“Lobbiçiliyin təşkili xarici siyasətimizin prioritet məsələlərindən biridir” - MÜSAHİBƏ

Niyaz Niftiyev: “Gənclərimiz dünyanın ən tanınmış universitetlərində yüksək təhsil almaqla birlikdə, ölkəmizi təhsil aldıqları ölkələrdə də layiqincə təmsil edirlər”

"Azadinform" İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyevin "Olaylar"a müsahibəsi

- Diasporumuzun Azərbaycan naminə lobbiçilik işinin gücləndirilməsində, ölkəmiz üçün həyati vacib olan məqamlarla bağlı siyasi və iqtisadi qərarların qəbuluna lobbiçilik vasitəsilə təsir edilməsində rolunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz ki, lobbiçilik ayrıca bir institutdur. Bunun üçün ilk növbədə soydaşlarımız yaşadıqları ölkənin elitasına daxil olmağı bacarmalıdırlar. Soydaşlarımızın uzaq xaricə çıxışının tarixi o qədər də dərin deyil. Ona görə də zaman-zaman problemlər yaşayırdıq. Müstəqilliyinin ilk illərindən etibarən azərbaycanlıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Buna nail olmaq üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Ümummilli lider Heydər Əliyev də bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə aldı. Bir sözlə, dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Qısa bir zamanda da buna nail olundu.

- Necə düşünürsünüz, xüsusən də güc sahibi olan, dünyanın vacib qərarlarını qəbul edən ölkələrdə Azərbaycanın ərazilərinin işğal olunmasının ictimaiyyətə çatdırılması sahəsində hansı işlər görülə bilər və Azərbaycan diasporu buna hansı töhfələrini verə bilər?

- Əslində diasporumuzun əsas devizi Azərbaycan ərazilərinin işğal olunmasının ictimaiyyətlə yanaşı, daha çox həmin ölkələrin nüfuzlu insanlarına çatdırılması olmalıdır. Belə olan təqdirdə biz nəyəsə nail ola bilərik. Çünki, dünyanın hər yerində mühüm qərarları sadə insanlar deyil, nüfuzlu şəxslər həll edir. Bu kateqoriyaya parlamentariləri, sabiq prezidentləri, nazirlər və digərlərini əlavə etmək olar.  Məsələn, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun üzvlərinə fikir verin. Bu quruma kifayət qədər nüfuzlu insanlar cəlb olunub. Bu Mərkəzin vasitəsi ilə Bakıda və xaricdə keçirilən tədbirlər elə Azərbaycanın təbliği deməkdir. Mərkəzin üzvü olan sabiq prezidentlər, nazirlər, parlamentarilər bu işdə bizə dəstək verirlər və gələcəkdə də bu missiyanı davam etdirmək lazımdır. Digər tərəfdən, diaspor nümayəndələrimiz fəaliyyət göstərdikləri ölkələrin nüfuzlu universitetlərdə Qarabağla bağlı informasiya guşələri yaratmalı, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımızla əl-ələ verərək Azərbaycanın inkişafı naminə səylərimizi artırmalıdırlar. 

- Bəs, xarici ölkələrdəki diaspor təşkilatlarının formalaşmasına və diasporla bağlı digər işlərə orada təhsil alan azərbaycanlı tələbələrin yaxından cəlb edilməsini necə qiymətləndirirsiniz? Sizə elə gəlmir ki, tələbələr hazırda bu işlərə o qədər də fəal cəlb olunmurlar?

- Düşünürəm ki, hazırda belə bir problem yaşanmır. Yəni, gənclərimiz dünyanın ən tanınmış universitetlərində yüksək təhsil almaqla birlikdə, ölkəmizi təhsil aldıqları ölkələrdə də layiqincə təmsil edirlər. Əlbəttə, xaricdəki tələbələrimizin üzərinə daha çox məsuliyyət düşür. Onlar təhsil aldıqları ölkələrdə vətənimizin qeyri-rəsmi səfiri missiyasını daşıyırlar. Sevindirici haldır ki, bunun fərqində olan tələbələrimiz diaspora fəaliyyətləri zamanı, sadəcə tədbirlər keçirməklə kifayətlənmirlər. Onlar həm yerli, həm də xarici KİV-lərlə də sıx əməkdaşlıq edirlər. Son illər gənclərimizin diaspora fəaliyyətində gördüyü işlər və əldə etdikləri uğurları mətbuatımızda yer alan xəbərlərdən də açıq-aydın görmək mümkündür. Elə xaricdə təhsil alan tələbələrimizdən Baş redaktoru olduğum "Azadinform" İnformasiya Agentliyinin e-mailinə də bu cür məlumatlar gündəlik olaraq gəlməkdədir. Biz bu cür xəbərləri sevə-sevə yayımlayırıq. Məncə, belə olduğu zaman onlar daha da həvəslənirlər. Yaxşı olardı ki, digər KİV-lərdə belə xəbərlərə daha çox yer verərdi. Bütün bunlar onların nə qədər aktiv olmasından xəbər verir. Xarici universitetlərin hər birinin nəzdində həm də tələbələrin təmsil etdikləri ölkələrin adından ibarət tələbə cəmiyyətləri fəaliyyət göstərir. Elə bu tələbələrin gördükləri işlər çox zaman diaspora təşkilatlarının gördüyü işlərdən daha çox və daha effektiv olur. Onlar öz fəaliyyətləri ilə diaspora təşkilatlarını özlərinə cəlb edirlər. Bütün bu səbəblərdən tələbələrimizin xaricdə göstərdiyi fəaliyyətləri yüksək qiymətləndirmək olar. Sadəcə onların təkliflərini diqqətlə dinləməli, lazımı dəstəyi göstərmək lazımdır. Əlbəttə, bu sahədə problemlər də var. Bəzən xaricdəki tələbələrimizin Azərbaycanın təbliği ilə bağlı cəhdləri yetərsiz olur və yaxud da istədikləri effekti vermir. Təbii ki, bunun müxtəlif səbəbləri var. Xarici universitetlər çox zaman etiraf edirlər ki, azərbaycanlı tələbələr qədər öz ölkələrinin təbliği məqsədilə heç bir ölkə gəncləri iş görmürlər. Təəssüf ki, onlar da görülən işlərin keyfiyyətində problemlərin mövcudluğunu etiraf edirlər. Tələbələrimiz xaricdə nə qədər tədbir təşkil etsələr də həmin toplantıların "etnik tərkibi"ni kifayət qədər genişləndirə  bilmirlər. Məhz bunun nəticəsində Azərbaycanı, ölkəmizin dünyada yeri, geostrateji maraqları, dünyanın enerji probleminin həllində rolunu digər ölkə vətəndaşları arasında yaya bilmirlər. Bunun da yuxarıda qeyd etdiyim kimi müxtəlif səbəbləri var. Gənclərimizin təşkilatçılıq baxımından təcrübələrinin zəif olması və tədbirlərin keyfiyyətli reallaşdırılmasına dəstək verəcək donor problemidir. Bəzən də diaspora təşkilatları ilə tələbələrimiz arasında sanki bir uçurum var. Bu körpünün qurulması zəruridir. Bunun üçün də ilk əvvəl tələbələrin istəklərini dinləmək zəruridir, onların təkliflərini dinləməkdən nə qədər üz döndərsələr bu körpü qurula bilməz. Başqa bir problem isə nədənsə gənclərimiz üz tutduqları ölkədə  fərqli adlar altında çoxlu təşkilatlar yaradırlar. Yaxşı olardı ki, bir təşkilat altında birləşib Azərbaycan uğrunda işlərini davam etdirsinlər. Bu zaman daha effektiv nəticələr əldə etmək mümkündür. Yoxsa, başqa-başqa təşkilatlar yaradıb ayrılmaqla hər hansı məqsədə varmaq olmur. 

- Diaspor təşkilatlarının işinin əlaqələndirilməsində problem nədən ibarətdir?

- Problem ilk növbədə çevikliyin və operativliyin olmamasındadır. Artıq Rusiyada və Avropadakı diaspor təşkilatlarımız mərkəzləşdirilib. Təbii ki, bu müsbət hadisədir. İlk növbədə vahid ad altında birləşən bu diaspor təşkilatların yerli nümayəndələrinin intellektual səviyyəsi yüksən olmaqla yanaşı, yaşadıqları ərazidə çox böyük nüfuz sahibi olmalıdırlar. Onlar digər diaspor təşkilatları ilə əlaqələrin qurulmasında çeviklik nümayiş etdirməlidirlər. Bunun üçün hər bir şəhərdə, əyalətdə mövcud olan diaspor təşkilatının ofisi tədbirdən-tədbirə açılmamalı, mütəmadi olaraq fəaliyyət göstərməlidirlər. Demək olar ki, dünyanın bir çox ölkəsində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Bu, bizim gücümüz deməkdir. Etiraf edək ki, bu gün diaspor təşkilatlarımız kifayət qədər dövlətin qayğısı ilə əhatələnib. Onların həm geniş maliyyə imkanlarının olması, həm də yaşadıqları ölkənin siyasi və iqtisadi sahələrində cəmiyyətə mümkün qədər sıx inteqrasiya etmələri Azərbaycanın maraqlarının təmin olunması deməkdir. Bu inteqrasiyanı daha modern formada həyata keçirmək olar.

- Azərbaycan diaspor təşkilatlarının internet saytı və digər mətbu orqanlarının fəaliyyətini qənaətbəxş saymaq olarmı?

- Birmənalı olaraq qənaətbəxş saymaq olmaz. Etiraf etmək lazımdır ki, diaspor təşkilat rəhbərlərimizin böyük əksəriyyəti imkanlı insanlar, daha doğrusu iş adamlarıdır. Məntiqlə onların yaşadıqları ölkələrdə istər klassik, istərsə də yeni media vasitələri yaradaraq Azərbaycanı təbliğ etmək imkanlarında problem olmamalıdır. Amma var, çünki, onlar bu kimi təbliğat vasitələrinə pul xərcləməkdə xəsislik edirlər. Belə olan halda gördükləri işlər, Azərbaycanın təbliği ilə bağlı göstərdikləri "fədakarlıq"ları özlərindən başqa heç kim bilmir.  

- Fəaliyyətini müqayisə edəndə hansını üstün hesab edirsiniz: Ermənistan yoxsa ki, Azərbaycan diaspor təşkilatlarını?

- Bu sualı 10 il bundan əvvəl versəydiniz, düşünmədən Ermənistanı deyərdim. Amma bu gün vəziyyət tamam fərqlidir. Bildiyiniz kimi, dünyada yaş təcrübəsi çox olan diasporlar var. Elə diasporlar var ki, hələ öz dövləti yaranmamışdan formalaşıb, təşkilatlana bilib və bu gün yaşadığı ölkənin, hətta bəzən dünyanın iqtisadi və siyasi proseslərinə təsir göstərə bilir. Nə yazıq ki, bunların arasında erməni diasporasını da göstərmək olar. Bunlar nəinki dünyanın hər yerində yüksək səviyyədə təşkilatlana biliblər, eyni zamanda siyasi və işgüzar lobbi sistemi yaradıblar. Azərbaycan diasporu isə nisbətən gəncdir. Onun formalaşmağa başlaması Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı illərə - 1993-cü ildən sonraya təsadüf edir. Məhz bu dövrdən etibarən Azərbaycan prezidentinin xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki Azərbaycan icmaları ilə keçirdiyi görüşlərdə diasporlarımızın formalaşması və təşkilatlanması zərurəti bir vəzifə kimi qarşıya qoyuldu.

- Belə bir fikir var ki, Orta Asiya ölkələrində Azərbaycan diasporasının fəaliyyət mexanizmi digərilərilə zəifdir. Siz necə hesab edirsiniz?

- Əslində Orta Asiya ölkələrində Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi Avropa ölkələrinə nisbətən bizim üçün prioritet mövzu olmamalıdır. Onların böyük əksəriyyəti həm Sovetlər dövründə, həm də elə bu gün Azərbaycanla  kifayət qədər əlaqələrə malikdirlər. Yəni, onlardan Azərbaycan və yaxud da orada yaşayan soydaşlarımız üçün perspektivdə hər hansı təhlükə gözləmək sadəlövhlük olardı. Baxmayaraq ki, Qırğızıstanın sabiq prezidenti Əskər Akayev vaxtı ilə Yerevanda qondarma "erməni soyqırımı" abidəsi önündə baş əymişdi, gül dəstələri düzmüşdü. Qazaxıstan və xüsusən də Özbəkistandakı diaspora təşkilatlarımızın fəallığı isə unudulmamalıdır. Bilirsiniz ki, Daşkənd, Buxara sovetlər dönəmində azərbaycanlıların dini təhsil almaq üçün üz tutduqları şəhərlər olublar. Gedənlərin də bir çoxu geri qayıtmayıb. Bütün hallarda onların ürəyi Azərbaycan üçün döyünməyə bilməz.

- Dövlət tərəfindən diaspor fəaliyyəti sahəsində qarşıya qoyulan məqsədlərə ümumən nə dərəcədə nail olunub?

- Demək olar ki, nail olunub. Bildiyiniz kimi, dövlətin diaspor fəaliyyəti sahəsində qarşıya qoyduğu məqsəd ilk növbədə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək, dünya azərbaycanlıları arasında birliyi və həmrəyliyi təmin etmək, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətini gücləndirmək idi. Diaspor quruculuğunun digər mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi idi. 2002-ci ildə qəbul edilmiş "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Qanun xaricdə yaşayan soydaşlarımız qarşısında çox geniş perspektivlər açdı və onların ölkəmizin milli mənafeləri ətrafında daha sıx birləşdirilməsini nəzərdə tutdu. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırdı.

Ümummilli liderin diaspora siyasəti ondan sonra da çox uğurla davam etdirilir. Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr, xüsusən də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir, ayrı-ayrı qurumların bir təşkilatda birləşməsi davam etdirilir. Diaspor təşkilatlarımız da həm yaşadığı ölkələrdəki Azərbaycan icmasının problemlərinin həllinə çalışır, həm də mənəvi cəhətdən bağlı olduğu Azərbaycanın maraqlarından çıxış edirlər. Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildirirlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31