Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, dinamikdir

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən dövlət başçısı sözügedən proqramın icrası çərçivəsində görülən işlərdən danışaraq bildirib ki, proqram uğurla icra edilir. Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bütün əsas vəzifələr icra olunub. Prezident Ilham Əliyev qeyd edib ki, iqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artı: “Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.

Rüfət Quliyev: "Onun sükanı  İlham Əliyev kimi qətiyyətli Prezidentin əlindədir"

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən dövlət başçısı sözügedən proqramın icrası çərçivəsində görülən işlərdən danışaraq bildirib ki, proqram uğurla icra edilir. Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bütün əsas vəzifələr icra olunub. Prezident Ilham Əliyev qeyd edib ki, iqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artı: "Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır. Bu proses 2004-cü ildən bu günə qədər davam edir". Dövlət başçısı deyib ki, biz Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik: "Hesab edirəm ki, bu da çox əlamətdar hadisədir. Çünki neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyib. Biz isə çalışdıq və buna nail olduq ki, valyuta ehtiyatlarımızı qoruyaq. Çünki valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və bütövlükdə bu, bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir. Deyə bilərəm ki, 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşıb. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür". Dövlət başçısının da qeyd etdiyi kimi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları"nın icrası bölgələrimizin simasını dəyişdirib və gözəlləşdirib. Elə Milli Məclisin iqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev də bu qənaətdədir. Millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə sözügedən proqramların icrasının qeyri-neft sektorunun inkişafına olan müsbət təsirləri barədə də danışıb. Rüfət Quliyev bundan sonra qarşıda duran vəzifələrdən də söz açıb.

-Rüfət müəlim, bu günlərdə Prezidenti İlham Əliyevin iştirakı ilə ""Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. İclasda proqramın icrası, görülən işlər, qarşıda duran vəzifələrlə bağlı dövlət başçısı mühüm fikirlər səsləndirdi. Ümumiyyətlə, bir iqtisadçı kimi siz sözügedən proqramın icrası və 3 il ərzində görülən işləri necə dəyərləndirirsiniz?

-Ümumiyyətlə, qəbul edilmiş bu 3 Dövlət Proqramı Azərbaycan üçün intibah rolunu oynadı. Sosial-iqtisadi inkişaf bütün sahələri əhatə etdi və iqtisadiyyatın diversifikasiyası geniş vüsət aldı. Düzdür, ilk iki Proqramın həyata keçirilməsində neft amili aparıcı rol oynadı. Son 2 ildə neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, istər iqtisadi inkişaf tempinə, istərsə də sosial infrastrukturun genişlənməsinə öz mənfi təsirini göstərdi və bu prosesləri qismən ləngitdi. Lakin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə illərdən bəri həyata keçirilən iqtisadiyyatın şaxələnməsi öz bəhrəsini verdi və qeyri-neft sektorunun prioritet inkişafı baş verə biləcək fəsadların qarşısını aldı. Ölkə iqtisadiyyatı öz inkişafını qoruya bildi. 2016-cı ildə hətta kənd təsərrüfatı 2.6 faiz, qeyri-neft sektoru 5 faiz inkişaf etdi. Özü də bu elə şəraitdə baş verdi ki, iqtisadi və maliyyə böhranı dünyanın əksər ölkələrini bürümüş, bizim qonşu və strateji partnyorlarımız olan ölkələrdə iqtisadiyyat kəskin çətinliklərə məruz qalmış, hətta bəzi ölkələr strateji valyuta ehtiyatlarının xeyli hissəsini xərcləməyə məcbur olmuşlar. Belə şəraitdə Azərbaycanda inkişafın olması, nəzərdə tutulan vacib infrastruktur obyektlərinin tikintisinin davam etdirilməsi onun sübutudur ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, dinamikdir və onun sükanı cənab İlham Əliyev kimi qətiyyətli Prezidentin əlindədir. Hesab edirəm ki, bu Proqramın ötən 3 ili Azərbaycan üçün uğurlu olmuşdur və bu uğur tendensiyası yeni çalarlar alır.

-Artıq 2004-cü ildən sözügedən proqram mərhələli şəkildə icra olunur. Ötən müddət ərzində proqramın icrası ölkənin, regionların simasını nə dərəcədə müsbətə doğru dəyişib?

-Regionların sosial-iqtisadi inkişafının ilk mərhələsindən (2004-2008-cu illər) başlamış Azərbaycan hər sahədə təsəvvürəgəlməz dərəcədə inkişaf etmişdir. Ötən 14 ildə ölkədə elə bir sahə yoxdur ki, çoşğun inkişaf etməsin. Mən deputat kimi tez-tez bölgələrdə oluram və hər gəlişimdə Lənkəran rayonunun özündə bir müsbət dəyişikliyin şahidinə çevrilirəm. Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovla söhbətlərim zamanı hiss edirəm ki, həmişə rayonun iqtisadiyyat sahəsində, infrastrukturunda nə isə bir yenilik etməyə çalışır və açığını deyim ki, o, buna nail də olur. Bu gün Lənkəran inkişaf edir, gözəlləşir və orada regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir. Bu 14 il ərzində Azərbaycanın bölgələrində sahibkarlar zümrəsi yetişmiş və onlar, xüsusilə kiçik və orta sahibkarlar, iqtisadiyyatın inkişafına böyük töhfələr verir və verməkdədirlər. Onlar hərsahəli dövlət qayğısı ilə əhatə olunmuş və yaranmış münbit şəraitdən bəhrələnirlər. Dövlətin hədəfi odur ki, kiçik və orta sahibkarlıq daha da inkişaf etsin və Ümumi Daxili Məhsulda onun xüsusi çəkisi 60-65 faizə çatsın. Nəticə etibarilə onlar bu sahədə lokomotiv rolunu oynasınlar.

-Ümumiyyətlə, bu proqramların icrası Azərbaycana hansı dividentləri gətirib və nə verib?

-Yuxarıda qeyd etdiyim kimi bu Proqramların icrası Azərbaycan iqtisadiyyatını daha qüvvətləndirmiş, Azərbaycanın dünyada söz sahibi olmasına təkan vermişdir. Ulu öndərin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" müdrik kəlamı Azərbaycanın timsalında özünü bir daha təsdiqləmişdir. Siz görürsünüz ki, Azərbaycanın paytaxtı Bakı son illərdə neçə beynəlxalq tədbirə ev sahibliyi etmiş və hamısına da öz möhürünü vurmuşdur. Həyata keçirilən tədbirlərdən, taleyeklü məsələlərdən çox danışmaq olar, ancaq dəyərli oxucuları yormaq istəmirəm. Necə deyərlər, görünən şəhərə nə bələdçi. Bütün bunlar bizim bu illərdə qazandığımız dividentlərdir və onların dinamikası ildən-ilə artır.

-2014-2018-ci iləri əhatə edən proqramın bitməsinə bir il qalır. Sizcə, bu bir il ərzində qarşıda duran əsas prioritetlər nə olacaq?

-2014-2018-ci illəri əhatə edən Dövlət Proqramın bitməsinə 2 il qalır və hesab edirəm ki, bu dövrdə də Azərbaycan yeni uğurlara imza atacaq, iqtisadiyyatın qeyri-neft sektoru daha da inkişaf edəcək, infrastruktur daha da genişlənəcək. Bu dövrdə ixracyönümlü, rəqabətədavamlı məhsul istehsalına daha da üstünlük veriləcək və regionlarda yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması prosesi yüksələn xətlə davam etdiriləcəkdir. 2016-cı ildə 100 min iş yeri yaradılmışdır, bu isə gələn illərin uğurlu işi üçün möhkəm zəmindir. -Ümumiyyətlə, hazırda Azərbaycan iqtisadiyyatının mövcud durumunu, real vəziyyəti necə dəyərləndirirsiniz və qarşıda bizi nə gözləyir? -Qeyd etdiyim kimi, Azərbaycan iqtisadiyyatında durğunluq yoxdur. Bu və ya digər sahə inkişaf edir. Mən öz "Artımsız inkişaf və inkişafsız artım" adlı məqaləmdə hələ əvvəllər də bildirmişəm ki, hazırda Azərbaycanda artımsız inkişafa üstünlük verilir və bu, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə belədir. Qarşıdan gələn illərdə iqtisadiyyatın inkişafına mən optimist nəzərlərlə baxıram və düşünürəm ki, bu və ya gələn ildən başlayaraq inkişaf tempini müşahidə edəyəcik.

-Rüfət müəllim, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzaladı. Bu sərəncamı necə dəyərləndirirsiniz və bu sərəncam Böyük Qayıdışın başlanğıcı ola bilərmi?

-Möhtərəm Prezidentin Cocuq-Mərcanlı kəndinin bərpası ilə əlaqədar tarixi sərəncamı onu göstərir ki, biz hökmən öz dədə-baba torpaqlarımıza qayıdacağıq və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Cocuq-Mərcanlı haqqında Sərəncam qeyd etdiyiniz Böyük Qayıdışın başlanğıcıdır və belə Sərəncamlar çox olacaq. Bu gün Cocuq-Mərcanlıların böyük həvəslə öz doğma kəndlərinə dönmək həvəsi məni çox sevindirir. İndi vəzifə oldur ki, ərazilər minalardan təmizlənsin, sosial infrastuktur bərpa edilsin, iş yerləri açılsın. İnanıram ki, cənab Prezidentin dəmir iradəsi nəticəsində bütün bunlar tezliklə reallaşacaq, əhalinin həyat tərzi öz normal məcrasına qayıdacaq və bu, Qarabağın azad olunmasının ilk yaz qaranquşu olacaq.

-Bəs, dövlət başçısının məlum sərəncamı ermənilərdə nə dərəcədə xof, təşviş yaradacaq?

-Dövlət başçısının Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında sərəncamı onsuz da xof içərisində yaşayan ermənilərdə ciddi təşviş, qorxu hissi yaratmışdır. Ermənistanda hazırda xaos hökm sürür. Ermənistan Prezidentinin xalqa zidd daxili və xarici siyasəti xalqın qəzəbinə tuş gəlib və xalq necə deyərlər ayaqdadır ki, onu devirsin. Hətta xaricdə yaşayan ermənilər də Serj Sərkisyan siyasətinə qarşı çıxır. Məşhur erməni Şarl Aznavurun çıxışı bunun bariz sübutudur. Ayıq, obyektiv düşüncə tərzinə malik olan hər bir erməni başa düşür ki, işğalçılıq siyasəti uzun sürə bilməz və Ermənistan gec-tez Qarabağı boşaltmalıdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31