“ASAN xidmət” mərkəzi fəaliyyətə başladı
Artıq bir neçə şəxs sürücülük vəsiqəsi alıb
15 Yanvar 2013 13:48 SosialAzərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzi bu gündən - yanvarın 15-dən vətəndaşlara xidmət göstərməyə başlayıb. Bu barədə Femida.az-a Agentlikdən məlumat verilib. "ASAN xidmət" mərkəzi paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmətlər təqdim edir. Hər iki rayonunun vətəndaşları bu gün kütləvi şəkildə 1 saylı "ASAN xidmət" Mərkəzinə axın edib. Artıq 1 saylı "ASAN xidmət" mərkəzindən bir neçə şəxs sürücülük vəsiqəsi alıb. "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı tərəfindən 23 xidmət göstərilir. Həmçinin, vətəndaşlar mərkəzin xidmətlərindən şəxsən, telefon və ya internet vasitəsilə ünvanladığı müraciətlər əsasında istifadə edə biləcəklər. Belə ki, vətəndaşın mərkəzə gəlmədən, internet (www.asan.gov.az saytının "Onlayn növbə" bölməsindən) və ya telefon vasitəsilə (108 - "Çağrı" mərkəzi) də növbə tutmaq imkanı olacaq. Vətəndaşları dövlət orqanlarının göstərdikləri xidmətlər və bu xidmətlər üçün tələb olunan sənədlər barədə məlumatlandırma, habelə onların şikayət və təkliflərini qəbul etmə funksiyalarını yerinə yetirəcək Agentliyin "Çağrı" mərkəzi fevralın 1-dən tam fəaliyyət göstərəcək. "ASAN xidmət" mərkəzi Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşir və həftənin bütün günləri səhər saat 10:00-dan axşam 20:00-dək, bazar günləri isə axşam saat 17:00-dək vətəndaşları qəbul edir. Xatırladaq ki, 2012-ci il dekabrın 29-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzinin açılışı olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək Agentlik və onun 1 saylı "ASAN xidmət" mərkəzinin gələcək fəaliyyəti ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib.