Diasporun daha da inkişaf etdirilməsi üçün

Bir sıra vacib məqamlar nəzərə alınmalıdır

Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ çox işlər görülməlidir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəçək. Bununla yanaşı diaspor sahəsində bir sıra nüanslara ciddi fikir verilməsi zəruri hsab olunur. Bu sıraya həm mədəniyyət, həm idman, həm də digər sahələr üzrə tədbirlərin təşkil olunmasını aid etmək mümkündür. Elə ekspertlər də bu qənaətdədirlər ki, yuxarıda qeyd edilən istiqamətlər də diaspor təşkilatlarının diqqətindən yayınmamalıdır.

Məsələn, incəsənət sahəsində diasporla əməkdaşlığa ciddi fikir verilməklə, onların bu istiqamətdə həmrəyliyinə nail olmaq mümkündür. Etiraf edək ki, son illərdə Azərbaycanla bağlı bir neçə sənədli film çıxsa da, bu istiqamətdə boşluq hiss olunur. Diaspor təşkilatları incəsənətə çox meyilli olsalar da burdan lazımi səviyyədə istifadə etmək iqtidarında deyillər. Bu günə qədər diaspor nümayəndələri Azərbaycan filmlərinin həftəsini yaşadıqları ölkələrdə təşkil edə bilmirlər. Və yaxud hər hansı bir mükafat təsis edib, onu daha  çox seyrici kütləsi qazanan filmə təqdim etməyiblər. Bunlarla paralel olaraq onların çox hissəsini öz köməkliklərini təklif dərək, bəzi Azərbaycan filmlərinin xarici dillərə tərcümə edilməsi işinə cəlb etmək olar. Teatrla bağlı isə kiçik bir teatr truppası təşkil edib, diaspor nümayəndələri üçün vaxtaşırı səhnə əsərlərinin təqdim edilməsindən istifadə etmək mümkündür. Paralel olaraq musiqili-ədəbi gecələrin təşkil edilməsi məsələsinə xarici siyasət konstitusiyasında yer ayırmaq zəruridir. Son zamanlar Azərbaycan təşkilatlarının istifadə etdikləri musiqili gecələrin, konsert turnelərinin, musiqi festivallarının keçirilməsi işini daha da fəallaşdırmaq mütləq addımdır. Çünki musiqidən güclü təbliğat yoxdur.  Workshop adlanan istirahət-təbliğat vasitələrindən də istifadə edərək xaricdə Azərbaycan barədə güclü təbliğat aparmaq olar. Bunun üçün Azərbaycan rəqslərinin bilicilərini bir müddətə xarici ölkələrə səfərinin dövlət tərəfindən maliyyələşdirərək Azərbaycan diasporunun gənc nümayəndələrini bura dəvət edib, onlara milli rəqsləri elmi və ədəbi formada təbliğ etmək olar. Eyni zamanda xarici gəncləri də bu işə cəlb etmək məqsədəuyğundur. İncəsənət sahəsində təbliğatın başqa bir qolu foto-rəsm sərgilərinin keçirilməsidir. Digər tərəfdən müxtəlif idman yarışlarının təşkili, festivalların başqa millətlərlə birgə keçirilməsi, diaspor nümayəndələrinin həftə sonu görüşlərinin təşkili, dil kursları açmaq, kitabxanalar yaratmaq və bura sərbəst gəliş-gedişi təmin etmək, milli mətbəxin təbliği məqsədilə hansısa bir mərkəzdə müxtəlif xörəklər bişirib, pulsuz olaraq paylamaq, xarici vətəndaşları çay süfrəsi axşamlarına dəvət etmək və s. kimi vasitələr Azərbaycan diasporunun güclənməsi ilə yanaşı dövlətimizin təbliği işinə çox böyük yardım olar.
Təhsil sahəsinə də xüsusi diqqət yetirmək lazımdır. Müşahidələrimizə görə son bir neçə ildə Azərbaycan ali məktəblərinin diplomlarını əldə etmək istəyən soydaşlarımızın sayı artmaqdadır. Onlar üçün güzəştli şərtlər verməklə yanaşı, xaricdə təhsil alan diaspor nümayəndələri ilə sıx bağlı olan tələbələrimiz üçün dəstək verməklə, universitetlərdə Azərbaycanla bağlı guşələr açmaq, kitab sərgisi təşkil etmək, rəsm-foto festivallar keçirmək, Azərbaycanla bağlı bilgi əldə etmək istəyən əcnəbilərə köməkliklər göstərilmək üçün xarici siyasət konsepsiyasında özünəməxsus diqqət verilməlidir. Dil kursları açmaq və Azərbaycan dili ilə paralel xarici dillərdə çap olunan elmi-bədii ədəbiyyatları nəşr etmək, virtual universitetlər təsis etmək görülməsi zəruri olan işlərdən hesab edilir. Məktəblərarası dostluq və mübadilə proqramından da istifadə edilsə uğurlu nəticələr əldə etmək olar.
Təşkilati sahədə xarici siyasətdə müəyyən irəliləyişlər hiss olunur. Son zamanlar bir sıra ölkələrdə yeni təşkilatların və təşkilatları ətrafında sıx birləşdirən konqresslərin yaradılması diasporumuzun inkişafına təkan verən amillərdəndir. Lakin burada bəzən təşkilatlar arasında ayrı-seçkiliyə yol verilməsi kimi neqativ hallar baş verir. Bəzən isə yaradılan təşkilatlarda iqtidar-müxalifət meyllərinin təzahür etməsi diaspordaxili problemləri ortaya çıxarır. Belə neqativ halların aradan qaldırılması üçün mütləq siyasi baxışların müstəqilliyi qorunub saxlanılması və yalnız dövlətçilik mövqeyindən çıxış etməyi təklif etmək düzgün olardı.

Diaspor təşkilatlarının xaricdə nüfuzlu siyasi partiya və təşkilatlarla münasibətlər qurmasına da nail olmaq mümkündür. Çox effektiv nəticələr verə biləcək olan bu addım lobbi mexanizminin yaranmasını da labüd edəcək. Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa, Almaniya və s. ölkələrin qanunvericilik məclislərində dostluq qrupları yaratmağa xüsusi diqqət yetirmək lazımdır. Dost Türkiyənin Birləşmiş Ştatlar Konqresində yaratdığı Dostluq Qrupunda 60-dan çox konqresmen var, Ermənistanın 50, Rusiyanın 35-dən çox dostları hazırda bu ölkələrin milli maraqlarını təmin edirlər. Azərbaycan üçün belə bir qrupun yaradılması xarici siyasətdə uğurlar əldə edilməsinə böyük yardımçı ola bilər.
Beynəlxalq təcrübədə daha çox tətbiq edilən Düşüncə Qrupları (Think-Tank) diasporların inkişafı ilə yanaşı, dövlətin güclü təbliğatı üçün vacib bir qurumdur. İnsanların içinə düşdüyü və heç cür çıxa bilmədiyi bu vəziyyətdən xilas ola bilməsi üçün oxuması, düşünməsi, müzakirələr etməsi çox vacibdir. Bütün bunların ola bilməsi üçün də hər şeyin rahatca danışılıb incələndiyi bir cəmiyyətin olması vacibdir. Bu gün təhsil, səhiyyə, iqtisadiyyat, siyasət, müdafiə strategiyaları və ətraf mühit kimi həyatın hər sahəsində yeni yanaşmalara, original fikirlərə ehtiyac vardır. Bunun bir yolu da hər bir müəssisədə çox alternativli - beyin fırtınalı düşüncə klublarının (Think-Tank) təşkilidir. Qərbdə gələcəyə doğru proyektlər irəli sürən bizim dilimizdə tam tərcüməsi "Düşüncə Tankı" olan "Think-Tank" quruluşları isə ölkəmizdə yox deyiləcək qədər azdır. ABŞ-da 3500-ə qədər "think-tank" müəssisəsi vardır. Bunların hər biri ayrı ixtisas sahələrində, siyasətdən ictimai problemlərə, büdcədən mülki müdafiəyə qədər bir çox sahələrdə fəaliyyət göstərirlər. Məsələn, bir "think-tank" quruluşu olan Bruklin müəssəsi sadəcə dövlət büdcəsi ilə maraqlanmayıb, büdcənin hazırlanmasına kömək etməkdə və yerinə yetirilməsinə nəzarət etməkdədir. Misirdə belə bir think-tank araşdırma institunun illik büdcəsi 20 milyon dollardır. Think-tank klublarını, düşüncənin araşdırılması və təkmilləşdirilməsi müəssisələri kimi qəbul edə bilərik. Məqsəd çox düşünmək və mümkün olduqca çox fikir irəli sürməkdir. Bir baxıma think-tanklar düşüncəsizliyə qarşı bir üsyandır. Nəticədə, Ölkəmizdə bir çox mövzuda çox sayda think-tanklara və təbii ki, beyin fırtınaları meydana gətirəcək yeni kəşf və icadlara fon hazırlayacaq gənc nəslə ehtiyac olduğunu qeyd etmək yerinə düşərdi.
Azərbaycan rəsmiləri Think-Tanklarda müxtəlif seminarlar, görüşlər, konfranslar, qeyri-rəsmi görüşlər, sərgilər keçirə və burada soydaşlarımız üçün təhsil proqramları da təşkil edə bilər. Beyin evi vəzifəsini yerinə yetirəcəkcək  olan Think - Tank kimi qurumların yaradılması xarici siyasət konsepsiyasında əsas yerlərdən birini mütləq tutmalıdır. Ekspert Zaur Əliyev isə deyir ki, ən önəmlisi isə Diaspor Fondu kimi qurumun təsis edilməsi məsələsini sürətləndirmək zəruri addımlardan sayılır. Bizdə bu təcrübənin tətbiq edilməsi xərclənən pullarda və toplanan vasitələrdə şəffaflığın olması ilə yanaşı pərakəndəliyə bir dəfəlik son qoyacaq. Xaricdə yaşayan soydaşlarımız içərisində bəzən onlardan pul yığılması barədə söylənilən narazılıqların aradan qalxmasında da fondun böyük köməyi olacaq. Bütün bu konkret sahələrlə paralel olaraq bir sıra məsələlər qalıb ki, hazırda onlardan diasporların təcrübəsində məharətləri istifadə edilir. Çin kimi nəhəng dövlətin mədəniyyətini təbliğ edən və eyni zamanda diasporda həmrəyliyin qorunması üçün restoran-kafe məsələsini yaratmaq olar. Milli mətbəxin təbliğ olunması ilə yanaşı soydaşlarımızın bir araya gəlməsinə şərait yaradacaq olan bu addım dövlətə iqtisadi dividentlər də gətirə bilər. Tez-tez dünya azərbaycanlıları barədə kataloqlar yaradılması xarici siyasət kursunun əsas priotetlərindən biridir. Bu katoloqlara xaricdə təhsil alan, işləyən azərbaycanlıların adlarının salınması da vacibdir. Həmçinin "Qaynar Xətt" təcrübəsinin tətbiq edilməsi diasporun vətənə bağlılığını artıra bilər. Hər bir azərbaycanlı istənilən zaman pulsuz olaraq "qaynar xətt" vasitəsilə səfirlik, yaxud Think Tankla əlaqə saxlaya, problemləri söyləyə və Amerikada keçirilən tədbirlər barədə ətraflı məlumat əldə bilər. Yəhudi, erməni, Çin diasporlarının tətbiq etdiyi bu sistemdən Azərbaycanın da istifadə edilməsinə böyük ehtiyac var.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31