Avstriyada Azərbaycan diasporu

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Avropa ölkələrindən biri də Avstriyadır. Azərbaycanlıların Avstriyaya mühacirəti və iki ölkə arasında münasibətlərin qurulmasının tarixi çox uzağa gedib çıxır. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan və Avstriya əlaqələrinin tarixi orta əsrlərə təsaduf edir. Əsasən ticarət üzərində qurulan ikitərəfli əlaqələr nəticəsində Azərbaycan xalçaları, zərgərlik məmulatları, ipəyi Bizans və Rusiyadan keçməklə Avropanın bu dövlətinə də gəlib cıxırdı. Hələ 1473-cu ildə Azərbaycan Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən Avstriya-Macarıstandan Azərbaycana gələn nümayəndə heyətilə görüşmüş, sonra venesiyalı Katerino Zena vasitəsilə Avropa monarxları, o cümlədən Milan, Avstriya və Macarıstan krallarına məktub göndərmişdi. Sonradan Vyanaya Uzun Həsənin başqa səfiri, venesiyalı Nikolo Qrolo gəlmiş, iki tərəfli əlaqələrin inkişafına çalışmışdı. Avstriya ilə münasibətlər tarixin sonrakı illərində də davam etmişdi. 1599-cu ildə Səfəvi hökmdarı Şah Abbas başda Hüseynəli bəy olmaqla, digər şəxsləri Avropaya, o cümlədən Avstriyaya səfirliyə göndərmişdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində də Bakıda Avstriya-Macarıstan konsulluğu fəaliyyət göstərirdi. Azərbaycanlıların Avstriyaya mühacirəti əsasən XX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, I dünya müharibəsindən sonra bu ölkəyə azərbaycanlıların passiv mühacirəti başlayır. Əsasən iqtisadi və sosial səbəbli mühacirət bolşevik işğalından sonra siyasi xarakter alır. Avropanın bir çox ölkələri kimi Avstriya da Azərbaycan siyasi mühacirlərini qəbul edir. Azərbaycanlıların Avstriyada məskunlaşmasının ikinci böyük dalğasına II dünya müharibəsindən sonra əsir düşmuş bəzi azərbaycanlıların Vətənə geri qayıtmayaraq Avstriya ilə paralel digər ölkələrdə məskunlaşmasını aid etmək olar. O zaman Avstriyada məskunlaşan təqribən 5 minə yaxını Sovet vətəndaşlarının müəyyən hissəsi soydaşlarımız idi. Sonradan bu şəxslərə cənublu və turkiyəli soydaşlarımızın qoşulması Avstriyada Azərbaycan diasporunun formalaşmasına səbəb olmuşdu. Hal-hazırda Avstriyada azərbaycanlıların sayı 3 min nəfərə yaxın gostərilir. Bu gün Avstriyada 5 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Ötən müddətdə Avstriyada azərbaycanlı icması tərəfindən xalqımızın tarixinin və mədəniyyətinin təbliği ilə bağlı muxtəlif tədbirlər təşkil olunub. Qeyd etmək yerinə duşər ki, türk dunyasının dostu, tarixçi alim mərhum Erix Fayql da məhz avstriyalı idi. 

Avstriyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri Azərbaycan Akademik Birliyidir. Azərbaycan Akademik Birliyi Avstriyada 2002-ci ilin oktyabrında yaradılıb. Cəmiyyət Azərbaycan Respublikasının dovlət strukturları, ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir. Azərbaycan Akademik Birliyinin sədri Baxış Əliyevdir. On ildən artıq müddət ərzində Azərbaycan Akademik Birliyi fəaliyyət göstərdiyi 10 ildən artıq müddət ərzində iki ölkənin elmi dairələri arasında əlaqələri inkişaf etdirməklə yanaşı ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının avstriyalılara çatdırılması istiqamətində də aktivlik göstərib.

Avstriyada fəaliyyət göstərən digər diaspor təşkilatı Azər-ATA (Azərbaycan-Türkiyə-Avstriya) Dostluq Cəmiyyətidir. Azər-ATA (Azərbaycan-Türkiyə-Avstriya) Dostluq Cəmiyyəti Vyana şəhərində yerləşir. Dostluq Cəmiyyəti 2004-cü  ildən etibarən fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi Azərbaycan həqiqətlərini təbliğ etməkdir. Cəmiyyət Azərbaycanla əlaqələri möhkəmlətməklə, respublikanın mürəkkəb ictimai-siyasi vəziyyətini, xüsusən erməni təcavüzü  nəticəsində baş vermiş müharibə haqqında həqiqəti Avstriyada çatdırmaq  istiqamətində xeyli iş görür. Cəmiyyət Azərbaycandan Avstraliyaya musiqiçilər dəstəsinin, alimlərin, yazıcıların və dövlət xadimlərinin dəvət olunması sahəsində də səmərəli fəaliyyət göstərir. Avstriya ilə iqtisadi əlaqələrin yaradılmasında, Vyanada Azərbaycan mədəniyyəti sərgilərinin təşkili işində yaxından köməklik göstərir. Dostluq Cəmiyyəti həmçinin istər sənədli lentlərin, istərsə də əyani vəsaitlərin - kitab, jurnal, qəzet və s. köməyi ilə Azərbaycanın bügunku həyatı, Qarabağ  həqiqətləri haqqında qiymətli telereportaj və məqalələri ilə dünyanın  müxtəlif telekanallarına, mətbuat səhifələrinə çıxır. Avstriyadakı digər bir diaspor təşkilatı Azərbaycan Mədəniyyət Cəmiyyətidir. Azərbaycan Mədəniyyət Cəmiyyəti 1990-cı ildə Vyanada təsis edilib.  Cəmiyyətin əsas məqsədi iki ölkə arasında mədəni sahədə əlaqələri inkişaf etdirmək və zaman-zaman mədəni-kütləvi tədbirlər keçirməkdir. Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Səttar Pirandır.

Avstriyada fəaliyyət göstərən eyni adlı digər bir diaspor təşkilatı Azərbaycan Mədəniyyət Cəmiyyətidir. Cəmiyyət Avstriyanın Qrats şəhərində fəaliyyət götərir. Tofiq Fərzinin rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Cəmiyyəti Azərbaycan və Avstriya arasında mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Cəmiyyəti də zaman-zaman Vyana və digər şəhərlərdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində mədəni-kütləvi tədbirlər təşkil edir.

Avstriyadakı Azərbaycan diaspor təşkilartları sırasında Avstriya-Azərbaycan Ticarət Cəmiyyəti (ASOV) xüsusilə fərqlənir. Belə ki, sözügedən təşkilat Bakı və Vayana arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində çalışır. H\tta bu məqsədlə təşkilat iki ölkənin iş adamlarının müntəzəm olaraq qarşılıqlı səfərlərini təşkil edir. Avstriya-Azərbaycan Ticarət Cəmiyyətinin (ASOV) rəhbərləri Mir Hesabi və Fərhad Abtindır.

Əlibəy Məscidi və Mədəniyyət Cəmiyyəti də Avstriyada fəaliyyət göstərən diaspor təşkilatları sırasındadır. Cəmiyyət Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərir. Cəfər Orucun rəhbərlik etdiyi cəmiyyət iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində çalışır. Eyni zamanda cəmiyyət Vyanada da müxtəlif tədbirlər keçirir. Belə ki, bir müddət əvvəl Avstriyanın paytaxtı Vyanada "Michaelerplatz" adlanan sarayda təntənəli Nar festivalı keçirilib. Festivalı adıçəkilən cəmiyyətlə yanaşı Avstriyadakı digər Azərbaycan diaspor təşkilatları təşkil edib. Qeyd edək ki, bu ölkədə böyük maraqla qarşılanan festivalın hər il keçirilməsi diasporumuzun böyük uğurlarından sayılr. Burada milli rəqslərin, xalq oyunlarının ifa edilməsi və qonaqlara milli Azərbaycan yeməkləri və içkilərinin təqdim olunması dövlətimizin təbliğ edilməsində mühum əhəmiyyət kəsb edir. 

Bir müddət əvvəl isə Vyanada Azərbaycan və Avstriya musiqiçilərinin Üzeyir Hacıbəylinin doğum gününə həsr edilmiş birgə konserti olub  Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 128-ci ildönümü və Milli Musiqi Günü Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) geniş qeyd olunub.Tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərasimdə çıxış edərək musiqili axşamın ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunduğunu bildirib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən dahi bəstəkarın doğum günü Üzeyir Musiqi Günü kimi qeyd edilir. Həmin vaxtdan başlayaraq təkcə ölkəmizdə deyil, eyni zamanda, Azərbaycanın hüdudlarından kənarda bu münasibətlə tədbirlər təşkil olunur. Ölməz bəstəkarın həyat və yaradıcılığına toxunan Leyla Qasımova onun Azərbaycan və bütün Şərqdə klassik musiqi sahəsində bir çox yeniliklərə imza atdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu il Üzeyir Hacıbəylinin bəstələdiyi "Arşın mal alan" operettasının 100 illik yubileyi Azərbaycandan Kaliforniyayadək dünyanın bir çox yerlərində böyük uğurla nümayiş etdirilib. Bu əsər 2006-cı ildə Avstriya paytaxtında avstriyalı musiqiçilərin iştirakı ilə Vyana Kamera Operasında uğurla səhnələşdirilib. Ümumiyyətlə, Milli Musiqi Günü münasibətilə Azərbaycan və Avstriya musiqiçilərinin Vyanada birgə konsert proqramı ilə çıxış etmələri isə ənənə halını alıb. Konsertdə "Vyana Kamera Orkestrinin Solistləri" simli kvartetinin müşayiəti ilə azərbaycanlı musiqiçilər - Əməkdar Artist, professor Nərgiz Əliyarova (piano), Əməkdar Artist Nərgiz Kərimova (sopran) və Aqşin Abdullayev (tenor) Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərlərini ifa etmişlər. Üzeyir Hacıbəylinin "Arazbarı", "Aşıqsayağı", "Sevgili canan" əsərləri, "Arşın mal alan" operettasından ariyalar, eləcə də Tofiq Quliyev, Vasif Adıgözəlov, Niyazi və digər bəstəkarlarımızın mahnıları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Nərgiz Əliyarova, həmçinin Volfqanq Amadeus Motsart, Vaqif Mustafazadə, Cövdət Hacıyev, Frederik Şopen və digər bəstəkarların əsərlərini məharətlə ifa edib. Konsertdən sonra qonaqlara ziyafət verilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31