“Xaricdə yaşayan soydaşlarımız asimilyasiyaya meyllidir” - MÜSAHİBƏ
Ramil Məmmədli: “Diasporamız artıq nəticə qazanmaq mərhələsinə qədəm qoyub”
13 Yanvar 2014 13:47 DiasporaJurnalist ekspert Ramil Məmmədlinin "Olaylar"a müsahibəsi.
- Son illərdə diaspora quruculuğunda atılan addımları necə qiymətləndirirsiniz?
-Azərbaycan öz həqiqətlərini, problemlərini, qarşılaşdığı qərəz və təzyiqləri daim dünya birliyinə çatdırmaq üçün çalışıb. Hələ ötən əsrin əvvəllərindən Şimali Azərbaycan insanı rus-bolşevik işğalını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün cəhdlər göstərib, təşkilatlar yaradıb və bununla da diaspora quruculuğu işində ilk addımlarını atıb. Amma bu iş əsaslı köklərə, yəni möhkəm özüllərə, dövlət dəstəyinə dayanmayıb. 1993-1994-cü ildən isə bu iş dövlət səviyyəsində, birbaşa ölkə başçısı Heydər Əliyevin öncüllüyü ilə görülməyə başladı. Bu məsələdə mənimlə polemika aça bilən şəxslər də ola bilər. Amma xronoloji ardıcıllıqla baxsaq görərik ki, 20-ci əsrdə diasporamızın təşkilatlanmasında, güclənməsində, uğurlara nail olmasında məhz 1993-cü ildən sonra verilən qərarlar olub. Son illərdə isə diasporamız artıq nəticələr qazanmaq mərhələsinə qədəm qoyub. 1990-cı və 2000-ci illərin əvvəllərini Azərbaycan diasporunun təşkilatlanması dövrü kimi xarakterizə etmək olardısa, son 8-10 ili nəticələr dövrü olaraq dəyərləndirmək lazımdır. Artıq Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə Azərbaycan dövlətinin apardığı diaspora siyasəti beynəlxalq düşmənlərimizi narahat etməyə başlayıb. Belə olmasaydı, erməni diasporunun mütəşəkkil formada təşkilatlanmış ölkəsi olan Fransada azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinə qarşı atdığı addımlar qısqanclıqla qarşılanmazdı. Burada söhbət ötən il Fransada Azərbaycan diasporasının nümayəndələrinə qarşı erməni şovinistlərinin fiziki təzyiq etməsi faktından gedir. Bir sözlə, quruculuq işi davamlı olmalıdır. Ancaq hər şey müqayisədən keçir. Yəni ötən illərlə müqayisədə, son dövr diaporası üçün uğurlu olub və bunun sayəsində də lobbiçilik imkanlarımız genişlənib.
- Diaspora quruculuğunda hansı ölkələrin təcrübəsindən istifadə edilsə daha yaxşı olardı? Sizə elə gəlmirmi, lobbiçilik daha yaxşı effekt verə bilər?
-Əvvəla onu deyim ki, öyrənmək olar, amma onu tətbiq etmək çox çətindir. Xüsusən də uzun onilliklər müstəqil dövlətçilik təcrübəsindən uzaqda qalan xalq üçün bu müşkül məsələdir. Azərbaycan xalqı spesifik xarakterə, mental xüsusiyyətlərə malik olan bir toplumdur. Bizi heç bir xalqla eyniləşdirmək olmaz. Oxşar cəhətlərimiz olsa belə...Lakin diaspora quruculuğunda örnək götürə biləcəyimiz xalq yəhudilərdir. Əlbəttə, bunu bəziləri qəbul etməyə də bilər. Ancaq bu bir reallıqdır. Ötən 20-ci əsr sübuta yetirdi ki, yəhudi diasporasının qazandığı uğurlar, bunun möhkəm özül üzərində qurulmasının nəticəsində baş verib. Bəzən erməniləri də bizim üçün misal çəkənlər olur. Mən bununla razı deyiləm. Çünki ermənilərin diaspora fəaliyyəti yalnız türk millətinə qarşı kampaniya üzərində qurulub. Yəni, yalnız şovinist köklərə dayanıb. O ki qaldı lobbiçiliyin daha effektli olmasına, bunu formalaşdıran da diasporadır. Ümumiyyətlə, lobbiçilik diasporanın mütəşəkkil formatıdır. Yəni lobbiçiliyə keçid təşkilatlanmış diaspora fəaliyyətindən keçir. Əlbəttə, diasporamızın olmadığı ölkələrdə də dövlətin lobbiçilik fəaliyyəti mövcuddur. Lakin bu digər tərəfin müəyyən maraqları qarşılığında reallaşır. Ancaq lobbiçilik işinin də gücləndirilməsi zəruridir. Çünki azərbaycanlıların çoxluq təşkil etmədiyi ölkələr də var ki, burada da bizim dövlət maraqlarımıza xidmət edən tədbirlərin görülməsi vacibdir. Məhz bu işin öhdəsindən lobbiçilik fəaliyyəti gələ bilər. Yəni tam olaraq təqdir olunası bir işdir.
- Latın Amerikası ölkələrindəki Azərbaycan diasporasına niyə çox diqqət ayrılmır? Orada da kifayət qədər azərbaycanlı yaşayır.
-Bilirsiniz, Azərbaycan öz dövlət müstəqilliyini yeni qazanan ölkələr sırasındadır. Ötən 20 il bizim üçün təşkilatlanma, islahatlar dövrü olub. Digər tərəfdən isə Azərbaycan ərazilərinin bir hissəsi Ermənistanın işğalı altındadır və bu müdaxilə hələ də bitməyib. Yəni geniş miqyaslı hərbi əməliyyatlar olmasa da cəbhədə qarşıdurmalar mövcuddur. Bundan başqa dünya birliyində söz sahibi ölkələrin heç də hamısı bizə dost deyil. Yəni dövlətçiliyimizin qorunub saxlanması üçün çox təzyiqlərin qarşısında dayanmalı oluruq. Bu baxımdan Azərbaycan daha çox dünyada söz sahibi olan ölkələrdə diaspora işinin gücləndirilməsinə üstünlük verir. İnanıram ki, Latın Amerikası ölkələrində də diaspora işi gücləndiriləcək. Açığı, diasporanın təşkilatlanması üçün dövlətin dəstəyi heç də önəmli deyil. Yəni həmin bölgədə yaşayan azərbaycanlılar öz təşəbbüsləri ilə diaspora fəaliyyətini inkişaf etdirə bilər.
- Xaricdə yaşayan azərbaycanlıların assimilyasiyasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
- Əlbəttə, Azərbaycan öz peyki vasitəsilə milli televiziya kanallarının imkanlarından istifadə edərək, xaricdə yaşayan soydaşlarımız arasında təbliğat işini gücləndirə bilər. Əslində isə qeyd etdiyiniz məsələ fərdi xarakter daşıyır. Yəni hər bir azərbaycanlı öz ailəsində bu təfəkkürü təbliğ etməlidir. Əks təqdirdə dövlət milyardlar xərcləsə belə, assimilyasiyanın qarşısını almaq mümkün olmayacaq. Təəssüf ediləcək məqam isə soydaşlarımızın assimiliyasiyaya meyilli olmasıdır. Xarici ölkələrdə olduğum zaman belə faktlarla tez-tez rastlaşmışam. Hesab edirəm ki, dövlətimiz gücləndikcə, təbliğatımız artıqca soydaşlarımızın assimiliyasiya riski azalacaq.
- Son illərdə Azərbaycandan Avropaya mühacirət edən azərbaycanlılar daha çox siyasi fəaliyyətlə məşğuldurlar. Yəni ki, orada da müəyyən partiyaların mövqelərindən çıxış edirlər. Bu diaspora fəaliyyətində mənfi tendensiya yaratmır ki?
-Əgər soydaşlarımız yaşadıqları ölkənin siyasi mühitinə inteqrasiya edə bilirlərsə, bu Azərbaycan və həmin ölkədə yaşayan diasporamız üçün mühüm əhəmiyyət kəsb edir. Yox, əgər söhbət həmin şəxslərin Azərbaycandakı siyasi çəkişmələrdə iştirakından gedirsə, bu bir qədər anlaşılmayan məsələdir. Çünki xaricdə yaşayan soydaşlarımız ölkəmizdəki siyasi prosesləri daha çox mediadan izləyə bilirlər. Bu zaman isə prosesin əsl həqiqətlərindən xəbərsizlik sindromu yarada bilər, hətta yaradır da. Məsələnin diasporanın fəaliyyətinə mənfi tendensiya yaratmasına gəlincə isə onu deyim ki, bəli siyasi fikir ayrılığının xaricdə yaşayan soydaşlarımıza sirayət etməsi, diasporanın mütəşəkkilliyinə mənfi təsir göstərir. Bunun acı nəticələrini sadalamaq da olar. Məsələn, bir neçə il əvvəl Dünya Azərbaycanlıları Konqresində təmsil olunan bəzi şəxslər məsələyə öz siyasi konyukturaları baxımından yanaşırdılar. Nəticədə, qurumda ciddi gərginlik yaranmışdı. Hesab edirəm ki, siyasi baxışlarından asılı olmayaraq, bir bayraq altında birləşən xalqımız yalnız dövlət və millət naminə fəaliyyət göstərməlidirlər. Yəni ölkədaxili partiyalar arasındakı çəkişmələri diaspora nümayəndələrimizə daşımaq düzgün deyil. Bu partiya mənsubiyyəti ayrı olan soydaşlarımız arasında konflikt yaradır və milli işimizə xələl gətirir.
- Diaspora fəaliyyətinin stimullaşdırılması üçün hansı işlər görülməlidir?
- Təəssüf ki, bəzi iri diaspora təşkilatlarımız arasında hələ də soyuq münasibət qalmaqdadır. İlk növbədə bu məsələ öz həllini tapmalı, aidiyyatı dövlət qurumları həmin təşkilatlar arasında münasibətlərin istiləşməsinə çalışmalıdırlar. Dünya azərbaycanlılarının qurultayları təşkil olunan zaman diaspora təşkilatları arasında fərq qoyulmamalıdır. Siyasi baxışlarından asılı olmayaraq, lobbiçilik imkanları olan bütün diaspora qurumlarımızın vətəndə keçirilən birlik toplnatılarında iştirakı təmin olunmalıdır. Regional diaspora qurumları yaradılmalı, mövcud olanların təşkilatlanması işinə yaxından dəstək olunmalıdır. Səfirliklərimizin diaspora işinə qayğısı artırılmalıdır. Qeyri-rəsmi dəstək gücləndirilməli, ofis və digər problemlər həll olunmalıdır. Bütün bu məqamlar öz həllini tapdıqca diaspora fəaliyyəti stimullaşacaq və lobbiçilik imkanlarımız artacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir