“Xaricdə yaşayan azərbaycanlılar ümumi maraqlar naminə birləşməlidirlər”

Əli Zülfüqaroğlu: “Diaspora yalnız ümummulli maraqlar naminə fəaliyyət göstərməlidirlər”

Araşdırmaçı-jurnalist Əli Zülfüqaroğlu "OLAYLAR"a müsahibə verib.

- Azərbaycan diasporunun hazırkı durumu sizi qane edirmi?

- Təbii ki, Azərbaycan diasporu 5-10 il əvvələ baxanda xeyli güclənib. Diaspora dövlət dəstəyi kifayət qədərdir. Halbuki dünyada diaspora dövlət dəstəyi təcrübəsi demək olar ki, yoxdur. Bütün müsbət tendensiyalara baxmayaraq diasporun bu gün kifayət qədər problemləri var və həmin problemlər öz həllini tapmalıdır. Ona görə də sualınıza cavab olaraq deyə bilərəm ki, diasporun bu günkü səviyyəsi məni az qane edir.

- Hansı ölkələrdə diasporamız daha güclüdür?

- Bu suala birmənalı olaraq cavab vermək mümkün deyil. Məsələn ən böyük Azərbaycan diasporu Rusiyada fəaliyyət göstərir. Təbii ki, soydaşlarımızın sayı baxımından da burada diaspor təşkilatların çoxluğu təbiidir. "Xocalıya Ədalət" kampaniyası çərçivəsində uğurlu təbliğat kampaniyası aparılıb. Amma bununla yanaşı burada müəyyən intriqalar mövcuddur ki, bu da ümummilli fəaliyyətə maneçilik törədir. Amerika Birləşmiş Ştatlarında bir çox ştatlarda Xocalı faciəsi soyqırım kimi tanınıb. Bunu yüksək qiymətləndirmək lazımdır. Bu təkcə diasporun deyil, bəlkə daha çox diplomatiyanın uğurudur. Latın Amerikasında Kolumbiya Xocalı faciəsini soyqırım kimi tanıyıb. Halbuki burada Azərbaycan diasporu demək olar ki, fəaliyyət göstərmir. Meksikada Latın Amerikası Azərbaycanlıları Konqresi var ki, onun da Latın Amerikası üzrə ciddi fəaliyyət göstərməsi qeyri -mümkündür. Deməli burada diplomatiyanın rolu var və bunu inkar etmək olmaz.

- Xaricdə yaşayan azərbaycanlıları hansı maraq ətrafında birləşdirmək mümkündür?

- Xaricdə yaşayan azərbaycanlılar yalnız ümummilli maraqlar naminə birləşməlidir. Xaricdə yaşayan azərbaycanlılar ölkədən müxtəlif səbəblərə görə gediblər. Buna görə də mövqelər müxtəlifdir. Bu səbəbdən də onları birləşdirmək çətin və eyni zamanda məsuliyyət tələb edən işdir. Amma mümkündür. Onlar dediyim kimi intriqlardan uzaq olmalı, yalnız ümummulli maraqlar naminə fəaliyyət göstərməlidirlər. İqtidar-müxalifət münasibətləri xaricə daşınmamalıdır. Azərbaycan diaspor təşkilatları arasında intriqalar demək olar ki, bütün ölkələrdə var. Bir çox təşklilatlar bir-birrini qəbul etmirlər. Bu tendensiya təəssüf ki, Güney təşkilatları arasında da mövcuddur. Hamı çalışır ki, onun atdığı bir addım 1 kilometr dəyərində qiymətləndirilsin. Özünü gözə soxmaq və dövlətdən nəsə qoparmaq istəyi üstünlük təşkil edir. Bu da mənfi tendensiyadır və ümummilli maraqlar ətrafında birləşməyimizi əngəlləyir. Amma erməni lobbisində bu tendensiya yoxdur, ona görə də uğurlu fəaliyyət göstərirlər. Bu intriqalar tezliklə aradan qaldırılmalıdır. İntriqanı yaradan səbəblər yox edilməlidir, milli məsələlərə önəm verən şəxslər ön plana çıxmalıdır. Təəssüf ki, bəzən bunun əksinin şahidi oluruq, daha az iş görənlər ön plana çıxırlar. Məsələn mən kifayət qədər ciddi şəxs adı çəkə bilərəm ki, onlar təmiz fəaliyyət göstərirlər və daha ciddi işlər görə bilərlər. Məsələn, Almaniyada Ufuk Kamal, Hollandiyada İlhan Aşkın, Elxan Həşimov, Vüqar Abbasov, İsveçdə Nadir Hollenbrand, ABŞ-da Tomris Azəri, Adil Bağırov, Birləşmiş Ərəb Əmirliklərində Samir İmanovu göstərmək olar. Bu siyahını daha da uzatmaq mümkündür.

- Xaricdə müxtəlif diaspor nümayəndələrinin öldürülməsi bizim diasporalarda da müəyyən ruh düşkünlüyü yaradır. Bunun qarşısını necə almaq olar?

- Deməzdim ki, qətllər ruh düşkünlüyü yaradır. Belə faktlar daha çox Rusiyada, müəyyən qədər də Ukraynada qeydə alınıb. Bu da diaspor fəaliyyəti ilə deyil, işlə bağlı olub. Birlik olsa və xüsusən böyük ölkələrdə diaspor təşkilatları normal koordinasiya edirlərsə bu tipli hallar problemə səbəb ola bilməz.

- Ümumiyyətlə bəzi ölkələrdə diaspor təşkilatlarımız sadəcə kağız üzərində mövcuddur. Fəaliyyətdə isə heç bir iş görmürlər. Bunlara qarşı hansı tədbirlər görülməlidir?

- Təəssüf ki, belə təşkilatlar çoxdur. Onların fəaliyyətsizliyi ciddi tənqid olunmalıdır. Bəzən belə təşkilatlar da mətbuatda təbliğ olunurlar. Bu da jurnalistlərin həmin təşkilatlarla bağlı məlumatsızlığından irəli gəlir. Disaporla İş üzrə Dövlət Komitəsi də bu təşkilatların tənqidi ilə bağlı mətbuata kömək etməlidir.

- Qərbdə müsəlmanların əleyhinə aparılan təbliğat orda yaşayan azərbaycanlılara da təsir edir. Bəzən övladlarına belə müsəlman adları qoymaqdan çəkinirlər. Bu barədə fikirləriniz?

- Bunun çıxış yolu islamı olduğu kimi digər dinlərin nümayəndələrinə də çatdıra bilməyimizdir. Xristianlar islamın necə gözəl və barış dini olduğunu bilsələr müsəlmanlara qarşı mövqeləri kəskin dəyişər. Təəssüf ki, terrorun və digər neqativ əməllərin islam adına həyata keçirilməsi və bilərəkdən təbliğ olunması müsəlmanları gözdən salır. Halbuki dinimiz insanın öldürülməsini qadağan edir. Təəssüf ki, bu gün müsəlman ölkələrinin əhalisinin əksəriyyətinin islamdan xəbəri yoxdur. Xurafat, fanatizm daha çox yayılıb. Mollalar məclislərdə nağıl danışır, Qurandan isə xəbərləri yoxdur. Eyni zamanda bizim diaspor nümayəndələrimizin əksəriyyəti də islamı, Quranı xristianlar İncili bildiyi kimi bilmirlər. Ona görə də islamla bağlı olduğu kimi təbliğat apara bilməzlər. Bu səbəbdən də islamafobiyanın qarşısını almaqda gücsüzük. Bir məsələni də diqqətə çatdırım. Hollandiyada yaşayan soydaşımız Elxan Həşimov bu yaxınlarda müsahibəsində ermənilərin öz maraqlarını kilsə vasitəsilə necə həyata keçirmələri ilə bağlı maraqlı məlumatlar açıqlamışdı. Məncə bu məsələlərə də diqqət yetirmək və ağıllı mübarizə aparmaq lazımdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31