“Bir sıra gəlir mənbələri üzrə kənarlaşmaların izahatının verilməsinə ehtiyac var”-Deputat
3 İyun 13:24 Daxili siyasət"Makro-iqtisadi və fiksal proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac var. Demək olar ki, əksər göstəricilər üzrə proqnoz və hətta yenidən dürüstləşmə ilə icra arasında əhəmiyyətli kənarlaşmalar var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"2024-cü ildə dövlət büdcəsinin ilkin təsdiq olunan xərcləri 36 763 000 manat, dürüstləşdirilmiş xərclər 39 742 000 manat olsa da, icra 37 713 000 manat olub. Yəni, proqnoz il icra arasında xərclər üzrə 2 milyard manatdan çox fərq qeydə alınıb. Və ya proqnoz büdcə kəsiri ilə real büdcə kəsiri arasında 6 dəfə çox kənarlaşma qeydə alınıb. Büdcə kəsirinin azaldılması müsbət haldır, ancaq bunun proqnozlarda bu qədər fərqlə qeydə alınması metodologiyanın təkmilləşdirilməsini daha da aktuallaşdırır".
Deputat vurğulayıb ki, bir sıra gəlir mənbələri üzrə kənarlaşmaların izahatının verilməsinə ehtiyac var: "Qeyri-neft sektorundan mənfəət vergisi üzrə daxilolma 3 463 000 manat olub və bu da proqnoza nisbətən 6,8 faiz azdır. Eynilə, hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolma 338,5 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 7,2 faiz azdır. 2024-cü ilin yekununda dövlət büdcəsinin 39 742 00 manat məbləğində təsdiq olunmuş xərcləri real ifadədə də 37 713 000 manat məbləğində icra olunub. Bu da proqnoza nisbətən 5.1 faiz azdır. 2024-cü ilin xərclər təsdiq olunmuş proqnoza nisbətən 33.8 faiz, ilk yarısında 16.7 faiz çox və nəhayət, ilk 9 ayda 0.2 faiz çox icra olunsa da, illik yekunda azalma qeyd olunub. Bunun hər hansı fiskal və iqtisadi səbəbləri varmı?"
V.Bayramovun sözlərinə görə, 2024-cü ilin fiskal nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə daxilolmalar hələ də büdcənin cari xərclərini ödəmir: "Belə ki, qeyri-neft sektoru üzrə daxilolmalar 19 192 000 manat olsa da, cari xərclər 21 343 000 manat olub. Bu o deməkdir ki, büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir və bu da qeyri-neft və qaz sektorunun fiskal gəlirlərdə payının daha da artırılmasını aktuallaşdırır.
2024-cü ildə baş tutmuş 9 845 000 manatlıq dövlət satınalmasının 5 355 000 manatı, daha dəqiqi 54.4 faizi bir mənbədən satın alma olub. Digər tərəfdən dövlət satınalmaların cəmi 43.4 faizi açıq tender yolu ilə həyata keçirilib.
2024-cü ildə də ənənəvi olaraq büdcə xərcləmələrində sonuncu rübün və eləcə də dekabr ayının, yəni sonuncu ayın payı müqayisəli olaraq çoxdur. Ötən il büdcə vəsaitinin 17.7 faizi, yəni 6 674 000 manat ilin sonuncu ayında xərclənib. Bu isə vəsaitlərin aylar üzrə diferensial səmərəliyini məsələsini daha da aktuallaşdırır. Eyni zamanda, aylar üzrə proqnozlaşdırma ilə icra arasında da əhəmiyyətli kənarlaşmalar müşahidə edilib və bu da fiskal poqnozlaşdırmanın metodologiyasına yenidən baxılmasını da prioritetləşdirir".