“Diaspor daxilindən seçilmiş təşkilat rəhbərilə hər bir diaspor nümayəndəsi fəxr etməlidir” - MÜSAHİBƏ
Samir İmanov: “Yaşadığımız hər bir ölkədə vahid və nüfuzlu təşkilatımız olsa bu istər diaspor nümayəndələrinin, istərsə də dövlətimizin maraqlarına daha çox cavab verər"
2 Dekabr 2013 17:47 DiasporaBu gün Azərbaycanı ölkədən kənarda layiqincə təmsil edən, xalqımızın üzləşdiyi problemləri dünya ictimaiyyətinə çatdıran, eyni zamanda zəngin tarixi-mədəni irsimizi təbliğ edən onlarla diaspor təşkilatı fəaliyyət göstərməkdədir. Belə təşkilatlardan biri də Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətidir. Fəaliyyət göstərdiyi on il ərzində Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də Xocalı soyqırımını təkcə BƏƏ-yə deyil, ümumilikdə ərəb dünyasına çatdırmağı bacaran "Azərbaycan" Cəmiyyəti bu illər ərzində bir sıra nailiyyətlərə də imza atıb. On illik yubileyi ərəfəsində cəmiyyətin sədri Samir İmanovla rəhbərlik etdiyi təşkilatın bu günə qədər Azərbaycanın təbliği istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr barədə danışdıq. Samir İmanov "OLAYLAR"-a verdiyi müsahibədə "Azərbaycan" Cəmiyyətinin bundan sonra qarşısında duran vəzifələri barədə də məlumat verib.
-Samir müəllim, gələn il rəhbərlik etdiyiniz cəmiyyətin yaranmasının 10 ili tamam olur. Cəmiyyətinizin 10 illik fəaliyyətini necə qiymətləndirirsiniz və bu 10 ildə qarşınıza qoyduğunuz məqsədlərə nail ola bilmisinizmi?
-Hesab edirəm ki, 10 illik fəaliyyətimiz qənaətbəxşdir. Əvvəla bu səbəbə görə ki, Birləşmiş Ərəb Əmirliklərinin ərəb və ingilis dilli mətbuatında mütəmadi olaraq Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ haqqında məqalələr dərc etdirir və rəsmi səviyyələrdə keçirdiyimiz görüşlərdə bu məsələni müzakirə edə bilirik. Cəmiyyətimiz bu problem haqqında Birləşmiş Ərəb Əmirliklərinin yerli ictimaiyyətini maarifləndirən yeganə qurumdur. Digər bir səbəb ondan ibarətdir ki, BƏƏ-də keçirilən və sahəsindən asılı olmayaraq bütün dövlət tədbirlərinə Cəmiyyət rəhbərliyi rəsmi qonaq qismində dəvət edilir. Tam məqsədlərə nail olmaq üçünsə vətəndən daha böyük dəstəyə ehtiyac vardir.
-Cəmiyyətin 10 illik yubileyi geniş səviyyədə qeyd ediləcəkmi və yubiley ili ərəfəsində hansı tədbirləri keçirməyi nəzərdə tutmusunuz?
-Səmimi deyim ki, yubileyin hansı səviyyədə qeyd ediləcəyi haqqında hələlik düşünməmişik. Tam əminliklə deyə bilərəm ki, yerli kütləvi informasiya vasitələri bu haqda ərəb əmirlikləri ictimaiyyətinə ətraflı məlumat verəcək. Ümumi fəaliyyətimiz və keçirəcəyimiz tədbirlər Azərbaycanda baş verən hadisələrə və bayramlara bağlıdır. Cəmiyyətimizi istər yerli, istər rəsmi qurumlar, istərsə də adi vətəndaşlar Azərbaycanın bir hissəsi kimi hesab edirlər desəm yanılmaram.
-Son on ilə nəzər saldıqda Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz. Bu sahədə uğurlarımız daha çox olub, yoxsa uğursuzluqlarımız?
-Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi oldu. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayınn 23-də ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdi. Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi. 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Ötən dövrün ən mühüm hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu illər ərzində uğurlarımız az olmayıb. Uğursuzluqlara gəlincə isə, bu əsasən dünyada baş verən geosiyasi proseslərdən, bəzən Azərbaycana qarsşı tutulan qeyri-obyektiv münasibət səbəblərindən irəli gəlir. Bütün hallarda biz optimist olmalı, qələbəyə və uğurlara inanmalıyıq. Əgər pessimist olsaq əldə etdiklərimizi də itirərik.
-Son illər müxtəlif ölkələrdəki diaspora təşkilatları daxilində mənfi tendensiya, parçalanma meyilləri özünü büruzə verir. Cəmiyyət sədri olaraq bu barədə fikirləriniz nədən ibarətdir?
-Hesab edirəm ki, yaşadığımız ölkələrdə diaspor daxilindən seçilmiş təşkilat rəhbərilə hər bir diaspor nümayəndəsi fəxr etməlidir. Həmçinin rəhbəri özünə ən böyük dayaq bilməlidir. Əminəm ki, yaşadığımız hər bir ölkədə vahid və nüfuzlu təşkilatımız olsa bu istər diaspor nümayəndələrinin, istərsə də dövlətimizin maraqlarına daha çox cavab verər. Diasporla İş üzrə Dövlət Komitəsi də buna nail olmağa çox çalışır. Yalnız bu diaspor nümayəndələrimizin həll edəcəyi daxili məsələdir. Siyasi nöqteyi-nəzərdən insanlar arasında müxtəlif baxışlar ola bilər. Yalniz eyni siyasi baxışlı insanlar arasında mənfi tendensiya, parçalanma meyilləri qəbuledilməzdir. Daha zəif namizəd güclü namizədin xeyrinə öz namizədliyini geri götürməli, onunla əl-ələ işləyib ona kömək etməlidir. Bu məsələləri qaydasına qoymasaq uğurlarımız azalacaq. Belə ki, bir-birimizlə mübarizə düşməni, rəqiblərimizi daha güclü edəcək. Peşəkarcasına siyasi-ictimai işlərlə məşğul olan hər bir şəxs gözəl bilir ki, biz yalnız ermənilərlə mübarizə aparmırıq..
-Cari ilin sonuna qədər cəmiyyət olaraq Birləşmiş Ərəb Əmirliklərində hansı tədbirlər keçirməyi düşünürsünüz?
-Bir neçə gündən sonra xalqımızın görkəmli şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin anım günüdür. Bununla bağlı müəyyən işlər görməyi planlaşdırıram. Bundan sonra ümummilli liderin fərmanı ilə hər il qeyd etdiyimiz 31 dekabr - Dünya Azərbaycanlılarınin Həmrəyliyi Gününün qeyd edilməsi iş planımızda vardır.
-Birləşmiş Ərəb Əmirlikləri turizm zonası hesab edilir. Bu sahədə Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək üçün nələri düşünürsünüz?
-Azərbaycan vətəndaşı (turisti) Dubayın turizm potensialını yaxşı bilir. Əsas məsələ BƏƏ vətəndaşlarına və burada yaşayan digər xalqların nümayəndələrinə Azərbaycanın turizm imkanlarını tanıtdırmaqdır. Onu da deyim ki, Birləşmiş Ərəb Əmirliklərindəki diaspor nümayəndələrimiz bu məsələdə çox fəaldir. Hər birimiz müxtəlif növ görüşlərdə qarşımızda duran insanın millətindən asılı olmayaraq ona Azərbaycan haqqında məlumat verir və ona vətənimizi ziyarət etməyi təklif edirik. Yalnız böyük həcmdə Azərbaycanı BƏƏ ictimaiyyətinə tanıtmaq üçün dövlət səviyyəsində ( Azərbaycanın Mədəniyyət Turizm və Nazirliyi səviyyəsində) işlər aparılmalıdır. Zənnimcə Dubayın turizm nazirlərinin müavinləri ilə davamlı görüşlərimi Azərbaycan oxucuları gözəl bilir. Yalnız ildə 3-4 görüşlə və ya dərc etdirdiyim 5 məqalə ilə 8 milyon əhalini təbliğ etmək mümkün deyil. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin aidiyyatı idarəsi Cəmiyyətimizlə əlaqə saxlasa onlara konkret burada hansı vasitələrlə turizm imkanlarımızı təbliğ etməyin yollarını göstərər və şəxsən icrasında kömək edərəm. Təbii, məndə bu sahədə konkret plan və proqram olduğu üçün bunlar haqqında deyirəm. Ildə bir dəfə Dubayda "Travel Market" sərgisində iştrak etməklə təbliğat aparmaq mümkün deyil. Hər bir işin elmi tərəfi vardır və o səviyyədə iş görülməlidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir