“ASAN xidmət” “Aerokosmik Modelçilik Festivalı 2025”i reallaşdırıb
17:53 SosialBakı şəhərinin Hövsan qəsəbəsində "Aerokosmik Modelçilik Festivalı 2025" keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin və "Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşdirilib.
Əsas məqsəd ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və texniki yaradıcılığın kütləviləşməsinə dəstəkdir.
Təmiz havada intellektual aktivliklə fiziki fəaliyyəti birləşdirən bu idman növü iştirakçıların həm fərdi, həm də komanda şəklində yarışmasına şərait yaradır. Qiymətləndirmə zamanı uçuşun hündürlüyü və müddəti, enişin dəqiqliyi, modellərin texniki səviyyəsi və uçuş reallığı əsas götürülür.
Üçüncü dəfədir təşkil olunan festival iki mərhələdə, 10 növ yarış ("S-3-B Paraşüt", "S-3-C Paraşüt", "S-4-D Raketaplan", "S-6-A Streamer", "S-6-B Streamer", "S-6-C Streamer" və ilk dəfə olaraq "Peyk (CubeSat)", "Startap" (aerokosmik sahədə), dron və təyyarə modelləri) üzrə təşkil olunub. Həmçinin intellektual müsabiqə və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi də gerçəkləşib. İştirakçılara bu çərçivədə aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik formada tətbiq üçün də geniş imkanlar yaradılıb.
Bu ilki festivala "YAŞAT" Fondunun dəstəyi ilə 5 şəhid övladı da qatılıb. Raket modelçiliyi yarışının "S-6-A Streamer" kateqoriyasında bir araya gələn komanda üzvləri öncəki müddətdə festivala hazırlıq məqsədilə Fond tərəfindən raket, paraşüt, dron, təyyarə və s. modellərinin təlim məşqlərinə cəlb olunublar.
Festivalda bu il ilk dəfə raket modelçiliyi üzrə beynəlxalq FAI standartlarına uyğun S-4-D Raketaplan kateqoriyasında və peyk modelçiliyi (CubeSat) sahəsində yarışlar keçirilib. Həmçinin startaplar bu sahədə ideyalarını inkişaf və kommersiyalaşdırmaq məsədilə yarışda iştirak ediblər.
Tərəfdaşlar: Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərkosmos, Milli Aviasiya Akademiyası, Hədəf STEAM Liseyi, "IT INNOVATIONS computer academy", Nərgiz klinikası, "AzST", "OUTSITE" və "RC CARTING"