Kremlin Paşinyana qəzəbinin SENSASİON səbəbi: ABŞ-la yanaşı, Türkiyə də Zəngəzura yerləşir

Cənubi Qafqazda "post-Rusiya dövrü" başlayır, TRİPP layihəsi regionun geopolitik arxitekturasını dəyişən önəmli faktora çevrilir, ABŞ bu dəfə bölgəyə yalnız geopolitik deyil, həm də geoiqtisadi və təhlükəsizlik paketi ilə genişmiqyaslı dönüş etməyə çalışır... Ona görə də, yaranmaqda olan yeni geopolitik balans region ölkələrini daha kəskin seçim ssenarilərinə yönəldə, Cənubi Qafqazı "geoiqtisadi savaş meydanı"na çevirə bilər, Rusiyanın qəzəbi isə məhz bu önəmli prosesdən kənarda saxlanmasından qaynaqlanır...

Cənubi Qafqazda sürətlə dəyişən geopolitik mənzərə "Tramp marşrutu" (Zəngəzur dəhlizi) adlı yeni təşəbbüslə daha da kəskinləşir. ABŞ dövlət katibinin müavini Elison Hukerin İrəvana son səfəri, baş nazir Nikol Paşinyanla aparılan danışıqlar və avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli razılaşmaların icra mexanizmləri regionda geostrateji proseslərə yeni istiqamətlər verir. Belə ki, TRIPP artıq yalnız nəqliyyat-kommunikasiya layihəsi olmaqdan çıxaraq, Azərbaycan-Ermənistan münasibətlərindən tutmuş, Türkiyənin regional roluna, Qazaxıstanın Mərkəzi Asiya-Qafqaz xəttində yüksələn mövqeyinə qədər geniş spektrdə təsir göstərən nəhəng geoiqtisadi konsepsiyaya çevrilir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın həm Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşü, həm də Elison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətini qəbul etməsi rəsmi İrəvanın TRIPP layihəsini özünün əsas geostrateji xəttinə çevirməyə çalışdığını göstərir. Erməni baş nazir açıq şəkildə bildirir ki, TRIPP layihəsi Ermənistan üçün Şərq bazarlarına çıxış imkanlarını genişləndirəcək, Qazaxıstanla ticarət əlaqələri yeni fazaya keçirəcək və ABŞ-la əldə olunmuş razılaşmalar Ermənistanın Qərbə inteqrasiya hədəflərində "yol xəritəsi" rolunu oynayacaq. Və bu, Ermənistanın uzun onilliklərdir ki, mövcud olan "iqtisadi asılılıq labirinti"ndən çıxaraq, Rusiya orbitindən kənarlaşması prosesinin daha da sürətlənməsi üçün şans kimi qəbul olunur.

Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqının Cənubi Qafqazda geopolitik iradə mərkəzinə çevrilmə prosesinə də xüsusi həssaslıqla yanaşmağa məcbur qalıb. Ona görə də, Paşinyan hakimiyyəti köhnəlmiş ənənəvi "siyasi-ideoloji hədəfləri" arxa plana keçirməyə, Ermənistan üçün mümkün yeni geopolitik transformasiya məkanı açmağa çalışır. Bu baxımdan, Ermənistan xarici işlər nazirinin müavini Mnaçakan Safaryanın "Tramp marşrutu"nda Türkiyə şirkətinin də iştirakının mümkünlüyünə dair verdiyi açıqlama böyük maraq doğurur. O, Türkiyənin bu layihədə birbaşa iştirakının istisna olunmadığını, ancaq ilkin mərhələdə erməni-amerikan şirkətinin yaradılacağını vurğulayıb.

Yəni, belə anlaşılır ki, Ermənistan TRIPP layihəsi çərçivəsində Türkiyə ilə əməkdaşlığa qapını açıq saxlayır. Ancaq rəsmi İrəvan ölkədaxili siyasi-ictimai müqavimət ehtimalını nəzərə alaraq, bu prosesi mərhələli şəkildə həyata keçirməyə üstünlük verir. Əgər, Türkiyə şirkətləri doğrudan da TRIPP layihəsinə qoşularsa, bu, faktiki olaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının artıq praktik mərhələyə qədəm qoyması demək olacaq.

Təbii ki, bütün bunlar Rusiya siyasi dairələrinin böyük narazılıq və narahtlıqla müşahidə etdiyi geopolitik proseslərdir. Ona görə də, rusiyalı Cənubi Qafqaz üzrə politoloq Andrey Areşevin vurğulayıb ki, Zəngəzur dəhlizi Türkiyə üçün yeni geopolitik təşəbbüs deyil, əksinə, uzun illərdən bəri davam edən gələcəyə yönəlik geoiqtisadi strategiyanın tərkib hissəsidir. Xüsusilə də, Türk Dövlətləri Təşkilatının Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq Şərq-Qərb xətti rəsmi Ankara üçün yalnız Azərbaycanla bağlantını gücləndirmir, həm də Orta Asiyaya birbaşa çıxışı imkanlarını maksimum səviyyədə genişləndirir. Bu baxımdan, TRIPP layihəsi Türkiyənin bu geostrateji xəttini Qərblə daha sıx inteqrasiya etdirəcək tranzit arxitekturasına da çevirə bilər.

Ancaq TRIPP layihəsi, Ukrayna savaşının dayandırılması prosesində Rusiya ilə ortaq mövqedən çıxış etməsinə baxmayaraq, ABŞ-ın geostrateji maraqlarında tamamilə fərqli hədəflərə yönəldilib. Belə ki, Ağ Ev Cənubi Qafqazda Rusiya və İranın ənənəvi təsir dairəsini daraltmaq niyyətini qətiyyən gizlətmir. Elə Elison Hukerin İrəvandakı açıqlamaları da onu göstərir ki, ABŞ artıq Cənubi Qafqazda 1990-cı illərin siyasi-diplomatik xəttindən tamamilə fərqli strategiya üzrə hərəkət etməyə çalışır.

Məsələ ondadır ki, ABŞ üçün indi Cənubi Qafqazda Kremlin dominant mövqeyini sarsıtmaq, Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmaq, Rusiyanın Cənubi Qafqazın logistik xəritəsinə nəzarətini məhdudlaşdırmaq, eləcə də, İranın tranzit üstünlüyünü balanslaşdırmaq olduqca vacibdir. Bu baxımdan, TRIPP layihəsi həm də İranın Şimal-Cənub dəhlizinə real alternativ rolunu oynaya bilər. Ona görə də, indi Ağ Ev Cənubi Qafqazda böyük nüfuza malik rəsmi Ankara ilə rəqabət aparmır, əksinə, regional logistik platformanı məhz Türkiyənin bu bölgədəki manevr imkanları üzərində qurmağa çalışır. Və bu baxımdan, Azərbaycanla Ermənistan arasında sülh prosesinə ABŞ-ın vasitəçiliyi ələ keçirtməsi Ağ Evin Rusiyanı regionda əsas təsir mexanizmlərindən birindən məhrum etməsi anlamına gəlir.

Belə anlaşılır ki, bu proseslər nəticəsində Ermənistanın iqtisadi orientasiya Qərb-Türkiyə xəttinə yönələcək, Rusiya təsirinin azalma ehtimalı ciddi şəkildə artacaq, rəsmi İrəvan bu ölkənin "tranzit körpüsü" rolunu bərpa etməyə çalışacaq. Azərbaycanın isə regional sülh prosesinin intensivləşməsinə xüsusi önəm verəcəyi, rəsmi Bakının TRIPP layihəsi sayəsində Şərq-Qərb logistik xəttində öz rolunu gücləndirəcəyi, ABŞ-ın vasitəçiliyindən yararlanaraq, regional tranzit strategiyasına yeni imkanlara bağlı fərqli hədəflər daxil edə biləcəyi qətiyyən şübhə doğurmur. Və bütün bunlara paralel olaraq, Cənubi Qafqazın Türkiyə üçün əsas regional logistika mərkəzinə çevriləcəyi də istisna deyil.

Göründüyü kimi, Cənubi Qafqazda "post-Rusiya dövrü" başlayır. "Tramp marşrutu" layihəsi Cənubi Qafqazın geopolitik arxitekturasını dəyişən önəmli faktora çevrilir. ABŞ bu dəfə regiona yalnız geopolitik deyil, həm də geoiqtisadi və təhlükəsizlik paketi ilə genişmiqyaslı dönüş etməyə çalışır. Beləliklə, Cənubi Qafqazda qarşıdakı bir neçə il üçün tamamilə yeni geopolitik balans qurulmaq üzrədir. Bu isə region ölkələrinin seçimlərini daha da kəskinləşdirəcək və Cənubi Qafqazı "geoiqtisadi yarış meydanı"na çevirə bilər. Və Kremlin region ölkələrinə, xüsusilə də, Ermənistana qəzəbinin əsas səbəbi də məhz bu prosesdən kənarda saxlanmasından qaynaqlanır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31