Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr daha da genişlənir
Bu günlərdə Ukrayna Ali Radasının Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərdə iki ölkə arasında münasibətlərin mövcud durumu, müxtəlif sahələrdə əməkdaşlığın gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb. Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Azərbaycan tərəfindən rəhbəri, millət vəkili Rüfət Quliyevlə müsahibədə bu səfərin nəticələri barədə söhbətləşdik.
23 Fevral 2017 12:32 MüsahibəRüfət Quliyev: "Ukrayna Azərbaycanın strateji partnyorudur və həmişə bu iki ölkə bir-birinin maraqları nöqteyi-nəzərdindən çıxış edir"
Bu günlərdə Ukrayna Ali Radasının Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərdə iki ölkə arasında münasibətlərin mövcud durumu, müxtəlif sahələrdə əməkdaşlığın gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb. Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Azərbaycan tərəfindən rəhbəri, millət vəkili Rüfət Quliyevlə müsahibədə bu səfərin nəticələri barədə söhbətləşdik.
-Rüfət müəllim, Ukrayna Ali Radasının Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri cənab Maksim Küryaçiy başda olmaqla 5 üzvü fevralın 19-dan 22-nə kimi Azərbaycanda səfərdə oldular və bir sıra görüşlər keçirdirlər. Bu səfərin məqsədi nə idi?
- Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçi və qrupun üzvləri - Oleq Medunitsa, Aleksandr Jolobetski, Georgi Loqvinski, Serqey Rudık, Borislav Bereza və Maksim Kuryaçinin köməkçisi, əslən azərbaycanlı olan Nəcəf Əhmədov fevralın 19-dan 22-nə kimi Azərbaycan tərəfinin dəvəti ilə Bakıda rəsmi səfərdə olublar. Səfərin əsas məqsədi hazırda yüksək səviyyədə olan Azərbaycan-Ukrayna parlamentlərası əlaqələrinin daha da inkişaf etdirilməsi idi. Fevralın 20-də nümayəndə heyəti Fəxri Xiyabanda Ulu öndərin abidə kompleksini, Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoydular. Sonra qonaqlar Milli Məclisin binası ilə tanış olub, öz təəssüratlarını bölüşüblər. Milli Məclisdə Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə - işçi qrupun rəhbəri kimi mənimlə, üzvlər - Elmira Axundova, Sahib Alıyev, Rüstəm Xəlilov, Elçin Quliyev, Cavid Qurbanov, İqbal Məmmədov, Əli Məsimli, Elman Nəsirov, Cavid Osmanovla görüşdülər. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak etdi. Görüşdə mənim çıxışımdan sonra Ukrayna tərəfdən Maksim Kuryaçi, Oleq Medunitsa, Aleksandr Jolobetski, Georgi Loqvinski, Serqey Rudık, Borislav Bereza və səfir Aleksandr Mişenko, Azərbaycan tərəfdən Cavid Qurbanov, Elmira Axundova və Elman Nəsirov çıxış etdilər. Mən öz çıxışımda ölkələrimizin arasında çoxtərəfli tarixi əməkdaşlıqdan, bu əməkdaşlığın son dövrlərdə genişlənməsindən, Ukrayna Prezidenti cənab Petro Poroşenkonun keçən ilin iyul ayında Bakıya səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşünün, onların Davosda yenidən görüşünün və Prezident İlham Əliyevin Ukraynaya planlaşdırılan səfərindən söz açıb, bütün bunların bu əməkdaşlığın inkişafına yeni impuls verdiyini iştirakçıların nəzərinə çatdırdım, Ulu öndərin təşəbbüsü ilə Ukrayna ali təhsil müəssisələrində sovet dönəmində çoxsaylı azərbaycanlıların təhsil almasından, onların hazırda ölkədə bir sıra rəhbər vəzifələrdə çalışmalarını, Azərbaycan-Ukrayna strateji patrnyorluğundan bəhs edib, siyasi sahədə iki ölkənin bir-birini dəstəkləməsini xüsusi vurğuladım. Qeyd etdim ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Dağlıq Qarabağla bağlı beynəlxalq müzakirələrdə həmişə Azərbaycanı dəstəkləyib. Azərbaycan tərəfi də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krım və digər ərazilərin məsələsində Ukrayna tərəfinin mövqeyini müdafiə edir. Ukrayna dövləti, parlamenti ölkədə etnik azərbaycanlıların hüquqlarının qorunnması üçün konkret addımlar atır, bəzi separatçı qüvvələrin hərəkətlərinin qarşısını qətiyyətlə alır. Bu işdə Ukrayna Ali Radasının üzvlərinin - bəzilərinin burada iştirak etdiyi işçi qrupunun, xüsusilə işçi qrupunun rəhbəri Maksim Kuryaçinin əməyi böyükdür və biz bunu layiqincə qiymətləndiririk.
-Səfər zamanı nəzərdə tutulmuş məsələlər öz həllini tapdımı?
-Qeyd edim ki, cənab səfir Aleksandr Mişenko ölkələrimiz arasında diplomatik münasibətlrin inkişafından, bu münasibətlərin iqtisadi əlaqələrin şaxələnməsinə müsbət təsirindən danışıb, iqtisadi və ticari əlaqələrin bir neçə il bundan əvvəlki səviyyəyə çatdırılması üçün bütün mümkün imkanların səfərbər edilməsinin zəruriliyini vurğulayıb, ölkələrin hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının genişlənməsini göstərib və bunun konkret təzahürü kimi fevralın 19-da Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun Azərbaycana səfərini qeyd edib. Ukraynalı deputatlar da öz çıxışlarında Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələrin daha yeni səviyyəyə qalxması üçün əllərindən gələni edəcəklərini bildirib, Azərbaycanı hər zaman özlərinə yaxın və dost ölkə saydıqlarını vurğulayıblar. Onlar qeyd ediblər ki, şərait elə gətirib ki, hər iki ölkə hazırda oxşar tale yaşayır, ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır. Azərbaycan Parlamentinin işçi qrupunun üzvü Cavid Qurbanov öz çıxışında qeyd edib ki, Ukrayna dəmiryolçuları ilə Azərbaycan dəmiryolçularının qarşılıqlı fəaliyyətini genişləndirmək üçün böyük perspektivlər var. Ancaq Ukrayna tərəfi bəzi subyektiv səbəblərdən bu işə laqeyd münasibət bəsləyir, bundan da həm Ukrayna tərəfi, həm də Azərbaycan tərəfi zərər görər. Bu sahədə işi canlandırmaq üçün konkret tədbirlər görülməlidir. Ukraynalı deputatlar bu məsələyə dərhal reaksiya verdilər və elə həmin gün də "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətdə görüş keçirib, konkret işlər üçün plan hazırladılar. Deputatlar Elmira Axundova, Elman Nəsirov öz çıxışlarında elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, sovet dönəmində olduğu kimi elm, ədəbiyyat, incəsənət günlərinin keçirilməsinin vacibliyini qeyd edib və bu təklif ukraynalı həmkarlar tərəfindən razılıqla qarşılanıb.
-Ukraynada yaşayan etnik azərbaycanlılara olan münasibətin müsbətə doğru dəyişməsində Ukrayna-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rolunu nədə görürüsünüz?
-Görüşdə çıxış edən azərbaycanlı deputatlar tərəfindən ən çox qabardılan məsələ Ukraynada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, onların əmlaklarının toxunulmazlığının təmin edilməsi məsələsi idi. Mən öz çıxışımda qeyd etdim ki, keçən ilin ikinci yarısında Ukraynanın bir sıra şəhərlərində, xüsusilə Kiyev, Dnepr (keçmiş Dnepropetrovsk) şəhərlərində və cəbhəyanı bölgələrdə belə hallar baş verirdi. Etnik azərbaycanlıların əmlakları əlindən alınır, reyder faktları müşahidə olunurdu. Bəzi hüquq-mühafizə orqanları isə belə hallara laqeyd münasibət bəsləyir, məhkəmələr də azərbaycanlıların əleyhinə qeyri-obyektiv qərarlar çıxarırdılar. Bununla əlaqədar mən keçən ilin oktyabr ayında Kiyevdə oldum, Ali Radanın deputatları, parlamentlərarası işçi qrupun rəhbəri Maksim Küryai və qrupun üzvləri ilə, hökumət məmurları və səfirimiz cənab Azər Xuduyevlə intensiv görüşlər keçirdim. Maksim Küryaçi və işçi qrupun üzvləri söz verdilər ki, belə halların qarşısı tam kəskinliyi ilə alınacaq, cavabdeh məmurların hesabatları Ali Radada dinləniləcək. Doğrudan da bir çox təsirli tədbirlər görüldə və hazırda belə qeyri-qanuni halların qarşısı əhəmiyyətli dərəcədə azalıb. Mən öz çıxışımda bir daha xahiş etdim ki, bu sahəyə nəzarət zəifləməsin. Cənab Kuryaçi və digər ukraynalı deputatlar bizi əmin etdilər ki, bu sahə onların fəaliyyətinin tərkib hissəsidir və Azərbaycanda yaşayan qardaşları arxayın ola bilərlər ki, keçid dövrünün ilk vaxtlarında baş verənlər bir daha təkrarlanmayacaq və onlar Ukraynada yaşayan azərbaycanlılar üçün nigarançılıq hissi keçirməsinlər. Ukraynada əmin-amanlıq bərpa olunur, qanunlar tam gücə ilə işləyəcək və deputatlar da buna nəzarəti daha da gücləndirəcək, neqativ hallar da aradan qalxacaq. Çıxışıma cavab kimi ukraynalı deputatlar onu da bildiriblər ki, azərbaycanlılara qarşı hər hansı xoşagəlməz hal baş verərsə, həmin şəxslər istənilən vaxt deputatlara müraciət edə bilərlər və deputatların qapısı həmişə onların üzünə açıqdır. Mən özüm və Ukraynadakı səfirimiz cənab Azər Xuduyev də hələ keçən il bildirmişik ki, Ukraynada yaşayan hər hansı hüquqları pozulan azərbaycanlı bizə müraciət edə bilər və biz də öz xəttimizlə köməkliyimizi göstərməyə hazırıq. Görüşün sonunda Ukrayna işçi qrupunun rəhbəri Maksim Kuryaçi Azərbaycan tərəfin işçi qrupunu Ukraynaya işgüzar səfərə dəvət edib. Həmin gün ukraynalı deputatlar Azərbaycan Respublikası Xarici İşlər naziri cənab Elmar Məmmədyarovla görüşüblər.
-Səfər zamanı Ukrayna Ali Radasının deputatları Bakı Slavyan Universitetində Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiinə həsr olunmuş tədbirdə də iştirak etdilər. Bu münasibətləri siz necə qiymətləndirirsiniz?
-Fevralın 21-də Ukrayna parlamentinin üzvləri və Azərbaycan tərəfdən də mən və işçi qrupunun üzvləri Elmira Axundova və İqbal Məmmədov Bakı Slavyan Universitetində olub və burada keçirilən Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə iştirak etmişik. Universitetin rektoru Nurlana Əliyeva öz çıxışında Azərbaycan-Ukrayna münasibətlərinin yüksələn xətlə getdiyini qeyd edərək bildirib ki, hazırda universitetdə 44 tələbə Ukrayna dilini öyrənir. Ukrayanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da isə öz çıxışında başqa məsələlərlə yanaşı qeyd edib ki, hazırda Ukraynada 6 min azərbaycanlı tələbə təhsil alır. Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mən də çıxıb edib siyasi, iqtisadi sahədə olduğu kimi, elm və mədəniyyət sahəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdim. Bir daha vurğuladım ki, Ukrayna bizə həmişə yaxın münasibətilə fərqlənib, indi də Qarabağ məsələsində bizim mənafeyimizdən çıxış edir. İstəyirik ki, bu mövqe dəyişilməz qalsın və biz Ukraynanın, Ukrayna da bizim yanımızda olub, bir-birimizi müdafiə edək. Tədbir çox yüksək səviyyədə keçdi və qonaqların marağına səbəb oldu. Onu da qeyd edim ki, qonaqlar Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə Komitəsinin üzvləri ilə də görüşüb, bir sıra maraq doğuran məsələlər ətrafında ətraflı müzakirələr aparıblar. Görüşdə diqqətəçəkən əsas məsələ Komitənin sədri cənab Səməd Seyidovun Avropa Parlamentində fəaliyyətlə əlaqədar açıqladığı məqamlar oldu. Sonra qonaqlar Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüblər. Görüşdə Ziyafət Əsgərov bir sıra məsələləri gündəmə gətirib və qeyd edib ki, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilmir. Maksim Kuryaçi də bu məsələyə toxunaraq bildirib ki, "Dağlıq Qarabağ münaqişəsində Ukraynanın movqeyi belədir ki, biz mövcud status-kvonu qənaətbəxş hesab etmirik." Maksim Küryaçı Milli Məclisin Sədri Oqtay Əsədovun da qəbulunda olub. Qonaqlar azərbaycanlı həmkarları ilə birlikdə böyük kobzar Taras Şevçenkonun abidəsinin önünə gül dəstələri qoyub, Azərbaycanın Ukrayna Konqresinin yeni ofisinin açılış mərasimində olublar. T.Şevçenko abidəsinin ziyarəti zamanı Milli Məclisin üzvü, görkəmli yazıçı, publisist Elmira Axundova çıxış edib və Ukraynanın görkəmli oğluna Azərbaycan xalqının necə böyük hörmət və sayğı ilə yanaşmasından bəhs edib.
-Ukrayna birincilər sirasında Qarabağda keçirilən saxta referendumu tanımadı. Bu məsələlərin Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun Azərbaycanda səfərdə olması zamanı baş verməsində işçi qrupun rolu da sözsüz ki, var və siyası müstəvidə Azərbaycan-Ukrayna münasibətləri barədə nə deyə bilərsiniz?
-Ukrayna Azərbaycanın strateji partnyorudur və həmişə bu iki ölkə bir-birinin maraqları nöqteyi-nəzərdindən çıxış edir. Buna görə heç də təsadüfü deyil ki, Ukrayna birincilər sırasında Dağlıq Qarabağda keçirilən saxta referendumu qətiyyətlə tanımayıb. Bu, Ukrayna dövlətinin mövqeyidir. Şübhəsiz ki, bu mövqeyin formalaşmasında Ukrayna Ali Radasının, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Ukraynanın Azərbaycandakı və Azərbaycanın Ukraynadakı səfirlərinin də danılmaz xidmətləri var. İşçi qrupunun üzvləri və Ukraynanın səfirilə şəxsi təmaslarımda mən bunu hiss edib görmüşəm ki, onlar Azərbaycana necə isti münasibət bəsləyir, azərbaycanlıları öz doğmaları kimi necə sevirlər.
-Bəs, Ukraynada yaşayan etnik-azərbaycanlılar sizə hansı formada müraciət edə bilərlər?
-Ukraynada yaşayan və hüquqları pozulan hər bir azərbaycanlı ilk növbədə səfirliyimizə, mənə telefon vasitəsilə və Milli Məclisə məktubla müraciət edə bilər. Mən əminəm ki, Azərbaycan-Ukrayna münasibətləri bundan sonra daha da inkişaf edəcək, iki dost xalqın hər sahəli əlaqələri getdikcə dərinləşəcək. Keçirdiyimiz çoxsaylı görüşlər buna yeni stimul verəcək.
Süleyman