Oğurluğa görə cəzalar sərtləşdirilib
13 İyun 11:34 Daxili siyasətMilli Məclis oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini son oxunuşda qəbul edib. "Olaylar" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.
Sənədə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Məcəlləyə görə isə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edilib ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması və az ağır cinayət hesab edilməsinə səbəb olur.
Layihəyə əsasən, bu dəyişikliklər həmin cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması ilə az ağır cinayət hesab edilməsinə səbəb olur. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.