Hərənin öz payı

Artıq 23 ildir ki, xalqımız, o cümlədən  bütün dünyada yaşayan soydaşlarımız Ulu öndər Heydər Əliyevin tövsiyəsi üzrə hər ilin son gününü ikiqat bayram əhval-ruhiyyəsi ilə qeyd edir.  31 Dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi yadda qalıb. İndi dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə azərbaycanlı məhz bu tarixdə həmrəy olmağın əhəmiyyətini bir daha xatırlayır. Azərbaycana xas dəyərlərin, varlıqların qorunub saxlanması üçün yaşadığı ölkədə şox işlər görməli olduğunu hiss edir. Onların hər biri yaşadığı ölkədə Azərbaycanın bir elçisi, səfiridir, desək yanılmarıq. Doğrudan da belədir. Soydaşlarımız yaşadıqları  yerlərdə yaratdıqları çoxsaylı təkilatlar, qurumlar vasitəsilə vətənimizlə bağlı həqiqətləri dünyaya çatdırmağa çalışırlar. Təsadüfi deyil ki, azərbaycanlıların dünyada ən çox təşkilat yaratdıqları ölkələr arasında Türkiyə xüsusi yer tutur. Qardaş ölkədə onlarla diaspor təşkilatları fəaliyyət göstərir ki, bu da təsadüfi deyil. Bu amilin öz səbəbləri var. Bu səbəblər haqqında AMEA Tarix İnstitutu "Azərbaycan diasporu" şöbəsinin elmi işçisi Zəminə Əsgərovadan məlumat aldıq.

-Zəminə xanım, vətəndən kənarda yaşayan soydaşlarımızın siyasi fəallığını hansı amillə bağlamaq olar?

-Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutub. Ölkəmizin inkişaf və tərəqqi yolundakı nailiyyətlərində dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalını daşıyıan bütün həmvətənlərimizin öz payı var. Bir çox tarixi faktlar sübüt edir ki, müxtəlif dövrlərdə azərbaycanlılar dövrün ictimai-siyasi hadisələri ilə bağlı bu və ya digər səbəblər üzündən doğma yurdlarını tərk edərək dünyanın müxtəlif ölkələrinə köçüb getmək və orada özlərinə sığınacaq tapmaq məcburiyyətində qalıblar. Azərbaycanın sərhədlərindən kənarda, dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizlə əlaqə sovetlər dövründə ciddi nəzarət altında olduğundan o dövrdə həmin əlaqələrin birbaşa inkişafından danışmaq qeyri-mümkün idi.
Soydaşlarımız yaşadıqları ölkədə mümkün qədər siyasi həyatdan təcrid olunmuşlar. Onlar, əsasən məişət qayğıları ilə məşğul olmağı üstün tutublar. Görünür, siyasi fəallıq vətəndən kənarda azlıqda olan millətin öz milli dövləti, yaxud bir mərkəz tərəfindən müəyyən mənada dəstəklənməsi  ilə bağlı olub. Həmvətənlərimiz sovet ittifaqı dağılana qədər dövlət səviyyəsində heç zaman dəstək görməyiblər. Əsas reallıq isə ondan ibarətdir ki, dünya azərbaycanlıları sayca çox olsalar da, pərakəndə halda yaşayıb, yaratdıqları təşkilat arasında isə əlaqələr zəif olub.

-Keçən əsrin əvvəllərində Azərbaycandan xaricə çıxan həmvətənlarımızin sayının artması nə ilə bağlı olub?

-XX əsrin əvvəllərində, yəni 1905-ci ildə və 1918-ci ildə bütün Zaqafqaziyada, eləcə də Azərbaycan ərazisində xalqımıza qarşı ermənilərin həyata keçirdiyi qoyqırım siyasəti nəticəsində azərbaycanlıların müəyyən qismi Türkiyə, İran, İraqa, sonra isə oradan bütün dünya ölkələrinə yayılıblar.
Soydaşlarımızın dünya ölkələrinə miqrasiyasının növbəti mərhələlərindən biri də 1920-ci ildə AXC-nin süqutunun nəticəsində olub. Təqib, sürgün və həbsxanalardan yaxa qurtarmaq üçün xalqımızın on minlərlə övladı dünya ölkələrinə, o cümlədən Türkiyəyə getməli olub. Onların arasında elmi biliyi, siyasi və mədəni səviyyəsi yüksək olan ziyalı həmvətənlərimiz az deyildi. Mühacirlərimiz öz məqsədlərinə çatmaq üçün ayrı-ayrı ölkələrdə ictimai-siyasi, mədəni təşkilat və cəmiyyətlər yaradırdılar. Bütün bunlar təbiidir ki, Türkiyədə Azərbaycan diasporunun geniş əhatə dairəsinin yaranmasına səbəb olmuşdur.

-Nəyə görə Azərbaycan diasporu Türkiyədə daha çox inkişaf edirdi?

-Təbiidir ki, digər xarici ölkələrlə müqayisədə Türkiyədə Azərbaycan milli-mədəni mərkəzləri və cəmiyyətləri sayca daha çox, yaranma tarixləri etibarilə daha təcrübəlidirlər. Belə ki, ziyalı soydaşlarımız tərəfindən 1924-cü ildə Türkiyədə gizli "Azərbaycan Gənclər Birliyi"  və s. kimi təşkilat və siyasi partiyalar yaradılıb. Bu təşkilatların yaradılmasında, azərbaycanlı mühacirlərin vahid mərkəzdə birləşməsində M.Ə.Rəsulzadə, ƏM.Topçubaşov, M.B.Məmmədzadə və başqa onlarla nüfuzlu soydaşlarımızın böyük xidmətləri olub. X.İbrahimlinin və R.Zeynalovun "Müsavat" jurnalında çap etdirdikləri "Musavat partiyasının 1920-ci il 27 Aprel istilasından sonra fəaliyyəti tarixindən" sərlövhəli məqaləsində soydaşlarımızın təşkilatlanmasına xidmət göstərən "Azərbaycan Gənclər Birliyi"nin fəaliyyəti və yaranma məqsədi haqqında geniş məlumat verilib: "Birliyin əsas məqsədi-gəncləri təşkilatlandırmaq, onlarda milli ruhun yüksəldilməsinə nail olmaq, həm də maddi ehtiyac hiss edən üzvlərinə yardım göstərmək olmuşdur". Türkiyədə məskunlaşan soydaşlarımızın təşkilatlanmasında Azərbaycan mühacirət mətbuatının ilk orqanı olan "Yeni Qafqasiya" jurnalının böyük xidmətləri olub. Almanaxın nəşr tarixi və qarşıya qoyduğu məqsəd haqqında, M.V.Məmmədzadə yazır: "Yalnız azərbaycanlıların deyil, bütün əsir türklərin xaricdə çıxardıqları ilk dərgi olan və istila altındakı bütün əsir millətlərin bilxassə Qafqasiya millətlərilə Türk və müsəlman həyat və mücadiləsini əks etdirən "Yeni Qafqasiya" ilə başlanan milli nəşriyyat, milli istiqlal savaşımızın tarixi vəzifələri olaraq qalacaq".

-Həmvətənlərimiz tərəfindən yaradılan digər təşkilatlar haqqında nə demək olar?

-Türkiyədə Azərbaycan diasporunun yaranmasında və formalaşmasında 1919-cu ildə Ankarada M.Ə.Rəsulzadə tərəfindən yaradılmış "Azərbaycan Kültür Dərnəyi"nin fəaliyyətində, onun gördüyü geniş işdə əsasən 20-ci illər mühacirləri, daha sonralar isə ikinci dünya müharibəsi zamanı xaricdə qalmaq məcburiyyətində olan mühacirlər iştirak ediblər. "Azərbaycan Kültür Dərnəyi"nin sonralar İstanbul, İzmir, Antaliya, Kayseri, Manisa, Aydın, Sama, Sönə, Bursa şəhərlərində şöbələri açılıb. Hazırda Türkiyədə AKD ilə yanaşı, onlarca Azərbaycan Cəmiyyəti fəaliyyət göstərir və fəallıq baxımından heç biri AKD-dən geri qalmır. "Azərbaycan Tanıtma Dərnəyi"nin yaranması Azərbaycan erməni təcavüzünün əsl mahiyyətini dünyaya çatdırmaq zərurətindən irəli gəlib. Dərnəyin üzvləri Xocalı faciəsi ilə əlaqədar Ankara, İstanbul və digər şəhərlərdə yaşayan həmvətənlərlə əlaqə yaradıb, xarici nümayəndələrin və hökumət binalarının qarşısında piketlər və nümayişlər təşkil ediblər. 1991-ci ilin dekabrında Türkiyənin İzmir şəhərində "Azərbaycan Dövlət Kültür və Sənət Dərnəyi" yaradılıb. Dərnəyin yaradılması İzmirdə yaşayan azərbaycanlıların mədəniyyət tarixini yaşatmaq, Azərbaycandan İzmirə oxumağa gələn tələbələrə kömək etmək məqsədini daşıyır. "Azərbaycan Türkiyə Kültür və Dayanışma Dərnəyi" Türkiyədə yaşayan soydaşlarımızın, o cümlədən Türkiyə ictimaiyyətinin Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük marağına cavab olaraq 1989-cu ilin martında yaradılıb. Dərnəyin üzvləri Azərbaycan ictimai və mədəni təşkilatları ilə əlaqələrin genişləndirilməsinə, milli mədəniyyətimizin təbliğinə xüsusi əhəmiyyət verirlər. Dərnəyin nəşr etdiyi "Xəzər" qəzetində Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə aid informasiyalar dərc olunur. Məlum olduğu kimi, Türkiyədə soydaşlarımızı bir mərkəzdə birləşdirən, milli mədəniyyətimizi təbliğ edən, respublikamızdakı müasir ictimai-siyasi vəziyyəti izləyən, öyrənən mədəniyyət mərkəzləri çoxdur. Türkiyədə fəaliyyətdə olan Azərbaycan diaspor təşkilatlarından "Azərbaycan-Türkiyə Kültür və Dayanışma Dərnəyi" (İstanbul), "ABAD" (Azad, Bütöv, adil, demokratik Azərbaycan) (2000) Ətrafında əsasən Türkiyədə təhsil alan gəncləri birləşdirir. "Azad Azərbaycan Həmrəyliyi Qrupu" (Ankara) 1939, "Türkiyə-Azərbaycan Dostluq Cəmiyyəti, "Türkiyədə Azərbaycan Milli Mərkəzi", Türkiyə-Azərbaycan Dostluq və Qardaşlıq Cəmiyyəti" (İstanbul), 1997. "Türkiyə-Azərbaycan Dostluq Vəqfi" Ankara), 1996, "İqdır Azərbaycan Türk Kültürünü Tanıtma Dərnəyi" (İqdır) 1990. Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti, (Ankara), 1997."Azərbaycan Mədəniyyət və Təhsil Fondu" (Ərzurum, 1994, "Dünya Azərbaycanlıları Topluluğu Dayanışma və Kültür Dərnəyi". 1997, "Azərbaycan Cəmiyyəti" (İqdır"), "Azərbaycan Cəmiyyəti" (Qars), "Türkiyədə Azərbaycan Lobbisi Klubu", 1993. "Qars-Ərdahan-İqdır Cəmiyyəti"."Azərbaycan Türkləri ilə Həmrəylik Dərnəyi" (İzmir". "Antaliya Azəri Cəmiyyəti", Azərbaycan Kültür Dərnəyi" (Ankara), 1949, "Azərbaycan Kültür Dərnəyi" (İzmir) 1999, "Azərbaycan Türkləri Azərbaycan Mədəniyyəti Cəmiyyəti" İstanbul).
İnanırıq ki, soydaşlarımız daha aktiv və siyasi gücə malik olan etnik diaspor olmaqla yanaşı, Azərbaycanın haqq səsini və ədalətli mövqeyini müdafiə etməklə ölkəmizi layiqincə təmsil edəcəklər.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31