Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu keçirilib.
Olaylar xəbər verir ki, tədbir ilk dəfə "İƏT Həftəsi" çərçivəsində baş tutub.
Forumun əsas məqsədi gənclərin İƏT regionunun gələcəyinin qurulmasında iştirakını gücləndirmək və onların ideyalarını təşkilatın yeni inkişaf strategiyasına daxil etməkdir.
Tədbir gənclərin dayanıqlı inkişaf, iqtisadi inteqrasiya və innovasiya sahələrində fəal rolunu təşviq edəcək, həmçinin onların qərar qəbuletmə proseslərinə cəlb olunmasına töhfə verəcək.
Forumda iqtisadi və ticarət əməkdaşlığı, dayanıqlılıq və texnologiya, insan kapitalı və digər mövzular müzakirə olunacaq.
Habelə forum gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, bu forum çərçivəsində iştirakçılar ölkələrimiz arasında dostluq və qardaşlığımızın inkişafına yönələn təşəbbüslərlə çıxış edəcəklər.
Nazir xatırladıb ki, Ağdamda ilk dəfədir, Gənclər Forumu keçirilir:
"Bu təşkilatın Gənclər Forumu burada öz işini başlayır. Bu həftə Azərbaycanda "ECO həftəsi" keçirilir. Gənclər bu işləri önə aparan şəxslərdir.
Biz bununla onu demək istəyirik ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir.
İnanıram ki, forumun yekun nəticəsində gənclər siyasətinə dair uğurlu sənədə imza atacağıq.
F.Qayıbov həmçinin qeyd edib ki, Ağdam 27 il ərzində işğal altında olub. Burada işğaldan əvvək 50 minədək insan yaşayıb. Daha sonra şəhər dağıntılara məruz qalıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan isə çıxışında qeyd edib ki, Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsini həyata keçirmək istəyirlər.
O qeyd edib ki, regionun müxtəlif ölkələrindən Xankəndiyə tələbələrin gəlməsi, təhsil alması vacibdir.
Əlavə olaraq İƏT Təhsil İnstitutunun prezidenti Mehmet Akif Kireççi çıxış edərək bildirib ki, bu regionun gəncləri dostluq bağlarını, münasibətlərini qurmağı çox yaxşı bacarır.
O bildirib ki, təhsil həyatımızın hər bir aspektini əhatə edir:
"Bu gün burada, Ağdamda da təhsilimiz davam edir. Təhsil elə evdən, anadan başlayır.
Son iki il ərzində müasir təhsil çağırışları ilə üzləşmişik. Təhsil modelləri göstərir ki, bu, hər bir ölkənin xüsusiyyətləri əsasında formalaşır. Biz bu istiqamətdə işlərimizi sürətləndirməliyik".
Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatındakı gənclik nümayəndəsi Mustafa Beydilli isə öz növbəsində qeyd edib ki, region və dünyanın üzləşdiyi çağırışlar iqlim dəyişmələri ilə yaxından bağlıdır. Gənclərin bu problemlərə cəlb edilməsi bizi daha çox irəli aparacaq.
O bildirib ki, dayanıqlı və müqavimətli gələcək istəyiriksə, səylərimizi birləşdirməliyik.
"Türkiyə həm regional, həm də qlobal səviyyədə bu proseslərdə iştirak edir. 2025-ci ildən regional tərəfdaşlığı gücləndirmək, öz təşəbbüslərimizlə çıxış etmək niyyətindəyik. Fəaliyyət təsirli olmalıdır, - deyə M.Beydili fikrini tamamlayıb.
Forum öz işini yekunlaşdırıb.