“Torpaqlarımız düşmən tapdağından azad ediləcək”

Ukraynada yaşayan soydaşımız: “Azərbaycan qarşıdakı 5 ildə daha da güclənəcək”

...Əzizinəm Qarabağ,

Şəki, Şirvan,Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Qarabağ. Son 200 ildə yağıların cürbəcür oyunlarının, Azərbaycandakı daxili siyasi çəkişmələrin şahidi olan doğma, qədim Vətən torpağı. 1828-ci ildə bağlanmış Türkmənçay sülh müqaviləsinə əsasən (əslində planlı şəkildə-Ş.S.) İrandan, Rusiya və Türkiyədən erməni ailələri buraya köçürüldü. Əvvəllər, yerli əhali kimi qəbul edilən azərbaycanlılarla (Türklərlə-Ş.S.) normal rəftar edir, hətta, söz sahibi olan baba-nənələrimizin qapısında qulluqçuluq, mehtərlik edir, bir parça çörəkpulu qazanmaq üçün hər cür risqə gedirdilər. Sonralar Rus imperiyasına arxalanaraq, Daşnaksütun Partiyasını yaratdılar. Məqsəd, Qafqazda hökmranlıq edən Rusiyanın vassallığı altında çirkin planlarını həyata keçirmək, "Dənizdən - dənizə, Böyük Ermənistan" dövlətini yaratmaqdan ibarət idi. Ermənilər, məqsədlərinə çatmaq üçün hər cür saxtakarlığa əl atır, xalqımızın ləyaqətli oğullarını ləkələyib həbs etdirir, məhbəs həyatında da rus hərbçilərinin köməyilə onların əzmlərini qırmağa çalışırdılar. Bu günlərdə Donetsk şəhərində olarkən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün şahidlərindən biri, müharibə veteranı, Ağdam rayonundan məcburi köçkün Möhlət Hüseynovla görüşdüm. Vaxtından çox əvvəl saçları ağarmış bu müdrik insan rayon işğal olunan ərəfədə şahidi olduqlarını danışır, ixtiyarsız olaraq da kövrəlir...

Azərbaycanın qeyrətli kişiləri, ər oğullar, siyasi oyunlar sayəsində torpaqlarımızın zəbt olunduğunu yaxşı bilirlər. Onu da bilirlər ki, bu oyunların arxasında Rusiya imperiyası və erməni daşnakları dayanır. Dünyagörmüş bu insana- dəyərli ziyalı Möhlət Hüseynova sual vermirəm - yola körpü atıram.

-Möhlət müəllim, mümükünsə öncə özünüz barədə oxuculara məlumat verin.

-Mən, 1961-ci ildə Ağdam rayonunda anadan olmuşam. Azərbaycan Texnologiya Universitetini bitirmişə. Ağdam rayonundakı 1 nömrəli Şərab emalı zavodunda mühəndis-texnoloq vəzifəsindən baş direktor vəzifəsinədək yüksəlmişəm. Hazırda Ukraynanın Donetsk vilayətində yaşayıram. Kiyevdə fəlsəfə üzrə elmlər doktoru adını qazanmışam. Aspiranturada təhsil alıram. İnşallah, 2014-cü ilin mayında Professor fəxri adını almaq üçün hazırlaşıram. Ailəliyəm, 2 övladım var.

-Siz,1988-94-cü illərdə Dağlıq Qarabağ və ona bitişik rayonlarda baş verən proseslərin içində olmusuz. Nə qədər çətin olsa da, xatirələriniz bizim üçün də maraqlıdır..

-1987-ci ilin oktyabrında sabiq SSRİ Prezidenti M.Qorbaçovun köməkçilərindən biri, milliyətcə erməni olan Aqanbekyan Fransanın Humanite qəzetinə müsahibə

verdi.Bu müsahibədə o, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinin zəruriliyindən bəhs edirdi. 1990-cı ilin yayında Qorbaçovun ABŞ-dakı erməni lobbisinin nümayəndələrilə görüşündə də bu, müzakirə obyekti oldu. Şahidlər söyləyir ki, Qorbaçovun həyat yoldaşı Raisa Maksimovna ermənilərlə Dövlət başçısının arasında vasitəçi rolunu məharətlə oynamışdı.1988-ci ilin fevralında Daşnaksütun Partiyasının fəalları Əsgəran və Xankəndində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbilə fasiləsiz mitinq və küçə yürüşlərinə start verdilər. Az sonra Qərbi Azərbaycan-indiki Ermənistandakı və Xankəndindəki soydaşlarımız doğma ev-eşiklərindən zorla çıxarıldı. Azərbaycanın o dövrdəki rəhbərləri ya mövcud vəziyyəti qiymətləndirə bilmədilər, yada, kritik vəziyyətin sonda onların özlərinin də ziyanına işləyəcəyini dərk etmədilər. Moskva, Azərbaycana qarşı acı sürprizlər hazırlamaqda davam edirdi. Dediklərimə misal olaraq, 1990-cı ilin qanlı 20 Yanvarını, içərisində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin əyləşdiyi vertolyotun 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmasını, Xocalı soyqırımını, Şuşa və Laçın faciələrini qeyd edə bilərəm. 1989- cu ildə sərhəd bölgələrində yaşayan qeyrətli oğullar,Ərazi Özünümüdafiə dəstələri yaradaraq Qarabağda və Ermənistanla həmsərhəd zonadakı azərbaycanlı yaşayış məntəqələrini erməni terrrorçularının hücumlarından qorumağa başladılar. Təəsüflər olsun ki, Respublika rəhbərləri yeni yaranan dəstələrə yardım göstərmir, hələ də "Mərkəz"in bu problemləri dinc vasitələrlə aradan qaldıracağına ümid edirdilər. Ağdamda Eldar və Allahverdi Bağırov qardaşları, Şirin Mirzəyev, Asif(Fred) Məhərrəmov, Qatır Məmməd ləqəbli Yaqub Rzayev, habelə, ... kimi vətənpərvər insanlar ətraflarına Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş dəliqanlıları toplamışdılar. Təəssüflər olsun ki, çirkin qüvvələr onların arasına nifaq toxumu səpərək, sonda Ağdamın da işğalına şərait yaratdılar. Biz, döyüşü -I Qarabağ müharibəsini uduzduq. Müharibə isə hələ bitməyib. Atəşkəsin əldə olunması Azərbaycan iqtisadiyyatının inkişafına, ordu quruculuğuna şərait yaratdı. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan, Qafqazın supergücünə çevrilməkdədir. Heç bir beynəlxalq layihə ölkəmizin razılığı olmadan həyata keçirilmir. 10 il öncə Azərbaycan kredit üçün xarici donorlara müraciət edirdisə, bu gün ölkəmiz donor rolunu oynayır. Şübhəsiz, bütün bu uğurların qazanılmasında hazırkı dövlət başçımız cənab İlham Əliyevin rolu çox böyükdür. Mən, cənab Prezidentin Ukraynaya işgüzar səfərlərindən birində iştirak etdim. Onun nə qədər humanist, təvazökar olduğunun şahidi oldum. Cənab Prezident 2011-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının növbəti qurultayında demişdir: "Mən, bütün dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm! " Bu, bizi daha da ruhlandırdı. Bu ilin payızında keçirilən Prezident seçkilərində cənab İlham Əliyevi dəstəklədik. Bu məqsədlə yaradılmış Təşkilat Komitəsi fəallıq göstərdi.

-Siz, Donetsk şəhərində yaşayırsız. Burda soydaşlarımıza qarşı münasibət necədir?

-Ukraynanın əksər regionlarında, Kiyevdə, Xarkovda, Donetskdə çoxlu dostlar qazanmışam.Onlar Azərbaycanın haqq işini müdafiə edirlər. Biz,ölkəmizin dövlət müstəqilliyinin ildönümlərini, əziz bayramlardan olan Ramazanı, Novruzu,Qurbanı habelə, işğal edilmiş torpaqlarımızın ildönümlərini mütəmadi olaraq qeyd edir, tədbirlərə Kiyev, Xarkov, Donetsk şəhərlərinin nümayəndələrini, tanınmış ziyalıları dəvət edirik. Keçirilən toplantılara ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan insanlar da dəvət olunur. Biz, Azərbaycan həqiqətləri haqqında bir neçə kitabın Ukraynada, rus və Ukrayna dillərində nəşrinə nail olmuşuq. Qazancımın müəyyən bir hissəsini həmin kitabların, disklərin, verilişlərin hazırlanmasına sərf etmişəm. Buna misal olaraq, "Ukrainsko-Azerbaydjanskiye politiçeskiye otnoşeniye", "Problema Naqornoqo Karabaxa i mejdunarodnoqo pravo", "Studentı Azerbaydjançı qoroda Kiyeva v obşestvenno-politiçeskoy jizni Ukrainı (1900-1917q.q.)" kitablarının adlarını qeyd edə bilərəm. Ukraynanın televiziya kanallarından birində Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləriylə əlaqədar hazırladığımız veriliş böyük əks-səda doğurdu. Veriliş 1828-ci ildən bu günümüzədək olan dövrü, Rusiya və İran arasında bağlanmış müqavilədən sonra ölkəmizin həyatında baş verən prosesləri əhatə edir. Bundan başqa, Donetsk vilayətindəki bəzi uşaq evlərində xeyriyyə tədbirləri keçirib, azyaşlılara lazımi miqdarda yardım göstərmişik. Ukrayna və Donetskdə özümüzü doğma evimizdə olduğumuz kimi hiss edirik. Bunun da tarixi kökləri var. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun Kiyevdəki nümayəndəliyi qarşısında dinc piket keçirirdik. 65-68 yaşlı bir qadın dəstəmizə yaxınlaşaraq rus dilində: "...Qeyri ruslar burda nə edirlər?"-deyə, soruşdu. Mən, tərəddüd etmədən cavab verdim: "Bura Ukraynadır, onun da vətəndaşlarının əsasını ukraynalılar təşkil edirlər. Belə görünür,onlar da burdan getməlidir?" Həmin qadın üzr istədi və dərhal da ordan uzaqlaşdı.

-Azərbaycanda gedən böyük quruculuq işləri barədə məlumatlısız. Ölkəmizin inkişafı haqqında rəyləriniz bizim üçün də maraqlıdır.

-Həqiqətən də son 10 ildə ölkəmizdə tikinti-abadlıq işləri genişlənib. Ölkəmiz beynəlxalq layihələri həyata keçirir. Bu baxımdan, yaxın 5 ildə biz daha geniş inkişafın şahidi olacağıq. Torpaqlarımız düşmən tapdağından azad edilən zaman bu inkişaf doğma yurd yerlərimizdə də başlanacaq. Mən buna varlığım qədər inanıram.

Şamil Sabiroğlu,

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri,

"Ana harayı" qəzetinin baş redaktoru,"Tərəqqi" medalının mükafatçısı.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31