Kamal Abdulla: Ölkənin multikultural təhlükəsizliyi digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil

Ölkənin multikultural təhlükəsizliyi heç də digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil. Məlumata görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla AMEA-nın illik ümumi yığıncağında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün multikuralizmlə bağlı görülən işlər çox incə və vacib məsələnin də rolunun olduğunu göstərir: "Müxtəlif - energetika, siyasi, ekologiya və s. üzrə təhlükəsizlik doktrinaları var. Onların arasında bunlardan heç də az əhəmiyyət daşımayan multikultural təhlükəsizlik də var. Azərbaycanda multikultural təhlükəsizlik Prezident İlham Əliyevin siyasəti əsasında həyata keçirilir". K.Abdulla bildirib ki, bu siyasətdə birinci prinsip bütün dinlərə və dini icmalara eyni, bərabər münasibəti nümayiş etdirməkdir: "Bir çox hallarda başqa ölkələrdə təəccüblənərək deyirlər: "Necə olur ki, Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri arasında belə qardaşcasına, isti münasibət var?" Bu, Azərbaycanın əldə etdiyi ən multikultural dəyərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31