Azərbaycan diasporu gələcək inkişafında öz mövqeyini dəyişməlidir
Mirkazım Seyidov: “Milli şüurumuzun formalaşmasında yeni metodika seçilməlidir”
28 Oktyabr 2013 16:44 Diaspora"Cənab prezident dünya azərbaycanlılarının arxasındadır"
Son vaxtlar Rusiya Federasiyasının paytaxtı Moskvada, eləcə də federasiyanın müxtəlif subyektlərində miqrantlara, əsasən də azərbaycanlılara qarşı təzyiqlər artıb. Orxan Zeynalov ətrafında baş verən hadisələrdən sonra gərginləşən münasibətlər soydaşlarımızın Rusiyadan deportasiya edilməsi kimi təhlükəli məqamları da ortaya çıxarıb. Bəs görəsən Rusiyaa Federasiyasında yaşayan soydaşlarımızı deportasiya kimi ciddi bir təhlükə gözləyirmi? Ümumiyyətlə, vəziyyətdən çıxış yolu nədədir və hazırkı situasiyada Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diaspru hansı addımları ata bilər? Bu və ya digər məqamlara aydınlıq gətirmək üçün Rusiya Federasiyasının Novosibirsk vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Forumun prezidenti Mirkazım Seyidova müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Mirkazım Seyidov Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlərin səbəbi, buna qarşı atılması vacib olan addımlar, eləcə də Azərbaycan diasporunun bundan sonrakı fəaliyyəti barədə danışıb.
-Mirkazım müəllim, son zamanlar Rusiya Federasiyasında azərbaycanlılara qarşı son zamanlar müxtəlif aksiyalar həyata keçirilir, fiziki təzyiqlər. Sizcə baş verən proseslərin arxasında nə dayanır və burada siyasi motiv yoxdur ki?
-Rusiya Federasiyasında azərbaycanlılara qarşı baş verən hadisələrdə siyasi motiv axtarmazdan əvvəl bir məsələni diqqət mərkəzində saxlamaq lazımdır ki, hələ də Rusiya hakimiyyəti bu hadisələri öz çərçivəsinə sala bilməyib. Artıq məsələ beynəlxalq müstəvidə müzakirə predmeti olaraq qalmaqdadır. İlk növbədə onu qeyd edə bilərəm ki, artıq bu hadisəni törədənlər, süni şəkildə bunu şişirdənlər peşimançılıq hissi yaşayırlar. Baş verən proseslərdə siyasi motivin olub-olmamasına gəlincə təbii ki, bu hadisələrin kökündə siyasi motiv var. Cinayət törədilir. Həmçinin cinayət hələ hüquqi müstəvidə öz həllini tapmadan həmyerlimizə qarşı olmazın hərəkətlər edilir. Bütün bunlar heç bir hüquqi normaya sığmır. Baş verən hadisələrdən sonra həmyerlilərimizə qarşı xüsusi iş aparılır. Azərbaycanlıların maddiyatına külli miqdarda ziyan vurulur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən prosesin arxasında siyasi motiv dayanır.
-Sizcə, bu prosesdə Rusiya Federasiyasında fəaliyyət göstərən erməni lobbisinin əli varmı və ola bilərmi ki, soydaşlarımıza qarşı təzyiqlər erməni lobbisinin əli ilə həyata keçirilir? Və yaxud bu prosesdə birbaşa Rusiya hakimiyyətini günahkar saymaq olarmı?
-Mən konkret olaraq bu işlərdə erməni lobbisinin əlini görmürəm. Düzdür ermənilər hər zaman bu kimi işlər həyata keçirərək azərbaycanlılara qarşı iyrənc kompaniyalara dəstək olub, onun reallışdırılmasında birbaşa rol oynayıblar. Ancaq son proseslər birbaşa Rusiya hakimiyyətinin planlı şəkildə həyata keçirdiyi prosesdir. Çünki, son zamanlar Rusiya Azərbaycan münasibətlərində müəyyən soyuqluq yaranıb. Seçki öncəsi Rusiyada yaradılan "Milyaderlər İttifaqı", Bakı-Novosibrsk neft kəmərinin fəaliyyətinin dayandırılması, Qəbələ RLS ilə bağlı iki ölkə arasında razılaşmanın əldə olunmaması bu münasibətlərin soyuqluğundan xəbər verirdi. Bunun fonunda Putinin ideyası kimi günədə gələn Avrasiya İttifaqı layihəsinin reallaşmasında Azərbaycan bir faktor kimi özünü göstərir. Putin Azərbaycanın müstəqil siyasət yeritməsini, qərbə qapı açmasını həzm edə bilmir. Ona görə də, Azərbaycana təzyiq göstərir. Marqlısı odur ki, həmin təzyiqləri diaspora təşkilatlarının əli ilə də həyata keçirir.
-Bəs, Azərbaycan diasporunun Rusiya Federasiyasının hakim orqanlarına təsir dairəsi hansı səviyyədədir?
-Etiraf etmək lazımdır ki, bu bizim ən ağrılı nöqtəmizdir. Təbii ki, biz Rusiyada siyasi qüvvəyə çevrilə bilməmişik. Deyək ki, biz yaşadığımız cəmiyyətə tam inteqrasiya ola bilməmişik. Əgər bu inteqrasiya olsaydı baş verən həmin hadisələrə ilk növbədə diaspora təşkilatları səsini qaldırmalı idi. Dispora təşkilatları hakimiyyət qarşısında öz tələblərini yeridə bilərdilər. Biz isə baş verən hadisələrdə diaspora təşkilatlarının susqunluğunun şahidi olduq. Baxın baş verən hadisələr zamanı "Milyaderlər İttifaqı"nın həmtəsisşisi Abbas Abbasov mətbuata müsahibə verir. O, müsahibəsində həmyerlimizi elə təqdim edir ki, guya Orxan Zeynalov həmin cinayəti törədib. Bir sözlə belə bir hadisəyə qarşılıq olaraq diasropa təşkilatları adından danışan Abbas Abbasov olmayan hörmətini bir qədər də aşağı saldı.
-Sözünüzdən belə çıxır ki, "Milyaderlər İttifaqı"nın Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları arasında hörməti yoxdur.
-Əlbəttə ki, yoxdur. Azərbaycanda keçirilən prezident seçkiləri öncəsi yaradılan bu ittifaq hər yerdə bəyan edirdi ki, əsas məqsəd təşkilatın diaspor təşkilatı kimi fəaliyyət göstərməsinə şərait yaratmaqdır. Ancaq paralel olaraq biz onun şahidi olurduq ki, bu ittifaq süni şəkildə yaradılan bir qurumdur. Yəni "Milyaderlər İttifaqı" Rusiya Federasiyası hakimiyyəti ilə razılaşdırılaraq yaradılıb. Hətta onlar Azərbaycan prezidentinə bəyanatlar verirdilər. Ancaq nəticə nə oldu? "Milyaderlər İttifaqı" yaradılandan sonra Rusiya Federasiyasının regionlarında olan diaspora təşkilatları ikiyə bölündə. Onların bir qismi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına, bir qismi isə "Milyaderlər İttifaqı"na qoşuldular.
-Siz bir təşkilat rəhbəri olaraq məlum hadisələrlə bağlı Azərbacyan hökumətinin mövqeyini necə dəyərləndirirsiniz?
-Azərbaycan dövlətinin məsələyə sərt mövqe göstərməsi, Rusiyaya iki bəyanatın verilməsi, səfir Polad Bülbüloğlunun baş vermiş hadisələrlə əlaqədar müsahibəsi, işin araşdırılması üçün müvafiq komissiyanın yaradılması bir daha onu göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi istiqamətində daim əməli addımlar atır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, cənab prezident dünya azərbaycanlılarının arxasındadır.
-Sizin fikirlərininzdən aydın olur ki, Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diasporu hələ də siyasi gücə çevrilə bilməyib. Sizcə bunun səbəbləri nə ilə bağlıdır?
-Bunun ən böyük səbəbi bizim yaşadığımız cəmiyyətə inteqrasiya ola bilıməməyimizlə bağlıdır. Bir məqamı da qeyd etmək yerinə düşər ki, Rusiya Federasiyasında Azərbaycan gənclərini dövlət idarələrində işə götürmürlər. Bu bir faktdır. Bu faktın əsasında isə o dayanır ki. biz gəncləri zamanında düzgün istiqamətləndirə bilmirik. Milli mentalitetimizi önə çəkərək gəncləri də bu istiqamətdə tərbiyə almasını istəyirik. Ancaq zaman yerində durmur. Cəmiyyət inkişaf edir. Biz də yaşadığımız mühitə uyğun olaraq gənclərin daha təkmil, həmin cəmiyyətdə özünə məxsus yer tutması üçün iş aparmalıyıq. Belə olan halda bütün problemlər aradan qaldırılar.
-Sizcə indiki zamanda diaspora sahəsində hansı addımların atılması zərurətə çevrilib və bu sahədə daha böyük uğurlara imza atmağın yolu nədən keçir?
-Son vaxtlar Rusiy Federasiyasında baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan diasporu gələcək inkişafında öz mövqeyini bir balaca dəyişməlidir. Milli şüurumuzun formalaşmasında yeni metodika seçilməlidir. Əgər bu hadisələrdən sonra biz bu yöndə düşünməsək gələcəkdə bundan da böyük hadisələrlə üzləşə bilərik. Çünki, biz nə qədər tez siyasi şüurumuzu formalaşdırıb, bu birliyi əldə edə bilsək o halda siyasi qüvvəyə çevrilə bilərik. Rusiya Federasiyasında yaşayan azərbaycanlıların böyük əksəriyyəti bu ölkədə keçirilən seçkilərdə səs vermə hüququna malikdir. Düşünürəm ki, biz bu imkanlardan geniş istifadə etməliyik.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir