“Xocalı faciəsi bənzəri olmayan genosiddir” - MÜSAHİBƏ

“Mən öz hissiyyatımı itirmişdim, heç nə hiss edə bilmirdim, soyuq daş kimi donmuşdum, bəşəriyyət belə faciə hələ görməyib”

Müsahibimiz Qarabağ müharibəsi veteranı, Xocalı polis bölməsinin sabiq rəisi, Xocalı faciəsinin canlı şahidi, İnsan Hüquqları İctimai Birliyinin üzvü Sabir Məmmədovdur. Qeyd edək ki, yazı Sabir Məmmədovun "OLAYLAR"a dedikləri və müəllifi olduğu "Tarixi saxtalaşdırmaq cinayətdir" kitabı əsasında hazırlanıb.  

- Sabir müəllim, Xocalıya rəis təyin edilməmişdən qabaq hansı vəzifəni icra edirdiniz?

- 1982-ci ildə Özbəkistanın Buxara şəhərində göndəriş əsasında polis orqanına daxil oldum. Fəaliyyətimə orada başladım. Birbaşa Moskvadan mənə kapitan rütbəsi verildi. Özbəkistanda çalışarkən mən mayor rütbəsinədək yüksəldim. 1990-cı ildə Azərbaycana təyinat almaq üçün Azərbaycanın daxili işlər naziri general Məhəmməd Əsədovun adına raport yazdım. 15 gündən sonra mənə xəbər verdilər ki, Bakıdan mənə zəng gəlib. Generalımız məni çağırdı ki, seçim mənimdir, ya burada qalım, ya da ki, Azərbaycana gedim. Vətən, torpaq məni özünə çəkdi. Ələlxüsus da ki, həmin dövrdə Ermənistanla Azərbaycan arasında Qarabağda müharibə başlamışdı. Vətən həsrəti məni Azərbaycana gətirdi. General Məhəmməd Əsədovun qəbuluna gedəndə biz 11 nəfər idik. Birbaşa olaraq məni Xocalıya ilk polis rəisi göndərdi. 1990-cı ildə Xocalıya gəldim. Mən Xocalıya gələndə orada işə başlamaq üçün nə otaq, nə də ki, kabinet var idi. Tək özüm idim. Dərhal Xankəndinin Daxili İşlər İdarəsinin rəisi Kovalyova zəng etdim. Kovalyov mənə bir ədəd qatar vaqonu verdi. Vaqonu Xankəndindən gətirib Xocalı aeroportunun yanında təpəlik vardı, orada yerləşdirdim. Bölmənin şəxsi heyətini formalaşdırmağa başladım. Əsədov mənə tapşırıq verdi ki, şəxsi heyəti qurmaqla yanaşı orada bölmənin binasını da tikim. Onun göstərişilə mən Xocalıda bina tikintisinə başladım. Daxili işlər nazirinin müavini Natiq Talıbov Xocalıya nəzarətçi kimi göndərildi. Daxili İşlər İdarəsinin rəis müavini Sabir Məmmədovun köməkiliyilə  Xocalıda 52 otaqdan ibarət iki mərtəbəli bina inşa etdik. İşə 58 nəfərlik şəxsi heyət götürdüm. Bir gün Məhəmməd Əsədova zəng edib məruzə etdim ki, bina hazırdır. Səhərisi gün Ağdamın polis rəisi Paşayev mənə zəng vurdu ki, nazir Xocalıya binaya baxmağa gəlir. Nazir gəlib binanı gördü və məni orada "Əlaçı" döş nişanı ilə təltif etdi. Qeyd edim ki, mən Xocalıya göndərilmiş ilk polis rəisi idim.

- 21 il əvvələ - Xocalıya qayıdaq. Qırğın necə başladı?   

- Xocalıda qırğının baş verməsindən 5 ay qabaq şəhər erməni-rus birləşmələri tərəfindən blokadaya alınmışdı. Şəhərin ətrafı düşmən tərəfindən bütün istiqamətlərdə minalanmışdı. Xocalı Xankəndi, Əsgəran, Noraguh, Mehdikənd, Bozdağ, Daşbulaq, Naxçıvanik, Həsənabad Kətik, Dahrab və başqa istiqamətlərdən tamamilə mühasirə içərisində idi. Xocalıya lazım olan köməkliyi yalnız vertolyotlar vasitəsilə edirdik. Mən, Xocalının icra başçısı Elman Məmmədov, prokuror A.Atakişiyev, R.Mürsəlov və Xocalı Toxuculuq kombinatının direktoru Y.Əzimov növbə ilə vertolyotla gedib şəhərə ərzaq, yanacaq gətirirdik. 25-dən iki ay qabaq isə Xocalıya uçan sərnişin vertolyotları ermənilər tərəfindən gülləyə tutulurdu. Xocalı 20 erməni kəndinin, iki şəhər və rayonun əhatəsində yerləşirdi. Bir tərəfdə Xankəndi, o biri tərəfdə Əsgəran bu vəziyyət Xocalıda gərginliyin təzyiqini yüksəldirdi. Dövlət səviyyəsində Xocalıya kömək yox idi. Xocalının mühafizəsini milis şöbəsinin əməkdaşları, könüllü dəstələr və s. həyata keçirirdilər. Aqil Quliyev və Tofiq Hüseynovun başçılıq etdikləri bu dəstə üzvlərinin sayı 200 nəfər idi. Fevralın 5-də Elman Məmmədovla birlikdə postları gecə yoxlayarkən ikilikdə söhbətimiz oldu ki, o, Bakıya gedib Baş nazir Həsən Həsənovla danışıb vertolyot gətirsin. Məmmədov təklif etdi ki, Bakıya mən gedim. Məmmədova dedim ki, mənim Bakıda tanışlarım yoxdur, amma Məmmədovu çox adamı tanıyırdı, xüsusən də Baş nazir Həsən Həsənovu. Nəhayət fevralın 9-də Elman Məmmədovu çox çətinliklə Bakıya yola sala bildik. Elman Məmmədov bir də fevralın 13-də Xocalıya qayıtdı. İcra başçısı özü ilə bir ədəd Mi-26, iki ədəd isə əlavə "krakodil" vertolyotu gətirmişdi. "Krakodil" vertolyotların birilə yaralıları Bakıya yola saldıq, yaralıların üstündə polkovnik Kamil Məmmədov getdi. Mən isə Mi-26 ilə 300 nəfər Xocalı sakinini Gəncəyə apardım. Məni Gəncədə Dİİ-nin rəisi Eldar Həsənov, Ağdam RPŞ-ın sahə müvəkkili Akif Hüseynov və başqaları qarşıladı. Xocalıları isə avtobuslarla Ağdama yola saldıq. Elə fevralın 13-də general-polkovnik Patrikiev vertolyotların uçuşunu qadağan etdi. Mən o gün Ağdam və Gəncə arasında qaldım. Xocalı erməni-rus birləşmələri tərəfindən blokadaya alındığına görə bir də Xocalıya qayıda bilmədim. Amma dəfələrlə cəhd etdim. Fevralın 25-dən 26-na keçən gecədə isə Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri Xocalıda bənzəri olmayan insan qırğınını törətdi. Heç kəsə güzəşt edilmədi. Bu əsl genosid idi, bənzərsiz...

- Kimlər idi ki, Xocalı mühasirəyə alınmamışdan qabaq və qətliam əsnasında vətəndaşlıq andına sadiq qaldı?

- Milli qəhrəman Tofiq Hüseynovu şəxsən tanıyırdım. Tofiq Xocalıda könüllülər dəstəsindən özünümüdafiə batalyonu təşkil etmişdi. Dəfələrlə Tofiqlə xüsusi əməliyyatlarda iştirak etdim. Tez-tez gecələr Əsgəran və digər istiqamətlərdə əməliyyatlar təşkil edirdik. Bunu ikimizdən başqa heç kim edə bilmirdi. Həmişə əməliyyatlarımız uğurlu olanda Tofiq mənə deyirdi ki: "Rəis, Allahın köməkliyilə erməniləri yerində oturdacağıq!" Tofiq Xocalı qırğınında çoxlu sayda insanı xilas etdi. Xocalının taleyi bəlli olanda Tofiq düşmən içərisində tək qalmışdı. Tofiq əsir düşməmək üçün sonuncu gülləni özünə vurdu. Çox təəssüf ki, Tofiqin ailəsi ermənilərə əsir düşdü. Digər bir Milli qəhrəman Əlif Hacıyev də Xocalıda şücaət göstərənlər sırasında idi.  Əlif o vaxtı Xocalı aeroportunun rəisi vəzifəsini icra edirdi. Əlif döyüşkən, mərd oğlan idi. Mən onunla tez-tez görüşürdüm, məsləhətləşirdik. Əlif mənim yanıma məsləhətə çox gəlirdi. Hətta Xocalı aeroportunda Əlif Hacıyevlə birlikdə erməni Zori Balayanı İrəvana qaytardıq, qoymadıq ki, vertolyotdan aşağı düşsün. Hər il Şəhidlər Xiyabanında Tofiq Hüseynovun, Əlif Hacıyevin, Çingiz Mustafayevin, Aqil Quliyevin və Vətən uğrunda şəhid olan yüzlərlə oğullarımızın məzarlarını ziyarət edirəm. Bunu öz mənəvi borcum kimi hiss edirəm... Çünki, bu insanların tək amalı vətəndaşları olduqları ölkənin düşmən əsarətinə keçməməsi uğrunda müqəddəs müharibə etmək idi.  

-Əvvəlcədən bilirdiniz ki, Xocalıya hücum olacaq. Həmin anda Bakıdan lazım olan kömək göndərilsəydi qırğının qarşısını almaq mümkün olardımı?

-1991-ci ildə Qarabağda vəziyyət hər keçən gün ağırlaşırdı. Mümkün qədər silah əldə etməyə çalışırdıq. 91-ci ilin dekabrında 3 ədəd BRDM zirehli texnika əldə edə bildik. Sonra Şuşaya Dadaş Rzayevə zəng etdik. Rzayev dedi ki, göstəriş var, silahlar qaytarılmalıdır. Xocalıya gələn general Popov da tələb etdi ki, silahları verək. Biz əlacsız qalıb silahları təhvil verdik. Xocalı mühasirəyə alınanadək isə tamamilə silahsızlaşdırıldı. Hətta, sakinlərdə olan ov tüfəngləri belə əllərindən alındı. Xocalıda faciə o vaxtki hakimiyyətin səriştəsizliyi ucbatından baş verdi.  Təkcə buna diqqət edək. Xocalı hava limanında milis rəisinin müavini Asif Usubov vəzifəsindən sui-istifadə edərək qohumunun 06 "Jiquli"sinin əvəzinə Ağdama göndərdiyi vertolyotla 300 nəfər insan çıxarsaydılar şəhid olan 613 nəfərin əvəzinə daha az adam qırılardı. Əgər Bakıdan Xocalıya kömək təmin olunsaydı vəziyyət o cür olmayacaqdı. Vəziyyət elə gətirmişdi ki, qırğının olacağı açıq şəkildə görünürdü. Malıbəyli, Quşçular, Meşəli, Kosalar, Kərkicahan kəndləri bir-bir alınırdı. Hansı ki, 91-ci ildə İrəvana uçan siyasi liderlərin vertolyotu vurulanda məsələ aydın idi ki, Qarabağda müharibə olacaq. Lakin, bütün bunlara baxmayaraq Xocalı sakinləri və şəhərdə olan polis qüvvələri hər cür vəziyyətə möhkəm hazırlaşmışdılar. Xocalını müdafiə edən əsasən şəhərin polis şöbəsinin əməkdaşları olub. Xocalıda rəis işləyən vaxt neçə dəfə məni aradan götürməyə səy göstəriblər. Dəfələrlə bu cür təxribatların qarşısını almışam. Bir dəfə gecə postlardan birini yoxlamağa gedəndə mənə atəş açdılar. Yanımda "Makarov" tipli tapança var idi. Neçə dəfə tapançanın təyini basıb atəşə cavab vermək istəsəm də silah açılmadı. Şöbəyə qayıdanda baxdım ki, silahın iynəsi götürülüb. Dəfələrlə Bakıdan kömək istəsək də səsimizə cavab verən tapılmadı. Neçə dəfə Bakıdan göndərilən silah-sursat Xocalıya gəlib çatmadı. Xocalıdan kimlər sağ-salamat çıxdısa Əlif Hacıyevin, Tofiq Hüseynovun, Aqil Quliyevin və mənim sayəmdə oldu. Xocalıda vəziyyət gərginləşəndə əmr verdim ki, birinci növbədə qocalar, qadınlar, uşaqlar və yaralılar çıxarılsın, kişilər isə döyüşsünlər. Dəfələrlə Bakıya xəbər göndərdim ki, düşmən bütün cəbhə boyu hücuma keçir, Xocalı təhlükədədir, respublika prezidenti təcili tədbir görsün. Çox təəssüf ki, məsələyə səthi yanaşmanın son nəticəsi Xocalıda düşüncəyə gətirilməyən qətliam oldu:

Toplardan o gecə mərmi atıldı,

Xainlər düşmənə necə satıldı?

Əzəli torpağım yada qatıldı,

Odlara qalandı yurdum Qaralı,

Allahdan gözlərdi ümid Xocalı!

-21 il keçib. Xocalı qırğınının canlı şahidisiniz. Nə hiss edirsiniz? 

-Bircə onu deyə bilərəm ki, mən o günün təsirindən bu yaxınlarda özümə gəlmişəm. Xocalı qırğınından sonra öz hissiyatımı itirdim. Televiziyalarda Xocalı soyqırımı ilə bağlı verlişlərə baxa billmirəm. Əsəblərim tarım çəkilib, mən Xocalıda qırılan insanlara baxa bilmirəm. Birinci dəfə uşaqlıqda ağlamışam. Bir də atam, anam, qardaş və bacım dünyasını dəyişəndə... 20 Yanvar və Dağlıq Qarabağda müharibə başlayanda da ağlamışam. Xocalıya - əvəzsiz itkilərimizə hələ də ağlayıram. İnşallah ali baş komandanımız İlham Əliyevin səyləri sayəsində itirdiklərimizi geri qaytaracağıq. Çünki, mən hələ Özbəkistanda çalışanda Azərbaycana Vətən həsrəti, bir də ulu öndərimiz Heydər Əliyevin adını tutub gəlmişdim. Mən Buxarada çalışanda mənə dedilər ki, sizdə böyük bir siyasətçi var, adı Heydər Əliyevdir, nəyə görə onu prezident seçmirsiniz, o sizi düşdüyünüz bəladan qurtarmaq gücünə sahibdir. Bunu eşidəndə qürur hissi keçirdim və eyni hisslərlə Bakıya gəldim. Mən bu gün də Heydər Əliyev siyasi kursunun uğur qazanacağına inanıram.   

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31