Qırğızıstandakı Azərbaycan diasporu birdir
Çingiz Ələsgərov: “Dağlıq Qarabağ problemi dünyada yaşayan hər bir azərbaycanlı kimi bizim də ağrılı yerimizdir”
29 Oktyabr 2013 17:11 DiasporaQırğızıstanda fəaliyyət göstərən çoxsaylı diaspor təşkilatlarından biri də Qırğızıstan Azərbaycanlıları Konqresidir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Azərbaycanın təbliği, xalqımızın üzləşdiyi problemlər barədə bir sıra mühüm addımlar atan təşkilat qarşıdakı müddətdə də qeyd edilən istiqamətlərdə çalışmağı nəzərdə tutub. Qırğızıstan Azərbaycanlıları Konqresinin sədri Çingiz Ələsgərov "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun bundan sonra atacağı addımlar barədə danışıb. O, Qırğızıstandakı Azərbaycan diasporunun durumu və ayrı-ayrı təşkilatların birlik, həmrəylik istiqamətindəki fəaliyyətinə də toxunub.
-Çingiz müəllim, rəhbərlik etdiyiniz Qırğızıstan Azərbaycanlıları Konqresi nə zamandan fəaliyyət göstərir və konqresin əsas fəaliyyət istiqamətləri hansılardır?
-Qırğızıstan Azərbaycanlıları Konqresi 2012-ci ilin may ay;nda yaradılmışdır. Konqres Qırğızıstanda yaşayan azərbaycanlıların təmsil olunduğu 4 ictimai təşkilatdan ibarətdir. Bura Cəbi Rəsulovun rəhbərlik etdiyi Qırğızıstandakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Ziyəddin Hüseynovun sədri olduğu Azərbaycanlıların "Xəzər" İctimai Assosiasiyası, Mirzə Əli Mirəhmədovun Regional Əməkdaşlıq Şurası və Nüsrət Məmmədovun sədri olduğu Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu daxildir. Qırğızıstan Azərbaycanlıları Konqresinin tərkibinə daxil olan bütün bu təşkilatları ortaq platforma və həmrəylik birləşdirir.
-Konqresi olaraq fəaliyyət göstərdiyiniz bu illər ərzində Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi kimi məsələləsi qırğız cəmiyyətinə tam mənada çatdıra bilmisinizmi?
-Təbii ki, Qırğızıstan Azərbaycanlıları Konqresi yaranarkən ölkəmizin üzləşdiyi problemlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qırğız ictimaiyyətini məlumatlandırmağı qarşısına başlıca məqsədlər olaraq qoymuşdu. Paralel olaraq Azərbaycanın zəngin tarixi mədəni irsinin təbliği, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində müvafiq addımların atılması da Qırğızıstan Azərbaycanlıları Konqresinin başlıca prioritetlərinə aiddir. Məlumat üçün qeyd edim ki, Qırğızıstan Azərbaycanlıları Konqresi olaraq fəaliyyət göstərdiyimiz qısa zaman ərzində qeyd etdiyim istiqamətlərdə bir sıra mühüm tədbirlər keçirmişik. Cari ilin fevral ayında Xocalı soyqırımının ildönümü ilə bağlı konqres olaraq anım tədbiri keçirmişik. Bundan əvvəl isə 20 Yanvar faciəsinin ildönümü konqres səviyyəsində keçirilib. Eyni zamanda konqresimiz 31 mart-Azərbaycanlıların Soyqırım Günü ilə bağlı da qırğız cəmiyyəti, əməkdaşlıq etdiyimiz təşkilatları məlumatlandırıb. Qeyd etdiyim kimi zəngin tarixi-mədəni irsimizin təbliği, mədəniyyətimizin tanıdılması sahəsində də qısa müddət ərzində bacardığımız qədər işlər görmüşük. Keçən ilin dekabrında 31 dekabr-Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı bayram tədbiri keçirmişik. Həmçinin Novruz bayramı da tərəfimizdən qeyd edilib, bu bayramın tarixi, zənginliyi barədə Qırğızıstanda yaşayan digər xalqların nümayəndələrinə məlumat verilib.
-Qırğızıstan Azərbaycanlıları Konqresinin tərkibində əsasən kimlər təmsil olunur? Konqresdə hər bir təbəqənin nümayəndəsi varmı?
-Qırğızıstan Azərbaycanlıları Konqresinin tərkibi olduqca rəngarəngdir desək yanılmarıq. Konqresin üzvləri arasında həm ziyalılar, həm biznesmenlər, həm də dövlət qulluqçuları, hüquqşünaslar və gənclər var. Demək olar ki, konqresin tərkibində bütün təbəqələrin nümayəndələri təmsil olunur. .
-Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan təşkilatları birlik və bərabərlik şəraitində fəaliyyət göstərib vahid mövqedən çıxış edə bilirlərmi?
-Mən rəhbərlik etdiyim Qırğızıstan Azərbaycanlıları Konqresi adından deyə bilərəm ki, bizim konqresin tərkibində fəaliyyət göstərən bütün təşkilatlar vahid mövqedəın çıxış edirlər. Bizim konqres daxilində möhkəm həmrəylik mövcuddur. Qırğızıstan Azərbaycanlıları Konqresinin üzvü olan hansısa bir təşkilat tədbir keçirdikdə hamılıqla həmin tədbirə qatılır, öz dəstəyimizi veririk. Məsələn, konqresin üzvü olan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və onun rəhbəri Nüsrət Məmmədov müntəzəm şəkildə Azərbaycan, həmçinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə yönəlik tədbirlər təşkil edir ki, biz də həmin tədbirlərin yaxından iştirakçısı oluruq. Adıçəkilən fondun Azərbaycan və Qırğızıstanın görkəmli şəxsiyyətləri, yazıçı və şairlərinin kitablarının qırğız dilinə tərcümə edilmiş variantının təqdimat mərasimində konqres üzvlərinin əksəriyyəti iştitak edir. Bu da öz-özlüyündə Qırğızıstan Azərbaycanlıları Konqresinin birlik və bərabərlik şəklində fəaliyyət göstərdiyinin bir nümunəsidir. Ümumiyyətlə, ölkədən kənarda fəaliyyət göstərən istənilən diaspor təşkilatı ümummilli mövqelərdən çıxış etməli, birlik və həmrəyliyimizin daha da möhkəmləndirilməsi istiqamətində çalışmalıdır.
-Qırğızıstan Azərbaycanlıları Konqresi qısa müddətli fəaliyyəti dövründə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində konkret hansı tədbirlər keçirib?
-Əvvəla onu qeyd edim ki, Dağlıq Qarabağ problemi, ərazilərimizin erməni separatçıları tərəfindən işğalı dünyada yaşayan hər bir azərbaycanlı kimi bizim də ən ağrılı yerimizdir. Biz də Qırğızıstan Azərbaycanlıları Konqresi olaraq problemin yaranma səbəbi, ermənilərin işğalçılıq siyasəti barədə qırğız ictimaiyyətini məlumatıandırmağı özümüzə borc bilirik. Dağlıq Qarabağ problemi ilə bağlı indiyə qədər bir sıra kitabıar, tarix faktlar əks olunan materiallar çap edilib ki, biz də həmin materialların qırğız dilinə tərcüməsini təşkil edirik. Bundan başqa faciəli günlərimizdə, xüsusilə Xocalı soyqırımı ərəfəsində tariximiz, başımıza gətirilən müsibətlər, ermənilərin deportasiya və soyqırım siyasətini əks etdirən filmlər nümayiş olunur.
-Qırğızıstanda təxminən nə qədər azərbaycanlı yaşayır? Soydaşlarımızın Qırğızıstana mühacirəti hansı dövrə təsadüf edir?
-Məlumat üçün qeyd edim ki, Orta Asiya regionunun bu dövləti ilə Azərbaycan arasında münasibətlər əsasən XX əsrin əvvəllərindən inkişaf etməyə başlayıb. Təqribən 16 min nəfərə yaxın soydaşımızın yaşadığı Qırğızıstana azərbaycanlıların ilk mühacirəti 1929-1930-cu illərə təsadüf edir. Bu mühacirət, əslində, məcburi köçürülməsi sayəsində baş vermişdir ki, bunun əsas səbəbi Azərbaycanda baş verən repressiya və təzyiqlər idi. Buraya köçürülən azərbaycanlılar kənd rayonları olan Cuy vadisi və onun əyaləti Arovan rayonunda yerləşdirilmişlər. Burada heç bir yerə köçmək hüququ olmadan çətin şəraitdə yaşayan azərbaycanlılar taxılçılıq, pambıqçılıq və digər kənd təsərrüfatı sahələrində çalışırdılar. Bu cür ağır şəraitə baxmayaraq, soydaşlarımız Centi- Cer, Centi-Paxta sovxozları, Sonkul rayonunda Qırğızıstan elektrik stansiyasını tikib başa çatdırmışlar. İlk zamanlar ağır iş şəraiti və soyuq iqlimə dözməyən yüzlərlə soydaşımız vəfat edirdi. Yerli əhalinin dəstəyi və yerli şəraitə çətinliklə də olsa adaptasiya olunmaları azərbaycanlıların tamamilə məhvinin qarşısını almışdır. II dünya müharibəsindən sonra Qırğızıstan azərbaycanlıları elm və təhsil almaq üçün ölkənin ali məktəblərinə daxil olmağa başladılar. Bunun sayəsində Qırğızıstanda Azərbaycan diasporunun ziyalı təbəqəsi yarandı. Müəllim, zootexnik-veteranlar, mühəndis, həkim və digər peşələr üzrə təhsil alan soydaşlarımızın bir çoxu öz sahələri üzrə peşəkar mütəxəssis kimi tanınırdılar.Tədricən Qırğızıstanda yaşayan soydaşlarımızın ölkənin ictimai-mədəni həyatında rolu artmağa başlayıb.
-Bəs soydaşlarımızın qırğız cəmiyyətinə inteqrasiyası hansı səviyyədədir?
-Paytaxt Bişkek başda olmaqla, digər şəhərlərə köçməyə başlayan soydaşlarımız öz milli adət-ənənələrini qoruyub saxlamaqla yerli cəmiyyətə sürətlə inteqrasiya olunur. Burada öz milli bayramlarını daim təmtəraqla qeyd edən azərbaycanlılar milli mətbəximizi qırğızlara təbliğ edirlər.
-Qırğızıstan Azərbaycanlıları Konqresi olaraq azərbaycanlıların üzləşdiyi problemlərin həllinə köməklik göstərirsinizmi? Ümumiyyətlə, soydaşlarımızın Qırğızıstanda üzləşdiyi başlıca problemlər hansılardır?
-Qırğızıstan Azərbaycanlıları Konqresi bacardığı qədər soydaşlarımızın üzləşdiyi hər hansı bir problemin həllinə yardım etməyə çalışır. Əsasən bu ölkədə təhsil alan bir qədər imkansız gənclərə yardım edir, onlara dəstək oluruq. Eyni zamanda soydaşlarımıza müəyyən hüquqi yardım göstəririk. Bundan başqa ana dilimizin qorunub saxlanılması, onun inkişaf etdirilməsi, yetişməkdə olan gənc nəslimizin tariximiz barədə ətraflı bilgiləndirilməsi istiqamətində çalışırıq. Bizim kifayət qədər dəyərli vəkillərimiz var ki, onlar soydaşlarımıza hüquqi və digər yardımlar edirlər.
-Ümumilikdə hazırda Qırğızıstanda Azərbaycan diasporunun durumunu necə qiymətləndirirsiniz? Azərbaycan diasporu bu ölkədə vahid bir mövqe ortaya qoya bilirmi?
-Qırğızıstandakı Azərbaycan diasporası müxtəlif fəaliyyətlərə baxmayaraq birlikdədir, biridir. Düzdür, diaspor təşkilatları vahid bir təşkilat daxilində cəm olmasalar da, lakin vahid mövqedən çıxış edirlər.
-Bir sıra Avropa ölkələrində diaspora daxilində parçalanma yaratmağa cəhdlər göstərilir. Qırğızıstanda da bu kimi mənfi hallar varmı?
-Biz qətiyyətlə bu kimi halları pisləyirik. Azərbaycan diasporu daxilində parçalanma yaratmaq istəyən insanlar Azərbaycanı sevməyən qüvvələrdir. Belə hallara qətiyyətlə yol vermək olmaz. Bu düşmən dəyirmanına su tokmək deməkdir.
-Siz bir diaspor təşkilatı kimi Qırğızıstandakı Azərbaycan səfirliyi ilə necə əməkdaşlıq edirsiniz? Səfirlik sizə öz dəstəyini verirmi?
-Çalışırıq ki, diaspor təşkilatı olaraq səfirliklə sıx əlaqə yaradaq, onlarla əməkdaşlıq edək. Ancaq eyni zamanda səfirlik də buna maraqlı olmalıdır. Ümumiyyətlə, cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi hər bir ölkədə fəaliyyət göstərən Azərbaycan səfirliyi o ölkədəki diaspor təşkilatı ilə əlaqəli şəkildə işləməlidir.
-Qırğızıstan Azərbaycanlıları Konqresinin yaxın vaxtlar üçün qarşısına qoyduğu başlıca vəzifələr hansılardır?
-Qırğızıstan Azərbaycanlıları Konqresi qurumun üzvü olan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və onun rəhbəri Nüsrət Məmmədovun təşəbbüsü və dəstəyi ilə yaxın vaxtlarda uşaqlar üçün bazaar günü məktəbi açmağı düşünür. Burada məqsəd Qırğızıstanda yaşayan azərbaycanlı ailələrin uşaqlarına öz doğma dilimizi öyrətmək, tariximizi təbliğ etməkdir. Bundan başqa bir mədəniyyət mərkəzinin tikintisi planımız da var.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir