şöbəsinə "xalça" üzərinə çağırdılar. Aydın oldu ki, bizim qəzetin birinci nömrəsini görən ermənilər o saat "obkoma" şikayətə gediblər. Buna səbəb "Millət"in ilk nömrəsindən azərbaycanlılara qarşı olan yalanları ifşa etməyə başlaması idi. Bir məqamı da qeyd edim ki, o vaxt Krımdakı erməni cəmiyyətinin sədri sonralar Qarabağa gedib çıxan A.Danelyan idi. Zənnimcə, indiyədək bizim gördüyümüz ən mühüm işlərimizdən biri dünyada birinci dəfə olaraq erməni "soyqırımı" haqqinda Xarkov vilayətində İzyum şəhər sovetinin qəbul etdiyi qərarın ləğv olunmasıdır. Bu fakt əyani surətdə subut etdi ki, erməni diasporunun çox "qüdrətli" olması haqqında onların yaratdığı fikir bir mifdir, həqiqətə o qədər də uyğun deyil. Lakin, bu o demək deyil ki, onlara lazımi səviyyədə qiymət verməmək olar. Əlavə edim ki, biz Krım parlamentinin analoji qərarını faktiki olaraq ləğv etdimişik.  Həmçinin prokurorluq bu qərarın qeyri-qanuni olduğunu müəyyən edib və bu münasibətlə Ali Radaya müraciət göndərib.

-Krımda təxminən nə qədər azərbaycanlı yaşayır?

-Bizim hesablamalarımıza görə Krımda 10 minə qədər azərbaycanlı yaşayır. Burada Ukrayna vətəndaşı olan şəxslər, eyni zamanda qeyri-leqal, lakin daimi olaraq yaşayan insanlar da nəzərdə tutulur. Düzdür, statistika azərbaycanlıların sayını çox az göstərir, amma, apardığımız analiz bizim rəqəmlərin həqiqətə daha uyğun olduğunu göstərir.

-Bəs azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası Sizi qane edirmi?

-Zənnimcə, azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyasını uğurlu hesab etmək olar. Bu gün Krimda həmvətənlərimiz, sovet vaxtının termini ilə desək, "xalq təsərrufatının" bütün sahələrində çalışırlar. Krımda azərbaycanlıları həkim, müəllim, hüquqşünas, jurnalist, transport işçiləri, müxtəlif səviyyəli iş adamları və s. kimi vəzıfə və iş yerlərində gormək olar. Həmyerlilərmiz eyni zamanda müxtəlif səviyyəli hakimiyyət orqanlarinda deputat seçilib. Bu yaxınlarda dünyasını dəyişmiş akademik Şamil Topçiyev Krımda tanınmış alimlərdən biri idi. Bizim nəşr etdiyimiz kitablar, çəkdiyimiz filmlər, keçirdiyimiz müxtəlif aksiyalar Azərbaycan haqqinda pozitiv rəy yaranmasına xidmət edir. Bir misal olaraq deyim ki, Krım Azərbaycan Cəmiyyəti II Dünya müharibəsi ildönümünü daha geniş işıqlandırmaq üçün jurnalistlər arasında Ümumkrım müsabiqəsi elan etmişdi və bu tədbir Krım hökumətinin rəsmilərinin iştirakı ilə yüksək səviyyədə reallaşmışdı.

-Cari ildə cəmiyyət olaraq hansı tədbirlər, layihələr həyata keçirməyi düşünürsünüz?

-Biz artıq 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirləri planımıza salmışıq. Novruz bayrami da qeyd ediləcək. Maliyyə imkanımız olarsa Krım azərbaycanlıları ilə bağlı kitab nəşr etməyi planlaşdırırıq. Həmçinin görkəmli mədəniyyət xadimlərimizin yubileyləri ilə bağlı tədbirlərimiz olacaq. Hazirda isə fəaliyyəti dayanan bazar günü məktəbinin işə başlamasına çalışırıq.
 

-Qarşıdan gələn 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı konkret hansı tədbirlər keçirməyi planlaşdırırsınız?

-Biz hər il 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiririk. Bu tədbirlər zamanı fotosərgilər təşkil edir, filmlər göstəririk. İnsanlar öz xatirələri, düşüncələri ilə bölüşürlər. Calışırıq ki, tədbirləri yeni texnologiyaların verdiyi imkanlar vasitəsi ilə dolğunlaşdıraq. Azərbaycanla, Türkiyə ilə videokörpülər yaradır, oradakı həmvətənlərimizlə bölüşürük. Son vaxtlar Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli də belə tədbirlər zamanı videokonfransla bizə qoşulur.

-Ümumiyyətlə, Krım Azərbaycan Cəmiyyəti olaraq bu gün Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

-Hesab edirəm ki, dünya miqyasında Azərbaycan diasporunun böyuk potensilı var. Lakin, iş bundadır ki, Azərbaycan dövlətinin strateji maraqları uçun çox vacib olan bu potensial tam gücü ilə istifadə olunmur. Dünya azərbaycanlılarının qurultayları bu qüvvəni formalaşdırmaqda mühüm rol oynayır, Lakin bu proses, təssüflər olsun ki, hələlik surətlənmə amplitudasına daxil olmayıb. Elə bir təssurat yaranır ki, sanki, kimsə bu prosesə müqavimət göstərir. Təkrar edirəm, düzgun taktiki və strateji istiqamət götürülərsə diasporumuz böyük potensiala malikdir. Yeri gəlmişkən diaspor təşkilatlarının mövcud olmasının vacibliyi haqqinda bir misal gətirim. Bir il öncə Ukrayna parlamentinin Fyodor Neqoy adlı deputatı press-konfrans zamanı azərbaycanlıların ünvanına təhqiredici sözlər işlətmişdi. Biz,  Krım Azərbaycan Cəmiyyəti olaraq F.Neqoyun bu hərəkətini pislədik, ona qarşı etiraz səsimizi ucaltdıq. İndi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri seçilmiş Rövşən Tağıyevlə birgə biz, apardığımız iş nəticəsində Ukrayna Ali Radasının deputatı F.Neqoyu azərbaycanlılardan üzr istəməyə məcbur etdik. Belə bir hadisə səhf etmirəmsə Azərbaycan diasporu tarixində birinci dəfə baş veribdir.
Həmçinin, demək istədiyim budur ki, diaspor təşkilatının nüfuzlu, işbilən, qanunlardan baş çıxaran, öz hüquqlarını bilən və onları qorumağı bacaran qurum kimi formalaşması ilk növbədə diaspor üzvlərinin mənafeyinə cavab verir. Yeri gəlmişkən, bunu qürbətdə yaşayan azərbaycanlılar başa düşməli və diaspor təşkilatlarının işində daha fəal iştirak etməlidirlər

-Azərbaycan diasporu ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemini yaşadıqları ölkələrin rəsmi və qeyri-rəsmi qurumlarına tam mənada çatdıra bilirmi?

-Öncə qeyd edim ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə edən dövlətlərdən biridir. Bu sualınızla bağlı bir misal gətirim. Biz Krim Azərbaycan Cəmiyyəti olaraq Ukrayna xarici işlər nazirinə belə bir xahişlə müracət etmişdik ki, XİN Qarabağa getmək fikri olan ölkə vətəndaşlarına bu səfəri Azərbaycan hakimiyyət dairələri ilə razılaşdırdıqdan sonra etmək xəbərdarlığı ilə çıxış etsin. Bizim Ukrayna XİN-dən aldığımız cavabda xarici işlər nazirinin müavini bir daha qeyd edir ki, Ukrayna Azərbaycanin ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin dinc yolla həll olunmasını istəyir. Bu diaspor təşkilatının Azərbaycan maraqları yolunda atdığı mühüm addımlardandır. Onu da deyim ki, Ukrayna kimi Avropanın ən böyük ölkəsində informasiya agentliyi, radio stansiyası, telekanal yaradilmasına bizim çox ehtiyacımız var. Bu strateji nöqteyi-nəzərdən vacib addımlardan biridir. Kütləvi informasiya vasitələrinin indiki zamanda mühüm qlobal əhəmiyyətə malik olduğunu, yəqin ki, hamı başa düşür.

-Ümumilikdə, Ukraynada Azərbaycan diasporunun fəaliyyətini necə xarakterizə edərdiniz?

-Qeyd edim ki, Ukrayna kimi önəmli bir ölkədə Azərbaycan diasporu böyük potensial imkanlara malikdir. Bu ölkədə diaspor hərəkatina güclü təkan verə biləcək insanlar çoxdur. Amma onlar müəyyən səbəblər üzündən, təəssüf ki, qurumlarımızın fəaliyyətindən kənardadırlar. Hazırda bizim daha keyfiyyətliı təhsil alan, müxtəlif dilləri daha yaxşı bilən gənclərimizin yetişdiyini nəzərə alsaq, diasporun gələcəyi mənə daha çox ümidlər verir. Lakin bu gələcəyin yetərincə parlaq olması üçün müəyyən neqativ faktorlar nəzərə alınmalı, qüsurlar aradan götürülməli, diaspor təşkilatlarının fəaliyyəti güclənməlidir. İnanıram ki, Azərbaycan diasporunun Ukraynada fəaliyyəti daha uğurlu ola bilər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31