Şuşanın azad olunması ilə mədəniyyətimiz yeni intibah dövrünə qədəm qoyub

Qənirə Paşayeva: "Şuşa şəhəri haqqında qanun dövlət-xalq birliyinin təntənəsindən qaynaqlanan fundamental hüquqi sənəddir"

Ölkə parlamenti  "Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında" qanun layihəsini birinci oxunuşda müzakirə edib. Məlumat üçün qeyd edək ki, bu qanun Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. 15 maddədən ibarət olan qanun layihəsinə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq. Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə ediləcək. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edəcək. Şuşa şəhərinin mühafizə zonasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən mühafizə rejimi tətbiq ediləcək. Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağandır.Şuşa şəhərinin ərazisində arxeoloji qazıntılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə aparılacaq. Arxeoloji qazıntılar abidələrə zərər yetirilmədən aparılmalıdır. Arxeoloji qazıntılar zamanı aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qazıntı işlərinin təşkilatçısı tərəfindən qeyd edilməli, fotosu və ya videosu çəkilməlidir. Bu işlərin gedişində aşkar edilən arxeoloji materiallar dövlət mülkiyyəti hesab olunur. Şuşa şəhəri ərazisində ekoloji təmiz enerji təchizatına, resursların davamlı istifadəsinə, emal və təkrar emal sahələrinin inkişafına, atmosfer və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə, su və torpaq resurslarından səmərəli istifadəyə, həmçinin bu sahədə bütün proseslərin informasiya sistemləri vasitəsilə idarə edilməsinə üstünlük veriləcək. Şuşa şəhərinin ərazisində onun inkişafına yönəlmiş infrastrukturun, investisiya qoyuluşu və investorların fəaliyyəti üçün şəraitin yaradılması təmin ediləcək. Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağan ediləcək. Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Millət vəkili, Milli Məclisin Mədəniyət Komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki,  2020-ci il Azərbaycan xalqı üçün tarixi ədalətin bərpa olunduğu Zəfər, Qələbə və Qürur İli kimi tarixin qızıl səhifəsinə yazıldı. Qarabağımızın azad edilməsi hər bir azərbaycanlının ruhunu təzələdi, yaralarımıza məlhəm oldu, qırılan ümidlərə çıraq yandırdı. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin vəsiyyətini sədaqətlə yerinə yetirdi, doğma Qarabağımızı, əziz Şuşamızı azadlığa qovuşdurdu. Cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında parlamentə ünvanladığı "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun layihəsi adından da göründüyü kimi,  özündə 30 illik həsrətin bitdiyi, arzularımızın gerçəkliyə qovuşduğu bir tarixi hadisəni, Ali Baş Komandanımızın başçılığı ilə Müzəffər Ordumuzun müəllifi olduğu şanlı qəhrəmanlığı ehtiva edir. Bu qanun layihəsi dövlət-xalq birliyinin təntənəsindən qaynaqlanan fundamental hüquqi sənədin layihəsidir.

Komitə sədri qeyd edib ki, Şuşa şəhərinin işğaldan azad olunma xəbərinin xalqa çatdırılması zamanı biz güclü lider, intellektli şəxsiyyət, dünya siyasətini dərindən bilən dövlət xadimi, unikal "Dəmir yumruq" əməliyyatının müəllifi, xalqı ilə bir olan ölkə başçısı və mental dəyərlərə söykənən Azərbaycan oğlunun parlaq örnəyini gördük: "Əslində bütün dünya gördü. Əcdadımızın hərb ənənəsi ilə çağdaş elektron hərbin universal birliyini yaradan Ali Baş Komandanın başçılığı ilə Müzəffər Ordumuz bir çoxlarının mümkünsüz dediyini mümkün etdi! Bugün fəxrlə deyirik ki, Azərbaycan dövlətinin, xalqımızın başını uca edən, XXI yüzilin müharibəsini zəfərlə sonuclandıran İlham Əliyevin adı, xalqımızın şanlı tarixinə, müəllifi olduğu zəfərlə qoşa yazıldı.Vətən Müharibəsinin başladığı ilk gündən cəsarətli, prinsipal və ardıcıl mövqeyini ortaya qoyan möhtərəm Prezidentimiz "Şuşasız bizim işimiz yarımçıq qalar" - söyləmişdi və verdiyi bütün vədlər kimi, bu sözünə də ən qısa müddətdə əməl etdi. Bununla da xalqımızın qəlbindən ağır Şuşa ağrısı silindi. Ali Baş Komandanımızın fəxarət və qürur hissi ilə səsləndirdiyi"Əziz Şuşa, sən azadsan!, Əziz Şuşa, biz qayıtmışıq, Əziz Şuşa, biz səni dirçəldəcəyik!, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!" - sözləri bu gün xalqımız üçün yeni Zəfərlərin müjdəçisidir. "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur". - Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdi. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Onun sözlərinə görə, Şuşanın azad olunması ilə mədəniyyətimizin və incəsənətimizin yeni intibah dövrünə qədəm qoyması ilə bağlıdır: "Şuşanın azad olması mədəniyyətimizin, incəsənətimizin, necə deyərlər, milli ruh və qürurumuzun  azad olunması deməkdir. Bir neçə gün öncə Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada keçirilən "Xarıbülbül" festivalı Azərbaycanın bütün dünyaya verdiyi multikultural ismarıc idi. "Xarıbülbül" festivalının keçirildiyi Şuşa Qarabağın hərbi strateji baxımından ən önəmli yeri olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinin, özəlliklə də musiqi sənətinin tarixi mərkəzi, Qafqazın konservatoriyası kimi tanınır. "Xarıbülbül" festivalında Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin öz mahnıları ilə çıxış etməsi bu baxımdan ölkəmizin min illər boyu sürdürdüyü multikultural dəyərə verdiyi qiymətin ifadəsidir. Fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizlə bərabər, bu şərəfli missiyanın daşıyıcısı olan Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirmək istərdim. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə Ümummilli liderin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində önəmli addımlar atılmışdır. Ermənistanın Azərbaycana qarşı başladığı hərbi-siyasi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş və xalqımızın bu şəhərdəki tarixi-mədəni irsinin sıradan çıxarılmasına başlanmışdır.Nəhayət, Ordumuzun 2020-ci ildəki qətiyyətli əks-hücumu ilə tarixi ədalət bərpa edilmiş və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də xüsusi diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşaya təyin edilmişdir.Tarixi-mədəni önəmi və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Azərbaycan Prezidenti Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi məqsədi ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında 7 may 2021-ci ildə 1692 saylı Sərəncam imzalamaşdır. Həmin Sərəncamdan irəli gələn və bu gün diqqətinizə təqdim olunan "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi Şuşa şəhərində tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun davamlı inkişafına münbit ortam yaradacaq".

Millət vəkili Sahib Alıyev qeyd edib ki, Şuşa yalnız Azərbaycanda deyil, bütövlükdə bu regionda unikal bir şəhərdir. Burada söhbət təkcə onun çoğrafiyasından, təbiətindən getmir. Şuşa o nadir şəhərlərdəndir ki, onun ruhu var: " Mən fikir vermişəm, cənab Prezient Şuşa haqqında danışanda onu bir növ personlaşdırır ki, bu da dediyim bu reallıqdan qaynaqlanır. Və siz o ruhun gücünə baxın ki, 30 il müddətində vəhşi, xəstə xislətlilər ona təsir edə, məhz bizə xaslığını aradan qaldıra bilmədilər. Qarşımızda duran vəzifə elə bu ruhun bizə xaslığının əbədiliyini təmin, üstünlüyünü təsdiq etməkdir. Dövlət başçımız Şuşamıza mədəniyyət paytaxtı adı verdi.  Mədəniyyət isə maddi və mənəviylə yanaşı, həm də  sosial dəyərlərin məcmusudur. Yəni mədəniyyət paytaxtı deyəndə söhbət təkcə həmən şəhərdəki abidələrdən- artefaktlardan, orada yaşamış, yaşayacaq insanların yüksək yaradıcılıq potensialından getmir, eyni zamanda  mühitdən, əsrlərin sınağından çıxan və bizi biz kimi tanıdan adət-ənənədən, davranış qaydalarından gedir. Bu baxımdan götürdükdə Şuşa təkcə mədəniyyət paytaxtımız yox, həm də bizim milli generasiya mərkəzlərimizdən biri və bəlkə də birincisi olmalıdır. Qloballaşma adı altında kosmopolitizmin bütün milli dəyərləri silib-süpürdüyü indiki dönəmdə həmən kosmopolitizmin ayaq açmasına bir növ yardım edən texnologiyalardan, çağdaş şəhər quruculuğu konsepsiyasından əks məqsədlə faydalanmaqla Şuşamızın milli  generasiya mərkəzinə çevirlməsində də mən yenə  bu gözəl yur yerimizə xas bir unikallıq, həm də rəmzlik görürəm. Yəni Şuşa dünyadakı nadir şəhərlərdən biri olacaq ki, çağdaş texnologiyalar kökə- soya bağlılığın və milliliyin xidmətində duracaq".

Onun sözlərinə görə, layihədən də göründüyü kimi gələcəkdə beynəlxalq tədbirlərə də ev sahibliyi edəcək, ölkənin turizm mərkəzlərindən birinə çevriləcək mədəniyyət paytaxtımız, ekologiya mədəniyyətinin, birgəyaşaış mədəniyyətinin  yüksəkliyi  ilə də seçilməli, örnək olmalıdır. Və ümumiyyətlə, artıq hamılıqlıa anlamağın vaxtı çatıb ki, mənzilinin təmziliyindən daha önəmlisi ətraf mühitin, yaşadığın küçənin təmizliyi, evin həyətinin, onun dəhlizlərinin, qalxdığın pilləkənlər və yaxud girdiyin liftin təmizliyidir. Vətənə sevgi də elə ilk növbədə yaşadığın yerdə bu təmizliyə riayyətdən, düzgün davranış qaydalarından, ən əsası təbiətə qayğıdan başlanır: "Mən indiyədək bu fikirdə idim ki, bizim yurd yerlərini itirməyimizin səbəblərindən biri də onların qədrini yetərincə bilməməyimiz olub. Tanrı indi millətimizə səhvlərimizdən nəticə çıxarmaq şansı verib. Qayıtdığımz yurd yerlərimizi indən sonra göz bəbəyi kimi qorumalı, hər daşını sevməli və kimlərin sayəsində ora döndüyümüzü heç vaxt unutmamalıyıq. İndən sonra Şuşa deyiləndə göz önünə təkcə mədəniyyət incilərimiz gəlməyəcək, həm də Azərbaycan hərb sənəti ortaya qoyduğu möcüzə,  Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun təkrarsız qələbəsi xatırlancaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31