İran rejiminin ikiüzlü siyasəti: fars bölgələri üçün Türkiyəyə yalvarış, Güney Azərbaycan isə alovun içində qalıb
19:48 SiyasətTürkiyəli jurnalist Məsud Haray Güney Azərbaycanın Qaradağ bölgəsində günlərdir davam edən meşə yanğınları ilə bağlı sərt ittihamlarla çıxış edib.
Musavat.com xəbər verir ki, jurnalistin yazdığına görə, bölgədə yanğınlar nəzarətdən çıxdığı halda, İran rejimi hadisəyə ikili standartla yanaşır.
Onun sözlərinə görə, farsların yaşadığı ərazilərdə baş verən yanğın zamanı Türkiyədən təcili yanğınsöndürmə təyyarəsi və helikopter istəyən rəsmi Tehran, Güney Azərbaycanın Qaradağ bölgəsində on minlərlə hektarı bürüyən alovlara baxmayaraq, nə beynəlxalq yardım çağırışı edib, nə də real müdaxilə həyata keçirib.
Məsud Haray vurğulayıb ki, təhlükənin sərhədə qədər yaxınlaşdığını görən Azərbaycan dövləti yardıma hazır olduğunu bildirib. Lakin İran tərəfi bu təklifi də rədd edib. Jurnalist bunu sıradan idarəetmə boşluğu deyil, Güney Azərbaycana qarşı məqsədli laqeydlik siyasəti kimi qiymətləndirib.
Onun yazdığına görə, bölgədə dövlət dəstəyi demək olar ki, yoxdur. Yerli əhali heç bir texnika və qoruyucu vasitə olmadan alovların önünə keçir, həyatlarını riskə ataraq meşələri və ata-baba torpaqlarını qorumağa çalışır.
Qaradağ ətrafında genişlənən yanğınların yalnız Güney Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddi ekoloji təhlükə yaratdığı vurğulanır. Meşələr məhv olur, heyvanlar yanaraq tələf olur, su mənbələri isə geri dönməz ziyan görür.
Məqalədə türk elmi ictimaiyyətinə də çağırış edilir. Ekologiya, biologiya, ətraf mühit və fövqəladə hallar üzrə mütəxəssislərin bu fəlakəti sənədləşdirmələrinin, hesabatlarla dünya ictimaiyyətini məlumatlandırmalarının vacibliyi qeyd olunur.
Məsud Haray yazır ki, bu yanğın təkcə bir bölgəni deyil, bütöv bir coğrafiyanın gələcəyini məhv edir.