Orfoqrafiya ilə orfoepiyanı qarışıq salmaq olmaz
12 il ərzində 3 dəfə dəyişdirilən orfoqrafiya qaydaları… Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovla və filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitunun elmi işçisi Səadər Şıxıyeva ilə yeni qaydalar ətrafında yaranan mübahisəli məsələlərə aydınlıq gətirmək istədi.
22 Yanvar 2018 13:40 Sosial12 il ərzində 3 dəfə dəyişdirilən orfoqrafiya qaydaları...
Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir.
Olaylar.az bununla bağlı Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovla və filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi Səadət Şıxıyeva ilə yeni qaydalar ətrafında yaranan mübahisəli məsələlərə aydınlıq gətirmək istədi.
Orfoqrafiya lüğətinə edilən dəyişikliyin nə dərəcədə önəmli olmasına aydınlıq gətirən İdris Abbasov ilk olaraq ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi fikri xatırlatdı:
"İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır" Heydər Əliyev.
""Orfoqrafiya lüğəti" düzgün yazı qaydalarımızın Kitabi-Müqəddəsidir. "Orfoqrafiya"nın müqəddəsliyi müstəqil dövlət atributu olan ana dilimizin müqəddəsliyidir. Dövlət müstəqilliyimizdən 25 ildən artıq bir zaman keçir. Belə bir vaxtda bütün azərbaycanlıların (50 milyondan artıq) dil qibləgahı və yeganə düzgün mötəbər mənbə saya biləcəkləri "Orfoqrafiya lüğəti"nin tərtibinə laqeyd yanaşılmasına qətiyyən yol vermək olmaz. Qanuniləşmiş normanı pozaraq dilimizdə uzun onilliklər, hətta yüzilliklər boyu vətəndaşlıq hüququ qazanmış, dilimizin qayda-qanunlarına uyğunlaşaraq qəlibləşmiş, dilə fəsahət gətirən, ifadə qüdrətini artıran sözlərin hər dəfə bir-ikisinin yazılış qaydasının dəyişdirilməsini dilçiliyimizin inkişafı üçün xidmət saymaq olmaz".
Qanunla Orfaqrafiya lüğətinə olunacaq dəyişiliyi yada saan İdris bəy qeyd etdi ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının qanununa əsasən, "Orfoqrafiya lüğəti" ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. "Bəli, bu qanuna əsasən, dilimizin yazı qaydaları vaxtaşırı təkmilləşdirilməlidir. Qloballaşma şəraitində elmin, texnikanın, İnformasiya Kommunikasiya Texnologiyalarının yüksək templi inkişaf perspektivləri, sivilizasiyalararası yaxınlaşmalar, ictimai-siyasi və mədəni əlaqələrin getdikcə dərinləşməsi dilimizə yeni-yeni sözlərin, terminlərin daxil olmasını labüd edir. Məsələn, pin-kod (yaxud pinkod), on-layn (yaxud onlayn) və s. Artıq bu qəbildən olan sözlərin sayı get-gedə artmaqdadır. Təkmilləşdirmə, əsasən, bu istiqamətdə aparılmalı, yeni daxil olan sözlərin, terminlərin dilimizin qayda-qanunlarına uyğunlaşdırılmasına diqqət yetirilməlidir".
Bir müddət öncə apastrofun götürülərək vurduğu ziyanı və bununlada Azərbaycan dilinə qarşı zərərli prosesə start verildiyini bildirən şöbə müdiri vurğuladı ki, bunun ardınca şer sözünün şeir və bir müddət sonra isə fel sözü də feil kimi yazıldı. "Hamıya məlumdur ki, bütün dillərdə alınmalar mövcuddur və bu amil yalnız dillərin qarşılıqlı əlaqəsi və inkişafına xidmət edir. Məsələn, ingilis dili sözlərinin 65 faizi alınmalardan ibarətdir, rus dilində "A" və "F" hərfi ilə başlayan əsl rus sözü, demək olar ki, yox dərəcəsindədir. Deməli, dilin strukturuna təsir etmədikcə, alınmalar normaldır. Azərbaycan dili də öz tarixi inkişaf prosesində bir sıra xarici dillərdən, xüsusən, ərəb, fars, o cümlədən rus, yunan, latın, italyan və digər şərq və qərb dillərindən sözlər əxz edib. Həmin sözlər dilimizdə artıq çoxdan milli pasport qazanıb, düşüncə və təfəkkürümüzün zəruri ifadə vasitəsinə çevrilib, şairlərin, yazıçıların, filosofların və digərlərinin əsərlərində dərin fikirlərin ifadəsinə xidmət edib, natiqlərin, dövlət və incəsənət xadimlərinin nitqlərində, çıxışlarında doğmalaşıb.
Orfoqrafiya lüğətinin tərtibinə elmi-sistematik yanaşmanı təmin etmək lazımdır. Əks halda, fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici və etimoloji prinsiplər pozular və dolaşıqlıq yaranar. Məlumdur ki, yazı qaydasında dəyişiklik edilən şeir, feil, eyib, nəsil, meyil, səbir sözləri də ərəb dilindən alınma olub "fiilun" və "fəəlun" modelləri üzrə düzəlib. Eyni modeldən olan və dilimizdə işləklik hüququ qazanmış sözlərin siyahısını uzatmaq olar. Peşəkar yanaşma prinsipi olmadığından, üç-beş ildən bir eyni qəlibdən olan sözlərin yalnız bir-ikisinin yazılışında dəyişiklik edilməsi orfoqrafiyanı təkmilləşdirmək sayıla bilməz, əksinə, bu, növbəti çaşqınlıqlara, yazı etibarsızlığına, nəticə etibarilə, "necə gəldi, elə də yaz getsin" kimi orfoqrafik özbaşınalığa gətirib çıxara bilər ki, bu da dilin bütövlüyünü zədələmiş olar".
"Təbii ki, alınma sözlərin yazılış qaydasında yol verilən qüsurları təshih etmək vacibdir. Məsələn, bəzən görürsən ki, "ehtiyat" əvəzinə "ehtiyyat", "tövsiyə" əvəzinə "tövsiyyə", "mərsiyə", əvəzinə "mərsiyyə", "təziyə" əvəzinə "təziyyə" "Raziyə" əvəzinə "Raziyyə" yazırlar. Bu sözlər mənbə dildə feilin məsdər şəklini, sonuncusu isə feili-sifəti bildirir və bir "y" ilə yazılır. Amma ərəb dilindən əxz etdiyimiz -iyyat, -iyyət şəkilçisi ilə düzəlib rəngarəng məna çalarlarına malik, dilimizdə işləkliyini qoruyub saxlamış bir çox sözlər mövcuddur ki, yuxarıdakı sözlərdən fərqli olaraq, bunlar mənbə dildə ismi-sifətdən düzəldilmiş isimlərdir. Belə sözlərin orfoqrafiyasının qoşa "y" ilə yazılması ədəbi dil normalarına ciddi riayət etməkdən doğur. Orfoqrafiya ilə orfoepiyanı qarışıq salmaq olmaz. Bəzən güman edirlər ki, ərəb mənşəli "qalibiyyət" sözünü "qələbə" sözü ilə, "əbədiyyət" sözünü, "ölümsüzlük"lə, "bəşəriyyət" sözünü "insanlıq" sözü ilə əvəzləmək uğurlu seçimdir. Halbu ki, "qələbə" sözü ərəb mənşəli söz olub "qalibiyyət" sözünün sinonimi kimi çıxış etsə də, məna çalarları baxımından hər zaman onu əvəz edə bilmir. Yaxud "ölümsüzlük" sözü (Bizdə, ölən bilir bu səslər ən çox; Oyadır eşqini ölümsüzlüyün (M.Müşfiq)) "əbədiyyət"sözünü əvəz etmir, "insanlıq" sözü insanlığı pək sevirkən, ondan uzaq qovuldum (C.Cabbarlı)) "bəşəriyyət" sözünü qüvvədən salmır, əksinə, ona sinonimlik edir və beləliklə, dilimizin lüğət tərkibi daha da zənginləşir. Ədəbiyyat, fəaliyyət, cəmiyyət, bəşəriyyət, əbədiyyət, vəsiyyət, vəziyyət, ezamiyyət və s. kimi sözlərin yazılış qaydasının dəyişdirilməsinə, məncə, heç bir zərurət duyulmur. Əksinə, yazıda qoşa cingiltili "y" samiti ilə yazılan söz ifadə tələblərinə görə, bəzən tələffüzdə də ikiləşir. Bu, xüsusən, nəzm əsərlərində, bəlağətli üslubda, xitab və müraciətlərdə, təntənəli çıxışlarda, insana xas hiss-həyəcanın dolğun ifadəsində, nitqin təsir gücünün artırılmasında özünü göstərir. C.Cabbarlının "Ana" şeirinin ilk misrasındakı "bəşəriyyət" sözünü misal qismində göstərmək olar: "Əgər bütün bəşəriyyət ədüvvü-canım ola...". Burada nəzm tələblərinə görə tələffüzdə qoşa "y" hərfinin birini ixtisar etmək mümkün deyil. Yəni qoşa "y"-nın ikisi də tələffüz olunur. Bu həm də psixolinqvistik aktın fonetik səviyyədə reallaşmasıdır. Dilimizin məna ifadə edən bu səs zənginliyindən vaz keçmək olarmı?! Belə misalların sayını artırmaq da olar" - deyə, İdris Abbasov bildirdi.
İdris Abbasov "Azərbaycan dilinin Orfoqrafiya lüğəti"nin yeni nəşrində əvvəlki nəşrlərdə yol verilmiş yanlışlıqlar aradan qaldırılacağına, ədəbi dil normalarında oturuşmuş düzgün yazı qaydaları dəyişdirilməyəcəyinə və dilçiliyimizin daha aktual, daha ciddi problemlərdən irəli gələn məsələlərə diqqət çəkiləcəyini ümid etdi.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitununaparıcı elmi işçisi Səadət Şıxıyeva Azərbaycan dilinin orfoqrafiyasında tətbiq olunacaq qaydalara öz münasibətini bildirib.
"Azərbaycan dilinin orfoqrafiyasında tətbiq olunacaq qaydalar elmi çevrələrdə və ümumiyyətlə cəmiyyət arasında az qala "şok effekti" yaradıb. Xüsusilə 3-4 bənd dilin orfoqrafiyasının "ab-hava"sını dəyişdirdiyi üçün ciddi etiraz doğurur. Çünki qaydaların müəyyənləşdirilməsində vahid elmi prinsip gözlənilmir. Bir qrup sözlərin imlasında guya tələffüzə yaxın şəkli, bir qrupun isə qaynaq dilə uyğunluğu əsas götürülür. Artıq bu cəhətin özü sözlərin imla xüsusiyyətlərinin təyin edilməsində vahid yanaşmanın mövcud olmadığını göstərir. 22-ci maddədə "əsgər", "əsginas", "İsgəndər", "işgəncə" sözlərinin qaynaq dildəki yazılış şəkli və ana dilimizdə iki kar samitin bir-birini izləməsi kimi qrammatik qayda əsasında dəyişdirilməsi - g hərfinin k hərfi ilə əvəz olunması təklif edilir. Halbuki bu ifadələrin cingiltili samitlə deyilişi uzun illərdir ki, xalq tərəfindən məqbul sayılır və bu şəkli ilə dövriyyədədir. Azərbaycan türkcəsində bu kəlmələr artıq keçdiyi dilin təbiətinə uyğunlaşdırılıb və onların yazılış şəklinin təkrar-təkrar dəyişdirilməsi gərəksiz müdaxilədir.
Qeyd etməliyik ki, ərəb dilində g hərfi olmadığı üçün bu sözlərin ərəb və Azərbaycan dillərindəki yazılışının fərqliliyi təbiidir".
İyyat və iyyət şəkilçiləri ilə bitən sözlərdə təklif olunan dəyişikliyə aydınlıq gətirən Səadət xanım bildirdi ki, qaydalarda "əsgər" sözündən fərqli olaraq, "ədəbiyyat" sözünün yazılışında tələffüzün əsas götürülməsi məntiqi baxımdan özünü doğrultmur. Burada bir cəhəti də vurğulamaq istərdim ki, əgər orfoqrafiya lüğəti tamamilə danışıq dilinə əsaslanacaqsa, onda orfoepiya və dialektologiya sahələrinə nə ehtiyac var?
"Ədəbiyyat" və eyni sonluqlu sözlərin yazılışında ənənəyə uyğunluğun qorunması isə iki cəhətdən vacibdir:
1. Bu maddədə yer alan "ədəbiyyat", "fəaliyyət", "üslubiyyat" kimi kəlmələrin şəkli Azərbaycan türkcəsinin yazı özəlliyidir. Məsələn, "ədəbiyyat" türk ləhcələrində fərqli biçimlərdə ifadə olunur və bu həmin dillərin spesifikası və normativləşmiş qrammatik qaydaları ilə yaxından bağlıdır: ifadə Türkiyə türkcəsində"edebiyat", özbəkcə "adabiyot", türkməncə "edebiyaat" şəkillərindədir.
2. Bu ifadənin dəyişməsini israrla irəli sürənlər bununla ifadənin guya Türkiyə türkcəsinə uyğun şəkil ala biləcəyi qənaətindədirlər. Amma unudurlar ki, Türkiyə türkcəsində bu kəlmələrin çoxu istifadə olunmur,"dövriyyə" "dönem", "fəaliyyət" daha çox "etkinlik", "üslubiyyat" "stil" və ya "üslup" biçimlərində işlədilir. Əgər günlərin birində Türkiyə türkcəsi "edebiyat" sözünü də başqa bir yeni sözlə əvəz edərsə, "ədəbiyyat"sözünün zavalına gələrək, Azərbaycan türkcəsində şikəst olunmuş bu qədər sözün taleyi necə olacaq? Bundan başqa, iddiaçılar nədənsə bu sözlərin tam eyniləşməsi üçün Türkiyə türkcəsinin əlifbasına ə hərfinin əlavə edilməsinin gərək olduğunu da unudurlar.
Bu layihədə yenilik deyə təqdim olunan, cəmiyyətdə ciddi etiraz doğuran və mübahisələrə səbəb olan 22 və 37-ci maddələrdəki dəyişikliyi bir filoloq kimi tamamilə lüzumsuz sayıram. Çünki bu dəyişikliklərin heç biri ciddi elmi əsasa və ya qrammatik zərurətə dayanmır. Azərbaycan türkcəsi ümumiyyətlə cingiltili samitlərə və incə saitlərə meyilli dildir, dildəki musiqililik də çox zaman eynitipli səslərin və ya qoşa samitlərin təkrarı hesabına təmin olunur. Azərbaycan türkcəsini bu xüsusiyyətdən - onun musiqiliyindən zorla məhrum etmək, əsrlərdən bəri cilalana-cilalana gələn təbiətini dəyişdirmək dilə heç bir fayda verməyəcək. Nəticədə imlada hərcmərclik və çoxvariantlılığa da yol açılacaq".
Layihədəki dəyişikliyə son olaraq fikir bildirən Səadət xanım qeyd etdi ki, Azərbaycan türkcəsinin xüsusiyyətlərinin təhrifi olaraq gördüyüm bu dəyişikliklər milli varlığımızın əsas göstəricilərindən olan dilimizə etimadsızlığı artırmaqdan başqa heç nəyə yönəlməyəcək və insanlarda Azərbaycan dilçiliyi və ümumiyyətlə, elmi fikrinə etinasızlığa yol açacaq. 12 il ərzində 3 dəfə dəyişdirilən orfoqrafiya qaydaları bu sahəyə nəzarətin olmadığı, dilimizin orfoqrafik qaydalarının şəxsi istək və maraqlara uyğun biçimdə istənilən vaxt dəyişdirilə biləcəyi kimi yanlış təsəvvürlərə də rəvac verəcək.
Qeyd edək ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Orfoqrafiya komissiyasının təqdim etdiyi layihədə bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır (əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Bundan başqa, "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklif olunur.
Layihədə təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.
Layihəyə görə, saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraq "y" bitişdirıcisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s.
Etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözlərinin yalnız bu şəkildə yazılması təklif olunur.
Layihədə göstərilir ki, vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin-Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət və s. sözlərin bu cür sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır.
Nigar Adil