Dövlətin diaspor siyasəti

İstənilən sahədə olduğu kimi diaspora sahəsində dövlətin dəstəyi və həmin istiqamətə yardımın ayrılması önəmlidir. Bu gün dünyada aparıcı rola malik olan bir sıra ölkələrin diasporlarına nəzər yetirsək aydın şəkildə götərik ki, məhz onlar dövlətin ilkin mərhələdə ciddi dəstəyi nəticəsində hazırkı vəziyyətə gəlib çıxa biliblər. Bu müsbət tendensiya Azərbaycanda da müşahidə edilməkdədir. 1991-ci ildə tarixində ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan dövləti əksər sahələr kimi diaspor sahəsini də özünün əsas prioriteti hesab edərək bu istiqamətə diqqəti artırdı. Çox keçmədən bu istiqamətdə mühüm qərarlar qəbul edildi, dövlət səviyyəsində məqsədyönlü addımlar atıldı. "Diaspor və Lobbi" Araşdırmalar Mərkəzinin rəhbəri Zaur Əliyev də hesab edir ki, Azərbaycan dövləti diaspor sahəsinə lazımı qədər diqqət ayırıb, bu sahənin inkişaf etdirilməsi üçün müvafiq addımlar atıb: " Azərbaycan dövləti yarandığı ilk gündən etibarən təkcə respublika vətəndaşlarının deyil, ümumiyyətlə, bütün dünya azərbaycanlılarının yeganə milli varlıq simvolu, onların milli qürur mənbəyi və etibarlı istinad mərkəzi, himayədarı və milli-siyasi mövcudluq üsulu kimi çıxış edir. Təssadüfi deyil ki, dövlətimiz dünya azərbaycanlılarının ümummilli mənəvi birliyi və həmrəyliyi ideyasının əsas strateji mərkəzlərdən biri kimi götürüldüyünü, bu cür həmrəyliyin dövlətimizin və xalqımızın ən ali məqsədlərindən biri olduğunu rəsmən bəyan etmişdir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi, Dünya Azərbaycanlılarının I, II, və III Qurultayının keçirilməsi, Diasporla İş Üzrə Dövlət Komitəsinin yaradılması və ən əsası Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında Qanunun mərhum prezident Heydər Əliyev tərəfindən imzalanması dövlət üçün diaspor probleminin nə dərəcədə aktual olduğunun bariz göstəricisidir. Azərbaycan dövləti bu addımları atmaqla çoxsaylı və geniş imkanlara malik olan diasporumuzla qarşılıqlı, faydalı, hərtərəfli, intensiv və ardıcıl əlaqələr qurmaq istiqamətində maraqlı olduğunu nümayiş edirir. Ancaq bu gün diasporumuzun üç mərkəzçilik (vətəndaşlıq mənsubiyyətindən asılılıq) faktoru kimi formalaşması səbəbilə xarici siyasət kursunda tam olaraq müəyyənləşdirilmə aparılmayıb. Azərbaycan dövlətinin öz milli kimliyini qoruyub saxlaması və bu gün dünya birliyində layiqli yer tutması üçün mütləq yeritdiyi xarici siyasət konsepsiyasına diasporla bağlı münasibətdə redaktələr edilməlidir". Zaur Əliyev deyir ki, dövlət maddi və siyasi dəstəyini potensial şəkildə diaspor-lobbi təşkilatlarına dəstək kimi ortaya qoyaraq bu prosesi sürətləndirir: "Diaspor-lobbi siyasətinin mahiyyəti buradakı insanların sosial sifarişlərinə siyasi dəstəyi qazanmaq bu istiqamətdə təşkilatlanaraq eyni zamanda mənsub olduqları millətin dövlətinə xaricdə xidmət etmək kimi qəbul olunur. Müasir dövrdə, qloballaşan dünyada professional səviyyədə hazırlanan xarici siyasət konsepsiyası hər bir dövlətin xarici siyasət kursunun səmərəliliyinə təsir göstərən əsas və vacib amildir". Mərkəz rəhbərinin sözlərinə görə, diaspor təşkilatlanmalarını həyata keçirmək üçün dövlətlərin rolu daha cəzbedici görünür: "Burada dövlət xarici siyasətini sistemli şəkildə həmin ölkələrdəki diaspor qurumları ilə həyata keçirir, yalnız maddi və mənəvi dəstəyi daim ikinci planda saxlayır. Beynəlxalq siyasətin tərkib hissəsi kimi diaspora təşkilatlarının rolu əvəzedilməzdir. Təsəvvür edin ki, Azərbaycanın hər hansı bir xarici ölkədəki diaspor qurumu həmin ölkənin ali qanunverici orqanları ilə sıx əlaqədədir və eyni zamanda bu orqanda potensial bazaya malikdir. Belə olduğu təqdirdə diaspor mövcud imkanlarını ortaya qoyaraq həmin ölkə ilə Azərbaycanın iqtisadi siyasətini əlaqələndirir. Burada məntiqlə əsas hədəf odur ki, iqtisadi baxımdan sistemli şəkildə qarşılıqlı fəaliyyət göstərən dövlətlər istər istəməz xarici siyasətdə bir-birlərinin maraqlarını nəzərə alır və bu siyasəti daima korrektə edir. Diaspor təşkilatlarının başqa güclü tərəfi isə regional əlaqələrin qurulmasına nail olunmasıdır. Qeyd etdiyimiz kimi, hər bir diaspor öz dövləti ilə, yaşadığı ölkə arasında faydalı dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında və mövcud münasibətlərinin genişləndirilməsində pozitiv, bəzən isə müstəsna rol oynaya, stimul kimi çıxış edə, eləcə də ana vətənlərinin sosial-iqtisadi, mədəni və hüquqi-siyasi quruculuq işində yaxından iştirak edə bilər". Zaur Əliyev deyir ki, Azərbaycan dövləti gənc olmasına baxmayaraq 1991-ci ildən bu günə qədər fəaliyyət göstərdiyi müstəqillik illərində çox önəmli addımlar atıb: "Lakin diasporumuzun hələ də tam olaraq birləşməməsi, vətəndaşlıq mənsubiyyəti problemlərinin çözülməməsi, dövlətlə diasporun münasibətində bəzi tərəddüdlərin olması və digər məsələlərin həllində boşluqlar olması xarici siyasət konsepsiyasında dəyişikliklərin edilməsinə ehtiyac var. İlk olaraq Azərbaycan dövlətinin diasporla bağlı qəbul edilən qanun layihəsini nəzərdən keçirək. Çox mükəmməl tərtib edilən qanun layihəsi bir başa xaricdə yaşayan azərbaycanlılara şamil olunur. Dövlət qanunun tərtib edilməsi zamanı milli təhlükəsizlik və dövlətçilik amili önə çəkilib. Bu öz-özlüyündə müsbət haldır, lakin unutmaq lazım deyil ki, Azərbaycan diasporu deyiləndə Şimali-Cənubi və Türkiyədən müxtəlif illərdə mühacirət prosesinə qoşulan soydaşlarımızla yanaşı, Gürcüstan və Rusiya ərazisi kimi qəbul edilən Borçalı və Dərbənd azərbaycanlıları da nəzərdə tutulur. Azərbaycan Respublikasının Qanunda dolayısı olaraq bu şəxslərin müdafiəsi də nəzərdə tutulur. Lakin dövlət birbaşa olaraq Rusiya, İran və Gürcüstanda yaşayan soydaşlarımızı diaspordan ayıra bilməz. Çünki sərhəd və diplomatik bağlılığı olan dövlətlər arasında ərazi-milli münaqişəsinin hazırkı dövrdə baş verməsi Azərbaycan üçün müsbət dividentlər gətirə bilməz. Buna görə də dövlət ikili vətəndaşlıq məsələsində bir qədər ehtiyatlı davranır. Lakin onları kənarlaşdırılmır da. Qanunda bu məsələyə AR Konstutisiyasının 6-cü maddəsinin I hissəsni əsas götürülərək, hər bir diasporun nümayəndəsi Azərbaycanda olan zaman ölkə vətəndaşları kimi eyni hüquqa malikdirlər.
Azərbaycan Resupublikasının sözü gedən Qanunu hüquqi dövlətçilik baxımından yüksək səviyyədə tərtib edilməsinə baxmayaraq, diasporla əməkdaşlığın gücləndirilməsi istiqamətində beynəlxalq təcrübədə mövcud elə strateji xəttlər var ki, qeyd etdiyimiz kimi, dövlət bunu dolayısı yollarla da həyata keçirə bilər. Qeyd olunanlar bir daha təsdiqləyir ki, müasir Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının hüquqlarını müdafiə etməyi, soydaşlarımızın problem və qayğılarının həllinə yardım göstərməyi özünün prioritet vəzifələrindən biri elan etmişdir. Mərkəz rəhbərinin sözlərinə görə, hazırda bu işin aparılması üçün bir çox beynəlxalq aləmdə tanınan diaspor təşkilatları var: "Bunlar Dünya Azərbaycanlıları Konqresi, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası, Avropa Azərbaycanlıları Konqresi və s. vasitəsilə dövlət rəsmən açıqlaya bilmədiyi xarici siyasət konsepsiyasını reallaşdıra bilər. Bəs Azərbaycan Respublikası xarici siyasət kursunda diasporla iş aparmaq prinsipləri necə tərtib olunmalıdır? Bunun üçün ilk olaraq azərbaycanlıların vətəndaşlıq mənsubiyyəti mütləq nəzərə alınmalıdır. Eyni zamanda azərbaycanlıların məskunlaşdığı dövlətlərin siyasi sistemi, Azərbaycan Respublikasına olan münasibəti, burada məskunlaşan soydaşlarımızın mühacirət səbəbi, sosial-iqtisadi durumları, Vətənə münasibətləri və s. səbəblər ciddi olaraq öyrənilməlidir. Dövlət xarici siyasətində tez-tez statistik araşdırmalara diqqət yetirməlidir. Fikrimizcə siyasəitin aparılmasında daha vacib istiqamətlər tam olaraq müəyyən edilməlidir. Bunlara incəsənət, iqtisadiyyat, hüquq, media, elmi-analitik informasiya, idman və s. sahələr də daxil edilməlidir". Zaur Əliyev onu da qeyd edir ki, ilk olaraq - informasiya sahəsinə xarici siyasət konsepsiyasında mühüm yer ayırmaq lazımdır: "Qeyd etdiyimiz kimi informasiya sahəsində irəlidə olmaq bütün problemlərin həll olunmasına nail olmaq üçün atılan zəruri addımdır. Məlumdur ki, hazırda Azərbaycan diasporuna məxsus bir çox ölkədə informasiya işinin aparılması üçün TV-Radio kanallar, qəzet-jurnallar, internet saytları və s. vasitələr mövcuddur. Lakin saytların primitiv dizaynı, hər bir saytın məğzinin yalnız mədəniyyət və öz-özünü öymələrdən ibarət olan paneqrinlər, eqoseitrik açıqlamalar təşkil etməsi qloballaşan dünyada özünü sübut etməyə yetərli deyil. Müasir dünyada təbliğatın ən əsas vasitəsi TV kanalları sayılır. Avropa və Amerika ölkələrində TV kanalı açmaq çox maliyyə tələb edir. Lakin hər hansı bir kanalda müəyyən vaxt əldə etmək üçün yalnız bu ölkələrdə yaşayan diaspor təşkilatlarının müraciəti yetərli olar. Ancaq bu verilişlərin yayım dairəsi müəyyən şəhərin hüdudları çərçivəsində olur. İnternet saytı açmaqda isə heç bir məhdudiyyət yoxdur. Müəyyən məbləğə satılan domenlər və yaxud pulsuz olaraq xidmətə verilən saytları açmaq üçün yalnız vaxt və səbr lazımdır. Bu gün Azərbaycan diasporuna məxsus minlərlə sayt var və onların sayı gündən-günə artsa da, məzmunda heç bir dəyişikliklər baş vermir. Bunun aradan qalxması üçün dövlət müxtəlif elmi-tədqiqat mərkəzləri və qurumlara xaricdə yaşayan soydaşlarımızın sərbəst çıxışını təmin etməlidir. Azərbaycanla əlaqəli saytı yaratmaq istəyən diaspor təşkilatları və yaxud fərdi şəxslərin üzləşdiyi ən böyük problem tarix, mədəniyyət və s. ilə bağlı dolğun və səhih məlumatların yoxluğudur. Qəzet-jurnal nəşr etmək də elə çox maliyyə tələb etmir. Bu işdə dövlətin xüsusi fondu olmalıdır ki, diaspor təşkilatlarına qismən yardım etməklə rus, ingilis, fars dilli mətbuat təsis edə bilsinlər. Bu mətbuat orqanlarına hər bir diaspor nümayəndəsinin çıxış əldə etmək hüququ olmalı, burada dərc edilən yazılarda müstəqil fikirlərin əks edilməsində əngəlliklər olmamalıdır. Kitab, broşur və digər məlumatlandırıcı materialların çıxışına da xüsusi yer vermək lazımdır. Azərbaycan barədə dolğun məlumatların əks olunduğu kitabların çap edilməsi diasporla əməkdaşlıq strategiyasında özünəməxsus mövqe tutmalıdır".


Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31