Xaricdə yaşayan azərbaycanlılar

Soydaşlarımızla iş dövlətin əsas prioritet istiqamətlərifir

Hazırda Azərbaycan Respublikasından kənarda 40 milyondan artıq azərbaycanlı yaşayır.  Öz tarixi torpaqlarından, dədə-baba yurdlarından kənarda yaşayan azərbaycanlıların sayı isə 10 milyon nəfərə yaxındır. Xaricdə yaşayan azərbaycanlılar əsasən Azərbaycan Respublikasından, İran, Gürcüstan və Rusiya Federasiyasının Dağıstan Respublikasından digər ölkələrə miqrasiya etmiş  soydaşlarımızdan ibarətdir.

Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha sıx bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamaları üçün etik-mənəvi baxımından daha ağrılı olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında, dastanlarda, nağıllarda, poeziya nümuunələrində "Vətən-qürbət" mövzusu bu gün də mühüm yer tutur. Mənəvi köklərə söykənən amil Azərbaycan  diasporunun yaranmasının nə qədər qədim tarixə malik olduğunun göstəricisidir. Bu gün Azərbaycan diasporu dedikdə tarixi Vərəndən kənarda məskunlaşmış həmvətənlərimiz nəzərdə tutulur. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışının təfsiri isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda  öz əksini tapmışdır. Həmin qanuna əsasən bu anlayış Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-inin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş, lakin hazırda xarici dövlətlərdə məskunlaşan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edənlərə aid edilir.

2002-ci il, dekabr ayının 27-də "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edildi. Bu qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərini, eləcə də bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir. Xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması, Azərbaycan diasporunun formalaşmasında Xarici Ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin mühüm əhəmiyyəti vardı. Məlumat üçün qeyd etmək yerinə düşər ki, Xarici Ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 1946-cı ildə Bakı şəhərində yaradılıb. O zaman Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi nəzarəti altında  fəaliyyət göstərən cəmiyyətin əsas məqsədi xaricdə yaşayan azərbaycanlılar, xüsusilə ziyalı təbəqəsinin vətənlə əlaqələrinin qurulması idi. O illərdə artıq Azərbaycan diasporunun ziyalı kütləsi formalaşmışdı və onlar təşkilati strukturlaşma işində fəallıq nümayiş etdirirdilər. Belə insanlarla əməkdaşlıq Sovetlər Birliyi üçün mühüm əhəmiyyət kəsb edirdi və onların vətənlə əlaqələrinin təşkilindən irəli gələrək yaradılan cəmiyyətin xəttilə keçmiş legionerlərin bəziləri Azərbaycana dönə bilmişdilər. 1960-cı ildə işlərin daha da fəallaşması məqsədilə cəmiyyətin nəzdində "Vətənin səsi" adlı gizli bir qəzet çap edilirdi. Bu qəzet "Bakı" və "Baku" qəzetləri redaksiyasında buraxılırdı. Xaricdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan "Vətənin səsi"nin səhifələri siyasi səpkili materiallarla bol idi və onlar  yalnız təbliğatçılıq xarakteri daşıyırdı. 1992-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin "Azərbaycan Dünyası"-Beynəlxalq Əlaqələr Mərkəzinə çevrilməsi haqqında qərar qəbul etdi.

Azərbaycanlılar hər zaman öz milli  mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi vətənlə əlaqələrini itirməmişdilər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Cənub və Mərkəzi hissəsində daha çox məskunlaşıblar.  Onların sayı Birləşmiş Ştatlarda 400 min nəfərə çatır.  Amerika qitəsinin digər ölkələrində-Argentina, Braziliya, Kanada və Meksikada da soydaşlarımız məksunlaşıblar. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İran İslam Respublikasından miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyə, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə, geniş olduğu ikinci qitə Avropa qitəsi hesab edilir. Son zamanların statistik göstəricilərinə əsasən Avropa azərbaycanlılarının sayı Türkiyədə 3 milyona, Rusiya Federasoyasında 2,5 milyona, Ukraynada 500 min, İsveçdə 30 min, Almaniyada 100 minə, Niderlandda isə 20 minə yaxındır. Niderland Krallığı, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti bu ölkələrə Türkiyədən köçmüş azərbaycanlılardır.  Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya Federasiyası, Ukayna, Moldova və Fransadakı soydaşlarımız isə İran İslam Respublikası və Azərbaycan Respublikasından bu dövlətlərə köç edənlərdir.

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların bir çoxu Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı və Suriya, İraqda məskunlaşıblar. Afrika qitəsində isə məskunlaşımış azərbaycanlıların Misir, Əlcəzair və Sudanda yaşadığına dair məlumatlar var. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cəınubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir. Avsrtaliya qitəsində isə təxminən 8 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Bu gün xaricdə yaşayan azərbaycanlılarla iş dövlət səviyyəsində müsbət istiqamətdə qurulub və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altındadır. Ümumiyyətlə, xarici ölkələrdə yaşayan azərbaycanılılar hər zaman Azərbaycan dövlətinin diqqət yetirdiyi məsələ olub. Elə bunun göstəricisidir ki, hələ ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə, konkret olaraq 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üszrə Dövlət Komitəsi yaradılıb. Həmin il iyulun 5-də dövlət başçısının imzalamış olduğu fərman əsasında yaradılan Xzarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin qarşısına qoyulan başlıca məqsəd və vəzifələr  xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələri genişləndirmək və bu əlaqələri tədricən inkişaf etdirmək idi.

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Azərbaycan Respublikasının qanunu da xaricdə yaşayan azərbaycanlılarla yaxından işləməyi özündə ehtiva edir.. 2002-ci il, dekabrın 27-də ümummilli lider, mərhum prezident Heydər Əliyev tərəfindən təsdiq edilən həmin qanunda qeyd edilirdi ki, bu Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir. Qanunda Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri açıq şəkildə göstərilir. Qeyd olunur ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli özgünlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərməyə, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə xidmət edir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezidentlik dövründə də xaricdə yaşayan azərbaycanlılar diqqət mərkəzində olub, bu sahənin inkişaf etdirilməsi istiqamətində bir sıra fərman və sərəncamlar imzalanıb, qanunlar qəbul edilib. Belə sənədlərdən biri də 2008-ci il, noyabrın 19-da prezident İlham Əliyevin imzalamış olduğu sərəncamdır. Həmin sərəncam əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Prezident İlham Əliyevin 2009-cu il, 14 may tarixli fərmanı ilə isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsi təsdiq edildi. Əsasnamədə qeyd olunur ki, Diasporla İş üzrə Dövlət Komitəsi diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31