“Avropa ölkəsində yaşasaq da ürəyimiz Azərbaycandadır”

Səməd Fərtaş: “O yerdə ki, ölkəmizin imici var, orada müxalifət sözünü bir tərəfə qoyub Azərbaycanı müdafiə etməliyik”

Azərbaycan diasporunun güclü olduğu, eləcə də soydaşlarımızın çoxluq təşkil etdiyi  Avropa ölkələrindən biri də İsveçdir. Avropanın bu dövlətində həm cınub, həm də şimaldan bura getmiş  azərbaycanlıların olduğunu nəzərə alsaq soydaşlarımızın İsveçdə mütəşəkkil bir qüvvəyə çevrildiyini söyləyə bilərik. Bəs görəsən reallıqda da vəziyyət belədirmi? İsveçdə yaşayan azərbaycamlı, Güney Azərbaycan İstiqlal Partiyasının İsveç üzrə təmsilçisi Səməd Fərtaş "OLAYIAR"-a verdiyi müsahibədə bütün bunlara aydınlıq gətirib. O, oktyabrən 9-da keçirilən president seçkilərində İsveçdəki Azərbaycan vətəndaşlarının seçki fəallğı barədə danışıb. Səməd Fərtaş İsveçdə yaşayan azərbaycanlı olaraq İlham Əliyevin yenidən president seçilməsini alqışladığını vurğulayıb. Güney Azərbaycan İstiqlal Partiyasının təmsilçisi onu da təssüf hissi ilə qeyd edib, bəzi soydaşlarımız İsveçdə Azərbaycanın nüfuzuna zərər gəlməsi üçün erməni, fars və kürd lobbisinin əlində alətə çevrilir.

-Səməd bəy, bu günlərdə Azərbaycanda prezident seçkiləri keçirildi və cənab İlham Əliyev yenidən dövlət başçısı seçildi. İsveçdə yaşayan Azərbaycan vətəndaşları seçkilərdə aktiv iştirak etdilərmi?

-Mən Güney Azərbaycan Istiqlal Partiyasının Isveç təmsilçisi olaraq öz fikrimi bildirmək istəyirəm.  Bizim ətrafımızda olan dostlar və tanışların bəyük əksəriyyəti prezident seçkilərində cənab İlham Əliyevə səs veriblər. Düzdür Isveçə çoxdan gələn azərbaycanlıların bir çoxu bu ölkənin vətəndaşı olduğuna görə seçkilərdə səsvermə haqlarına malik olmayıblar. Amma onların da fikrincə Azərbaycanın indiki durumunda cənab Ilham Əliyev əsas namizəd idi. Çünki İlham Əliyev Azərbaycanda siyasi durumu sabit vəziyyətdə saxlaya bilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandan son illərdə gələn insanların  namizədi isə Cəmil Həsənli olub. Bunun başlıca səbəbi Isveçdə oturum almaqla bağlıdır. Onu da deyim ki, həmin soydaşlarımızın bir çoxları Isveçdə oturum aldıqdan sonra Azərbaycanı yadlarından çıxarırlar.

-İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi İsveçdə yaşayan azərbaycanlılar tərəfindən necə qarşılandı?

-Azərbaycanda prezidentin kim olması bizim üçün o qədər də fərq etmir. Azərbaycanın dövlətçiliyini qoruyan, Azərbaycanı stabil saxlayan, ölkəni inkişaf etdirən  prezidenti biz xoş qarşılayırıq. Son prezident seçkilərində Azərbaycan milləti cənab İlham Əliyevi yenidən dövlət başçısı seçdi. Bizdə bu seçkinin nəticələrinə hörmət edərək Azərbaycan Prezidentini və Azərbaycan millətini təbrik edirik və ona uğurlar arzulayırıq.

-Belə nəticəyə gəlmək olarmı ki, İlham Əliyevin növbəti prezidentlik dövründə Azərbaycan diasporu daha da inkişaf edəcək və yeni uğurlara imza atacaq?

-Məncə Azərbaycan hökuməti Isveçə daha çox diqqət etməli və burada diasporanı gücləndirməlidir. Çünki İsveç Avropanın ən önəmli ölkələrindən biridir. Burada erməni, fars, kürd lobbisi çox güclüdür. Bir məqamı da təssüf hissi ilə qeyd etmək istərdim ki, bizim buradakı bəzi soydaşlarımız da Azərbaycan barədə dünyada mənfi rəy yaaratmaları üçün  onlara imkan yaradırlar. Ümidvaram ki,  Azərbaycan Prezidenti və Diasporla Iş üzrə Dövlət Komitəsi bu məsələyə diqqətt yetirəcək.

-Ümumiyyətlə, İsveçdə Azərbaycan diasporunun varlığını, onun fəaliyyətini necə qiymətləndirmək olar? Demək olarmı ki, Avropanın bu ölkəsində güclü Azərbaycan diasporu formalaşıb?

-Onu deyə bilərəm ki, İsveçdə çox güclü Azərbaycan diasporu var. Artıq 20 ildən çoxdur ki, mən Avropanın bu ölkəsində yaşayıram. İsveçdə yaşadığım bu illər ərzində qeyd etdiklərimin şahidi olmuşam. Bir məqama da xüsusi diqqət yetirmək istərdim ki, İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları daxilində çox güclü kadrlarımız da var. Ancaq həmin kadrlardan düzgün istiqamətdə istifadə edilməli, onların potensialı dəyərləndirilməldir. Hesab edirəm ki, onlara sahib çıxmaq lazımdır.

-İsveçdəki Azərbaycan diaspor təşkilatları arasında həmrəylik hansı formada təmin olunur? Deyə bilərikmi ki, bu ölkədəki Azərbaycan diaspor təşkilatları arasında  birlik və bərabərlik mövcuddur?

-Əlbəttə ki, bunu söyləmək mümkündür.  Onu da qeyd edim ki, son illərdə bir müsbət tendensiya müşahidə edilir. Belə ki, Azərbaycan diaspor təşkilatları arasında birlik getdikcə daha da möhkəmlənir. Əgər yaxın keçmişdə hansısa təşkilatın rəhbərliyində təmsil olunmaq uğrunda mübarizə vardısa, həmçinin müxtəlif yönümlü ixtilaflar özünü göstərirdisə, hazırda həmin ixtilaflar azalır və birliyə doğru gedirik.

-Bəzən belə bir fikir səslənir ki, bir sıra ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında siyasi anlamda ayrıseçkilik mövcuddur. Elə bu səbəbdən də azərbaycanlılar arasında birlik və bərabərlik çətin əldə edilir. Bəs sizin yaşadığınız ölkədə necə, bu kimi problemlərlə qarşılaşırsınız?

-Etiraf etmək lazımdır ki, İsveçdə yaşayan azərbaycanlılar arasında da müəyyən fikir ayrılıqları var. Bu fakir ayrılıqları əsasən Güney Azərbaycan məsələsi ilə bağlıdır. Eyni zamanda Kuzey Azərbaycandan olan azərbaycanlılar arasında isə iqtidar-müxalifət problemi var. Ancaq ümummilli məsələlərdə hər kəs eyni mövqedən çıxış etməyi bacarır.

-Hazırda İsveçdə təxminən nə qədər azərbaycanlı yaşayır və onların başlıca problemləri nədən ibarətdir?

- Mənim bildiyim qədər hazırda İsveçdə 35-40 min arasında azərbaycanlı yaşayır.  Onların əksəriyyəti bura Güney Azərbaycandan gəlib və  uzun illərdir ki, Isveçdə yerlşiblər.  Son illərdə Şimali Azərbaycandan da bir çox soydaşlarımız bura gəliblər. Güney Azərbaycandan İsveçə gələnlərin demək olar ki, 80 faizi iş sahibidir və özlərinin normal həyatları var. Amma Azərbaycandan son illərde gələn soydaşlarımızın içində çox az sayda insanlar tapilar ki, özlərinə bir normal şərait yaratsınlar. Bundan başqa bir çox iqtisadi və sosial problemlər də var. Biz 5- 6 il öncə Isveçdə azərbaycanlıların içində bir birinə qarşı hörmətsizlik görməzdik. Amma indi çox təssüflənirəm. Çünki hazırda vəziyyət o yerə çatıb ki, Şimali Azərbaycandan gələn soydaşlarımız hətta bir birini öldürməkdən də çəkinmirlər. Isveç mediasında və polisdə azərbaycanlıların adının pis hərəkətlərdə hallanması da bizim üçün heç xoşa gələn bir hal deyil.

-Siyasi cəhətdən azərbaycanlıların fəal olduğu ölkələrdən biri də İsveçdir və zaman-zaman orada yaşayan bir qrup insan hazırkı Azərbaycan hakimiyyətinə qarşı ittihamlar səsləndirir, ölkəmizin nüfuzuna xələl gətirməyə çalışır. Sizcə Azərbaycandan kənarda müxalifət-iqtidar ayrıseçkiliyi salmaq ümumi dövlət maraqlarına ziyan vermirmi?

-Etiraf etmək lazımdır ki, burada yaşayan soydaşlarımız Azərbaycan Hökumətinə qarşı aktivdirlər və bu məsələ azərbaycanlılarin arasında da böyuk ayrılığa səbəb olur. Düzdür, biz bir Avropa ölkəsində yaşasaq da, lakin ürəyimiz Azərbaycanladır. Onu da qeyd etmək lazımdır ki, insanlar öz düşüncəsində azaddırlar ki, öz fikirlərini söyləsinlər. Amma o yerdə ki, ölkəmizin imici var, orada müxalifət sözünü bir tərəfə qoyub Azərbaycanı müdafiə etməliyik. Hətta bir İsveç vətəndaşı da olsaq. Çünki erməni, fars. kürd lobbisi bizə qarşı təxribat həyata keçirməyə çalışır. Ona görə də onların qurduğu tələyə düşməməliyik.  Yəni soydaşlarımızdan vasitə kimi istifadə edib Azərbaycanın əleyhinə istifadə olunmasına izin verilməməlidir. Amma etiraf etmək lazımdır ki, çox-çox təssüflənsək də bu kimi hallara bəzən rast gəlirik. Bu da zaman-zaman üzə çıxır. Ancaq  arxada nə işbirliyi olur, onu deyə bilmərəm.

-Bir müddət əvvəl İranda da prezident seçkiləri keçirildi və yeni İran prezidenti seçildi. Sizcə yeni İran prezidenti cənubdakı soydaşlarımıza diqqəti artıracaqmı və cənublu soydaşlarımızın haqq və hüquqlarının tanınması istiqamətində addımlar atılacaqmı?

-Iranda keçirilən prezident  seçkiləri ilə bağlı deyə bilərəm ki, Iran hakimiyyəti son nəfəsini hiss etdi. Dərk etdi ki, qısa zamanda da olsa bu planı seçməlidi və bir sıra dəyişikliklərə getməlidir. Amma  hesab edirəm ki, o da çox zaman çəkməz və dünya başa düşər ki, bunlar hamısı yalandı. Bir dövlət ki, 34 il Amerikaya, Israilə ölüm deyərək millətə zülm edir, indi o silahı yerə qoysa özü məhv olar.  Bu şüarların üstündə minlərlə insan canını verib. İndi bir sual ortaya çıxır ki, bunlar niyə ölüblər. Yeni prezident Həsən Rühaninin iş başına gəlməsi İranda yaşayan hər millətdən çox Azərbaycan millətinə ziyan verəcək. Hesab edirəm ki, bizim millət və dövlət buna inanmamalıdı, Mahmud Əhmədinejat cinayət etsəydi belə onun sözü ilə əməli bir idi.  Onu da qeyd edim ki, Həsən Rühani prezident seçiləndən edamlar, həbslər daha da çoxalıb. Azərbaycan şəhərlərini kürdləşdirmək və azərbaycanlılara qarşı həqarətlər etmək daha da artıb. Düşünürəm ki, Azərbaycan millətinə bundan sonra daha çox basqı olacaq. Son sözüm ondan ibarətdir ki, Güney Azərbaycanın  istiqlaliyyəti elan edilməyincə 50 milyon azərbaycanlı hər zaman böyük güclər və onların əlaltılarının təzyiqləri altında qalacaq.  Biz nə olur olsun, Güney Azərbaycanın istiqlalını əldə etməliyik. Bundan başqa yolumuz yoxdur, Güney Azərbaycan istiqlalını \əldə etməsə bizim millət məhfə məhkumdu.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31