Diaspora təşkilatları Rusiyadakı soydaşlarımıza dəstək nümayiş etdirirlərmi?
6 Noyabr 2013 17:29 DiasporaRusiya Federasiyasında yaşayan miqrantlara qarşı həyata keçirilən bir sıra sərt tədbirlər son günlər bir qədər də geniş xarakter alıb. Xüsusilə, şimal qonşumuzda yaşayan azərbaycanlılara qarşı ciddi təqib və təzyiqlərə yol verilir. İndi yalnız soydaşlarımız çalışdıqları ticarət mərkəzləri, bazarlar deyil, nəqliyyat vasitələri, metro və avtobusda da skinhedlərin hücumuna məruz qalır, onlara qarşı fiziki zorakılıq həyata keçirilir. Məyusedici hal isə ondan ibarətdir ki, artıq bu kimi neqativ hallara rus polisi də reaksiya vermir və soydaşlarımıza qarşı fiziki zorakılıqlar məhz polissin gözü qarşısında baş verir.
Orxan Zeynalov timsalında adi bir məişət cinayətinin (hələlik bu sübut olunmayıb) şişirdilməsi və bunun şouya çevrilməsi miqrantların vəziyyətini bir qədər də çətinləşdirib. Düzdür, son illər qanunvericilik səviyyəsində ölkədə miqrantlarla bağlı qaydalar daha da sərtləşdirilir. Bütün bunlarla kifayətlənməyən Rusiya hakimiyyətindəki bəzi dairələr müəyyən təxribatları da işə salmaqdan çəkinmədilər. Nəticədə yaranan vəziyyətlə əlaqədar bir sıra soydaşlarımız vətənə qayıdır. Qonşu ölkənin iqtisadiyyatında önəmli yer tutan miqrantların sıxışdırılması, onların üstünlük təşkil etdiyi bazarların yandırılması, bağlanması və bunlar azmış kimi, cinayəti törətdiyi sübuta yetirilməmiş həmvətənimizə qarşı edilən bu kobud rəftarlar Rusiyadakı miqrantları əməlli-başlı narahat edib.
Şimal qonşumuzda soydaşlarımıza qarşı baş verən xoşagəlməz hadisələrin fonunda bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının susqunluğa üstünlük verməsi maraq doğurur. Düzdür, bir neçə təşkilat, o cümlədən ÜmumRusiya Azərbaycanlıları Konqresi baş verənlərə öz etirazını bildirsə də, lakin bir müddət əvvəl yaranmış "Milyarderlər ittifaqı" nədənsə təşkilat olaraq öz münasibətini ortaya qoymayıb. Eləcə də digər diaspor təşkilatları bildirmir. Təşkilat məsələyə nəinki hər hansı səviyyətə münasibət bildirmir, heç onun üzvləri də baş verənlərlə bağlı mövqeyini ortaya qoymur. Eləcə də digər ölkələrdə, Birləşmiş. Ştatlar, Avropa, Orta Asiya respublikalarında fəaliyyət göstərən diaspor təşkilatları Rusiyada həmyerlilərimizə qarşı həyata keçirilən hücumlarla bağlı öz etiraz səslərini ucaltmadılar. Bunun hansı səbəbdən baş vermədiyini, xarici ölkələrdə yaşayan azərbaycanlıların nə üçün həmrəylik nümayiş etdirmədiyinə aydınlıq gətirmək üçün bir neçə siyasi və ictimai qurum, diaspor təşkilatı rəsmisinə müraciət etdik.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin sözlərinə görə, respublikamızın uzun müddət diaspora yaratmaqla bağlı sərf etdiyi külli miqdarda vəsaitin uğurlu yaxud, uğursuz nəticələndiyi barədə indi müəyyən fikirlər irəli sürmək mümkündür: "Xüsusilə Rusiya Federasiyasında azərbaycanlılara qarşı təqib və təzyiqlərin artdığı bir vaxtda diasporanın səssiz qalması başa düşülən deyil. Biz Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarından daha çox iş gözləyirdik. Təəssüf ki, bu baş vermədi. Görünür, bu Rusiya Federasiyasındakı diasporamızın zəifliyindəndir ki, etnik azlıqlara və gəlmələrə qarşı mübarizə hədəfi kimi məhz azərbaycanlı mühacir seçildi. Onu da qeyd edim ki, mən Rusiyadan kənarda fəaliyyət göstərən diaspor təşkilatlarımızın bu hadisələrlə bağlı fəal mövqeyinin şahidi olmamışam. Hətta onların əksəriyyəti baş verənləri sükutla qarşıladı". Mütəllim Rəhimlinin sözlərinə görə, bu da onu göstərir ki, xarici ölkələrdə diaspora təşkilatlarımız qurulsa da, onlar üzərilərinə düşən vəzifəni başa düşmürlər: "Bura problemə eyni mövqedən yanaşmaq, həmrəylik, qarşılıqlı müdafiə və s. daxildir". Ədalət Partiyasının rəsmisi onu da bildirib ki, diaspora qurumlarına bir növ ştatlı işçiləri olan və daimi olaraq əmək haqqı alan idarə məmurları kimi yanaşılmamalıdır: "Bu onların üzərinə düşən məsuliyyətin azaldılmasına və fəaliyyətsizliyinə gətirib çıxarar. Təəssüf ki, biz bəzən bunu müşahidə edirik".
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, təmsil etdiyi qurum, eləcə də rəhbərlik etdiyi fondun da daxil olduğu Qırğızıstan Azərbaycanlıları Konqresi Rusiya Federasiyasında soydaşlarımıza qarşı edilən hücumları pisləyən bəyanatlar səsləndirib, bu hadisələri tənqid ediblər: "Hətta Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu soydaşımız Orxan Zeynalovun həbsi zamanı ona qarşı insan hüquq və azadlıqlarına zidd hərəkətlərin həyata keçirilməsini pisləyən bəyanat qəbul edib. Həmin bəyanat da fondun adından Rusiya Federasiyasının ombudsmanına, eləcə də bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinə göndərilib. Bəyanatda fond olaraq Rusiya Federasiyasında yaşayan azərbaycanlılara qarşı fiziki zorakılıqların edilməsi, həmyerlilərimizin döyülməsi kimi hallar pislənilib".
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin isə bildirib ki, Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən Rusiya vətəndaşının öldürülməsi məişət zəminində baş vermiş adi bir qətl hadisəsi idi. Lakin qısa zaman ərzində bu qətl hadisəsinə Rusiya rəsmilərinin münasibəti və bu qətl hadisəsinin adi cinayət hadisəsindən çıxarılaraq etnik qarşıdurma şəklində ictimailəşdirilməsi hər kəs kimi diaspora təşkilatlarının da narazılığına səbəb olub: "İlk gündən hadisələrin bu yöndə cərayan etməsi öz-özlüyündə göstərirdi ki, Rusiya rəsmi dairələri bu olaydan yararlanaraq öz siyasi niyyətini də həyata keçirmək istəyir. Daha sonra Rusiyada etnik zəmində ayrı-ayrı bölgələrdə baş verən lokal toqquşmalar və güc strukturlarının bu hadisələrə seyrici mövqeyi onu deməyə əsas verirdi ki, əslində bu hadisələr hansısa bir mərkəzdən idarə olunur və siyasi xarakter daşımaqdadır. Bunu nəzərə alaraq bu hadisələrin qarşısının alınması üçün Azərbaycanda məsul qurumlar hətta işçi qrupu da yaratdılar ki, bu qruplar diasporamız arasında proflaktik tədbirlər görülməsi üçün Rusiyada oldular, stuasiyanın qarşısının alınması üçün zəruri tədbirlər görməyə başladılar. Diaspora təşkilatlarında soydaşlarımıza hüquqi yardım göstərmək üçün qərargahlar belə fəaliyyət göstərməyə başladı". İlqar İlkin onu da diqqətə çatdırıb ki, Rusiya Federasiyasında fəaliyyət göstərən diaspora təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşür və onlar bu istiqamətdə əllərindən gələni etməyə çalışırlar: " Lakin Rusiyada miqrantlarla bağlı qanunların sərtləşdirilməsi və yüksək cərimələrin tətbiq olunması göstərir ki, bu ölkədə miqrantlarla bağlı problem daha da dərinləşəcəkdir. Miqrantlarla bağlı Rusiya ictimayyətinin fikirləri də pozitiv deyildir. Rus cəmiyyəti elə hesab edir ki, ölkədəki krimanogen vəziyyət məhz miqrantlarla bağlıdır. Fikrimcə, Rusiyada yaşayan soydaşlarımızın böyük əksəriyyəti bu ölkədə artıq vətəndaşlıq alıblar və diaspora təşkilatlarımız çalışmalıdır ki, qeydiyyatsız yaşayan və işləyən soydaşlarımızın hüquqi problemlərinin həllində onlara məsləhət və yardımlarını, maarifləndirmə işlərini daha da gücləndirsinlər". İctimai Birlik rəsmisinin sözlərinə görə, istənilən halda xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız bu və ya digər ölkədə hər hansı bir soydaşımıza qarşı həyata keçirilən qeyri-qanuni hərəkət, haqsızlığa öz münasibətini bildirməli, etiraz səslərini ucaltmalıdırlar.
Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adıgözəlli isə hesab edir ki, Rusiya Federasiyasında soydaşlarımıza qarşı artan təzyiqlər, fiziki zorakılıqların fonunda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız fəallıq nümayiş etdirmədilər: "Halbuki diaspor təşkilatlarımız bu hadisələrə öz kəskin etirazlarını bildirməli idilər. Həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrdəki Rusiya səfirlikləri qarşısında etiraz aksiyalar¨keçirməli idilər. Ancaq biz bunun əksini gördük. Düzdür, ayrı-ayrı diaspor təşkilatları bəyanatlar, açıqlamalar şəklində öz fikirlərini bildirsələr də, lakin bu mütəşəkkil xarakter daşımadı". Samir Adıgözəllinin sözlərinə görə, diaspor təşkilatlarının bu kimi məsələlərdə vahid mövqedən çıxış etməsi, həmrəylik nümayiş etdirməsi zəruri idi. Samir Adıgözəlli Rusiya Federasiyasında fəaliyyət göstərən diaspor təşkilatlarının belə soydaşlarımızın müdafiəsində passivlik nümayiş etdirdiklərini vurğulayıb: "Adını Milyaderlər İttifaqı qoyan qurum nə üçün öz ciddi etirazını bildirmədi. Eləcə də Rusiya Federasiyasında kifayət qədər imkanlı iş adamlarımız var ki, onlar öz maliyyə resursları ilə bu prosesə təsir göstərə bilərdilər. Hesab edirəm ki, bu kimi məsələlərdə hər biz soydaşımızda milli qürur hissi olmalıdır. Buna misal olaraq yaxın tarixdə baş verən hadisələrə diqqət çəkmək istərdim. Türkiyə ilə Almaniya arasında münasibətlər gərginləşən zaman Tansu Çillər Almaniyadakı türk iş adamlarına müraciət edərək onlara alman banklarından pullarını çıxarıb Türkiyəyə gətirməyi tövsiyyə etdi. Qısa müddətdə alman iqtisadiyyatı, bankları müflis oldu. Eyni addamı Rusiyadakı nüfuzlu iş adamlarımız da atsa, o zaman Rusiya ciddi problemlə üzləşər. Bu gün Rusiya Federasiyasında bizneslə məşğul olan azərbaycanlı iş adamları var ki, onlar hər ay Rusiya büdcəsinə milyonlarla rubl ödəyirlər. Anoloji addımın bizim iş adamlarımız tərəfindən atılması təsəvvür edin ki, Rusiya iqtisadiyyatını necə müflis edər". BDM rəsmisi onu da deyib ki, diaspora fəaliyyəti ilə məşğul olan ictimai təşkilatlar da bu kimi neqativ hallara qarşı öz etiraz səsini ucaltmalıdır: "Biz BDM olaraq Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək mövqeyimizi ortaya qoyduq. Hesab edirəm ki, digər təşkilatlar da anoloji addımı atmalı idilər. Bir sözlə hər zaman soydaşlarımız vahid mövqedən çıxış etməli, milli birlik nümayiş etdirməlidirlər. Yalnız bu halda fiziki təzyiqlər, zorakılıq və təqiblərdən uzaq ola bilərik. Nə qədər ki, özümüzü gücsüz göstərəcək və baş verənlərə adekvat münasibət bildirməyəcəyik bu kimi problemlər tez-tez təkrarlanacaq. Belə halların təkrarlanmaması üçün yalnız birlik olmalıdır".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir