Tarif Şurası QƏRAR VERƏCƏK - 1 manatdan artıq olmayacaq
11:03 Daxili siyasətPrezident İlham Əliyevin sərəncamı ilə "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib.
Olaylar.az xəbər verir ki, dəyişikliklərə əsasən, elektrik enerjisində sabit tarif tətbiq ediləcək.
Qanuna əsasən, sabit tarif elektrik enerjisi istehlak səviyyəsindən asılı olmadan, hər bir istehlakçı üçün aylıq ödənilən sabit məbləğdir. Bu tarif enerji təchizatı şəbəkəsinə qoşulan istifadəçilərin müəyyən sabit xərcləri qarşılamaq məqsədilə tətbiq olunur.
Sabit tarifin əsas məqsədi vətəndaşın elektrik enerjisindən istifadə edib-etməməsindən asılı olmayaraq, aylıq sabit bir ödəniş etməsidir. Yəni, mənzildə yaşamayan vətəndaşlar da sabit tarif çərçivəsində müəyyən məbləğ ödəyəcəklər.
Bu tarif istehlak həcminə bağlı deyil və istehlakçının kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək. Toplanan vəsait isə paylayıcı sistem operatorunun bəzi sabit xərclərinin ödənilməsinə yönəldiləcək.
Energetika nazirinin müavini Orxan Zeynalovun parlamentdə verdiyi məlumata görə, sabit tarifin məbləği hər abonent üçün aylıq 1 manatdan artıq olmayacaq. Tarifin dəqiq məbləğini Tarif Şurası müəyyən edəcək.
Qeyd edək ki, "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliyə əsasən, 9.2-ci maddəyə (tənzimlənən qiymət və tariflər) sabit tarif də əlavə olunub (9.2.6 bəndi). Eyni zamanda, qanunun 42.5.6-cı maddəsinə görə, bu tarifləri müəyyən etmək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına, yəni Tarif Şurasına məxsusdur. Bu orqan Prezident İlham Əliyevin 2023-cü il tarixli fərmanı ilə müəyyən edilib.
Hazırda sabit tarifin rəsmi məbləğinin müəyyən edilməsi üçün Tarif Şurasının qərarı gözlənilir.