Azərbaycan xalqı bəşəri dəyərləri dəstəkləyir

 “Biz “Xarıbülbül” festivalı ilə göstərdik ki, xalqımız tolerantdır, mədənidir, multikultural xalqdır”

 "Biz "Xarıbülbül" festivalı ilə göstərdik ki, xalqımız tolerantdır, mədənidir, multikultural xalqdır"

Nəhayət 29 ildən sonra Azərbaycanın müzəffər Ordusu Zaqafqaziyanın konsrvatoriyası hesab olunan Şuşa şəhərini erməni quldurlarının tapdağı altından xilas etdi. Artıq qürurla demək olar ki, Azərbaycan mədəniyyət paytaxtımız olan Şuşaya sahib çıxıb. Vaxt itirmədən də dərhal mdəniyyət paytaxtında  "Xarıbülbül" musiqi festivalı təşkil olunub. Xoş anlardır ki, qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır. Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalına gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada "Xarıbülbül" festivalı keçirilir: "Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir".

Sözün əsil mənasında Şuşada təşkil olunan "Xarıbülbül" festivalı Azərbaycan üçün siyasi, mədəni, humanitar əhəmiyyətə malik idi. Azərbaycan həm də bu fürsətdən yararlanaraq dost və düşmənlərinə lazımi mesajını çatdıra bildi. Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, festivalın mahiyyətində həm ölkədaxili, həm də ölkə xarici çox ciddi mesajlar vardı: "30 ilə yaxın idi ki, bu günün arzusunda idik. Şuşa alınmaz qala kimi görünürdü və ermənilər bütün gücləri ilə çalışırdı ki, işğalı davam etdirsin. Amma Azərbaycan ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə sıldırım qayalardan aşaraq Şuşanı işğaldan azad etdi". Ceyhun Məmmədov deyib ki, Şuşanın əhəmiyyətini, mövqeyini dərk etmək üçün onu mütləq görmək lazımdır: "Şəhərə daxil olanda, ilk növbədə, erməni vəhşiliyinin, barbarlığının şahidi olduq. Nə qədər vəhşi, barbar olasan ki, şəhərin bütün tarixi abidələrini dağıdasan. 17 məsciddən 14-ü dağıdılıb, 3-ü yarımçıq vəziyyətdə idi, onlardan biri təmir olunur. Korifey sənətkarlarımızın evləri, ev muzeyləri, məqbərələr yerlə-yeksan olub. Bu vəhşilik insanı ciddi şəkildə düşündürür. Belə sual yaranır. Beynəlxalq qurumlar hara baxır? Bu gün bəziləri Ermənistanı dəstəkləyən bəyanatlar verdiyi halda vəhşiliyə qarşı niyə reaksiya yoxdur? Niyə bu əməllər pislənilmir? Bütün bunlara baxmayaraq, qalib xalqın nümayəndəsi kimi Şuşada olmaqdan böyük sevinc, fərəh və qürur hissi keçirdik. Festivala qatılmaq, Prezidentlə tədbirdə bir yerdə olmaq ayrı xoş təəssürat idi. Hazırda Şuşa tikinti meydançasına bənzəyir. Orda bərpa-quruculuq işləri aparılır. Festiaval Ramazan bayramında keçirildi. Ermənilərin saxtalaşdırmaq istədiyi və dağıtdığı məscid indi bərpa olunur. Yeni məscidin təməli qoyulur. Cıdır düzündə festivalın keçirilməsi - hiss olunurdu ki, Şuşanın özü də darıxmışdı. Şuşanın səmasında dahi şəxsiyyətlərimizin, korifeylərimizin ruhu gəzirdi. Şuşada həyat oyanmışdı, quşların səsi, uçuşu-Şuşa özünü tamamilə fərqli hiss edirdi". Ən mühüm məsələlərdən birinin Azırbaycan mənzərəsinin orda əks olunması olduğunu deyən deputat bildirib ki, Azərbaycanda yaşayan bütün xalqların musiqi qruplarının festivalda iştirakı Azərbaycan reallığını tam əsk etdirirdi: "Biz göstərdik ki, Azərbaycan xalqı tolerantdır, mədənidir, multikultural xalqdır, bəşəri dəyərləri dəstəkləyir. Azərbaycan xalqı ermənilərin bizim ərazimizdə baş qaldırmasına imkan verməyəcək. Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq və Şuşa yenidən dünyanın ən abad, ən gözəl incisinə çevriləcək".

Şuşa şəhərinin həmişə Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu qeyd edən millət vəkili Oqtay Əsədovun bildirdiyinə görə, hələ 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Bu qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Ancaq Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və bununla da şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi: "Əgər 1992-ci il mayın 8-də Şuşanın işğalı ilə Birinci Qarabağ müharibəsinin müqəddəratı həll olunmuşdusa, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə müharibənin taleyi bəlli oldu, tarixi qələbə qazandıq. Azərbaycan xalqı Şuşanın işğaldan azad ediləcəyinə həmişə inanıb. Elə ulu öndərin "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" fikri hər zaman xalqımızda bu torpaqlara qayıdacağımız inamını formalaşdırmışdı. Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan digər torpaqlarımız kimi Şuşa da işğaldan azad olundu. Noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Şuşanın işğaldan azad olunduğunu bəyan etdi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" deyən cənab Prezident verdiyi bütün vədlər kimi bu sözünə də əməl edir. Möhtəşəm qələbədən sonra iki dəfə Şuşaya səfər edən dövlətimizin başçısı Şuşanın əvvəlkindən də gözəl olacağını vurğulayıb.Artıq Şuşa dirçəlir. Elə Prezident İlham Əliyevin mayın 7-də "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" Sərəncamı Şuşaya bundan sonra da göstəriləcək diqqət və qayğının bariz nümunəsidir. Artıq Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri Şuşaya qaytarılıb. Vaqifin məqbərəsində bərpa işləri başlanıb. Məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib. Bir sözlə, azad olunan Şuşa yenidən qurulur və əminik ki öz xüsusi yeri olan Şuşa tam bərpa edildikdən sonra çiçəklənəcək və inkişaf edəcək".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31