Sahibə Qafarova və Tənzilə Narbayeva mətbuata bəyanatla çıxış ediblər

Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu ilə bağlı mətbuata bəyanatla çıxış ediblər. 
Spiker Sahibə Qafarova birinci forumun uğurla təşkil olunduğunu, aparılan müzakirələrin ikitərəfli əməkdaşlıq əlqələrinə müsbət təsir edəcəyinə inandığını bildiririb. Qeyd olunub ki, birinci Azərbaycan-Özbəkistan parlamentlərarası forumu xalqlarımız və ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini əks etdirir.

O, çıxışında Azərbaycan parlamentinin nümayəndələrinin həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Özbəkistana tez-tez səfərlər etdiyini xatırladaraq, bu ölkədə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində baş verən müsbət dəyişiklikləri qeyd edib. Spiker diqqətə çatdırıb ki, dövlət başçılarımızın siyasi iradəsi sayəsində möhkəm dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri hər gün daha da inkişaf edir və qısa müddətdə artıq müttəfiqlik münasibətləri səviyyəsinə çatıb. O, dövlət başçıları səviyyəsində qarşılqlı səfərlərin əhəmiyyətini xüsusilə diqqətə çatdırıb. 
Milli Məclisin sədri media nümayəndələrinə bəyanatında, həmçinin Azərbaycan və Özbəkistan parlamentləri arasında çox səmərəli əməkdaşlıq qurulduğunu qeyd edərək bildirib ki, parlament sədrlərinin çoxsaylı qarşılıqlı səfərləri, deputatların və dostluq qruplarının sıx təmasları əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. O, eyni zamanda, "Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş" və parlamentlərarası əməkdaşlığın inkişafı üzrə 2 "Yol xəritəsi"nin də əhəmiyyətini ifadə edib. Spiker Sahibə Qafarova beynəlxalq parlament təşkilatları çərçivəsində də bütün məsələlərdə qarşılqlı dəstəkdən məmnunluğunu bildirib.

Bunlarla yanaşı, Sahibə Qafarova bu gün keçirilən birinci parlamentlərarası forumun da əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfələr verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki, bu forum qanunvericilik bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi məsələsində mühüm əhəmiyyət kəsb edən parlament komitələri arasında qarşılıqlı əlaqə yaratmaq, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq imkanı verir. 
O, həmçinin iki ölkənin qanunverici orqanları arasında imzalanan müvafiq sənədlərin də əhəmiyyətini qeyd edərək bildirib ki, bunlar parlamentlərimiz arasında əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq. Parlamentlərarası Komissiya daimi əsaslarla fəaliyyət göstərəcək və nəzərdə tutulan planları daha səmərəli həyata keçirmək, əməkdaşlığı daha da dərinləşdirmək imkanı yaradacaq. 
Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da birinci forumun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşərək, bu tədbirin yeni əməkdaşlıq platforması yaratdığını söyləyib. Onun sözlərinə görə, forum onsuz da yüksək səviyyədə olan əlaqələrimizin daha da genişlənməsinə xidmət edir. 

Senatın sədri çıxışında, həmçinin ölkələrimiz arasında yüksək səviyyəli əlaqələri qeyd edərək, Azərbaycan və Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31